Məhkəmə qərarları › İş №2(009)-463/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-463/2021

12.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-463/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1982 saylı əmrin ləğvi və məcburi işburaxmaya görə əmək haqqının verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixdə Qobustan poçt filialının Nabur poçt şöbəsinə rəis vəzifəsinə təyin edilmiş və xx xxxxxx 2020-ci il tarixədək həmin müəssisədə çalışmışdır. 2020-ci ilin avqust ayının 8-də Nabur kənd camaatı kəndin yollarının düzəldilməsi məqsədilə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədovun qəbulunda olmuşlar. Avqust ayının 10-da İcra hakimiyyətinin başçısı iddiaçını və atasını qəbuluna çağırıb və onlara bildirmişdir ki, iddiaçı da etirazçılar arasında olmuşdur, ona görə də işdən çıxmalıdır. xx xxxxxx 2020-ci il tarixdə Yusif Quliyev iddiaçını və atasını xidməti otağına çağırıb ona bildirmişdir ki, öz ərizəsi ilə işdən çıxmasa onu maddə ilə işdən azad edəcəklər. İddiaçı cavabdeh təşkilatda işlədiyi dövrdə heç vaxt xəbərdarlıq, yazılı irad, töhmət almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı dəfələrlə iş yerindən tapılmadığından və iş yerinə sərxoş vəziyyətdə gəldiyindən onun barəsində hər dəfəsində inzibati tənbeh növləri seçilməsinə baxmayaraq, iddiaçı bu tədbirlərin heç birinə məhəl qoymamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: 0097365 nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Qobustan poçt filialının Nabur poçt şöbəsinə müvəqqəti olaraq rəis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixli 522 nömrəli əmrin surətindən görünür ki, İddiaçı iş saatında icazəsiz iş yerini tərk etdiyinə görə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, aktda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 17:15 radələrində İddiaçı içkili vəziyyətdə şöbəyə daxil olaraq 1 saylı PŞ-nin rəisi C.İbrahimova hücum çəkərək onu nalayiq söyüşlərlə təhqir etmiş və idarədə səs-küy salmışdır. xx.xx.2020-ci il tarixli imtina aktının surətindən görünür ki, aktda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərində heç kimdən icazə almadan iş yerində olmamışdır. “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 1982 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və verilən izahatlarla müəyyən olunmuşdur ki, iddiaçı Qobustan poçt filialının Nabur poçt şöbəsinə müvəqqəti olaraq rəis vəzifəsinə işə qəbul edilmişdir. Sonra “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli 1982 nömrəli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən xitam verilmişdir. İddiaçı da işdən çıxarılmasına dair əmrin əsassız olduğunu və işdən əsassız olaraq çıxarıldığını iddia etməklə müvafiq tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 72-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi və alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş materiallarında olan sənədləri qanunvericiliyin tələbləri ilə yanaşı yoxlayaraq qeyd edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində müxtəlif vaxtlarda tənbeh növləri seçilmiş, nöqsanları barəsində müvafiq aktlar tərtib edilmiş, yalnız bütün bu tənbeh növləri nəticə vermədikdən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işdə yol verdiyi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İşçi tərəfindən iş vaxtı yol verilən nöqsanlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır. İşəgötürən işçini iş vaxtı yol verdiyi nöqsanlara görə qanunvericiliyin tələbinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Beləliklə, işəgötürən tərəfindən işçinin işdən azad olunmasında hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa və s.” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar