Məhkəmə qərarları › İş №2(009)-448/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-448/2023

03.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-448/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2nə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 2719,25 manat pulun "Azneft” X8 və Qazçıxarma İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azneft” İB-nin Cavabdeh1 24 oktyabr 2022-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçıya orta aylıq əmək haqqının misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Lakin müavinət ödənilən zaman cavabdeh qanunsuz olaraq həmin məbləğdən gəlir vergisi tutmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı ərizə yazaraq öz təşəbbüsləri ilə işdən azad olunmuşdur. “Azneft” İB-nin 24 oktyabr 2022-ci il tarixli SOCAR**********00070020B00104 saylı əmri ilə İddiaçı ilə əmək müqaviləsinə 24 oktyabr 2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK arasında 2020- 2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, pensiya yaşına çatdıqda işçilərə orta aylıq əmək haqqının 5 misli həcmində birdəfəlik müavinət verilmişdir. Həmin Sazişin 5.17-ci bəndinə əsasən, saziş üzrə sərbəstləşən şəxslərə verilən müavinətin ödənişini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq bəndinə uyğun həyata keçirilir. İddiaçı ilə “Azneft” İB arasında xx.xx.2022-ci il tarixdə razılaşma bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinətindən vergi qanunvericiliyinə uyğun gəlir vergisi tutulacağından xəbəri olmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmanın 1.3-cü bəndinə əsasən, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona (işçiyə) ödənilən işdənçıxarma müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəniləcək işdənçıxma müavinətindən qanunvericiliyə uyğun vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. Həmin razılaşmanın 2.1-ci bəndinə əsasən, ....işçiyə orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 12977 manat işdənçıxma müavinət hesablamağı və həmin işdənçıxma müavinətindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödəməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün müraciət etmiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödənilmişdir. Vəsaitin ödənilməsində məqsədi işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. İddiaçı ərizədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci və 175-ci maddələri ilə əsaslanaraq ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətdən vergi tutulmalı olduğunu qeyd etmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı” başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c” və “ç”, 70-ci maddəsinin “a” və “b”, 74-cü maddəsinin “a”, “c” və “e” bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsi nəzərdə tutmuşdur. Həmçinin, Azərbaycan Respublikası VMnin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda; işçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə vs.); sınaq müddəti ərzində (mak. 3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, bildiririk ki, Əmək Məcəlləsinin 175.4-cü maddəsi öz-özlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hərhansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Vergi Xidməti tərəfindən daxil olmuş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı ARDNŞ-nin Cavabdeh2 Cavabdeh1 xx.xx.2022-ci il tarixli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmişdir. Müqaviləyə xitam verilərkən iddiaçı ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənildiyini və həmin müavinətdən 2.719,25 manat gəlir vergisi tutulduğunu bildirmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmağa çalışmışdır ki, ARDNŞ-nin Cavabdeh2 Cavabdeh1 ilə onun arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmiş, ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilmiş, lakin həmin məbləğdən qanunsuz olaraq gəlir vergisi tutulmuşdur. İddiaçı ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına istinad edərək bildirmişdir ki, həmin əmr qərar verildiyi tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir təqvim ayı ərzində, eləcə də həmin əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işə götürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti ödənilir. İddiaçının gətirdiyi bu dəlilinə münasibətdə bildirməliyik ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi həmin Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinətinin hansı məbləğlərdə ödənildiyi göstərilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsində əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “a” bəndinə görə müəssisənin ləğv edilməsi, “b" bəndinə görə isə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi həmin əsaslara aid edilmişdir. Lakin iddiaçı öz iddia ərizəsində bildirmişdir ki, onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddənin 3cü hissəsinin yaşa görə təqaüdə çıxması əsası ilə xitam verilmişdir. Həmin maddənin dispozisiyasına görə isə işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, . yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77- ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinətinin ödənilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirdiyi dəlillər əsassızdır. Həmçinin iddiaçı iddia tələbini Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4- cü və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə istinad edərək əsaslandırmağa çalışaraq qeyd etmişdir ki, işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir və ona müəssisə tərəfindən ödənilən birdəfəlik maliyyə vəsaitinin işdənçıxma müavinətidir. Bununla bağlı qeyd etməliyik ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi konkret əsaslarfa ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşağıdakılar daxildir: əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri 2. hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar. 3. Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar. Beləliklə qanunvericilikdə konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Başqa sözlə, vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azad olsa da, həmin maddədə məhz işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilmə əsasları göstərilmişdir ki, iddiaçıya münasibətdə bu əsaslardan heç biri mövcud olmamışdır. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyini və eyni zamanda ona verilən müavinətin işdənçıxma müavinəti olduğunu bildirir. Halbuki Əmək Məcəlləsinin 69-cu maddəsi əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası barədə normaları nəzərdə tutur, bu isə öz növbəsində işdənçıxarılma və bununla bağlı hər hansı müavinətin ödənilmə halını istisna edir. İddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsinə əsas Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi, yəni tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Bir sözlə, yuxarıda qeyd olunanlardan aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Bununla da iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur.. İddia ərizəsində istinad olunan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndinə münasibətdə xüsusi olaraq bildiririk ki, həmin maddə öz-üzlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən hallan və bunun icrası qaydasını nəzərdə tutur. Öz .növbəsində həmin maddənin 4-cü hissəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan diger ödenclerdan məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü bəndi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, SOCAR-ın “Azneft” İB-nin “Cavabdeh1” ilə İddiaçı arasında imzalanmış 24 oktyabr 2022-ci il tarixli Razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, işəgötürənlə bağlanmış 390 №-li, xx.xx.2009-cu il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi (işçi yaşa görə əmək pensiyasına çıxdıqda) ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədi ilə müraciət edir. SOCAR-ın “Azneft” İB-nin “Cavabdeh1” ilə İddiaçı arasında imzalanmış 24 oktyabr 2022ci il tarixli Razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verildikdən sonra bu Razılaşmaya əsasən ona ödənilən müavinətdən (vergi çıxıldıqdan sonra) və son haqq-hesabdan başqa işəgötürənə qarşı hər hansı iddia və tələbin olmadığını və ona ödəiləcək işdənçıxma müavinətindən qanunvericiliyi uyğun olaraq vergi tutulmasına razılıq verdiyini bəyan edir və təsdiqləyir. “Azneft” İB tərəfindən verilmiş 19 noyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı orta aylıq əmək haqqının 5 misli miqdarında verilmiş müavinətdən 2719,25 manat gəlir vergisi tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 2-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 75-ci maddəsinin birinci hissəsinə və ikinci hissəsinin “a” bəndinə əsasən, tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərdə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə görə əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 175-ci maddəsinin 1-ci, 2-ci (a) və 4-cü hissəsinə əsasən, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 2.4-1-ci maddəsinə əsasən, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız bu Məcəllə ilə müəyyənləşdirilir. Bu Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Sahibkarlıq və investisiya fəaliyyətini təşviq edən vergi azadolmaları və güzəştləri fərdi xarakter daşımamalıdır. 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. İşin faktiki hallarından görünür ki, iddiaçı X1 Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxmaq (69-cü maddəsinin 3-cü hissəsi) istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında 15 avqust 2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair razılaşma bağlanmış, həmin razılaşmada həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş iradə ifadəsi aydın şəkildə öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçının tərəf olduğu əmək münasibətlərinə işçilərin sayının və ya ştatların ixtisar edilməsi əsası ilə deyil, iddiaçının öz ərizəsi əsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Sözügedən razılaşmaya görə bunun müqabilində Cavabdeh2 tərəfindən X2 orta aylıq əmək haqqının 5 misli miqdarında, cəmi 10.796,50 manat işdənçıxma müavinəti hesablanmış və həmin işdənçıxma müavinətdən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisi tutulduqdan sonra qalan məbləğ ona ödənilmişdir. Vergi qanunvericiliyində konkret olaraq hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu göstərilmiş və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstəriləndən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunverciliyin tələblərinə uyğun deyildir. Belə ki, Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Beləliklə, vergi qanunvericiliyinə görə yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Bütün digər hallarda fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir (hər hansı ödəmə və ya fayda) Vergi Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş qaydada gəlir vergisinə cəlb edilir. Göründüyü kimi, cavabdeh-işəgötürən, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisini tutmaqla hər hansı qanun pozuntuya yol verməmişdir və hazırki halda dövlət büdcəsi xeyrinə tutulmuş vəsaitin geri qaytarılması üçün əsas yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər qarşılıqlı razılıq ilə aralarında olan əmək münasibətlərinə xitam vermək qərarına gəlmişlər. İşə baxılan zaman iddiaçının razılaşma imzalanarkən şirkət tərəfindən təzyiqlərə məruz qalması halı və yaxud ödənilən vəsaitdən gəlir vergisinin tutulmasının etibarsız hesab edilməsi üçün digər əsaslar müəyyən edilməmişdir. Beləliklə, iddiaçı istinad etdiyi razılaşmaya əsasən ödəniləcək müavinətin vergiyə cəlb olunacağına dair məlumatlı olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar