Məhkəmə qərarları › İş №2(009)-495/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-495/2021

22.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-495/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququna xitam verilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-a (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzilinə) istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29 (yeni qaydalarla:ünvan 1 ünvanı onun xüsusi mülkiyyətindədir. Həmin mənzil x xxxx 2020-ci il tarixdə Bakı şəhərində yerləşən 41 saylı Dövlət Notariat Ofisində AN-İ ******* saylı xx xxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Qeyd edilən mənzil xüsusi mülkiyyəti kimi xx xxxx 2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən onun adına **********01-05101-093001 reyestr nömrəsi ilə çıxarış verilmişdir. AN-İ ******* saylı xx xxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq mənzildə yaşayan şəxslər xx.xx.2020-ci il tarixədək mənzildən çıxmışlar. Eləcə də, bununla əlaqədar mənzil ona təhvil verildikdən sonra qeydiyyatdan çıxmalı idilər. Ancaq mənzildə qeydiyyatda olan sakinlərdən biri, yəni Cavabdeh qeydiyyatdan çıxmamışdır. Mənzil ona satıldıqdan və mənzilin əvvəlki sakinləri, o cümlədən Cavabdeh mənzildən çıxmışlar. Həmin evin alqı-satqısı ilə əlaqədar Cavabdeh mənzildən çıxsa da, qeydiyyatdan bu günədək çıxmamışdır. Hal-hazırda Cavabdeh yaşadığı yer ona məlum deyil. Beləliklə, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-a (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzilinə) istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işə baxıb, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29 (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzili) xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29 (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı) mənzildə qeydiyyatdadır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-u (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzili) alıcı İddiaçı mülkiyyətinə vermişdir. Təqdim olunmuş 5 saylı MKİS-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-da (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzildə) qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İş materiallarında olan və notariat kontorunda təsdiq olunan ərizədən görünür ki, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-un (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzilinin) satlıması ilə bağlı onu pasport qeydiyyatından çıxarılmasını xahiş edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, mənzil 29-u (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzili) alqı-satqı yolu ilə Cavabdeh almış və o, ailəsi ilə birlikdə göstərdiyi ünvanda yaşayır. Həmin mənzil daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən onun adına qeydiyyata alınmışdır. İddiaçıya məxsus mənzildə Cavabdeh qeydiyyatdadır, lakin mənzildə yaşamır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaratdığından, cavabdehin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, 29 saylı mənzilə ( qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzilinə) istifadə hüququna xitam verilsin. Həmin qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti, ev 14/70, 29 saylı mənzildən (yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 112, M4 saylı evin 3 saylı mənzilindən) qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar