Məhkəmə qərarları › İş №2(009)-452/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-452/2023

16.03.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-452/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (üçüncü şəxs kimi X3 Xidmətinin Bakı şəhər idarəsi) Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (üçüncü şəxs kimi X3 Xidmətinin Bakı şəhər idarəsi) Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 13 fevral 2020-ci il tarixli müddətli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 13 fevral 2020-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamışdır. Müqavilədən 10 gün sonra 10 gün orada işləmiş və sonra könüllü olaraq 2-ci Qarabağ müharibəsi döyüşlərinə qatılmışdır. Müharibədən qayıtdıqdan sonra həmin müəssisənin artıq fəaliyyət göstərmədiyini, həmçinin müəssisənin qanuni təmsilçisi olan əcnəbi vətəndaşın ölkəni tərk etdiyini bilmişdir. Həmçinin 2020-ci ilin fevral ayından bu günə kimi ona əmək haqqı da ödənilməmişdir. Bu günə kimi adına əmək müqaviləsi bildirişi olduğundan heç bir bir yerdə işləyə bilmir, heç kəslə əmək müqaviləsi bağlaya bilmir. Bununla bağlı X2 müraciətində isə işəgötüən tərəfindən bu vəzifənin icrası mümkün olmadıqda, barəsində əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişin elektron informasiya sisteminə daxil edilməsi hüququnun X3 Xidmətinə həvalə edilməsi barədə məhkəmə qərarı alınsın. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh MMC-yə dəfələrlə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışın surətindən görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 50, mənzil 47 olmaqla xx.xx.2020-ci il tarixdə qanuni təmsilçi Zohaib Afzal olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən çıxarılmış bildirişdən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, Cavabdeh MMC-də nəzarətçi vəzifəsinə işə götürülmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Eyni zamanda məlum edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı “Əmək və Məşğulluq” alt sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi iiə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsinin məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” alt sisteminə daxil edilməsi hüququ X3 Xidmətinə həvalə edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 50, mənzil 47 olmaqla xx.xx.2020-ci il tarixdə qanuni təmsilçi Zohaib Afzal olmaqla qeydiyyata alınmış, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya sisteminə daxil edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zohaib Afzal ölkə hüdudlarından kənara çıxmış və bir daha qayıtmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 50, mənzil 47 olmaqla xx.xx.2020-ci il tarixdə qanuni təmsilçi Zohaib Afzal olmaqla qeydiyyata alınması ilə yanaşı həmçinin hüquqi şəxsin qanuni təmsilçisi Zohaib Afzalın ölkə hüdudlarından kənara çıxarılması və cavabdeh MMC-nin hazırda faktiki olaraq fəaliyyət göstərməməsi müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddia tələbinin dəlillərini təkzib edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, eləcə də həmin dəlilləri təkzib edəcək hər hansı bir hal məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İddiaçı onunla Cavabdeh MMC arasında bağlanmış 13 fevral 2020-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət etməyə cəhd etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-ci hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 35-ci maddəsinin İİİ-cü hissəsinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin a) bəndinə əsasən, işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq hüququ vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 13 fevral 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar