Məhkəmə qərarları › İş №2(009)-499/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-499/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-499/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh3 QSC BOKT-nın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 QSC BOKT, “Azərbaycan Beynəlxalq Bankı“ ASC və Bank X1rşı “borcun olmaması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx" ASC-yə qarşı “borcun olmaması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-ti ilə İddiaçı arasında bağlanılmış, xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə üzərinə hesablanmış 25 425 ABŞ dolları məbləğində borcun bütün maliyyə sənədlərindən, daxili və idarələrarası elektron məlumat sistemlərindən silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulması və 220 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “əlavə cavabdehin cəlb edilməsinə” dair verdiyi ərizədən görünür ki, məhkəmə prosesində müəyyən olunmuşdur ki, həmin mülki iş üzrə əsas cavabdeh kimi Cavabdeh3 QSC çıxış etməlidir. Ona görə məhkəmədən Cavabdeh3 QSC BOKT-nın cavabdeh kimi cəlb edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Cavabdeh1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış, xx.xx.2011-ci il tarixli 1537 nömrəli kredit müqaviləsi üzrə 25 425 ABŞ dolları məbləğində kredit borcunun İddiaçı tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il, 2(005)-1363/2019 saylı, qətnaməsi ilə, iddia müddətinin keçməsinə görə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il, 2(103.)-1141/2019 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli 2(102)-460/2020 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən tərəflər arasında mülki mübahisə həll edilmişdir. Lakin, cavabdehlər qanunsuz olaraq göstərilən borcu maliyyə sənədlərindən və elektron məlumat sistemindən silməkdən imtina edirlər və onu aktiv borc kimi göstərməyi davam edirlər. Cavabdehlər şifahi olaraq öz əməllərini belə izah etmişlər ki, məhkəmə bu barədə onların üzərinə öhdəlik qoymamışdır. Borcun silinməsi barədə onların xx.xx.2022-ci il tarixli məktublarına cavabdehlər cavab verməmişlər və bu hərəkətləri ilə borcu silmək niyyətində olmadıqlarını bir daha təsdiq etmişlər. Məhkəmə qətnaməsi ilə borcun silinməsi barədə cavabdehlərin üzərinə öhdəlik qoyulmasa da, onlar borcu, ümidsiz borc kimi silməlidirlər. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdehlər bu borcu ondan tələb etmək hüququnu itirmişər və bu faktı qəbul etməlidirlər. Lakin, onlar mülki hüquqlarından sui-istifadə edərək, məhkəmə qətnaməsinə məhəl qoymaq istəmirlər və bu hərəkətləri ilə onun mülki hüquqlarının kobud surətdə pozurlar. Mülki hüquq münasbətlərinin subyekti olaraq o mülki hüquqlarını sərbəst həyata keçirə bilmir, barəsində mənfi fikir formalaşır, adına xələl gətirilir, bank, kredit və qeyri-kredit təşkilatları onunla mülki münasibətlərə girməkdən imtina edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı, 2011-ci ildə iş yoldaşı ona etibar edərək maşını DYP-dən onun adına çıxarmışlar. Sonradan həmin şəxsə baş etibarnamə vermişdir. 2019-cu ildə zəng gəlmişdir ki, adına Şamaxı filialından 16000 dollar pul götürülmüşdür. Ofisdə maşın üçün sənədə imza atmışdır, amma ağlına gəlməzdi ki, bunlar bank sənədləridir. 7 il ərzində ona bir dəfə də zəng gəlməyib ki, borcu var. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, Beynəlxalq Bank iddiaçıya kredit verib, daha doğrusu iddiaçını aldadıb imza etdiriblər. İddia müddəti keçəndən sonra X6 Edilməsi Agentliyi iddiaçıya qarşıya 25000 ABŞ dolları məbləğində pulun alınması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia müddəti keçdiyinə görə bu iddianı rədd etmişdir. X6 Edilməsi Agentliyi apellyasiya şikayəti vermiş, nəticədə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalmışdır. Eynilə kassasiya şikayəti də eyni səbəbdən təmin edilməmişdir. Həmin vaxtdan 2-3 il keçməsinə baxmayaraq həmin borcu silmək istəmirlər. İddiaçı gedib bankdan kredit götürmək istəyəndə ona kredit borcunun olduğunu bildirmişlər. Bununla da iddiaçının hüquqları məhdudlaşdırılmışdır. İddiaçı həmin agentliyə bu barədə bildirəndə, onlar bildirmişlər ki, məhkəmənin qərarı ilə bizim üzərimizə bu borcun silinməsi ilə bağlı öhdəlik qoyulmayıb. Məhkəmənin qərarını heçə saymışlar. İddia tam əsaslıdır, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 QSC BOKT-nın nümayəndəsi X4 izahatında bildirdi ki, müqavilə 2011-ci ildə bağlanmışdır, müqavilə 3 illlik olmuşdur. Prezidentin fərmanına əsasən 2015-ci ildən Beynəlxalq Bank işləri onlara ötürür. Vətəndaş özü kredit müqaviləsinə imza atıb, öhdəlikləri yaranıb. İddia müddətinin ötməsi o demək deyil ki, o bu öhdəliklərdən azaddır, həmin o öhdəliklər hal-hazırda da mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məkhəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1363/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı kedit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-11416/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-460/2020 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 29 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Cavabdeh3 QSC tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 13-7/2-3-11/615/2023 saylı “əsl olmayan tərəfin əvəz edilməsinə” dair ərizədən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh3 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh3 QSC-yə keçmişdir. Cavabdeh3 QSC Bank olmayan Kredit təşkilatını Səbail Rayon Məhkəməsinin 2(009)-499/2023 saylı mülki işi üzrə cavabdeh qismində cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə araşdırılmış iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-1363/2019 saylı qətnaməsinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı qarşı kedit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmişdir. Qeyd edilən məhkəmə aktı qanuni qüvvəsini almışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. İddiaçının tələbi, mahiyyəti etibarılə onun banka olan borc məbləği haqqında məlumatların kredit reyestrində həqiqi vəziyyətə uyğun yerləşdirilməsi məqsədi daşıyır. Bu cür məlumatların verilməsi cavabdehin birbaşa vəzifəsidir. Çünki Azərbaycan Respublikası X7 Heyətinin xx.xx.2004-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 2.1-ci bəndinə görə banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olanlar, icbari qaydada hüquqi və fiziki şəxs borcalanlarının kreditləri barədə MKR-ə məlumat verirlər. MKR-ə kreditlər haqqında məlumatlar onların müvafiq mühasibat registrlərindəki qalıq dəyəri ilə (mümkün zərərlər üçün yaradılmış ehtiyat məbləğləri çıxılmadan) təqdim edilir (Qaydaların 2.2-ci bəndi). Qaydaların 2.5-ci bəndinin tələbinə görə banklar kredit tələbləri barədə MKR-ə məlumatları hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə 2 (iki) iş günü ərzində (yəni 1-i və 2-si) saat 18:00-a qədər təqdim etməlidirlər. Yeni verilmiş kreditlər haqda məlumatlar isə kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində MKR-ə göndərilməlidir. Bu tarixlər qeyri-iş gününə təsadüf etdikdə məlumatlar növbəti iş günü təqdim edilir. Göründüyü kimi MKR məlumatları və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkil etmiş olduğu elektron portal məlumatları, mühasibat registrindəki hesabatlara əsasən icbari qaydada vaxtaşırı yenilənən məlumatlardır. Bu məlumatlar mötəbər əsaslara söykənməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblə beş il keçdikdən sonra qüvvəsini itirir: Bu halda, bəhs olunan kredit müqaviləsi üzrə tələb də qüvvəsini itirmişdir və kredit reyestrində xitam verilmiş öhdəlik barədə məlumatların əksini tapması, kredit reyestrinin təyinatına uyğun gəlmir. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, məlumat təchizatçısı olan Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT "xxxx" MMC-yə iddiaçının borcunun olmaması barədə məlumatı verməməklə iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT aid edilməlidir. Nəticə hissəsi: Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-a "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 1537 saylı kredit müqaviləsi üzrə hesablanmış 25425 ABŞ dolları məbləğində borc barədə məlumatın (bütün maliyyə sənədlərindən, daxili və idarələrarası elektron məlumat sistemlərindən) mərkəzləşdirilmiş kredit reyestrindən silinməsi öhdəliyi qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 220 (iki yüz iyirmi) manat dövlət rüsumu Cavabdeh3 Qapalı Səhmdar Cəmiyyəti BOKT-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar