Məhkəmə qərarları › İş №2(009)-470/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-470/2022

28.03.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-470/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evin (mənzilin) giriş-çıxışına, onun bütün otaqlarından və yardımçı sahələrindən, onlardakı məişət əşyalarından, evin həyətyanı sahəsindən istifadəyə yaradılan məhdudiyyətlərin və maneələrin aradan qaldırılması, evin (mənzilin) giriş qapısının və bütün otaqlarının qapılarının açarının bir nüsxəsinin ona verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını, gələcəkdə cavabdehlərə belə məhdudiyyətlərin (maneələrin) yaradılmasının qadağan edilməsini və göstərilən sahələrdən istifadə qaydalarının müəyyən edilməsini, cavabdehlərdən mənəvi ziyanın əvəzi kimi 3000 (üç min) manatın və dövlət rüsumu qismində ödənilmiş 150 manatın onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. Körpəliyindən faktiki olaraq babası X12 və nənəsi X9 ilə birlikdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuşdur. Anası Quliyeva (Həsənova) Ülviyyə Şahmar qızı atasından ayrılmışdır və 30.03.2001-ci ildə vəfat etmişdir. Atası da heç vaxt onunla maraqlanmamışdır. O babasının və nənəsinin himayəsində həmin evdə böyümüşdür. Babası 10.01.2006-cı ildə vəfat etdiyindən Səbail rayon İcra Hakimiyyətinin 10.05.2007-ci il tarixli 140 saylı sərəncamı ilə nənəsi ona qəyyum təyin edilmişdir. Nənəsi də 16.11.2021-ci ildə vəfat etmişdir. Onun hazırda 24 yaşı var. X2 və ailəsi (arvadı Cavabdeh2, Cavabdeh3, X14) bu ünvanda formal qeydiyyatda olmuşlar. X11 küçəsi, ev 17, mənzil 12 ünvanında yaşamışlar, 2021-ci ildə nənəsinin vəfatından sonra babasının evinə köçmüşlər. Nənəsi rəhmətə gedənədək birlikdə yaşamışlar. Nənəsi sağ ikən ona heç nə deyən yox idi. O evin hər bir otağından (iki yataq otağı, bir zal (iki otaq birləşdirilib zala çevrilib), bir istirahət otağı, bir mətbəx) və yardımçı sahələrindən (həyətdə 1 mətbəx, 1 sanitar qovşaq) rahatlıqla istifadə edirdi. 12 kv metrlik yataq otağı, istirahət otağı, və mətbəx anasından qalan və özünün aldığı daşınar əşyalarla və öz şəxsi əşyaları ilə təchiz edilmişdir. Lakin nənəsi vəfat etdikdən sonra cavabdehlər yaşadıqları Abbasqulu Abbaszadə küçəsi ev 17, mənzil 12 ünvanında onun yaşadığı ünvana köçmüşlər və bundan sonra onun qara günləri başlamışdır. Dayısı və ailəsi nənəsinin həyatda olmamasından istifadə edib ondan evdən çıxıb getməyini tələb edirlər, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən (sanitar qovşağından) istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar, özü sərbəst evə girib-çıxmağı üçün onun ayrıca açarı olmalıdır, lakin özünə açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. O evə gələndə özləri evdə olmayanda o açarı olmadığına görə onlar evə gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Evdə də ona qarşı psixi və fiziki zorakılıqlar edirlər, rahatlıq vermirlər. Bəzən qapını açmayıb çıx hara gedirsən get deyirlər. Belə edirlər ki, o bezib məcbur olub çıxıb getsin, ayrı yaşasın. Halbuki, o bu evdə anadan olandan yaşayır, cavabdehlər isə 2021-ci ildə köçüblər. Bir neçə dəfə sahə inspektoruna, DİN-nin 102 qaynar xəttinə, Səbail RPİ-nin 8-ci polis bölməsinə (06.12.2021-ci ildə və 09.01.2022-ci ildə) müraciətlər etsələr də heç bir nəticəsi yoxdur. Polis heç bir tədbir görmür, deyir ki, onun buna səlahiyyəti çatmır, mülki qaydada məhkəməyə müraciət eləməlisən. Lakin 8-ci polis bölməsi onları münaqişəli ailə kimi qeydiyyata götürmüşdür. (Polis Bölməsinin məktubunun surəti əizəyə əlavə edilir) Onun yaşamaq üçün başqa evi yoxdur, lakin dayıma məxsus başqa evi vardır. Oranı kirayə verib sözü gedən mənzildə yaşayırlar. Valideyn, nənə-baba (vəfat etdikləri üçün) himayəsindən məhrum olmuşdur, tək qalmışdır. Lakin bu da dayısıgilin vicdanını sızdırmır. Bircə dəstəkçiləri xalalarıdır. X1 onu qorumaq, rahat yaşamağı üçün çox vaxt yaşadığı Bilgəh qəsəbəsi Qağayı pioner düşərgəsindən onların evinə gəlir. Xalası Ruhiyyə onu müdafiə edərkən dayısıgil ona da fiziki zorakılıq edirlər, təhqir edirlər. Ona və xalasına müxtəlif hədə-qorxular gəlirlər. Ruhiyyə xalası olmasaydı o çoxdan evdən çıxarılmışdı. Xalasının da 10 qaynar xəttinə, 8-ci polis bölməsinə şifahi və yazılı müraciətləri olubdur. O bütün bunları təsdiq edə bilər. Səbail rayonu, X22 2, mənzil 15-də yaşayan o biri xalası X5 da göstərdiklərini təsdiq edə bilər. Məhkəmədə xalalarının şahid qismində izahatının alınmasını xahiş edir. O evdən, onlardakı əşyalardan rahat şəkildə istifadə etmək, mənzil, yaşayış sahəsindən istifadə hüquqlarını maneəsiz olaraq həyata keçirmək istəyir. Mənzil, yaşayış sahəsindən istifadə hüquqları kobud şəkildə pozulur, pozulmuş hüquqlarının bərpası üçün, yəni evə giriş-çıxışa, evdən, onun bütün otaqlarından, onlardakı məişət və digər əşyalardan, həyətyanı sahəsindən və digər yardımçı sahələrindən istifadə yə yaradılan məhdudiyyətlərin, maneələrin aradan qaldırılması və onlardan istifadə qaydalarının müəyyən edilməsi, evin açarının bir nüsxəsinin ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Bütün yuxarıda göstərdiklərindən stress, mənəvi sarsıntı, əsəb, iztirab keçirmişdir və hazırda da keçirir. Bundan başqa cavabdehlər babasının, nənəsinin, anasının və onun sənədlərini, qəyyumluqla bağlı sənədləri gizlətdiklərindən sənədləri yenidən əldə etmək və ya dublikatını almaq üçün müvafiq orqanlara müraciətlər edərkən vaxtları, pulları və əsəbləri gedib. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o uşaqlıqdan nənəsi və babası ilə həmin evdə yaşamışdır. Nənəsi vəfat edənədək cavabdehlər orada yaşamayıb. Nənəsinin ölümündən sonra həmin evə köçdülər. Dayısı öz oğlunu polisdən məhkəmələrdən qoruyur, əgər onu da belə qorusa idi, onlar burada olmazdılar. Açarı ona vermədikləri üçün işdən gəlib soyuqda qapıda qalır. Anasının qızıllarını, onun özünün sənədlərini götürüblər. O məcbur qalıb arxivdən, qeydiyyat şöbələrindən sənədlərini toplayır. Nənəsi öldükdən sonra onun evdə yerinin olmadığını deyirlər. Evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən istifadə etməyinə məhdudiyyətlər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar. Onun öz otağında ona məxsus olan şkafın açarını götürüblər. 28 yanvar tarixində evə gəldiyində qapının açar yerinə torpaq doldurduqlarını görmüşdür. İşə gedən zaman istilik sistemini söndürür, lakin evə gələn zaman isti olduğunu görür. Həyətdə siqaret kötükləri tapır (dayısı oğlu siqaret çəkir). Əgər onlar da evdə yaşamırsa, bu hallar necə ola bilər? O 5 otaqlı evdən istifadə edə bilmir. Nənəsinin yasında qonaq otağı ola-ola (açarla bağladıqları üçün) o mətbəxdə qonaq qəbul edir. Onun yaşamaq üçün başqa evi yoxdur, lakin dayısının başqa evi var. O rahat yaşamaq, bütün otaqlardan istifadə etmək istəyir, bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, iddiaçı körpəliyindən faktiki olaraq babası və nənəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 5 otaqdan ibarət olan evdə yaşamışdır. Həmin evdə daimi qeydiyyatda olmuşdur. Anası 30.03.2001-ci ildə vəfat etmiş, bundan sonra babası 24 oktyabr 2001-ci il tarixli sərəncam ilə ona himayə təyin edilmişdir. Babası isə 10.01.2006-cı ildə vəfat etdiyindən 10.05.2007-ci il tarixli sərəncam ilə nənəsi ona qəyyum təyin edilmişdir. Nənəsi də 16.11.2021-ci ildə vəfat etmişdir. Dayısı və onun ailə üzvləri bu ünvanda formal qeydiyyatda olmuşlar. 2021-ci ildə nənəsinin vəfatından sonra onlar da həmin evə köçmüşlər. Nənəsi rəhmətə gedənədək orada yaşamamışlar. Cavabdehdən nənəsinin vəfatından sonra evdən çıxıb getməyini tələb edirlər, onu evdən qovurlar, evə girişə-çıxışa, otaqlardan və yardımçı sahələrdən istifadə etməyinə məhdudiyyətlər, maneçiliklər yaradırlar, evin iki otağına ümumiyyətlə buraxmırlar. Özü sərbəst evə giribçıxmağı üçün onun ayrıca açarı olmalıdır, lakin açarın nüsxəsini çıxarmaq üçün evin açarını ona vermirlər. Evə gəldiyi zaman cavabdehlər evdə olmayanda açarı olmadığına görə onlar gələnədək evə girə bilmir, soyuqda küçədə qalır. Eyni zamanda psixi və fiziki şiddət göstərirlər. Bunlar barədə iş materiallarına video görüntülər əlavə olunub. Hamam otağında olan zaman bilərək isti suyu söndürür, onu həyatdan bezdirirlər. Bunlar onun evdən çıxıb getməsi, evin satılıb yaxud kirayə verilməsi üçündür. Bir neçə dəfə polisə müraciət etsə də heç bir nəticəsi yoxdur. Polis heç bir tədbir görmür, mülki qaydada məhkəməyə müraciət etməli olduğunu deyir. Hər dəfə cavabdehlərin xeyrinə qərar qəbul edir. 8-ci polis bölməsi onları münaqişəli ailə kimi qeydiyyata götürmüş, yəni münaqişənin olduğu və cavabdehlərin orada yaşamağı təsdiqini tapmışdır. Lakin cavabdehlər polisdən orada yaşamadıqları barədə formal arayış alırlar. Əgər cavabdehlər orada yaşamasa və bu hallar baş verməsə idi, iddiaçı xərc çəkib vəkillə təmin olunmaz, eyni zamanda bütün sənədləri əldə etmək üçün (çünki iddiaçının bütün sənədlərini cavabdehlər götürüb və vermir) bu qədər sorğu verilməzdi. Bütün göstərilən halları nəzərə alaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, 12 dekabr tarixində yoldaşını vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparmışlar. Yoldaşını reanimasiyaya yerləşdirmişlər və gözləməyə ehtiyac olmadığını, yanında qalmağa icazə verilmədiyini demişlər. Evə gələrək böyük baldızına zəng edib açarı Ülkərə verməyinə vasitəçilik etməyini istəmişdir. Bütün açarları Ülkərə verir, onda kopyası qalmır. Bir şərtlə ki, Ruhiyyə orada qalmasın, o özü üçün qorxmuşdur, Ruhiyyə ilə baş edə bilməzdi. Ülkəri o böyütmüşdür, nə olsa da insan uşağından şikayət etməz. Böyük baldızı isə Ülkərə yox, Ruhiyyəyə zəng edərək onun çıxıb getməsi, Ülkərin tək yaşaması şərtilə verdiyini deyib. Ona görə bu şərti qoymuşdu ki, yoldaşı bütün gün dərman qəbul edib, stress yaşamışdır. Ruhiyyə hərkəsin içində yoldaşını təhqir edib, söyüşlər söyüb. Oğlu atasına edilən söyüşlərə dözməyib ayağa qalxan zaman onlar araya girmişlər və həmin video görüntülər də o zaman çəkilib. Ruhiyyə gəlməsin, Ülkər işinə getsin-gəlsin, açar da onda olsun, sakit yaşasınlar. Ruhiyyə yoldaşının yoxluğunu bilsə onları sürüyərək evdən çıxarar. Baldızı ona mesaj yazaraq Ruhiyyə ilə danışdığını, qışqırıb-bağıraraq Ülkərin açar istəmədiyini, məhkəməyə şikayət ərizəsi yazdığını deyib. Bütün gecəni düşünmüş, yoldaşı yaxşı olmadığı üçün özü qərar verməli olmuşdur. İstilik sitemi onların otağında toka qoşulur. Bu səbəbdən onu toka qoşmuş, öz otağının qapısını bağlamışdır. Hansı ki, o həmin otağa gəlin köçmüşdür, cehizi oradadır. Özünə lazım olan əsas əşyaları götürmüş, açarları, qazın kartını masanın üzərinə qoymuş və qarajın qarşısında onların gəlməyini gözləmişdir. 8-ə 10 dəqiqə qalmış onlar evə gəldikdə, evin sahibsiz olmadığını görüb getmişdir. Xidməti evlərinə gəlmişlər. Lakin ora uzaq olduğu üçün uşaq məktəbə getməyə görə 2 avtobus dəyişməli olur. Uşaqlar sahibsiz olmasın deyə anasının yanına qoymuşdur. 1 həftə yoldaşı reanimasiyada qalıb, o isə koridorda qalmışdır. Sonra yoldaşına bəzi sənədlər lazım olduğu üçün oğlu ilə həmin evə getmişlər. Həmin günü Ruhiyyənin evdə olduğunu bilirdi. Qapını nə qədər döysələr də, ayağının ucunda gəlib baxıb-getdi, qapını açmadı. Ayağının səsini əlbəttə eşidirdi. 8-in yarısından 10-nun yarısına qədər, 2 saat soyuqda qapını açmağını gözləmişlər. Oğlu nə qədər açmağa çalışsa da, aça bilmədi, çıxıb getmişlər. O Ruhiyyənin evinə getməsini istəyir Ülkər onların öz uşaqlarıdır. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. O açıq ürək əməliyyatı olunmuş və reanimasiyada olan zaman, ayın 13-ü yoldaşı öz əli ilə açarı ona verib. Ülkər isə gedib açarı dəyişib. 22 fevral tarixində hazırlıq iclasından çıxandan sonra iddiaçı gedib yenə polisə şikayət edib. Anasının yasında hərkəsin içində onu təhqir etmişlər. Atasının ili üçün marketə alış-verişə getmişdilər, Ülkər Bilgəhdən gəlib qapının bağlı olduğunu görən zaman ona, uşaqlara xəbər etmədən polisə zəng edib. Hərşeyi edən Ruhiyyədir. Özü evdə qeydiyyatda olmadığı üçün Ülkərin adı ilə edir. O Ülkərə atalıq etmişdir, ona əli belə dəyməyib. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə1 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. İddia ərizəsi söz və mülahizələrə əsaslanıb. İddia cəfəngiyyatdır, heç bir sübut edici fakt yoxdur. İddiaçı xalası Ruhiyyə xanım ilə birlikdə həmin evdə yaşayır. Xalası cavabdehlərin orada yaşamasına imkan vermir, onları söyüb-təhqir edir. Cavabdeh1 onlardan şikayəti yoxdur, iddiaçı və onun xalası 102 çağrı mərkəzinə zəng edib, şikayət edirlər. Cavabdehlər yanvar ayından həmin evdən çıxıblar, heç bir hüquq pozuntusu törətmirlər. Eyni zamanda cavabdehlər orada qeydiyyatda olduğu üçün, heç kəs onların orada yaşamasına maneə törədə bilməz. Orada yaşayır yaxud yaşamır bu cavabdehin öz hüququdur. Cavabdeh1 hərbçidir, dəfələrlə polis orqanlarına şikayət etməklə cavabdehin işgüzar nüfuzuna xələl gətirirlər. Ruhiyyə xanım Şuşa qeydiyyatıdır, iki evi var, mübahisəli evdə yaşayaraq tərəflər arasında münaqişə yaradır. Məhkəmə iclasında şahid X8 izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yaşayır. Şuşa şəhərində qeydiyyatdadır. Həm Ülkərin yaşadığı, həm də öz ailəsi ilə yaşadığı evləri idarə edir, bişirir, yuyur, təmizləyir. Onun evi 1 otaqlı olduğu üçün Ülkəri özü ilə aparmır. Ülkər doğulan gündən dayısı ona düşmən kimi davranır. Məktəb oxuyub, kollecə qəbul olub döyülüb-söyülüb. Anasının üçündən sonra evi satmaq istədiyini, evdən çıxıb getməklərini deyir. Məhkəmə tərəflərin izahatını, şahidi dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 149 saylı Mənzil-Kommunal İstismar Sahəsinin №6009 saylı, 20.12.2021-ci il tarixli Forma 2 arayışından görünür ki, İddiaçı, Cavabdeh1, X10, Cavabdeh3, X14 ünvan 1 ünvanında daimi qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İİ № 242606 saylı 18 dekabr 2021-ci il tarixli X3 görünür ki, vətəndaş X6 09.03.2001-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 30.03.2001-ci il tarixdə №309 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının №558 saylı, 24 oktyabr 2001-ci il tarixli sərəncamından görünür ki, xx xxxxxx 1998-ci ildə anadan olmuş İddiaçı babası X12 himayə təyin edilmişdir. İş materiallarında olan AZ-İİ № 209113 saylı 22 dekabr 2021-ci il tarixli X3 görünür ki, vətəndaş X12 10 yanvar 2006-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 28.01.2006-cı il tarixdə №61 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin Başçısının № 140 saylı, 10 may 2007-ci il tarixli sərəncamından görünür ki, Səbail rayon İcra Hakimiyyətinin 24 oktyabr 2001-ci il tarixli sərəncamı qüvvədən düşmüş hesab edilmiş, vətəndaş A.Quliyeva yetkinlik yaşına çatmayan nəvəsi İddiaçı qəyyum təyin edilmişdir. İş materiallarında olan AZ-İİ № 209114 saylı 22 dekabr 2021-ci il tarixli X3 görünür ki, vətəndaş X9 16 noyabr 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.11.2021-ci il tarixdə №746 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 20.01.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, 10.01.2022-ci il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı Səbail RPİ 8-ci PB-nə ərizə ilə müraciət edərək dayısı Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 tərəfindən təhqir olunması və döyülməsini, həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Həmin qərarla cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan № 066 1553-1222 saylı, 21.02.2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Pro-Bono” Vəkil Bürosuna ünvanladığı məktubdan görünür ki, ünvan 6 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qeydiyyatdadır. Qeyd olunan ünvanda hal-hazırda İddiaçı xalası ünvan 8 ünvanında qeydiyyatda olan, 12.07.1976-cı il təvəllüdlü X8 ilə birgə yaşayır. 13 yanvar 2022-ci il tarixdən isə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səbail rayonu Nesterov küçəsi ev o/t 8 ünvanında yaşamırlar. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında yaşayır. Həmin ev özbaşına tikilidir, dövlət reyestrində hüquqi qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Cavabdehin iddiaçını tikilidə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə hesab edir ki, qarşı tərəf mübahisəli evdə iddiaçıdan üstün hüquqa malik deyil. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Məhkəmə həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsada ev faktiki olaraq mövcuddur və tərəflər yaşayış sahəsi kimi istifadə edir. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli ev öz hüquqi statusuna görə özbaşına tikili olduğu üçün, tərəflərdən heç biri həmin evdən istifadə ilə əlaqədar üstünlük hüquqlarına malik deyillər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdən istifadə ilə əlaqədar hər hansı üstünlük hüquqları olmadığından istifadə qaydasının müəyyən edilməsi barədə tələbi cavabdehlərin hüquqlarının məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6.1.1-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Məhkəmə qeyd edir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin tələblərinə əsasən yalnız yaşayış evinin paylı mülkiyyətçi öz payına düşən hissənin ayrılmasını tələb edə bilər. Mülkiyyətçi olmayan şəxsin isə yaşayış evinin ayrı-ayrı hissələrindən (yaşayış və yaxud yardımçı sahələr) onun istifadə qaydasının müəyyən edilməsini tələb etməyə hüququ yoxdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması, həmçinin onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi hallarında özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X7 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən İddiaçı hər hansı mənəvi ziyanın dəyməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı qeydiyyatda olduğu ünvan 10 ünvanda yerləşən yaşayış sahəsindən və evin həyətyanı sahəsindən istifadəsinə maneələrin yaradılması cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qadağan edilsin. Ödənilmiş dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar