Məhkəmə qərarları › İş №2(009)-460/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-460/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-460/2021 26.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İsmail Çağlayanın iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC və İsmail Çağlayana qarşı ”pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh "xxxx" MMC və İsmail Çağlayana qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Çağlayan İsmaildən 9400 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı öz yeni aldığı ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılması məqsədilə usta kimi Türkiyə vətəndaşı olan Çağlayan İsmail ilə razılaşmışdır. Təmir materiallarının və işçilik haqqının ödənilməsi qismində İddiaçı cavabdehə 9400 AZN məbləğində vəsaiti ödəmişdir. Ödənilmiş vəsaitin müqabilində Çağlayan oboyların dəyişdirilməsi, asmatavan, hamamda kafel, metlax, mətbəxdə mebel arası kafel işləri, otaqda 1 ədəd qapının əlavə edilməsi, eyvandan qaz turbasının mətbəxə çəkilməsi işlərinin görülməsini həyata keçirməli idi. Lakin, qeyd edilən məbləği aldıqdan sonra Çağlayan ümumiyyətlə təmir üçün Mahmudovaya məxsus, təmir həyata keçirilən mənzilə gəlməmiş, günlər keçdikdə hər gün bir bəhanə ilə gəlib təmirə başlamasını ləngitmişdir. Beləliklə, iddiaçı cavabdehdən ya təmiri həyata keçirməsi üçün təmir materiallarını alaraq mənzilə gətirməsini ya da ona ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etdikdə, Çağlayanın Mahmudovaya demiş olduğu ən son bu olmuşdur ki, “sənə pul qaytarmaq fikrim yoxdur, get hara şikayət edirsən et”. Bu barədə səs yazısı da mövcuddur. Çağlayan özünü cavabdehə Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən bir şirkət kimi göstərmiş, əlavə olaraq özünün "xxxx" MMC-nin 50% təsisçisi kimi göstərmiş və bunu təsdiq edən vergi sənədlərini də təqdim etmişdir. Lakin, dekabr ayının ortasında məlum olmuşdur ki, Çağlayan İsmail yığdığı pullarla birlikdə ölkəni tərk etmək istədikdə Covid testi pozitiv çıxdığından o uçuşa buraxılmamışdır. X4 karantində olmaqla öz müalicəsini dəvam etdirir. Bununla belə əldə etdiyimiz məlumata görə karantin müddəti yəni 14 günlük müalicə müddəti bitən kimi X1 gedəcəkdir. Onun Azərbaycan Respublikasına geri dönüb dönməyəcəyi belə sual altındadır. Ona görə hesab edir ki, bir halda ki, Çağlayan 9400 AZN məbləğində vəsaiti geri qaytarmaq niyyətində deyildir, hesab edir ki, pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək zərurəti mütləqdir. 09.02.2021-ci il tarixdə iddiaçı iddia ərizəsinə əlavə verərək cavabdehdən 9400 manat məbləğində vəsaitin, 30 manat dövlət rüsumunun, o cümlədən, hüquqi xidmət üçün ödənilmiş 110 manatın "xxxx" MMC və İsmail Çağlayandan tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC-nin hüquqi şəxs kimi təmir işləri ilə məşğul olmasına və Cavabdeh1 artıq Azərbaycan Respublikası ərazisində 3 ilə yaxın müddət ərzində işləməsinə arxayın olaraq öz yeni almış olduğu ünvan 2 ünvanında yerləşən mənzildə təmir işlərinin aparılması məqsədilə usta kimi Türkiyə vətəndaşı olan Çağlayan İsmail ilə razılaşmışdır, materiallarının və işçilik haqqının ödənilməsi qismində İddiaçı cavabdehə 9400 manat məbləğində vəsait ödəmişdir. Ödənilmiş vəsaitin müqabilində Çağlayan oboyların dəyişilməsi, asmatavan, hamada kafel işi, metlax, mətbəxdə mebel arası kafel işləri, otaqda 1 ədəd qapının əlavə edilməsi, eyvandan qaz turbasının mətbəxə çəkilməsi, divarda dekor işləri, tavana gizli işıqların çəkilməsi, mətbəxdə isti pol və üzərində metlax vurulması və s. işlərinin görülməsini həyata keçirməli idi. Ümumi razılaşdırılmış bu işlər üçün məbləğ 10.000 manat olmuşdur. Cavabdeh İsmayil bu sadalanan işlərdən yalnız bəzilərini görmüş, sonradan işini yarımçıq saxlamışdır. İddiaçı isə müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 9400 AZN ödəmişdir. Qeyd edilən məbləği aldıqdan sonra Çağlayan ümumiyyətlə təmir üçün Mahmudovaya məxsus təmir keçirilən mənzilə gəlməmiş, günlər keçdikcə hər gün bir bəhanə ilə gəlib təmirə başlamasını ləngitmişdir. Beləliklə, iddiaçı cavabdehdən ya təmiri həyata keçirməsini, təmir materiallarını alaraq mənzilə gətirilməsini ya da ona ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etdikdə Çağlayanın Mahmudovaya demiş olduğu ən son bu olmuşdur ki, “sənə pul qaytarmaq fikrim yoxdur, get hara şikayət edirsən et”. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirmişdir ki, cavabdeh iddiaçıdan 9400 manat pul aldığını qəbul edir. Yerli baxışdan və ekspert rəyindən göründüyü kimi, aparılmış işlər bərbad vəziyyətdədir. Sökülüb yenidən təmir olunmalıdır. Bu səbəbdən iddianın tam həcmdə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 04 mart 2021-ci il tarixli iclasında İddiaçı izahat verərək bildirmişdir ki, iddia ərizəsində göstərilənləri müdafiə edir. Cavabdeh hər gün saat 8-də gəldiyini deyirdi. O da işi ilə əlaqədar şənbə günləri gedib baxa bilirdi. Hər gün filan işləri gördüyünü desə də, gedib baxdıqda heç nə olmadığını görürdü. Pulu alıb xərcləyirdi. Ev ona təhvil veriləndə onsuz yüngül təmirli idi. Gördüyü işin heç birini bəyənməmişdir, polisə şikayət etdikdən sonra göz boyamaq üçün divar kağızı çəkmişdir. Məhkəmə iclasında cavabdeh Çağlayan İsmail izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O iddiaçı ilə 12000 manata razılaşmış, 9400 manatını almışdır. 9400 manatın içində divar kağızının da pulu var idi, lakin, iddiaçı 40 manatlıq divar kağızı əvəzinə 56 manatlıq divar kağızı seçdiyi üçün əlavə yaranan fərqi özü ödəmişdir. Hazırda orada 1 həftəlik iş qalıb, bütün materiallar oradadır. Qalan 2600 manatı verdikdən sonra işi bitirəcəkdir. Lakin o iddiaçının evinə girmək belə istəmir, ona görə də ustalar tərəfindən işlər görüləcəkdir. 1500 manat qalan işlərin dəyəri, 1000 manat isə onun qazancıdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, irəli sürülən tələbin dəlillərini müzakirə edib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə X3 rayon Məhkəməsinə göndərdiyi 28 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq olunan ünvan 1 ünvanında yerləşən mənzildə aparılmış təmir işlərinin dəyəri 9456.0 manat, qüsurlu görülmüş işlərin dəyəri isə 1335 manat müəyyən edilmişdir. (Ekspertiza xərclərinin dəyəri 100 manat) Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Çağlayan İsmail ilə şifahi razılığa gəlmişlər, razılığa əsasən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə təmir işlərinin görülməsi üçün 9400 manat ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 725.1-ci maddəsində qeyd olunmuşdur ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişci isə podratçıya razılaşdırlmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulmuş hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Mülki Qanunvericiliyin tələbinə görə podrat müqaviləsinin hansı formada bağlanması nəzərdə tutulmadığından, tərəflər şifahi formaya üstünlük verməklə, aralarında mənzildə təmir işlərinin görülməsi ilə bağlı şifahi olaraq podrat müqaviləsi bağlamışlar. MM-nin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir.Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırlmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, görülmüş işlərə görə şərtləşdirilmiş muzd 10000 manat razılaşdırılmış, buna baxmayaraq, cəmi 9400 manat məbləğində pul alınmış, ekspert rəyinə əsasən işlərin bəziləri qüsurla yerinə yetirilmişdir. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. MM-nin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. MM-nin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxta və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-nin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1-ci maddəsinə əasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və yahərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə hesab edir ki, yerinə yetirilməli işlərin ümumi dəyərinin tərəflər arasında 10000 manat razılaşdırıldığı sübuta yetirildiyi, İddiaçı tərəfindən cavabdehə ümumilikdə 9400 manat ödənildiyi və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyi nəzərə alınmaqla iddia qismən təmin edilməli, qüsursuz görülən işlərin dəyəri çıxılmaqla, cavabdehdən görülməmiş işlərin yerinə yetirilməsi üçün 1500 manat və qüsurlu görülmüş işlər üçün 1335 manat, cəmi 2835 manat tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən nümayəndələrə və vəkillərə etdikləri kömək üçün ödənilən xərclər məhkəmə xərclərinə aiddir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə MPM-nin 121.1-ci maddəsinə əsasən iddia ərizəsinin tərtibi üçün iddiaçı tərəfindən çəkilən xərcin məbləği cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 10 manatı iddiaçıya, 20 manatı isə cavabdehə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın 30 (otuz) manatı İddiaçı, 70 (yetmiş) manatı isə cavabdeh İsmail Çağlayandan tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İsmail Çağlayandan 2835 manat əsas, hüquqi yardıma görə 110 manat və 20 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci İddiaçı qızından 30 manat, İsmail Çağlayandan 70 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAAZ22) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar