Məhkəmə qərarları › İş №2(009)-446/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-446/2022

18.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-446/2022 18.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi ilə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ləyaqətsiz vərəsə hesab edilmələri» tələbinə dair iddiası üzrə mülki işə 18 fevral 2022-ci il tarixdə Səbail Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ləyaqətsiz vərəsə hesab edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, atası X2 03.06.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Adil Gəray küçəsi, döngə 1,ev 24də yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsi vəfat etdiyi məqamadək onun xüsusi mülkiyyətində olmuşdur. Mərhum atasının qanuni vərəsələri hesab olunacaq o, qardaşı (cavabdeh) Cavabdeh2, bacısı (cavabdeh) Cavabdeh1 olmaqla 3 nəfər övladı olmuşdur.Atasından qabaq isə anası X1 26.10.2017-ci il tarixdə vəfat etmişdir. O ailəsi ilə birlikdə mərhum anası və atası ilə daim birlikdə yaşamışdır. O və həyat yoldaşı həmişə onların qayğısına qalmaqla xəstə vaxtlarında həmişə onlara qulluq göstərmişdir. Cavabdeh2 bir neçə dəfə nikaha daxil olaraq başqa evlərdə, Cavabdeh1 isə ərə gedərək əri evində yaşamışdır. Cavabdehlər mərhum atasının sağlığında onun sözünü yerə salaraq həmişə incitmiş, ona qarşı dəfələrlə qeyri qanuni və qeyri əxlaqi hərəkətlərə yol vermişdirlər. Belə ki, hələ atası xəstə olduğu və quluğa ehtiyacı olduğu bir vaxtda cavabdehlər ən azından övlad olaraq ona mənəvi dəstək vermək əvəzinə həmişə atasından əmlak tələb edərək - mülkiyyətində olan avtomobili və həyətyanı torpaq sahəsindən pay istəyərək ona qarşı heç bir əxlaq və mənəviyyat normasına sığmayan hərəkətlərə yol vermişdirlər. Təbii ki, bu cür arzuolunmaz ailə daxili münasibətləri nəzərə alan atası mülkiyyətində olan, onun iki azyaşlı övladı və həyat yoldaşı ilə birlikdə yaşadığı evin ölümündən sonra vərəsə qismində 3 nəfər arasında bölünməsinə heç zaman razı ola bilməzdi. Ona görə də atası hələ sağlığında mülkiyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini ona vəsiyyət etməsini, həmin əmlakdan cavabdehlərə pay düşmədiyini yaxın qohum-əqrabanm yanında dəfələrlə bəyan etmişdir.Təsadüfi deyildir ki, atası xəstə vaxtlarında bütün əmlakının idarə edilməsi və hətta onun əmlakı üzərində sərəncam verilməsi kimi mühüm səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamə ilə yalnız ona etibar etmişdir.Atası dəfələrlə cavabdehləri yaşadığı evə çağırıb hər üçü ilə birlikdə söhbət etmək istədiyini bildirsə də, onlar nəinki atasının çağırışına əhəmiyyət verməmiş, hətta onun xəstə olduğu və xəstəliyinin ağırlaşdığı bir vaxtda sonuncu dəfə belə gəlib onunla görüşməmişdirlər. Çünki onlar yaxşı bilirdilər ki, atası onları özünün vərəsəsi olmağa layiq bilmir və onların yanında mülkiyyətində olan yaşayış evini və torpaq sahəsini bir daha ona vəsiyyət etdiyini bəyan edəcək, onlara isə heç bir əmlakını vəsiyyət etməyəcəkdir. Atasının vərəsəliklə bağlı gəldiyi qərarını yaxşı bilən cavabdehlər atasının notarial qaydada vəsiyyətnamə verəcəyindən narahat olaraq bunun qarşıısını almaq, onun son iradəsinin həyata keçirilməsinə mane olmaq, bununla da özlərinin vərəsəliyə çağrılmasmı təmin etmək məqəsədilə evdə atasının tək olmasından və huşunun özündə olmamasından sui-istifadə edərək onu öz iradəsi əleyhinə olaraq aparıb Respublika Narkoloji Dispanserinə yerləşdirmişdirlər. O atasının evdə olmamasından xəbər tutub cavabdehlərdən atasının harada olmasını soruşduqda onlar atasını guya əmisigilə aparıb müalicə etdirdikləri barədə ona yalan məlumat vermişdirlər. Az sonra atası onun mobil telefonuna zəng edib cavabdehlər tərəfindən Respublika Narkoloji Dispanserinə yerləşdirildiyini, cavabdehlərin bu yolla onu öldürmək istədiklərini bildirmişdir. Atasından bu məlumatı alan kimi o gedib onu evlərinə gətirmişdir. Həmin vaxt atası ona demişdir ki, onu Respublika Narkoloji Dispanserinə aparan zaman onun şəxsiyyət vəsiqəsini cavabdehlər götürmüşdürlər. O atasının şəxsiyyət vəsiqəsini cavabdehlərdən istəyəndə onlar əvvəlcə şəxsiyyət vəsiqəsinin onlarda olduğunu bildirərək atasını xəstəxanaya apararkən götürdüklərini etiraf etsələr də, sonradan vəsiqənin onlarda olmadığını bildirib onu qaytarmaqdan imtina etmişdirlər. Cavabdehlər məhz bu cür qeyri qanuni və əxlaqi hərəkətlərlə atasının notarial qaydada vəsiyyətnamə verməsinə mane olmuşdurlar. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.4 cü maddəsinə əsasən məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı özü içki düşkünü və narkotik aludəçisi olduğundan daim atasının incitmişdir. İddiaçının ərizəsində qeyd etdiklərini təsdiqləyə biləcək hər hansı bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh1 ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, əgər atasının onları mirasdan məhrum etmək fikri olsaydı, bunu öz sağlığında edə bilərdi. Əksinə atası sağılığında ona bildirmişdir ki, miras əmlakdan onun da öz payı vardır. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, baxış zamanı araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ № 088918 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 12 iyun 2020-ci il tarixdə vəfat etmişdir RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Adil Gəray küçəsi döngə 1 ev 24 1/4 hissələrdə X2, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 paylı mülkiyyətindədir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Bununla yanaşı vərəsəlik institutu miras qoyanın öz əmlakının vərəsə olmayan şəxsə keçməsinə dair etdiyi iradə ifadəsi (vəsiyyətnamə) zamanı onun yaxın qohumlarının mənafeylərini də qoruyur. Miras qoyanın ölmündən sonra vərəsələrinin əldə edə biləcək əmlak və digər maddi neymətlər hüququndan tam məhrum edilməsinin (ləyaqətsiz vərəsə) konkret şərtləri qanunda göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Mülki Məcəllənin 1134.2-ci maddəsinə görə, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Eyni Məcəllənin 1159.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1137-ci maddəsinə görə miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Qanunvericiliyin göstərişinə əsasən cavabdehlərin vərəsəlik hüququndan məhrum edilməsi əsası miras qoyana vaxt-vaxtında baş çəkilməməsi və ya onun xəstə olarkən müalicəsi ilə maraqlanmaması deyil, məhz miras qoyanın iradəsinə zidd miras əmlakından ona və ya ona yaxın şəxslərə çatası payın artırılması istiqamətində hərəkət (hərəkətsizlik) etmiş olmasıdır. Sadalanan xususatlara əsasən məhkəmə belə nəticəyə ki, iddia tələbində göstərilən dəlillər qanunla nəzərdə tutulmuş hallara aid olmadığından cavabdehlər ləyaqətsiz vərəsə hesab edilə bilməzlər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığı üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «ləyaqətsiz vərəsə hesab edilmələri» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar