Məhkəmə qərarları › İş №2(009)-537/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-537/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-537/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında, xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Səbail Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası (Qərbi Azərbaycan) Kalinino rayonu, Evli kəndində xx.xx.1969-cu il tarixdə anadan olmuş Ərizəçi doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1969-cu il tarixdə, Ermənistanın (Qərbi Azərbaycan) Kalinino rayonu, Evli kəndində anadan olmuşdur. X2, 1934-cü il tarixdə Ermənistanda (Qərbi Azərbaycan) anadan olmuş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikasında vəfat etmişdir. X1, 1937-ci il tarixdə Gürcüstan SSRİ-da anadan olmuş, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasında vəfat etmişdir. Atası ilə anasının nikahı xx.xx.1960-cı il tarixdə, Ermənistanın (Qərbi Azərbaycan) Kalinino rayonu, Evli kənd Sovetində bağlanmışdır. Bu nikahdan, xx.xx.1960-cı il tarixdə böyük bacısı X4, xx.xx.1963-cü il tarixdə digər bacısı X7, xx.xx.1963-cü il tarixdə o və xx.xx.1977-ci il tarixdə kiçik qardaşı X8 anadan olmuşdur. Ərizəsinə, valideynlərinin nikah haqqında şəhadətnaməsinin surətini, ölüm haqqında şəhadətnamələrinin surətlərini, qardaş və bacılarının doğum haqqında şəhadətnamələrinin surətlərini də əlavə edir. Hal-hazırda isə, atasından miras qalmış Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalagah kəndində yerləşən fərdi yaşayış evinə vərəsəlik payının müəyyən olunması üçün ondan doğum haqqında şəhadətnaməsi tələb olunur. Belə ki, onun doğum haqqında şəhadətnaməsi, Ermənistanda 1988-ci il tarixdə baş vermiş məlum məsələlərlə əlaqədar köçkün olduqları üçün qaça-qaç zamanı orada qalmışdır. O, Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində doğulmağı haqqında akt qeydinin bərpası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Səbail Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ancaq, xx.xx.2025 - ci il tarixli, 3-16-5/8-49/15 sayılı məktubla, müraciətinə imtina almışdır. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Belə hesab edir ki, onun Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində doğulmağı haqqında akt qeydinin bərpası mümkündür. Bu faktı, onun qardaş və bacıları, habelə digər qohumları məhkəmə iclaslarında şahid qismində ifadə verərək təsdiq edə bilərlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, maraqlı şəxs kimi Səbail Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-ə əsasən mülki işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Sübutlar: Belə ki, iş materiallarında olan Ermənistan Respublikası Kalinino rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 21 may 1960-cı il təvəllüdlü X4 Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X6, ana qrafasında milliyyəti azərbaycanlı X3 qeyd edilmişdir. - Ermənistan Respublikası Kalinino rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 aprel 1963-cü il təvəllüdlü X7 Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X6, ana qrafasında milliyyəti azərbaycanlı X3 qeyd edilmişdir. - Bakı şəhəri Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 477275 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 02 avqust 1977-ci il təvəllüdlü X8 Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində anadan olmuşdur, ata qrafasında milliyyəti azərbaycanlı X6, ana qrafasında milliyyəti azərbaycanlı X3 qeyd edilmişdir. - İsmayıllı rayonu Qalagah kənd soveti tərəfindən verilmiş AZ-İ seriyalı 068440 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 23 dekabr 2003-cü ildə İsmayıllı rayonu, Qalagah kəndində vəfat etmişdir. - Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 824346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 aprel 2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. - Maraqlı şəxs 16 yanvar 2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun Ermənistan Respublikası Kalinino rayonu Evli kəndində doğulması haqqında akt qeydinin bərpası ilə əlaqədar ərizəsiylə bağlı müraciətinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001 il tarixli 52 saylı qərarının vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 13-cü bəndində göstərildiyi kimi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bucür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin istəyi yer üzrə qeydiyyat orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası qaydasının 14-cü bəndinə əsasən isə itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bu barədə məhkəməyə müraciət edə bilərsiniz. - Ərizəçi məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və EMİS-dən çıxarışdan görünür ki, Ərizəçi 20 avqust 1969-cu ildə Ermənistan Respublikası, Kalinin rayonunda doğulmuşdur. - X5 məxsus AZE 14379348 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 02 avqust 1977-ci ildə Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində doğulmuşdur. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi 20 avqust 1969-cu il tarixində Ermənistan Respublikası (Qərbi Azərbaycan), Kalinino rayonu, Evli kəndində anadan olmuşdur. Qeyd edilən xüsusatlar Ərizəçi məxsus şəxsiyyət vəsiqəsinin surəti və EMİS-dən çıxarışda olan məlumatlarla və təqdim olunmuş digər sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan ərizəçinin bacıları və qardaşına məxsus olan doğum haqqında şəhadətnamələrdən görünür ki, 21 may 1960-cı il təvəllüdlü X4, 09 aprel 1963-cü il təvəllüdlü X7, 02 avqust 1977-ci il təvəllüdlü X8 Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində anadan olmaqla, atalaraı milliyyəti azərbaycanlı - X6, anaları milliyyəti azərbaycanlı - X3 olmuşdur. Məhkəmə, həmçinin ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin səlahiyyətli dövlət orqanı tərəfindən verilməsini və verilmiş sənəddə ona məxsus məlumatların həqiqiliyinə şübhə yaradan halların müəyyən olunmadığını nəzərə alaraq bu qənaətə gəlir ki, ərizəçiyə doğulan zaman müvafiq məlumatlar qeyd edilməklə doğum haqqında şəhadətnamə verilmiş və ərizəçi həmin doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi almışdır. Sonradan doğum haqqında şəhadətnaməsini itirmiş, başqa qaydada ala bilməmiş və itirilmiş sənədin bərpası mümkün olmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi 20 avqust 1969-cu ildə Ermənistan Respublikası (Qərbi Azərbaycan), Kalinino rayonu, Evli kəndində doğumunun qeydə alınması faktının müəyyən edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd olunanları, eləcə də ərizəçinin doğumunun qeydə alınmasını təsdiq edən lazımı sənədi başqa qaydada ala bilməməsini, itirilmiş sənədin başqa qaydada bərpasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 20 avqust 1969-cu ildə Ermənistan Respublikası (Qərbi Azərbaycan), Kalinino rayonu, Evli kəndində doğumunun qeydə alınması faktı müəyyən edilməli, Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X3 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 20 avqust 1969-cu ildə Ermənistan Respublikası, Kalinino rayonu, Evli kəndində doğumunun qeydə alınması faktı müəyyən edilsin. Ərizəçi doğumu haqqında akt qeydi bərpa edilərək, ata qrafasında X6 - milliyyəti azərbaycanlı, ana qrafasında isə X3 - milliyyəti azərbaycanlı məlumatları qeyd edilsin. Hazırki qətnamə Ərizəçi doğumu haqqında müvafiq sənədin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar