Məhkəmə qərarları › İş №2(009)-464/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-464/2025

14.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-464/2025 14.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı A.B.Əskərovanın-Məmmədovanın, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ananın yanında saxlanılması və aliment tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində rəsmi nikah qeydiyyatından keçərək evlənib ailə həyatı qurmuşdur. Onların cavabdehlə həmin birgə nikahlarından xx.xx.2024-cü il tarixdə Ayaz adlı uşaqları doğulmuşdur. Belə ki, onun Cavabdehla əvvəlcədən heç bir tanışlığı olmamışdır. Evlənmək məsələləri isə valideynlərin qarşılıqlı razılığı əsasında baş tutmaqla əvvəlcə nişan, 6 ay sonra isə xx.xx.2021-ci ildə Neftçala şəhərində keçirilmiş böyük toy mərasimlərindən sonra o, el adəti üzrə cavabdehin adına Bakı şəhərində yerləşən 3 otaqlı evinə gəlin köçmüşdür. Cehizləri isə toydan əvvəl həmin ünvana aparılmışdır. Onlar bir kimi kimi təxminən 2 il müddətində həmin evdə çox normal və problemsiz bir şəraitdə yaşamış, aralarında heç bir mübahisə və münaqişə baş verməmişdir. Nəhayət mənzilə yuxarıdakı evlərin kanalizasiya suyunun axmasına görə evinin bərbad hala düşməsi ilə əlaqədar artıq evdə söz-söhbət, narazılıq və konflikt yaranmağa başlamış və bu vəziyyət bir müddət davam etmişdir. Artıq evi demək olar ki, uçduğu üçün qalmağa yeri olmadığından o, xx.xx.2023-cü ildə şəhəri tərk edib Neftçalaya qayınatası evinə qayıtmışdır. Ondan o, artıq 6 aylıq hamilə vəziyyətində idi. Həmin vaxt qayınatasıgildə də darısqallıq və qarışıqlıq vəziyyəti yaranmışdı. Orada qayınatasıgildən savayı, həm də körpə uşaqlı qayını ailəsi yaşayırdı. Ona görə də o, məcbur olub qayınatasıgili tərk edib Neftçala şəhərinin digər ərazisində olan atası evinə gəlmişdir. Elə uşağı da o, atasıgildə olan zamanda dünyaya gəlmişdir. Həmin vaxtdan da halhazıra kimi körpə uşaqla birlikdə atası evində yaşamaqla onların himayəsinə sığınmışdır. Qeyd etdiyi kimi cavabdeh Məmmədovla ailə münasibətləri əvvəldən əsasən normal məcrada olmuş, sonradan Bakıda olarkən yaşadıqları evə yuxarıda evlərdən kanalizasiya-çirkab sularının müntəzəm axması ilə əlaqədar evin uçulub yararsız hala düşməsinə görə aralarında haqlı narazılıq, inciklik və mübahisə yaranması ilə əlaqədar ailə münasibətlərində də soyuqluq olduğundan, tədricən münasibətləri də pozulmağa başlamışdır. Hətta o, məcbur olub evi tərk edərək geriyə - rayona qayıtmalı olmuş, özü də hamilə vəziyyətində. Şəhərdə - Səbail rayonunun 20-ci sahə adlanan ərazisindəki yaşadıqları həmin evi atasıgil qarşı tərəflə birlikdə vəsait toplayıb almış, təmir işlərində də atası şəxsən yaxından iştirak etmişdir. Artıq o, uzun müddətdir ki, körpə uşağı ilə birlikdə atasıgilin himayəsinə sığınmaqla onlarla birlikdə yaşayır. Özü də heç yerdə işləməməklə ünvanlı sosial yardım da alır. Daşınar-daşınmaz qiymətli əmlakları da yoxdur. Hazırda yaşadığı ailədə atası ilə anasının ortabab əmək haqlarından savayı digər gəlir mənbəyi, başqa yerdən əlavə qazancları və s. yoxdur. Hazırkı çətin iqtisadi şəraitdə körpə uşağın saxlanılması onun üçün çox çətindir. Körpə uşağın geyimi, qidalanması, daimi tələb olunan tibbi, hətta günlük zəruri və s.təminatları da çoxluvəsait tələb edir ki, bütün bu təminatları ödəmək də himayəsinə sığındığı atasıgilin imkanı xaricindədir. Cavabdeh gəldikdə isə bildirir ki, o, hal-hazırda Bakı Gəmiqayırma Zavodunda mexanik işləyir və bildiyinə görə əlavə saatlarla birlikdə hər ay təxminən 1000 manatadək əmək haqqı alır. Bundan başqa onun Səbail rayonunda telefon təmiri dükanı da vardır, o, orada təmirdən başqa həm də telefon aksessuarları və ətriyyat alveri ilə də məşğul olaraq qazanc-gəlir əldə edir. Təbii ki, onun qarşı tərəfin istər əmək haqqı, istərsə də bütün növ digər qazanc-gəlirləri barədə rəsmi arayış, hər hansı qurumdan digər sənədlər əldə edib məhkəməyə təqdim etməsi absurd-mümkünsüzdür. Həmçinin, onun, öz adına fərdi minik avtomobili də vardır. Həqiqət naminə deyək ki, bütün bunlara baxmayaraq, o, bu vaxta kimi 3-4 aydan bir öz uşağına cəmi 30-50 manat civarında maddi yardım göstərmişdir. Uşağın doğumu ilə əlaqədar dövlətin verdiyi 500 manat birdəfəlik müavinət pulunu da cavabdeh işlədiyi üçün özü alıb və həmin pulu da uşağa sərf etməyib. Çünki həmin vaxtlarda o, atasıgildə atası evində qalırdı. Təbii ki, onun qarşı tərəf barəsində heç bir şər-böhtan və s. xoşagəlməz ifadələr söyləmək fikri olmayıb və hazırda da yoxdur. Amma o, bütün bu olanlardan sonra Cavabdeh hal-hazıra kimi himayəsində qalan öz doğma övladının saxlanılması üçün aliment tələbi ilə əlaqədar bu iddianı məhkəmədə qaldırmağa məcbur olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə rəsmi nikahdan doğulmuş və hazırda himayəsində qalan xx.xx.2024-cü il təvəllüdlü Ayaz adlı uşağın yetkinlik yaşına çatanadək onun yanında saxlanılmasını (qalmasını) müəyyən edilməsi, Cavabdeh ilə rəsmi nikahdan doğulmuş və hazırda himayəsində qalan xx.xx.2024-cü il təvəllüdlü Ayaz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində - 250 manat aliment tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qismən qəbul edərək öz izahatında göstərmişdir ki, onun iddia ərizəsində göstərilən həddə, yəni 250 manat aliment verməyə imkanı yoxdur. Belə ki, ayda 750 manat məbləğində əmək haqqı alır, bankdan kredit götürmüşdür, onu ödəyir və aylıq əmək haqqından evin təmirinə xərcləyir. Ayrı yaşadığı müddətdə imkanı daxilində uşağa maddi yardım göstərmişdir. Aylıq isə yalnız 100 manat həddində aliment ödəyə bilər. Məhkəmədən alimentin 100 manat həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3610 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Məmmədov, arvada Əskərova- Məmmədova soyadı verilmişdir. İş üzrə doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2024-cü il təvəllüdlü X6 adlı uşağı var. İş üzrə Salyan 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/MT-028/2024/0881A saylı, xx.xx.2024cü il tarixli arayışından görünür ki, aliment tələbi barədə mübahisəsi üzrə İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 11.30-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü Ayaz adlı uşağı var. Tərəflər arasında ailə münasibətləri pozulsa da, nikahları ləğv edilməmiş və artıq uzun müddətdir ki, onlar ayrı-ayrı ünvanlarda yaşayırlar. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh uşağın saxlanılması üçün iddiaçıya tələbat səviyyəsində maddi yardım göstəmir və bu səbəbdən iddiaçı uşağı saxlamaq üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh uşağı ilə maraqlanmır, uşağın saxlanılması üçün nə maddi, nə də mənəvi dəstək göstərmir. Bu səbəbdən iddiaçı məhkəmədən xx.xx.2024-cü il təvəllüdlü Ayaz adlı uşağın yetkinlik yaşına çatanadək onun yanında saxlanılmasının (qalmasının) müəyyən edilməsini, Cavabdeh ilə rəsmi nikahdan doğulmuş və hazırda himayəsində qalan xx.xx.2024-cü il təvəllüdlü Ayaz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində - 250 manat alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə birgə nikahdan olan uşağın hansı valideynin yanında qalması məsələsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. İnsanın şəxsiyyət kimi formalaşmasında, müəyyən bir həyat tərzinə və əxlaqi keyfiyyətlərə yiyələnməsində yaşadığı mühitin rolu böyükdür. Cəmiyyətin əsas özəyi olan ailənin və onun bütün üzvlərinin, xüsusilə də uşaqların inkişafının və rifahının müdafiə edilməsi və dəstəklənməsi sağlam, etibarlı ailə münasibətlərinin qorunması baxımından zəruridir. Ailənin sağlam və etibarlı olması ailə üzvləri arasında qarşılıqlı məhəbbət, hörmət, məsuliyyət və yardımlaşma səviyyəsindən birbaşa asılıdır. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə tərəflərin birgə nikahdan olan azyaşlı uşağın hansı valideynin yanında qalması ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, hal-hazırda azyaşlı uşaq iddiaçının yanında yaşadığından, tərəflərin birgə nikahdan olan azyaşlı uşağın iddiaçının yanında qalması müəyyən edilməlidir. Məhkəmə iddiaçının alimentin tutulması tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi alimentin tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə aylıq qazancının və valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh "xxxx" MMC-də “mexanik/gəmi” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 909 manat təşkil edir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasını əmək haqqının faiz nisbətində müəyyən edilməsini nəzərdə tutsa da, 1 uşağa görə əmək haqqının 1/4 hissəsi həddində alimentin məbləğinin yaşayış minimumu üçün 1 uşağa görə müəyyən edilmiş alimentin miqdarından az olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı olan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşağın iddiaçının yanında qalmasını, 2025-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 246 manat olmasını müəyyən edilsə də, azyaşlının xx.xx.2024-cü il təvəllüdlü olmasını, cavabdehin aldığı əmək haqqının bir hissəsinin bank qarşısında olan öhdəliklərə və təmirə xərclənməsini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq aliment məbləği 200 manat həddində müəyyən edilməlidir. Məhkəmə alimentin 200 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində (200:400=0,5) sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə həmçinin hesab edir ki, aliment tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan – xx.xx.2025-ci il tarixdən başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulması müəyyən edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 2400 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 44 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü X4 anası – İddiaçı yanında qalması müəyyən edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 44 (qırx dörd) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar