Məhkəmə qərarları › İş №2(009)-536/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-536/2025

28.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-536/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilməsi və bununla bağlı bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, heç vaxt tanımadığı və görmədiyi şəxs tərəfindən Cavabdeh MMC-də şəxsiyyət vəsiqəsi məlumatları ilə xx.xx.2023-cü il tarixli başlayaraq aylıq 350 manat olmaqla satıcı vəzifəsinə rəsmiləşdirilmiş və əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Bununla bağlı onunla hər hansı əmək müqaviləsi bağlanılmamışdır. Bağlanılmış olsa belə bir nüsxəsi ona təqdim edilməmişdir. Belə ki, bir nəfər tanımadığı şəxs MMC yaradacağını və onu həmin MMC-də işlə təmin edəcəyini vəd vermişdir. Buna görə də o, yalnız şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsin vasitəçisinə vermişdir. Lakin o, bu günə kimi həmin işlə nə məşğul olmuş, nə də hər hansı məvacib almışdır. Bunlar azmış kimi heç bir yerdə də rəsmi işə qəbul edilmir. Belə ki, adlarına aktiv əmək müqaviləsi bildirişi olduğundan onların işə götürülməsindən imtina edilir. Cavabdehlə əlaqə saxlamağa çalışsa da, belə bir MMC-nin və faktiki nə də rəsmi qeydiyyatda olduğu yerdə mövcud olmaması ilə qarşılaşmışdır. Mübahisənin məhkəmədənkənar həlli üçün pretenziya qaydasında MMC-yə məktub ünvanlanmış dəfələrlə o, və onun yaxın qohumları tərəfindən həmin ünvana gedilmiş, lakin həmin ünvanda belə bir MMC-nin və onun təsisçisinin olmadığı məlum olmuşdur. Göndərilmiş bütün rəsmi məktublar geri qaytarılmışdır. Bununla bağlı X1 Xidmətinə online və şifahi qaydada da dəfələrlə müraciət edilsə də, məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra onun tərəfindən qanunvericiliyə uyğun olaraq Mediasiya təşkilatına müraciət edilmiş, lakin cavabdeh həmin sessiyalarda da iştirak etməmişdir. Bu səbəbdən də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh MMC ilə onun arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi, mediasiya xərcinə görə ödənilmiş 51 manat məbləğində mediasiya rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin icrasının müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir.İddiaçı həmçinin izahatında göstərmişdir ki, o, müxtəlif təşkilatara iş üçün müraciət etmişdir, təşkilatlar da ondan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsinin surətini tələb etmişdilər. Lakin onu işlə təmin etmədilər. O, MKİS-ə santexnik kimi işə düzəltmək istəmiş, ona bildirmişlər ki, “Siz işləyirsiniz”. Lakin o, heç yerdə işə düzəltməmişdir, işləmir, maaş almır, işə qəbulla bağlı ərizə yazmamış və əmək müqaviləsinə qol çəkməmişdir. Heç kim onunla müqavilə bağlamayıb. Cavabdeh MMC-nin ünvanı məlum olmadığından onun nümayəndəsi məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı ünvandan məhkəmə bildirişi müvafiq qeydlə (“tapılmır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə xxxxxxx000100 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə satıcı vəzifəsinə qəbul edilmiş, əmək müqaviləsi müddətsiz bağlanılmış, aylıq əmək haqqı 350 manat təşkil etmiş, həmin müqavilə qüvvədədir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/6-01790 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı tərəfindən “əmək müqaviləsinə xitam verilməsi” tələbi üzrə xx.xx.2024-cü il tarixdə 16.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh MMC-nin nümayəndəsi iştirak etməmişdir. İş üzrə İddiaçı tərəfindən Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X1 Xidmətinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinin etibarsız hesab edilməklə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən İddiaçı Cavabdeh MMC-də satıcı vəzifəsində işləyir, onun aylıq əmək haqqı 350 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının razılığı və xəbəri olmadan Cavabdeh MMC ilə iddiaçı arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış, iddiaçı həmin cəmiyyətdə “satıcı” vəzifəsinə rəsmiləşdirilmiş və həmin əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sistemində qeydə alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının adına əmək müqaviləsi bildirişi aktiv olduğundan onun işə götürülməsindən imtina edilir. İddiaçı əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sistemində qeydə alınmasına dair işə götürənə bildiriş göndərsə də, onun bu müraciətinə işəgötürən tərəfindən münasibət bildirilməmiş, bu səbəbdən hazırki vaxtadək əmək müqaviləsi qüvvədə qalmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdehlə bağlanmış əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə verilmiş iddia ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən edir, əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəsi). Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanılması müəyyən edilməmiş, işəgötürən (cavabdeh) işçinin (iddiaçının) iradə ifadəsi olmadan onu işə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanı cavabdeh tərəfindən məhdudlaşdırılmış, cavabdeh iddiaçının razılığı olmadan tərtib etdiyi əmək müqaviləsi bildirişini mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil etmişdir. Məhkəmə qeyd edir ki, işəgötürən əmək müqaviləsini işçinin iradəsinə zidd bağlamaqla əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, əmək müqaviləsinin və əmək müqaviləsi bildirişinin etibarsız hesab edilməklə xitam verilməsi barədə tələb əsaslı olduğu üçün, həmin müqaviləyə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi barədə tələb də əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 2-ci hissəsinə əsasən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanılacaq əmək müqaviləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində qeydə alınmış işçi və işəgötürən barədə əmək münasibətlərinə dair məlumatların elektron informasiya sisteminə ötürülməsi əsasında elektron sənəd formasında avtomatlaşdırılmış qaydada formalaşır və formalaşan tarixdən 3 (üç) iş günündən gec olmayaraq, tərəflərin gücləndirilmiş elektron imzası vasitəsilə imzalanır. Bu halda əmək müqaviləsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar elektron informasiya sistemində qeydiyyata alınmalıdır və həmin qeydiyyat müvafiq icra hakimiyyəti orqanı olan X1 Xidməti tərəfindən aparılır. Belə olan halda məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin qeydiyyata alınması X1 Xidmətinin üzərinə qoyulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. AR MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə dövlət rüsumu 100 (yüz) manatdır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olunduğundan, lakin mübahisəni məhkəməyədək həlli qaydasını nəzərdə tutan mediasiya prosesində iştirakı ilə bağlı mediatora müraciət etdiyindən və mediasiya xərcləri kimi 50 (əlli) manat ödədiyindən, həmin pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, eyni zamanda dövlət rüsumunun ödənilməli olan hissəsi - 50 (əlli) manat dövlət hesabına tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış xx.xx.2023-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsi və əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş etibarsız hesab edilsin, həmin əmək müqaviləsinə xitam verilsin. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2023-cü il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə məhkəmə qərarı ilə xitam verilməsinə dair məlumatın elektron informasiya sistemi vasitəsi ilə “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə mediasiya xərcləri kimi 50 (əlli) manat məbləğində pul tutulsun. Cavabdeh MMC-dən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 50 (əlli) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar