Məhkəmə qərarları › İş №2(009)-481/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-481/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-481/2023 27.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, İddiaçı - Cavabdeh qarşı “bağlanmış müqavilənin şərtləri əsasında pulun verilməməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “bağlanmış müqavilənin şərtləri əsasında pulun verilməməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2022ci il tarixdə Cavabdeh ilə aramızda bağlanmış müqaviləyə əsasən götürülmüş öhdəliklərin tam yerinə yetirilməməsi səbəbindən ona vurulmuş ən azı 2800 manat qalıq pulunun, 60 manat dəyərində korlanmış kafelin və dövlət rüsumu qaydasında ödənilmiş 31 manatın, cəmi 2891 (iki min səkkiz yüz doxsan bir) manatın xeyrinə tutulması və müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Ərizəni yoxlayaraq hesab edirəm ki, Azərbaycan Respublikası MPM-in 152.1.6-cı maddəsinə uyğun olaraq ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423-cü maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmasına baxmayaraq, iddia ərizəsinə iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə etməmişdir. Odur ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı - Cavabdeh qarşı “bağlanmış müqavilənin şərtləri əsasında pulun verilməməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar