Məhkəmə qərarları › İş №2(009)-451/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-451/2021

01.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-451/2021 01.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Məmmədli Kənan Fuad oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin nümayəndəsi X8 və cavabdehin nümayəndəsi və vəkili X6, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə Cavabdeh MMC və Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialına qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixli, K-3847 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialını digər cavabdeh kimi cəlb etməyi xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə verərək Cavabdeh MMC xx.xx.2020-ci il tarixli K- 3847 nömrəli əmrin ləğv edilməsini, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, əvvəlki vəzifəsinə işə bərpa edilməsini və hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə x xxxxxx 2012-ci ildə 151 saylı əmək müqaviləsi ilə texniki təmizlik işçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 9-cü bəndində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsi ilə xitam verilməsi nəzərdə tutulmuşdur. Tərəflərin qarşılıqlı razılığı; səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli oduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə müvafiq səhiyyə və ya işəgötürən tərəfindən təyin edilmiş həkim tərəfindən verilmiş müvafiq rəyə əsasən; əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda. xx.xx.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi bağlanmış əvəlki müqavilənin 9-cü bəndi yeni redaksiya verilmiş və belə göstərilmişdir. Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İşə götürən tərəfindən bu bu Əmək müqavəsini ləğv edərkən işçi qanunvericilikdə nəzərdə tutulmuş hallarda xəbərdarlıq edilir. İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən ən azı 1 (bir) təqvim ayı qabaqcadan yazlı şəbərdarlıq edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin müqaviləni ləğv etməyə məcbur edilməsinə yol verilmir. Bu hal bir daha təsdiq edir ki, x xxxxxx 2012-ci ildə 151 saylı əmək müqaviləsi Əmək Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulmuş 3 hal yəni xx.xx.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsi ilə hüquqi qüvvədən düşmüşdür. Əmək Məcəlləsinin 43.2-ci bəndinin d bəndinə əsasən əmək müqaviləsinin müddəti əmək müqaviləsinin məcburi şərtidir. Məcəllənin 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib ediilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Göstərilən işəgötürən tərəfindən bir tərəfli qaydada əmək müqaviləsinə xx xxxx 2020-ci il tarixdə dəyişiklik tərtib edilmiş və işəgötürən tərəfindən imzalanmış, o həmin dəyişikliyi imzalamaqdan imtina etmişdir. Əmək müqaviləsinə bir tərəfli dəyişlik Məcəllənin 46.6-cı maddəsinə əsasən müqavilənin tərkib hissəsi hesab edilə bilməz. Birtərəfli əmək müqaviləsinin 3-cü maddəsinə dəyişikliyə əsasən xx.xx.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin bütün şərtləri olduğu kimi saxlanmışdır. Həmin dəyişikliyə aşağıda göstərilən kimi 4-cü bəndə əlavə edilmişdir. Bu dəyişiklik xx xxxx 2020-ci il tarixdən imzalanaraq qüvvəyə malikdir. xx.xx.2020-ci il tarixdən etibarən əmək haqqı və iş rejiminə şamil olunur və xx.xx.2020-ci il tarixədək qüvvədə qalacaqdır, tərəflər başqa cür razılıqa gəlməzsə xx.xx.2020-ci il tarixdən etibarən işçi hazırkı dəyişikliyin imzalandığı tarixə qədər qüvvədə olan əmək haqqı və iş rejimi tətbiq olunacaqdır. Tərəflər başqa cür razılığa gəlməzsə, əmək müqaviləsinin 4.1-ci bəndinə dair müddəalar xx.xx.2020-ci il tarixdən etibarən şamil olunur və qeyri-müəyyən vaxt ərzində qüvvədə qalacaqdır. xx.xx.2019-cu il tarixdə 1551 saylı yeni əmək müqaviləsinin 4-cü maddəsi iş günləri və iş saatları barədədir və belədir. İşçi standart iş həftəsi və nahar fasiləsi çıxmaqla, 40 saat təşkil edir, işçinin gündüz və gecə növbəsi də daxil olmaqala, hər həftə müxtəlif günlərdə işləyəcəyi nəzərdə tutulur və o həqiqətən iş rejimi barədə ən azı bir həftə öncədən məlumatlandırılmalıdır. İşəgötürən mütəmadı olaraq işçinin istirahət günləri ilə təmin etməyə iş rejimi çalışmalıdır. Lakin işin tələblərindən və dərəcəsindən aslı olaraq hər bir həftə üçün istirahət günləri dəyişə bilər və dəyişəcəkdir. İşçinin normal iş saatlarına hər iki tərəf üçün uyğun vaxtında verməli nahar da daxildir. Azərbaycan Respublikası iş günü hesab edilməyən bayram günlərində görülən işə görə istirahət günü və ya müvafiq kompensasiya verilməlidir. İşəgötürən öz mülahizəsinə əsasən işçinin iş saatları cədvəlini dəyişdirə bilər. Hər hansı yeni iş saatları cədvəli bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən müqaviləyə dəyişiklikdə öz əksini tapmalıdır. İşçi ona verilən tapşırıqları yaxud həvalə edilən işləri iş vaxtında, ərzində tam, dolğun şəkildə və vaxtı-vaxtında yerinə yetirməlidir. Bu hallarda bir daha təsdiq edir ki, birtərəfli tərtib edilmiş əmək müqaviləsində də Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsinin tənzimlənməsi nəzərdə tutulmamışdır. Göstərilənlərin əksi olaraq əmək müqaviləsinə xitam verilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli bildiriş işə götürən tərəfindən ona göndərilmiş və bildirişdə göstərilmişdir. Cavabdeh” MMC-nin "X14 Otel Baku" Filialı tərəfindən bağlanmış 1511 saylı əmək müqaviləsi xx xxxxxx 2020-ci il tarixdən etibarən xitam verilir. Sizin mövcud olan əmək müqavilənizə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin "ç“ bəndinə (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) xitam verilərək (dövr edən pandemiyanın şirkətin gündəlik fəaliyyətinə mənfi təsir göstərməsi və nəticədə ümumi mənfəətə ziyan dəyməsi). Bu tendensiya pisləşməyə doğru gedir və minimum 1 il davam edəcəyi praqnozlaşdırılır. Bildirişlə "öhdəliyinə əsasən" Cavabdeh" MMC-nin "X14 Otel Baku" Filialının Sizin mövcud olan 1511 saylı əmk müqavilənizin şərtlərinə uyğun olaraq (vəzifə, iş şərtləri və öhdəliklər) Sizə sentyabr 2021-ci il tarixli əmək müqaviləsinin bağlanması öhdəliyi götürür. Yuxanda göstərlənlərə əsasən əmək müvaviləsinə əmək müqaviləsinin 75-ci maddəsinin ç bəndi ilə ləğv edilməsi nəzərdə tutulmadığı halda o Əmək Məcəlləsinin 75-ci maddəsinin ç bəndi ilə işdən azad edilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istər işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Lakin xx xxxxxx 2020-ci il tarixli K-3847 saylı əmri əsaslandırılmamışdır. Cavabdeh etirazı belə əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsi "Cavabdeh" MMC deyil, "Cavabdeh" MMC-nin "X12 Otel Bakı" Filialı tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Məcəllə") 3.3-cü maddəsində qeyd olunur ki, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin maddənin birinci hissəsində isə müəssisənin anlayışı bu cür verilir: "Müəssisə — mülkiyyətçinin təşkilati- hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi." Bununla da, "Cavabdeh" MMCnin "X12 Otel Bakı" Filialı Məcəlləyə əsasən müəssisə olaraq, işəgötürən qismində çıxış edir. Bunu nəzərə alaraq, hesab edirik ki, "Cavabdeh" MMC hazırki əmək mübahisəsi üzrə cavabdeh qismində cəlb edilməməlidir və iddiaçının tələbi yalnız işəgötürənə qarşı, yəni, Cavabdeh olan "Cavabdeh" MMC-nin "X12 Otel Bakı" Filialına qarşı irəli sürülməlidir. İddiaçı xx xxxxxx 2012-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək cavabdehdə çalışıb və onunla əmək münasibətləri belə rəsmiləşdirlib: xx.xx.2012-cil tarixli 151 saylı əmək müqaviləsi - qabyuyan vəzifəsinə işə qəbul; xx xxxx 2013-cü il tarixli 349 saylı əmək müqaviləsi - texniki təmizlik işləri üzrə nəzarətçi vəzifəsinə keçirilmə; xx xxxxx 2014-cü il tarixli 349 - A Əlavə Razılaşma ( 349 saylı əmək müqaviləsinə əlavə) - əmək haqqı artımı; xx xxxxx 2015-ci il tarixli 349 - B Əlavə Razılaşma ( 349 saylı əmək müqaviləsinə əlavə) əmək haqqı artımı; xx xxxxx 2016-cı il tarixli 349 - C Əlavə Razılaşma ( 349 saylı əmək müqaviləsinə əlavə) - əmək haqqı artımı; xx xxxxx 2017-ci il tarixli 349 - D Əİavə Razılaşma ( 349 saylı əmək müqaviləsinə əlavə) - əmək haqqı artımı; xx xxxxxx 2019-cu il tarixli 1511 saylı əmək müqaviləsi - texniki təmizlik işləri üzrə menecer müavini vəzifəsinə keçirilmə; 1511 saylı əmək müqaviləsinə 1511-B saylı xx xxxx 2020-ci il tarixli dəyişiklik əmək şəraitinin şərtlərinin dəyişdirilməsi (iş vaxtının cəmlənmiş uçotunun aparılması və saatlıq əmək haqqının müəyyən edilməsi). İddiaçı iddia ərizəsində qeyd edir ki, 1511 saylı əmək müqaviləsinə 1511-B saylı xx xxxx 2020-ci il tarixli dəyişiklik cavabdeh tərəfindən birtərəfli qaydada tərtib edilib və imzalanıb. Halbuki, qeyd olunan sənəd cavabdeh, həmçinin də iddiaçı tərəfindən imzalanıb, iddiaçı öz xətti ilə sənədin üzərində yazıb ki: "Məlumatla tanış oldum. Tamamilə razıyam, təsdiq edirəm. İkinci nüsxəni aldım" və imzası ilə təsdiq edib. Bununla da, iddiaçının cavabdehə qarşı birtərəfli qaydada əmək müqaviləsinə dəyişikliyin edilməsinə dair iradı əsassızdır. Diqqətinizə çatdırırıq ki, iddiaçının əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixli K-3847 saylı əmrlə xx xxxxxx 2020-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra "Əmək Məcəlləsi") 75.2-ci maddəsinin "ç" bəndinə uyğun olaraq (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürməsi əsası ilə) xitam verilmişdir. Qeyd olunan xitamla bağlı iddiaçıya əvvəlcədən xx xxxxxx 2020-ci il tarixində rəsmi xəbərdarlıq məktubu, xx xxxxxx 2020-ci il tarixində isə işdən azad edilmə haqqında əmr verilmişdir və əmək kitabçasının əsli, xx xxxxxx 2020-ci ildə isə son haqq-hesabla bağlı ödəniş iddiaçının bank hesabına köçürülmüşdür. Burada xüsusi olaraq qeyd etmək istəyirik ki, iddiaçı son iş günündə cavabdehə məxsus əmlakı təhvil-təslim etməmişdir və eyni zamanda, əmək müqaviləsinə xitamla bağlı əmri və əmək kitabçasını da cavabdehdən almamışdır. Bunu nəzərə alaraq, cavabdeh HR - 2379 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubu iddiaçının yaşadığı ünvana göndərmişdir. Həmin məktubda bir daha bildirilmişdir ki, xx xxxxxx 2020-ci il tarixli K 3847 saylı əmrlə iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin "ç" bəndinə əsasən (işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar) xx xxxxxx 2020-ci il tarixində xitam verilib və bunu nəzərə alaraq, iddiaçı tərəfindən cavabdehə yaxınlaşaraq təhvil-təslim etməsi və əmək kitabçasının alınması xahiş olunur. Diqqətinizə çatdırırıq ki, iddiaçının tutduğu son vəzifə rəhbər vəzifəsi kateqoriyasına aid olduğundan, əmək fəaliyyəti zamanı əmək funksiyalarını yerinə yetirmək məqsədi ilə ona cavabdeh tərəfindən əmlak verilmişdir (telefon, açarlar, kompüter və s.) və maddi məsuliyyət barədə razılaşma imzalanmışdır. Lakin, iddiaçı son iş günündə ona həvalə edilmiş əmlakı cavabdehə təhvil-təslim etməkdən boyun qaçırmışdır, yalnız cavabdeh tərəfindən rəsmi qaydada onun yaşadığı ünvana məktub göndərildiyindən sonra iş yerinə gələrək, əmlakı qaytarmışdır. 2020-ci ilin mart ayından ölkədə elan edilmiş xüsusi karantin rejimi nəticəsində cavabdehin fəaliyyətinə ciddi ziyan dəymişdir, qonaq sayı və tədbirlər kəskin surətdə azalmış, cavabdehin restoranlarının fəaliyyəti isə Nazirlər Kabinetinin müvafiq qərarları ilə uzun müddət ərzində qadağan edilmişdir. Lakin, bütün maddi sıxıntılara baxmayaraq, cavabdeh doqquz ay müddətində (mart - noyabr) işçilərin iş yerlərini və əmək haqlarını saxlamışdır. Uzun müddətli karantin rejiminin nəticəsi olaraq, iddiaçının çalışdığı şöbə bir başa cavabdehin restoranlarına aid olduğundan, onun əmək müqaviləsinə qanunvericiliyinin müvafiq əsası ilə xitam verilmişdir. Belə ki, cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində iddiaçıya "Əmək müqaviləsinə xitam verilməsi haqqında" bildiriş təqdim edilmişdir, həmin bildirişin bir nüsxəsini işçi imza ataraq qəbul etmişdir. Qeyd olunan bildiriş əsasında K-3847 saylı, xx xxxxxx 2020-ci il tarixli əmr ("Əmr") ilə, iddiaçı xx xxxxxx 2020-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Əmrlə iddiaçı tanış olaraq, həmin Əmrin üzərində "İmzalamaqdan imtina etdim" yazaraq, imza atmış, ad və soyadını yazmışdır. Əmrə dair cavabdeh tərəfindən xx xxxxxx 2020-ci il tarixində müvafiq qaydada əmək müqaviləsinə xitam verilməsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil ediimişdir. Eyni tarixdə cavabdeh tərəfindən iddiaçının son haqq-hesab ödənişi Azərbaycan Sənaye Bankı ASC-yə göndərilmişdir. İddiaçı iddia ərizəsində onun işə bərpa edilməsini xahiş edir, lakin, hazırki iqtisadi durumda cavabdehin iş həcmi və gəliri iddiaçını işə bərpa etməyə imkan vermir, iddiaçının tutduğu vəzifə hal-hazırda boşdur və həmin vəzifə üzrə işçiyə tələbat yoxdur. Diqqətinizə çatdırmaq istəyirik ki, ölkədə elan edilmiş xüsusi karantin rejimi ilə əlaqədar dövlət sərhədi bağlanmışdır, bunun nəticəsi olaraq, cavabdehin əsas qonaq hissəsini təşkil edən xarici turistlərin ölkəyə gəlmələri qeyri mümkün olmuşdur. Əlavə olaraq, hər hansı kütləvi tədbirlərin, toyların, restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkilinin qadağan edilməsi, həmçinin 2020-ci ilin mart ayından etibarən mütəmadi olaraq ictimai iaşə obyektlərinin fəaliyyətinin tamamilə qadağan edilməsi nəticəsində cavabdehin fəaliyyətinə və gəlirinə mühüm zərər vurulmuşdur. Belə ki, 2019-cu ildə illik qonaq sayı (hesabatda "occupancy %" kimi qeyd olunur) 67.63% təşkil etmişdir, ən yüksək göstəricilər may-oktyabr aylarına düşürdü, lakin, 2020-ci il üzrə hesabatdan görünür ki, orta illik qonaq sayı cəmi 21.45% təşkil etmişdir və burada ən çox qonaq sayı yalnız yanvar və fevral aylarına təsadüf etmişdir, mart ayından etibarən isə göstəricilər kəskin sürətdə aşağı düşərək bəzi aylarda cəmi 1-2% təşkil etmişdir (hesabların surətlərini hazırki sənədə əlavə edilir). Əlavə olaraq, 2020-ci ilin mart ayından etibarən otelçilik və ictimai iaşə sahəsindəki məhdudiyyətlər barədə ətraflı məlumatı hazırki sənədə əlavə edirik. İddiaçı eyni predmet üzrə eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə ("İdarə") və Səbail rayon məhkəməsinə müraciət edərək əmək müqaviləsinin ləğv edilməsinə dair əmri mübahisələndirmişdir. İdarədə araşdırma aparıldığı zaman cavabdehə Səbail rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2 (009) - 451/2021 saylı bildirişi təqdim edilmişdir, həmin bildirişdə qeyd olunurdu ki, iddiaçının şikayəti icraata qəbul olunub və həmin iş üzrə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixinə təyin edilmişdir. Eyni predmet barədə iddiaçı iki quruma eyni zamanda şikayət etdiyindən və məhkəmə tərəfindən işin icraata qəbul olunduğunu nəzərə alaraq, cavabdeh tərəfindən xx xxxxxx 2021-ci ildə İdarəyə rəsmi məktub göndərilmişdir və İdarə tərəfindən icraata xitam verilməsi xahiş edilmişdir. (Məktubun surəti əlavə olunur) Lakin, İdarə tərəfindən məktub nəzərə alınmamışdır, icraata xitam verilməmişdir, buna əlavə olaraq, həmin qurum iddiaçıya xx xxxxxx 2021-ci il tarixli (məhkəmə iclasından bir gün əvvəl) rəsmi məktub təqdim edərək bildirmişdir ki, iddiaçının şikayəti əsasında cavabdehə qarşı Protokol tərtib olunub və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvinə dair cavabdehə məktub göndərilib. Qeyd olunan məktubu iddiaçı xx xxxxxx 2021-ci il tarixində keçirilən məhkəmə iclasında sübut kimi təqdim etmişdir. Bununla da, eyni məsələyə artıq məhkəmə qaydada baxılmasına baxmayaraq, idarə tərəfindən işin icraatına davam edilərək məhkəməyə təqdim olunması üçün iddiaçıya sübut verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin ("Məcəllə") 15.4-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət X2 11.14-cü maddəsində qeyd olunur ki; Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri məhkəmənin səlahiyyətlərinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərməməlidirlər. Diqqətinizə çatdırırıq ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xx xxxxxx 2021-ci il tarixində şikayət məktubu göndərilərək Protokolun ləğv edilməsi xahiş edilmişdir. Diqqətinizə çatdırırıq ki, iddiaçının şikayəti ilə yanaşı eyni vaxtda idarədə 12 nəfər tərəfindən tərtib edilmiş kollektiv şikayətə baxılırdı. Qeyd olunan kollektiv şikayətin mahiyyəti və tələbi iddiaçının şikayəti ilə eyni idi. Şikayət edən 12 nəfərdən 7 işçinin əmək müqavilələrinə cavabdeh tərəfindən eyni əsasla xitam verilmişdir (Məcəllənin 75.2 ç bəndi), digər beş işçinin əmək müqavilələrinə isə müddətin bitməsi ilə bağlı xitam verilmişdir. Xüsusi ilə qeyd etmək istəyirik ki, həm iddiaçının, həm kollektiv şikayət üzrə işçilərin əmək müqavilələrinin bağlanması və xitamı cavabdeh tərəfindən eyni qaydada həyata keçirilmişdir. Kollektiv şikayət üzrə aparılan araşdırmada cavabdeh iştirak etmişdir, sənədlər və sübutları təqdim etmişdir. Kollektiv şikayət əsassız olduğundan və cavabdeh tərəfindən bütün sübutlar təqdim edildiyindən, 12 nəfərin əmək müqavilələrinə xitam verilməsində idarə tərəfindən hüquq pozuntusu aşkar edilməmişdir və icraata xitam verilmişdir. Belə ki, cavabdeh xx xxxxxx 2021-ci il tarixli məktubla idarəyə müraciət edərək kollektiv şikayətin hüquqi nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. İdarənin cavabdehə ünvanlandığı xx xxxxxx 2021-ci il tarixli, **********1 saylı cavab məktubunda qeyd olunur ki, şikayətçilərə xx xxxxxx 2021-ci il tarixli **********6 saylı məktub göndərilmişdir və həmin məktubda qeyd olunur ki, X4 və digəriərinin əmək müqavilələrinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir və son haqq-hesablar əmək müqavilələrinin xitam verildiyi gün bank hesablara köçürülmüşdür. (Qeyd olunan məktubların surəti əlavə olunur). Lakin, iddiaçının şikayətinə eyni vaxtda digər müfəttiş tərəfindən müstəqil icraatda baxılaraq, eyni sənədləşdirilməyə fərqli hüquqi qiymət verilmişdir. Bununla da, hesab edirik ki, iddiaçının şikayəti üzrə idarə hüquqi əsası olmayan və qərəzli mövqe tutub. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, onu əsassız olaraq işdən çıxarmışlar. Hal-hazırda da ondan başqa, qalan işçilər hamısı işləyir. İşdən çıxarılması barədə ona əvvəlcədən heç bir məlumat verilməyib. İşə qəbul olarkən şirkətlə bağladığı müqavilədə əgər işdən çıxarılarsa bu barədə 3 ay əvvəldən ona məlumat verilməsi qeyd olunmuşdur. Lakin, ona 3 gün əvvəl məlumat verilib və işdən çıxarılıb. Ondan daha çox əmək haqqı alan işçilər işdən azad edilməyib, amma onu pandemiya ilə əlaqədar işdən çıxarmışlar. Hesab edir ki, onun işdən çıxarılması barədə əmri qanunvericiliyin tələbləri pozularaq verilmişdir. Bu səbəbdən də iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili X3 izahat verərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Əmək müfəttişliyinin onlara göndərdiyi məktubdan görünür ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh barəsində protokol tərtib olunmuşdur. İddiaçıya bir ay əvvəlcədən xəbərdarlıq edilməli idi, lakin, ona bu barədə heç bir məlumat verilməyib. Niyə məhz iddiaçı işdən çıxarılıb? İddiaçıdan sonra gələn yaxud ondan daha yüksək maaş alan işçilər deyil, iddiaçı işdən çıxarılıb. Onun himayəsində atası, anası və yoldaşı var, yaxınlarda övladı dünyaya gələcək. İşdən çıxarılması onu maddi cəhətdən çətin vəziyyətə salır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçının çalışdığı şöbə mart ayından bəri fəaliyyət göstərmir. Müddətli müqavilə ilə işə düzələnlərin müqavilələrinə xitam verilmişdi. İddiaçı və onun kimi 2012-ci ildən bəri işləyənləri isə yenidən bərpa edəcəklərinə dair öhdəlik götürməklə işdən çıxartmışlar. İddiaçı kimi başqa işçilər də kollektiv qaydada Əmək Müfəttişliyinə şikayət etmişdilər. Əsas olmadığı üçün geri qaytarılmışdı, lakin iddiaçının müraciəti əsasında protokol tərtib olunub. Eyni məsələyə Əmək Müfəttişliyi tərəfindən fərqli yanaşıldığı üçün onlar həmin protokoldan şikayət vermişlər. Pandemiya ilə əlaqədar xərcləri azaltmaq üçün iclas keçirilmiş və işçilərə onların işdən çıxarılacaqları barədə 1 ay əvvəl məlumat verilmişdir. Rəhbərlik tərəfindən iş saatlarına uyğun əmək haqqlarının və işçilərin sayının azaldılması qərara alınmışdır. Bu səbəbdən də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddiaçı Əmək Məcəlləsinin 75.2 (ç) bəndi ilə işdən çıxarılıb və şirkət yenidən işə bərpa edəcəyi ilə bağlı yazılı öhdəlik götürüb. Əgər ixtisar ilə işdən çıxarılsa idi, yenidən işə bərpa olunmayacaqdı. Əmək Müfəttişliyi tərəfindən araşdırma aparılarkən (Əmək Məcəlləsinin 75.2 (ç) bəndi ilə işdən çıxarılmanın) çox düzgün verilmiş qərar olduğu vurğulandı. Biz hal-hazırda həmin protokolu əldə etdikdən sonra mübahisələndirmişik. Müxtəlif işçilər barəsində eyni faktlar əsasında işdən çıxarılma barədə verilən əmrlərə Əmək Müfəttişliyi tərəfindən fərqli münasibətlər göstərilib. Bu səbəbdən hesab edirlər ki, Əmək Müfəttişliyi tərəfindən hazırki işə qərəzli yanaşılmışdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, iddiaçı tərəfindən daxil olmuş şikayət əsasında araşdırmalara başlanılmış, lazım olan sənədlər müəssisə tərəfindən təqdim olunmuşdur. Müəyyən olunmuşdur ki, 2020-ci il 01 dekabr tarixində işçini işdən azad etmişlər. İşdən çıxarılma barədə əmrdə göstərilən 1511 saylı əmək müqaviləsinin 9-cu maddəsinə əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədən əmək müqaviləsinə xitam vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 151 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı qabyuyan vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 349 nömrəli, xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı texniki təmizlik işləri üzrə nəzarətçisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 1511 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı texniki təmizlik işləri üzrə menecer müavini vəzifəsinə keçirilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi haqqında bildirişdən görünür ki, Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı İddiaçı 1511 saylı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixində Əmək Məcəlləsinin ç bəndi ilə xitam veriləcəyi barədə bildiriş göndərmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli K-3847 saylı əmrdən görünür ki, Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 1511 saylı əmək müqaviləsinə Əmək Məcəlləsinin ç bəndi ilə xitam verilmişdir. İddiaçı tanış olmuş, imzalamaqdan imtina etmişdir. İş materiallarında olan O- 0756 saylı, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı hesabına Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialı tərəfindən 194.30 manat köçürülmüşdür. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 75-ci maddəsinin ç bəndinə əsasən işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər). Belə ki, iş materiallarında olan Cavabdeh” MMC-nin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 151 və 349 saylı əmək müqavilələrin 9-cu maddəsində işəgötürən tutarlı əsaslar olmaqla müqaviləyə xitam vermək niyyətində olduğu barədə işəgötürən işçiyə ən azı 2 ay öncədən yazılı bildiriş verməlidir. Bildiriş müddətini iki aylıq orta əmək haqqı məbləğində birdəfəlik müavinət ödəməklə əvəz edə bilər. Lakin Cavabdeh” MMCnin “X12 Otel Bakı” filialı ilə İddiaçı arasında bağlanmış 1511 saylı müqavilənin bu bəndi dəyişdirilmişdir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı bəndinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Cavabdeh tərəfindən isə edilən dəyişikliyin əmək müqaviləsinə daxil edilməsi ilə bağlı iddiaçının razılığını təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh” MMC-nin “X12 Otel Bakı” filialının xx.xx.2020-ci il tarixli K-3847 nömrəli əmri ləğv edilməli, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh” MMC-nin “X12 Otel Bakı” filialına texniki təmizlik üzrə menecer müavini vəfəsinə bərpa edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il tarixli K-3847 nömrəli əmr ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialına texniki təmizlik üzrə menecer müavini vəzifəsinə işə bərpa edilsin. İddiaçı tərəfindən hüquqi yardıma görə ödədiyi 350 manat pul vəsaiti Cavabdeh MMC-nin “X12 Otel Bakı” filialından tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar