Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-487/2021 15.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Salehzadə Ümman Tofiq oğlunun, Cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-yə qarşı “işə bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh xx.xx.2020-ci il tarixli, 1870 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsinin müdiri vəzifəsinə işə bərpa edilməsi və məcburi buraxılmış iş günlərinin ödəniməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1986-cı ildən 34 ildir ki, poçt xidməti sahəsində qüsursuz işləyir, 2005-ci il tarixdən isə “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsinin müdiri vəzifəsində işləmişdir. Lakin, Cavabdeh xx.xx.2020-ci il tarixli, 1870 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onun əmək müqaviləsinə xitam vermişdir. Həmin əmr əmək qanunvericiliyinə zidd verilmiş, odur ki, xx.xx.2020-ci il tarixli, 1870 nömrəli əmr ləğv edilməlidir. Belə ki, ilk növbədə qeyd edir ki, Cavabdeh əmri onunla əsaslandırmışdır ki, guya o, özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Lakin, verilmiş əmrdə qeyd olunmur ki, o, konkret olaraq hansı əmək funksiyasını və əmək müqaviləsi üzrə hansı öhdəliyi yerinə yetirməmişdir. Əmrə əlavə edilmiş sənədlər isə 2020-ci ilin iyun və iyul aylarına aid sənədlər olduğu görünür. O, vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmiş, onun hərəkətlərində nəinki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı, ümumiyyətlə heç bir hüquq pozuntusu yoxdur, cavabdeh təşkilat ona qarşı qanunsuz hərəkət edib, ona münasibətdə əmək qanunvericiliyinin tələbini pozmuşdur. Bundan başqa, qeyd edir ki, cavabdeh təşkilat onu vəzifədən ona görə azad edir ki, guya xx.xx.2020-ci il tarixdə onun rəhbərlik etdiyi poçt şöbəsində yoxlama keçirilmiş, poçtda maddi vəsaitlərdə guya çatışmazlıq olmuşdur. Bu tamamilə yalandır, həmin gün pul vəsaitində heç bir çatışmazlıq olmamış, yazılmış akt əsassızdır. Bildirir ki, əgər həmin vaxt hətta maddi çatışmazlıq olmuş olsa idi bu onun göstərilən əsasla işdən azad edilməyinə səbəb ola bilməzdi. Cavabdeh əmri xx.xx.2020-ci il tarixdə imzalamışdır. Lakin, cavabdeh əmək qanunvericiliyinin tələbini pozmuş əmrin surətini və əmək kitabçasını ona 2020-ci ilin dekabr ayında vermişdir. Hansı ki, o, artıq xx.xx.2020-ci il tarixdə cavabdehə teleqram vuraraq əmrin surətini və əmək kitabçasının verilməsini tələb etmişdir. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun nümayəndəsi və vəkili X10 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, işdən çıxarılması səbəbi 2020-ci ilin 29 iyun tarixində həyata keçirilmiş monitorinqin nəticələri deyil, çünki buna görə ona artıq töhmət verilmişdir, xx.xx.2020-ci il tarixdə keçirilmiş növbəti monitorinqin nəticələrinə görədir. Həmçinin bildirmişdir ki, məhz işə gəlməməsi əsası ilə işdən çıxarılması barədə onun hazırki məhkəmə iclasında məlumatı olmuşdur. O, bu əsası ümumiyyətlə qəbul etmir, çünki onu hər gün gəlib yoxlamışlar və o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxdığını bildirmişdir. İşə davamiyyət jurnalında onun imzası da var. Məhkəmə iclasında iştirak etmiş “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi xəstəlik vərəqinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə, onun xx.xx.2020-ci il tarixdən işə çıxmalı olmasına baxmayaraq, o, oktyabr ayının 12-dən 30-nadək işə çıxmamış və bunun səbəbləri barədə də işəgötürənə məlumat verməmişdir. Buna görə də iddiaçı xx.xx.2020-ci il tarixli 1870 saylı əmrlə qanuni əsaslarla işdən azad edilmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 həmçinin iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, göstərmişdir ki, iddiaçı Xəlilova (Makarova) Gülnarə Məmməd qızı “xxxx” MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün prosessual hərəkətlər etmək hüququnu itirmişdir. Belə ki, iddiaçı xx xxxxxxx 2020-ci il tarixli 1870 saylı əmrlə işdən azad edilmişdir. Bu barədə ona xx xxxxxxx 2020-ci il tarixdə teleqram göndərilmiş, əmək kitabçasını götürməsi bildirilmişdir. Təqdim etdikləri teleqramda iddiaçının həmin teleqramı qəbul etməsi aydın şəkildə görünür. Lakin buna baxmayaraq iddiaçı iddia müddətini ötürməsini bildiyi üçün prosessual müddətləri bərpa etmək məqsədi daşıyan teleqramı “xxxx” MMC-yə ünvanlayaraq əmək kitabçasını ünvanına göndərməsi barədə xahiş etmişdir. Qeyd etmək istəyir ki, işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. Yuxarıda qeyd etdikləri qərarın 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. Göstərilənləri nəzərə alaraq, iddiaçı tərəfindən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx xxxx 2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 ilə X7 arasındakı nikah pozulmuş və qadına Xəlilova soyadı verilmişdir. - “xxxx” MMC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, X7 “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. - “xxxx” MMC-nin “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən 2 saylı Poçt Filialının şöbələrində həyata keçirilmiş monitorinqin nəticəsi ilə əlaqədar müvafiq tədbirlər görülməsi” haqqında 1225 nömrəli xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, “xxxx” MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri X3 xx.xx.2020-ci il tarixdən xəstəlik bülletenində olduğu nəzərə alınmış, xəstəlik bülletenindən qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq intizam tənbehi tədbiri görülməsi qərara alınmışdır. - X7 tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli izahatdan görünür ki, xx.xx.2020-ci il tarixdə Poçt şöbəsinə Nazirlik tərəfindən təhkim olunmuş komissiya tərəfindən kassaya baxış keçirilmiş və 3996 manat və 600 ABŞ dolları pulun olmadığı aşkar olunmuşdur. Bildirir ki, bazar günü siqnalizasiya çaldığı üçün pulları evə aparmış və birinci günü pulu özü ilə qaytarmaq yadından çıxmışdır. Nəzər alınması xahiş olunmuşdur. - “xxxx” MMC tərəfindən rabitə işçiləri X8 ünvan ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən cari ilin 29 iyun tarixində həyata keçirilmiş monitorinq zamanı şöbədə 3996 manat və 600 ABŞ dolları məbləğində əskiklik aşkar edilmişdir. Şöbə rəisi Gülnarə Makarova araşdırmaya təqdim etdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunan əskiklik faktını etiraf etmişdir. Şöbədə qeyd olunan maliyyə nöqsanı ilə yanaşı bir sıra istismar nöqsanlarının da mövcud olması müvafiq AKT-da qeyd olunmuşdur. Bütün bunlar G.Makarovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bədinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. Qeyd olunanları nəzərə alaraq, G.Makarovanın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bədinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. - “xxxx” MMC-nin “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən 2 saylı Poçt Filialının şöbələrində həyata keçirilmiş monitorinqin nəticəsi ilə əlaqədar müvafiq tədbirlər görülməsi haqqında” xx.xx.2020-ci il tarixli 1225 saylı əmrindən görünür ki, “xxxx” MMC-nin 2 saylı Poçt Filialının poçt şöbələrində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən cari ilin iyun ayında həyata keçirilmiş monitorinq zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması, habelə Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər Normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq xidməti fəaliyyətlərində mövcud poçt qaydalarına və maliyyə intizamına əməl etmədiklərini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” və “b” bəndlərini rəhbər tutaraq, əmrindən görünür ki, “xxxx” MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri X3 xx.xx.2020-ci il tarixdən xəstəlik bülletenində olduğu nəzərə alınsın, xəstəlik bülletenindən qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq intizam tənbehi tədbiri görülməsi əmr edilmişdir. (əmrin İ hissəsi) - “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1285 saylı əmrinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx” MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyinin onun nəzərinə çatdırılması əmr edilmişdir. - “xxxx” MMC tərəfindən 2 saylı Poçt Filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən cari ilin iyun ayında 2 saylı Poçt Filialının 106 Poçt şöbəsində həyata keçirilən monitorinq zamanı şöbə rəisi X3 xidməti fəaliyyətində ciddi maliyyə nöqsanlarına yol verildiyi aşkar edilmişdir. Bundan sonra G.Makarova xəstəlik bülleteninə çıxmışdır. G.Makarovanın xəstəlik bülleteninin müddəti xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq, müxtəlif bəhanələrlə işə çıxmır. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlar G.Makarovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaradır. Qanunvericiliyin tələblərini nəzərə alaraq, G.Makarovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad olunmasına dair məsələnin filialın Həmkarlar Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin “xxxx” MMC-yə təqdim edilməsi tapşırılmışdır. - 2 saylı X11 İttifaqının növbədənkənar yığıncağının 2 saylı, xx.xx.2020-ci il tarixli protokolunun surətindən görünür ki, “xxxx” MMC-nin baş direktorunun müavini R.Bayramovun 2 saylı PF-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, İRŞ 5-15-2-25/4634 saylı məktubla müraciətinə 2 saylı PF-nin Həmkarlar İttifaqı Komitəsində baxılmış və X7 ilə bağlanmış müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. - “xxxx” MMC tərəfindən X5 ünvanlanmış xx.xx.2020-ci il tarixli teleqram ünvanlanaraq “xxxx” MMC-yə təqdim etdiyi xəstəlik vərəqinin müddətinin xx.xx.2020-ci il tarixində bitdiyinə görə xx.xx.2020-ci il tarixdən iş yerində olmalı olduğu, qeyd olunan müddətdən bu günə qədər iş yerində olmadığı səbəbi barədə 1 (bir) gün müddətində “xxxx” MMC-yə rəsmi hüquqi sənəd təqdim etməyəcəyi təqdirdə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işdən azad olunacağı bildirilmişdir. - “xxxx” MMC-nin “X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsinin müdiri X7 özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı “xxxx” MMC-nin müvafiq Poçt Filialı ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir. - X3 “xxxx” MMC-yə ünvanladığı xx.xx.2020-ci il tarixli teleqrammadan görünür ki, o, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətininin ona təqdim edilməsinə və ona məxsus əmək kitabçasını səhhəti ilə əlaqədar gəlib götürə bilmədiyi üçün ünvanına göndərilməsinə göstəriş verilməsi üçün müraciət etmişdir. - “xxxx” MMC -nin X5 ünvanladığı xx.xx.2020-ci il tarixli teleqrammadan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar “xxxx” MMC-nin təşkilati işlər departamentinin insan resursları şöbəsinə gələrək, əmək kitabçasını götürməsi xahiş olunur. - “xxxx” MMC-nin X5 ünvanladığı xx.xx.2020-ci il tarixli teleqrammadan görünür ki, “xxxx”-a təqdim etdiyi xəstəlik vərəqinin müddəti xx.xx.2020-ci il tarixində bitdiyinə görə xx.xx.2020-ci il tarixdən iş yerində olmalı idi. Qeyd olunan müddətdən bu günə qədər iş yerində olmadığının səbəbi barədə 1 gün müddətində “xxxx” MMC-yə rəsmi hüquqi sənəd təqdim etməyəcəyi təqdirdə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işdən azad olunacağı bildirilmişdir. - Bakı şəhər 9 saylı poliklinikanın “əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqə”sindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər əmək qabiliyyətsiz olmuşdur. - “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin işə davamiyyət jurnalının 2020-ci ilin oktyabr ayı hissəsindən çıxarışdan görünür ki, (əslinə məhkəmə iclasında baxış keçirilmişdir) rəis G.Makarova 12-30 oktyabr aylarında işə çıxmasına dair imzalar etmişdir. - 2 saylı Poçt filialının rəisi və 106 saylı PŞ-nin rəisi G.Makarovanın imzaları olan 2020-ci ilin sentyabr və oktyabr ayı üzrə işə davamiyyət tabelindən görünür ki, G.M.Makarova 21-30 sentyabr və 12-31 oktyabr tarixlərində işə çıxmamışdır. Beləliklə də, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, “xxxx” MMC ilə Xəlilova (Makarova) Gülnarə Məmməd qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən o “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları tərəfindən cari ilin 29 iyun tarixində həyata keçirilmiş monitorinq zamanı tərtib edilmiş akt əsasında şöbədə 3996 manat və 600 ABŞ dolları məbləğində əskiklik aşkar edilmişdir. Şöbə rəisi Xəlilova (Makarova) Gülnarə araşdırmaya təqdim etdiyi xx.xx.2020-ci il tarixli izahatında qeyd olunan əskiklik faktını etiraf etmişdir. Həmçinin şöbədə qeyd olunan maliyyə nöqsanı ilə yanaşı bir sıra istismar nöqsanlarının da mövcud olması müvafiq AKT-da qeyd olunmuşdur. “xxxx” MMC tərəfindən rabitə işçiləri X8 ünvan ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda G.Makarovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasına hüquqi əsas yaratmasının nəzərə alınaraq, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bədinə əsasən işdən azad olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. Lakin “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1225 saylı əmrin İ bəndində "xxxx” MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri Makarova (Xəlilova) Gülnarə Məmməd qızının xx.xx.2020-ci il tarixdən xəstəlik büllütenində olduğu nəzərə alınaraq qayıtdıqdan sonra barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq intizam tənbehi tədbirinin görülməsi əmr edilmişdir. Həmin əmrə əsasən də “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1285 saylı əmri Makarova (Xəlilova) Gülnarə Məmməd qızına “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr edilmişdir. İşin materiallarından görünür ki, sonrakı iş fəaliyyəti dövründə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi xəstəlik büllütenində olmuşdur. Cavabdeh tərəfindən ona xx xxxxxxx 2020-ci il tarixdə işə çıxmamasının səbəbləri barədə teleqram vurulmuş, daha sonra “xxxx” MMC tərəfindən 2 saylı Poçt Filialına ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla bu halı və cari ilin iyun ayında 2 saylı Poçt Filialının 106 Poçt şöbəsində həyata keçirilən monitorinq zamanı şöbə rəisi Makarova (Xəlilova) Gülnarə Məmməd qızının xidməti fəaliyyətində ciddi maliyyə nöqsanlarına yol verildiyi aşkar edilməsi göstərilərək onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işdən azad olunmasına dair məsələnin filialın Həmkarlar Komitəsinin iclasında baxıb nəticəsi barədə müvafiq rəyin “xxxx” MMC-yə təqdim edilməsi tapşırılmışdır. 2 saylı X11 İttifaqının növbədənkənar yığıncağının 2 saylı, xx.xx.2020-ci il tarixli protokolu ilə buna razılıq verilmiş və Cavabdeh xx.xx.2020-ci il tarixli, 1870 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrin verilməsinə əsas kimi 2 saylı PF-nın xx.xx.2020-ciil tarixli PF-2-1/144 №li məktubu, NRYTN-nin xx.xx.2020-ci il tarixli aktı, Həmkarlar Komitəsinin Protokolu və aiddiyatı izahat göstərilmişdir. İddiaçı tərəf iddiasının əsası kimi vəzifəsinin icrası zamanı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməsinə, onun hərəkətlərində nəinki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad edilmə ilə bağlı, ümumiyyətlə heç bir hüquq pozuntusunun olmamasına, cavabdeh təşkilatın qanunsuz hərəkət edərək, ona münasibətdə əmək qanunvericiliyinin tələbini pozmasına istinad etmişdir. Cavabdeh tərəf iddiaya etirazın əsası kimi isə iddiaçının qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyü üçün prosessual hərəkətlər etmək hüququnu itirməsinə, eləcə də əmrin qanunvericiliyin tələblərinə uyğun verilməsinə istinad etmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuya qanunvericiliklə verilən hüquqdur. Mübahisələndirilən əmrdə istinad edilən Azərbaycan Respublikasının Əmək Məcəllənin 70-ci maddəsinin «ç» maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu məcələnin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etiansızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Qeyd edilən maddənin 3-ci hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 72-ci maddəsində isə hansı konrket hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Belə hallardan biri özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzürlü səbəb olmadan, işçinin bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulmasıdır (72-ci maddəsinin (a) bəndi) Məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçının xx xxxxxxx 2020-ci il tarixli 1870 saylı əmrlə işdən azad edilməsinin əsas səbəbi kimi təqdim etdiyi xəstəlik vərəqinin müddətinin xx.xx.2020-ci il tarixində bitməsinə baxmayaraq onun xx.xx.2020-ci il tarixdən işə çıxmamasını göstərmişdir. Lakin sözügedən əmrin verilməsinin əsası kimi istinad edilmiş, “xxxx” MMC tərəfindən rabitə işçiləri X8 ünvan ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmununda 2020-ci ilin 29 iyun tarixində həyata keçirilmiş monitorinq zamanı şöbədə 3996 manat və 600 ABŞ dolları məbləğində əskiklik aşkar edilməsindən, şöbədə qeyd olunan maliyyə nöqsanı ilə yanaşı bir sıra istismar nöqsanlarının da mövcud olmasının müvafiq AKT-da qeyd olunmasından və bütün bunların G.Makarovanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bədinə əsasən işdən azad olunmasına hüquqi əsas yarada bilməsindən söhbət gedir. Həmçinin, sözügedən əmrin verilməsinin digər əsası kimi istinad edilmiş, 2 saylı X11 İttifaqının növbədənkənar yığıncağının 2 saylı, xx.xx.2020-ci il tarixli protokolunun məzmunundan görünür ki, gündəlikdə olan məsələ “xxxx” MMC-nin baş direktorunun müavini R.Bayramovun 2 saylı PF-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, İRŞ 5-15-2- 25/4634 saylı məktubla müraciətinə baxılması olmuşdur. Hansı ki, bu müraciətində o, G.Makarovanın (Xəlilovanın) cari (2020-ci) ilin iyun ayında 2 saylı Poçt filialının 106 Poçt şöbəsində keçirilən monitorinq zamanı xidməti fəaliyyətində yol verdiyi ciddi maliyyə nöqsanlarına yol veriməsinin aşkar olunmasına, eləcə də, xəstəlik bülliteninin müddətinin xx.xx.2020-ci il tarixdə bitməsinə baxmayaraq müxtəlif bəhanələrlə işə çıxmamasını göstərmişdir. İşin materiallarından daha sonra görünür ki, “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1285 saylı əmri ilə "xxxx” MMC-nin 2 saylı Poçt Filialının (PF) 106 saylı Poçt şöbəsinin (PŞ) müdiri X5 “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi, xidməti fəaliyyətində təkrar nöqsana yol verəcəyi halda barəsində daha ciddi intizam tənbehi görüləcəyi onun nəzərinə çatdırılması əmr edilmişdir. Əmrin verilməsinə əsas kimi “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 1225 saylı əmri göstərilmiş, sonuncu əmrin verilməsinə əsas isə 2020-ci ilin iyun ayında 2 saylı Poçt Filialının 106 Poçt şöbəsində həyata keçirilən monitorinq zamanı şöbə rəisi Makarova (Xəlilova) Gülnarə Məmməd qızının xidməti fəaliyyətində ciddi maliyyə nöqsanlarına yol verildiyi aşkar edilməsi olmuşdur. Göründüyü kimi, 2020-ci ilin iyun ayında həyata keçirilən monitorinq zamanı 2 saylı Poçt Filialının 106 Poçt şöbəsinin rəisi Makarova (Xəlilova) Gülnarə Məmməd qızının xidməti fəaliyyətində ciddi maliyyə nöqsanlarına yol verildiyi aşkar edilməsi ilə bağlı barəsində intizam tənbehi tədbiri artıq görülmüş, hətta bunula bağlı ondan xx.xx.2020-ci il tarixli izahat da alınmışdır. Belə olan halda cavabdeh tərəfin iddiaçının xx.xx.2020-ci il tarixli izahatında qeyd edilən nöqsanın (maliyyə əskikliyinin) etirafına dair izahatını və bununla bağlı “xxxx” MMCnin baş direktorun müavini R.Bayramovun 2 saylı PF-yə ünvanladığı xx.xx.2020-ci il tarixli, İRŞ 5-15-2-25/4634 saylı məktubla müraciətini, eləcə də məhz bu məsələləri müzakirə edən 2 saylı X11 İttifaqının növbədənkənar yığıncağının Makarova (Xəlilova) Gülnarə Məmməd qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq, sonradan isə məhz bu əsasla xitam verməkdə haqlı olmamışlar. Belə ki, əmrin məzmunundan açıqaşkar görünür ki, iddiaçıya məhz 2020-ci ilin iyun ayında həyata keçirilən monitorinq zamanı xidməti fəaliyyətində ciddi maliyyə nöqsanlarına yol verildiyinin aşkar edilməsi ilə bağlı təkrar intizam tənbehi verilmişdir ki, bu hal da əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. (ƏM-nin 189-cu maddəsinin 1-ci hissəsinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir.) Bundan başqa, 2020-ci ilin iyun ayında müəyyən edilən pozuntularla bağlı isə həmin ilin oktyabr ayında iddiaçı barəsində intizam tənbehinin görülməsi isə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsində olduğu kimi izahatında da onun işdən çıxarılmasının səbəbi kimi 2020-ci ilin 29 iyun tarixində həyata keçirilmiş monitorinqin nəticələrinə görə deyil (çünki buna görə artıq töhmət almışdır), xx.xx.2020-ci il tarixdə keçirilmiş növbəti monitorinqin nəticələrinin olmasını zənn etməsini göstərmişdir. Lakin işin materiallarından görünür ki, iddiaçı barəsində verilən 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmrdə də xx.xx.2020-ci il tarixli yoxlamanın nəticələri barədə heç nə qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsində hər hansı yoxlama həyata keçirilsə və müəyyən nöqsanlar aşkar edilsə idi belə, (cavabdehə tərəfə təklif edilməsinə baxmayaraq xx.xx.2020-ci il tarixli yoxlama ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim etməmişdir) yenə də cavabdeh tərəfindən iddiaçı barəsində əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən intizam tənbehi verilməsi üçün bir aylıq müddət buraxılmışdır. Halbuki, intizam tənbehinin verilməsi qaydaları və müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Qeyd edilən maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə baxışı zamanı iddiaçı izahatında məhz işə gəlməməsi əsası ilə işdən çıxarılması barədə məhkəməyə iddia tələbi ilə müraciət etdikdən sonra keçirilən iclas zamanı məlumatı olmasını göstərmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf iddiaçıya işə çıxmaması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə teleqramma göndərməsini qeyd etsə də, məhkəməyə təqdim edilmiş işə davamiyyət jurnalında onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxan işçi kimi imzalarının olmasının səbəblərini izah edə bilməmişdir. Halbuki, işin də materiallarından və iddiaçı tərəfin izahatlarından da göründüyü kimi, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işdə olmuş, işçi kimi davamiyyət jurnalını imzalamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı işə çıxdığı halda onun ünvanına işə çıxmaması barədə teleqram göndərilməsi anlaşılan deyil. Bundan əlavə, cavabdeh tərəf iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi işə çıxmadığı halda bu müddət ərzində bu faktı aktlaşdırmamasının səbəblərini də izah edə bilməmişdir. Məhkəmənin qənaətinə görə əgər iddiaçı həqiqətən də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi heç bir üzürlü səbəb olmadan işə çıxmamaq kimi hallara yol vermişsə, cavabdeh tərəfin təkcə ona teleqram göndərilməsi ilə kifayətlənməsi inandırıcı deyil. Belə ki, cavabdeh tərəfə bu faktları dəfələrlə aktlaşdırması üçün hər hansı maneələrin olması müəyyən edilməmişdir. İş materiallarından da görünür ki, G.Makarovanın (Xəlilova) dəvət olunmasına baxmayaraq Həmkarlar İttifaqının növbədənkənar yığıncağına gəlməməsinə dair xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya işə çıxmaması ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə göndərilən teleqramın heç bir hüquqi əhəmiyyəti olmamışdır. Məhkəmə xüsusilə vurğulayır ki, cavabdeh tərəfin 2 saylı Poçt filialının rəisi M.Əsədovun və 106 saylı PŞ-nin rəisi G.Makarovanın imzaları olan 2020-ci ilin oktyabr ayı üzrə işə davamiyyət tabeli ümumiyyətlə sübut əhəmiyyətli sənəd kimi qiymətləndirilə bilməz. Əvvəla həmin tabelə baxış zamanı iddiaçı adının qarşısında olan imzanın ona məxsus olmasını təsdiq etməmişdir. İkincisi də məhkəmənin qənaətinə görə G.M.Makarovanın özünün öz imzası ilə 12-30 oktyabr tarixlərində işə çıxmamasını təsdiq etməsi inandırıcı deyildir. Cavabdeh tərəf də iddiaçının bu halla bağlı göstərdiklərini təkzib etmək üçün hər hansı sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə cavabdehin tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallardan biri olan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hisssində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilən normanın 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Cavabdeh iddiaçıya xx xxxxxxx 2020-ci il tarixli 1870 saylı əmrlə işdən azad edilməsinə dair bu barədə ona həmin tarixdə teleqram göndərilərək əmək kitabçasını götürməsini bildirməsinə istinad etsə də, ona əmrin surətinin göndərilməməsinin səbəblərini izah edə bilməmişdir. Belə ki, qanunvericiliyin yuxarıda sadalanan tələblərində işçinin hüququnun pozulduğu günün müvafiq əmrin, eləcə də əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün olması təsbit edilmişdir. Məhkəmə həmçinin cavabdehin iddiaçıya işdən azad edilməsi ilə bağlı yalnız teleqram ilə məlumat verilməsini sonuncunun da bu teleqramı almasını müddətin onun aldığı vaxtdan hesablanmalı olmasına dair dəlili ilə də razılaşmır. Belə ki, işçi hüququnun pozulub-pozulmamasını bilməsi üçün işdən çıxma barədə səbəbləri aydın göstərilmiş, əsaslandırılmış əmrin surəti ilə tanış olması zəruridir. Bunun üçün isə ona işdən çıxma barədə məlumat deyil, barəsində olan əmrin təsdiq edilmiş surəti göndərilməli idi. Cavabdeh tərəfin istinad etdiyi Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarının 6.1-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək kitabçası fərdi əmək müqaviləsi xitam oldunduğu gün (sonuncu iş günü) verilir. Həmin qərarın 6.2-ci bəndinə əsasən işdən çıxan gün işçinin işdə olmadığı hallarda işəgötürən həmin gün, poçt vasitəsilə ona bildiriş göndərir. Əmək kitabçasının poçt vasitəsilə göndərilməsinə yalnız işdən çıxan işçinin razılığı ilə yol verilir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı cavabdehə cavab olaraq xx.xx.2020ci il tarixdə teleqram ilə müraciət edərək ona məxsus əmək kitabçasını səhhəti ilə əlaqədar gəlib götürə bilmədiyi üçün ünvanına göndərilməsini və əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh tərəf Azərbaycan Respublikasi Nazirlər Kabinetinin sözügedən qərarına istinad etsə də, cavabdehin qeyd edilən teleqramı göndərməsinə qədər iddiaçıya əmrin surətinin göndərilməməsi ilə yanaşı, həmçinin əmək kitabçasının da ona poçtla göndərilməsinin təklif edilməməsinin səbəblərinə də aydınlıq gətirməmişdir. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya barəsində olan əmrin surətinin və əmək kitabçasının vaxtında və lazımi qaydada göndərilməsini (təqdim edilməsini) təşkil etməməsini, eləcə də iddiaçının göstərilən sənədləri xx.xx.2020-ci il tarixdə cavabdehə ünvanladığı teleqramından sonra əldə etdiyi üçün hesab edir ki, iddiaçı tərəfindən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Həmçinin, məhkəmə cavabdeh tərəfin müddətlə bağlı vəsatətinə qiymət verərək qeyd edir ki, qanunvericilikdə iddiaçı tərəfindən şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyü üçün iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmamışdır. Beləliklə də, müəyyən edilmişdir ki, “xxxx” MMC-nin “X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmrin verilməsinə əsas kimi göstərilmiş halların mövcudluğu məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəf “xxxx” MMC-nin “X7 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi” haqqında 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmrin verilməsinə əsas olmuş “xxxx” MMC-nin 2 saylı Poçt Filialının 106 saylı Poçt şöbəsinin müdiri X3 özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə dair dəlilləri öz təsdiqini tapmadığından sözügedən əmr ləğv edilməli, iddiaçı “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalı, xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı Xəlilova (Makarova) Gülnarə Məmməd qızı barəsində olan cavabdeh “xxxx” MMC-nin 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmri ləğv edilməklə o, “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunmalı, iddiaçıya xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, 30 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xəlilova (Makarova) Gülnarə Məmməd qızının barəsində olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin 1870 saylı, xx xxxxxxx 2020-ci il tarixli əmri ləğv edilsin və Xəlilova (Makarova) Gülnarə Məmməd qızı “xxxx” MMC-nin 2 saylı Poçt Filianın 106 saylı poçt şöbəsinin müdiri vəzifəsinə bərpa olunsun. İddiaçı Xəlilova (Makarova) Gülnarə Məmməd qızına xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 30 (otuz) manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-487/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-487/2021
15.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver