Məhkəmə qərarları › İş №2(009)-54/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-54/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-54/2024 03.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İddiaçı Cavabdeh MTK-ya qarşı kirayə haqqının ödənilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı müqavilə öhdəliklərinin pozulması ilə vurulmuş maddi və mənəvi ziyanın tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı binadakı 18 nömrəli mənzilin mülkiyyətçisidir. Dəniz görüntüsü olan həmin mənzil Səbail rayon Məhkəməsinin arxasında yerləşən 4 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşirdi. Həmin mənzil eyni binada yerləşmiş 3 mənzilin birləşməsindən yaranmışdır. O, ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasına getmiş və əvvəllər mənzili hər ay SOCAR-da çalışan xarici vətəndaşla 1000 ABŞ dollarına kirayəyə verirdi. Mənzilin cəmi sahəsi 235 kv.m. idi. Hazırda həmin ərazidə bu ölçülərdə olan mənzillərin aylıq kirayəsi 2000 manatdan 4000 manata qədərdir. 2018-ci ilin yayında Cavabdeh MTK-nın (həmin vaxt Cavabdeh MMC adlanırdı) hüquqşünası Elçin Kərimli mənzilin yerləşdiyi binaya dair Səbail rayon İcra Hakimiyyətinin “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış binasının layihələşdirilməsinə və tikintisinə icazə verilməsi haqqında” xx.xx.2016-cı il tarixli sərəncamı olduğunu və mülkiyyətçi ilə razılığa gələrək müqavilə bağlanmasını təklif etmişdir. Sərəncamın 2-ci bəndinə əsasən ərazidə olan mövcud binanın sökülməsi yeni yaşayış binası tikilənədək binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılması Cavabdeh MMC-nin vəsaiti hesabına keçirilməli idi. Yeni layihənin həyata keçirilməsinə etiraz olaraq bəzi sakinlərin şikayətlərlə məhkəmələrə müraciət etdiyini bilsələr də tikintinin Bakı şəhərinin yenidən qurulması və abadlaşdırılması işinə xidmət etdiyini anlayaraq müqavilə bağlanılmasına razılıq vermişlər. xx.xx.2018-ci il tarixdə onun etibarnaməsi əsasında nümayəndəsi Nümayəndə və Cavabdeh MTK arasında (həmin vaxt Cavabdeh MMC adlanırdı) “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MTK 24-36 ay ərzində ona məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı binadakı 18 nömrəli mənzil yeni binanın inşası ilə bağlı MTK-ya təhvil verilmiş, MTK tərəfindən isə yeni bina tikiləcək mənzil ona təhvil verilənədək hər ay kirayə haqqı üçün 500 manat kompensasiya ödənilməsi öhdəliyi götürülmüşdür. 2020-ci ilin iyun ayından sonra MTK tərəfindən kompensasiyanın ödənilməsi heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada dayandırılmışdır və artıq 3 ilə yaxındır ki, həyata keçirilmir. Ona görə də xx.xx.2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında müqavilənin icra müddəti başa çatsa da, MTK tərəfindən yeni inşa edilmiş binada mənzilin təhvil verilməsinə dair əsas öhdəlik də icra edilmədiyindən aralarındakı yeni razılığa əsasən həmin müqavilənin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli yeni müqaviləyə əsasən binanın inşası 12 ay ərzində başa çatdırılmalı, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 500 manat kompensasiyanın ödənilməsi davam etdirilməli idi. Müqavilənin 4.1.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixədək ödənilməmiş 6500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə haqqının əlavə “mənzil sahəsi” ilə əvəzləşdirilməsinə dair saziş bağlayacaqlarına dair ilkin razılığa gəlsələr də, artıq ödənilməmiş kompensasiya məbləği müqavilə öhdəliklərinin icrasının başa çatmalı olduğu xx.xx.2022-ci il tarixədək 13.000 manat, bu günədək isə 18.000 manat çatsa da, onlara əlavə mənzil sahəsi verməkdən imtina edilmişdir. MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil onlara xx.xx.2022-ci il tarizdən gec olmayaraq təhvil verilməli idi. Ona görə də o, təzə mənzilin müvafiq bazar qiyməti nəzərə alınmaqla kirayə verilməsini planlaşdırılmışdır. Mənzil ən azı aylıq 2500 manata kirayəyə verilməli idi. Beləliklə müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə mülkiyyətçiyə əldən çıxan faydaya görə ən azı əlavə olaraq 25000 manat ziyan dəymişdir. Qeyd edilməlidir ki, müqavilə bağlanarkən onlara mənzilin dəniz görüntülü olacağı və binanın 3-cü mərtəbəsində iddiaçıya onun mənzilinin əvəzzində 200 kv.m. sahəsi olan mənzil ayrılması MTK tərəfindən öhdəlik kimi göstərilsə də, ayrılmış mənzil yaşayış mənzillər olan 1-ci mərtəbədə yerləşir. Mənzilin pəncərəsi həyətlə eyni səviyyədədir. MTK-dan tikintinin layihəsinin təqdim edilməsindən imtina olunur. Layihə üzrə mənzildəki arakəsmələr də nəzərə alındıqda faktiki sahəsi 195,2 kv.m., yəni müqavilədə göstəriləndən 4,8 kv.m.azdır. hazırda MTK tərəfindən tikilməkdə olan binada mənzillər hər kv.metrə görə 2500-3000 manata satılır. Bu sahədən 4,8 kv.m. çatışmayan sahəni 14.000 manat dəyərləndirirlər. Hazırda RF-dəki müharibə vəziyyəti ilə bağlı qonşu ölkədə Azərbaycana pənah gətirənlərin sayı çox olduğu üçün mənzillərin kirayə gətirənlərin sayı çox olduğu üçün mənzillərin kirayə haqları xeyli artmışdır. O, köçüb ailəsi ilə birlikdə vətəni olan Azərbaycana gəlmək istəsə də, Cavabdeh MTK-nın təqsiri üçündən bunu edə bilmir. Bu ona və ailə üzvlərinə nigarançılıq, ruhi sarsıntı və iztirab gətirir. Cavabdehin hərəkətləri üzündən onlar məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənliklə üzləşmişlər. Göstərilənləri nəzərə alaraq iddiaçı 2020-ci ilin iyulundan xx.xx.2022-ci il tarixədək kirayə haqlarına görə yaranmış borca görə 13.000 manat, iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 4,8 kv.m. əskikliyə görə 14.000 manat, əldən çıxan faydaya görə 25.000 manat, yəni 52.000 manat maddi ziyana və 8000 manat mənəvi zərərə görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 2020-ci ilin iyulundan 2023-cü ilin may ayınadək kirayə haqqlarına görə yaranmış borca görə 18.000 manat, iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 4,8 kv.m. əskikliyə görə 14.000 manat, əldən çıxan faydaya görə 20.000 manat, yəni 52.000 manat maddi ziyana və 8.000 manat mənəvi zərərə görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin gedişində keçirilmiş ekspertizanın xx.xx.2024-cü il tarixli rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya ayrılmış mənzilin sahəsinin 198,89 kv.m., yəni müqavilədə nəzərdə tutulduğundan 1,11 kv.m.az təşkil etdiyi müəyyən edilmişdir. Bundan başqa mülki iş icraatda olduğu müddətdə də iddiaçının hüquqlarının pozulmasının davam etdiyini və vurulmuş maddi ziyanın artdığını nəzərə alaraq iddia ərizəsinin aşağıdakı kimi dəqiqləşdirilməsini məqsədəuyğun hesab edir. Belə ki, iddia 2023-cü ilin may ayında təqdim edilərkən kirayə haqqına görə cavabdehin borcu 18.000 manat idisə, hazırda bu məbləğ 46 ay (xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək) ərzində 23.000 manata çatmışdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli yeni müqaviləyə əsasən binanın inşası 12 ay ərzində başa çatdırılmalı, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 500 manat kompensasiyanın ödənilməsi davam etdirilməli idi. Müqavilənin 4.1.4.-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixədək ödənilməmiş 6500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə haqqının əlavə “mənzil sahəsi” ilə əvəzləşdirilməsinə dair saziş bağlayacaqlarına dair ilkin razılığa gəlsələr də, artıq ödənilməmiş kompensasiya məbləği 23.000 manata çatsa da, cavabdeh onlara əlavə mənzil sahəsi verilməsi ilə bağlı təklif göndərməmiş və belə bir təklifi göndərməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin İlkin razılaşma ilə bağlı iddiaçıya təklif göndərməməsi və razılaşmaya əməl etməməsindən dolayı nəzərə alınmalıdır ki, gələcəkdə bağlanacaq müqavilənin mühüm şərtləri, yəni yaranmış borca görə alınacaq sahənin həcmi, hər kv. metrə görə qiyməti, hansı mərtəbədə yerləşməsi, həcmi (ayrıca mənzil, yoxsa bitişik sahə kimi) və əsas müqavilənin bağlanma vaxtı ilkin razılaşma ilə müəyyənləşdirilməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən müqavilənin qeyd edilən bəndinə xitam verilməlidir. MTK müqavilə öhdəliklərinə əməl etdiyi halda mənzil onlara xx.xx.2022-ci il tarixdən gec olmayaraq təhvil verilməli idi. Ona görə də iddiaçı təzə mənzilin müvafiq bazar qiyməti nəzərə alınmaqla kirayə verilməsini planlaşdırılmışdı. Mənzil ən azı aylıq 2000 manata kirayəyə verilməli idi. Bina təhvil verildikdən sonra mənzilin təmirinə görə orta hesabla 4 ay tələb olunduğunu da nəzərə alsalar, müqavilə öhdəliyinin pozulması və mənzilin vaxtında təhvil verilməməsi ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək mülkiyyətçiyə əldən çıxan faydaya görə ən azı əlavə olaraq 30.000 manat ziyan dəymişdir. Göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi və vəkili kirayə haqlarına görə yaranmış borc müqabilində əlavə sahə verilməsinə dair hissədə xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinə xitam verilməsi, 46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat, iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m. əskikliyə görə 3.000 manat, yəni 56.000 manat maddi ziyana və 4.000 manat mənəvi ziyana görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) X2 məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) X2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin olunmalıdır. İş üzrə “Cəmiyyət” qismində Cavabdeh MMC ilə “Mülkiyyətçi” qismində İddiaçı (etibarnamə əsasında qanuni nümayəndəsi Nümayəndə təmsil etmiş) arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqaviləsinin surətinə əsasən müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76, mənzil 18 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76, mənzil 18 ünvanında yerləşən, ümumi sahəsi 104,8 kv.m. İddiaçı məxsus olan 18 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə “Cəmiyyət”ə təhvil verir. “Cəmiyyət” isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və 20%-ə qədər əlavə sahəni (Zirvə Residence tikinti kompleksinin Q.Abbasov ünvanındakı binadan) yaşayışın birinci mərtəbəsindən, təmirli olmaq şərti ilə “Mülkiyyətçi”yə təhvil verir (verilən əlavə sahəyə görə ödəniş alınmır) (bənd 1). Cəmiyyət Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin Müvəqqəti yaşayış sahəsində yaşaması üçün Mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq: 570 manat müəyyən edilir. Həmin məbləğdən 14% vergi – 70 manat vergiyə, qalan 500 manat Mülkiyyətçiyə ödənilir (bənd 3.3,3.3.1). Yeni mənzilin təhvil verilməli olduğu tarix: 24-36 ay (dəqiq tarixlər yeni mənzilin yerləşdiyi binanın tikinti layihəsi ilə müəyyən ediləcək (bənd 4.1.2). İş üzrə “Kooperativ” qismində Cavabdeh MTK ilə “Mülkiyyətçi” qismində İddiaçı (etibarnamə əsasında qanuni nümayəndəsi Nümayəndə təmsil etmiş) arasında bağlanılmış ““06 sentyabr 2018ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqaviləsinin surətinə əsasən müqavilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76, üvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirir. “Mülkiyyətçi” mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 ünvanında yerləşən, çıxarış sahəsi 104,8 kv.m., sənədsiz sahəsi 131 kv.m. olan 18 saylı mənzili İddiaçı yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”ə təhvil verir. “Kooperativ” isə həmin mənzilin əvəzində “Zirvə Residence” tikinti kompleksinin X3 76 küçəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra 200 kv.m. olan təmirsiz mənzil “Mülkiyyətçi”nin mülkiyyətinə təhvil verir (bənd 1). Kooperativ Mülkiyyətçinin, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin Müvəqqəti yaşayış sahəsində yaşaması üçün Mülkiyyətçinin kirayə xərclərinin kompensasiyası aşağıdakı şərtlərdə kompensasiya verir: 6 saylı mənzilin kirayə xərclərinin kompensasiya məbləği 1 aylıq: 500 manat müəyyən edilir (bənd 3.3,3.3.1). Yeni mənzilin sahəsi 200 kv.metrdən az olmamalıdır (bənd 4.1.1). Yeni mənzilin təhvil verilməli olduğu tarix: 12 ay (bənd 4.1.2). MTK sakinə sahəsi 200 kv.m. olan təmirsiz mənzil verilməsini öhdəsinə götürür. Sakin isə yeni mənzil qəbl etməyi öhdəsinə götürür (tərəflər sakinə veriləcək razılaşdırılmış 189 kv.m.sahəli götürəcəyi yeni mənzilin təmir xərci əvəzinə əlavə olaraq 11 kv.m. sahə ilə razılaşırlar) (bənd 4.1.3). Tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6500 manat kirayə kompensasiya məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə kompensasiyasının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsinə dair ilkin razılığa gəlirlər (və ya bəyan edirlər) (bənd 4.1.4). İş üzrə İddiaçı etibarnamə üzrə təmsilçisi Nümayəndə tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış pretenziya məktubundan görünür ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh MTK ilə (həmin vaxt Cavabdeh MMC adlanırdı) “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MTK 24-36 ay ərzində İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı binadakı 18 nömrəli mənzil yeni binanın inşası ilə bağlı MTK-ya təhvil verilmiş, MTK tərəfindən isə yeni bina tikilərək mənzil İddiaçı təhvil verilənədək hər ay kirayə haqqı üçün 500 manat kompensasiya ödənilməsi öhdəliyi götürülmüşdür. Əvvəllər aylıq kirayə üçün 500 manatın ödənilməsi vaxtında həyata keçirilsə də, 2020-ci ilin iyun ayından sonra kompensasiyanın ödənilməsi heç bir xəbərdarlıq edilmədən birtərəfli qaydada dayandırılmışdır. xx.xx.2018-ci il tarixli "Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi" haqqında müqavilənin icra müddəti başa çatsa da, MTK tərəfindən yeni inşa edilmiş binada mənzilin təhvil verilməsinə dair əsas öhdəlik də icra edilmədiyindən aralarındakı razılığa əsasən həmin müqavilənin dəyişdirilməsi barədə xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. xx.xx.2021-ci il tarixli yeni müqaviləyə əsasən binanın inşası 12 ay ərzində başa çatdırılmalı, xx.xx.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 500 manat kompensasiyanın ödənilməsi davam etdirilməli idi. Müqavilənin 4.1.4.-cü bəndinə əsasən sakinə veriləcək yeni mənzilin təmiri üçün nəzərdə tutulan xərclərin və xx.xx.2021-ci il tarixədək ödənilməmiş 6500 manat kirayə məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə haqqının əlavə “mənzil” yox, “mənzil sahəsi” ilə əvəzləşdirilməsinə dair saziş bağlayacaqlarına dair (əsas müqavilə şərti sayılan hər kvadrat metrə görə mənzil sahəsinin qiyməti razılaşdırılmadan) ilkin razılığa gəlsələr də, artıq ödənilməmiş kompensasiya məbləği 17.000 manata çatsa da onlara əlavə mənzil sahəsi verməkdən MTK imtina etmisdir. Qeyd edir ki, müqavilədə binanın 3-cü mərtəbəsində İddiaçı onun mənzilinin əvəzində 200 kv. metr sahəsi olan mənzil ayrılması MTK tərəfindən öhdəlik kimi göstərilsə də ayrılmış mənzil yaşayış mənzilləri olan 1-ci mərtəbədə yerləşməklə, layihə üzrə mənzildəki arakəsmələr də nəzərə alındıqda faktiki sahəsi 195,2 kv. metr, yəni müqavilədə göstəriləndən 4,8 kv. metr azdır. Nə Müqavilə bağlanarkən, nə də sonralar MTK tərəfindən binanın inşasına dair təsdiq edilmiş layihə sənədləri tam olaraq onlara təqdim edilməmişdir. Bu səbəbdən, inşaat işlərinin müəyyən hissəsi həyata keçirildikdən sonra bizə ayrılmış mənzilin sol tərəfdən inşa edilmiş digər bina korpusu ilə birləşməsi üzündən onun yaşayış təyinatı üzrə istifdəsini qeyri-mümkün olması üzə çıxmışdır. Ona görə də, kirayə haqqlarına görə yaranmış borc və onlara ayrılımış mənzildə aşkar edilmiş əskiklik (4,8 kv.m.) də nəzərə alınmaqla, əlavə sahənin artıq olan hissəsinin dəyəri ödənilməklə onlara veriləcək mənzilin sahəsi 232 kv.m. olan mənzillə əvəzləşdirilməsi iş adamı kimi həm MTK-nın, həm də sökülmüş binada olan ən böyük mənzilin mülkiyyətçisi kimi onların maraqlarına uyğundur. Düşünür ki, "xxxx" iş adamı kimi MTK-nın üçün az əhəmiyyətli anlayış deyil, həm də qazanılacaq hər manatın bərəkətli olmasının əsas meyarıdır. Yaranmış mübahisənin dostcasına həllinə razı olduğu halda 15 gün müddətində təkliflərini verilməsini xahiş edirlər. Bu mümkün olmazsa müqavilə öhdəliklərinin MTK tərəfindən pozulmasına görə dəymiş maddi və mənəvi ziyanla bağlı mülki məsuliyyətinə dair iddia və müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələrlə məhkəməyə müraciət ediləcəkdir. İş üzrə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzi tərəfindən “MBM” Vəkil Bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsində yerləşən 76 saylı yaşayış binasında mülkiyyətçi İddiaçı məxsus 18 nömrəli köhnə mənzilə dair Cavabdeh MTK arasında bağlanmış müqavilə öhdəlikləri lazımınca icra etmədiyindən Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının layihəsinin təsdiq edilmiş surətinin verilməsi barədə xx.xx.2022-ci il tarixli 69/22 nömrəli müraciətinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Mərkəzin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd etdiyi məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. İş üzrə “Rehouse” Daşınmaz Əmlak Agentliyi tərəfindən “MBM” vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində, X3 küçəsində və ona yaxın ərazidəki yeni binalarda, sahəsi 200 kv. metr və daha artıq olan, təmirli mənzillərdə orta aylıq kirayə haqqı 2500-3000 manat təşkil edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4055 saylı rəyinə əsasən, -1-ci və 2-ci sualları üzrə: mülki iş materiallarında tədqiq olunan mənzilin yerləşdiyi binaya dair müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə sənədləri olmadığından, sözügedən mənzilin yerləşdiyi binanın ilkin və bugünki layihələri arasında fərqin olub-olmamasını müəyyən etmək mümkün olmadı; - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Z.Yusifzadə küçəsində inşa edilmiş hündürmərtəbəli yaşayış kompleksində yerləşən mənzilin ümumi sahəsinin 221,0 kv.m. təşkil etdiyi müəyyən olunmuşdur. İş üzrə “Rehouse” Daşınmaz Əmlak Agentliyi tərəfindən “MBM” vəkil bürosunun vəkili Nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində, X3 küçəsi, 78 ünvanında Cavabdeh MTK tərəfindən tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında mənzillər əmlak bazarında yerləşməsindən asılı olaraq hər kv.metrə görə 2500-3000 manata təklif edilir. İş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16- 16/2-10/9979 saylı rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iddiaçıya ayrılmış mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 198,89 kv.m. təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, X3 küçəsi, 76 saylı ünvanda yerləşən ümumi sahəsi 104,8 kv.m. olan 18 saylı mənzil iddiaçının mülkiyyətində olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı Xəzər rayonlarının ərizəsində abadlıqquruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarına əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə yaşayış binalarının, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması məqsədi ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyətinin 117 nömrəli xx.xx.2016-cı il tarixli sərəncamı əsasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin xx.xx.2016-cı il tarixli tapşırığı ilə əlaqədar olaraq Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi,76 mənzil 18 ünvanında istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü kompleksinin tikintisini həyata keçirir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsindəki 76 nömrəli evin ümumi sahəsi 104,8 kv.m. olan 18 saylı mənzilini sökülmək üçün cavabdehə təhvil verməsi, cavabdeh isə həmin mənzilin əvəzində inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra təhvil verilən mənzilin ümumi sahəsi və əlavə olaraq onun 20% artıq sahəsini təmirli olmaq şərti ilə iddiaçının mülkiyyətinə verməsi, həmçinin yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdıqdan sonra 24-36 ay müddətində həmin ərazidə inşa olunacaq yaşayış binasında mənzili iddiaçıya təhvil verməsi, iddiaçının, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla ödəməsi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh ilə iddiaçı arasında bağlanılmış ““06 sentyabr 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqavilənin müvafiq şərtlərinə əsasən tərəflər iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 76 ünvanında yerləşən, çıxarış sahəsi 104,8 kv.m., sənədsiz sahəsi 131 kv.m. olan 18 saylı mənzili yaşayış kompleksinin tikintisi məqsədi ilə cavabdehə təhvil verməsi, cavabdeh isə həmin mənzilin əvəzində “Zirvə Residence” tikinti kompleksinin X3 76 küçəsində inşa ediləcək binanın 3-cü mərtəbəsində tikinti işləri başa çatdıqdan sonra 200 kv.m. olan təmirsiz mənzil iddiaçının mülkiyyətinə təhvil verməsi, iddiaçının, habelə onunla birgə yaşayan ailə üzvlərinin və himayəsində olan digər şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaları üçün onun kirayə xərclərini 1 aylıq 500 manat olmaqla kompensasiya ödəməsi, yeni mənzilin 12 ay müddətində təhvil verilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 4.1.3-cü bəndinə əsasən MTK sakinə sahəsi 200 kv.m. olan təmirsiz mənzil verilməsini öhdəsinə götürmüş, sakin isə yeni mənzil qəbul etməyi öhdəsinə götürmüşdür (tərəflər sakinə veriləcək razılaşdırılmış 189 kv.m.sahəli götürəcəyi yeni mənzilin təmir xərci əvəzinə əlavə olaraq 11 kv.m. sahə ilə razılaşmışlar). Müqavilənin 4.1.4-cü bəndinə əsasən tərəflər xx.xx.2018-ci il tarixli müqavilənin icrası ilə bağlı xx.xx.2021-ci il tarixədək mənzil mülkiyyətçisinə ödənilməmiş 6500 manat kirayə kompensasiya məbləğinin, eləcə də gələcəkdə ödəniləcək kirayə kompensasiyasının əlavə mənzil sahəsi ilə əvəzləşdirilməsinə dair ilkin razılığa gəlmişlər. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehlə xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndi ilkin razılaşma müqaviləsi kimi qanunda nəzərdə tutulmuş tələblərə riayət edilmədən bağlandığından xitam verilməli, 46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat, iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m. əskikliyə görə 3.000 manat, yəni 56.000 manat maddi ziyana və 4.000 manat mənəvi ziyana görə olmaqla, cəmi 60.000 manat pul məbləğinin Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə dəyişiklik edilməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinin xitam verilməsi hissəsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Məhkəmə qeyd edir ki, məqsəd, nəticə və hüquqi istiqamət kimi meyara və əlamətə görə müqavilənin 2 növü fərqləndirilir: əsas müqavilələr və ilkin müqavilələr. Əsas müqavilələr odur ki, iqtisadi (əmlak) dövriyyəni tənzimləyir və tərəflər üçün əmtəə mübadiləsi ilə bağlı bilavasitə hüquqi nəticə yaradır. Bu müqavilələr maddi nemətlərin bir hissədən digərinə keçmə prosesini rəsmiləşdirir. İlkin müqavilələr odur ki, müqavilələr gələcəkdə əsas müqavilə bağlanması barədə tərəflərin razılığını ifadə edir. İlkin müqavilə təşkilatı müqavilədir. Belə ki, ilkin müqaviləyə əsasən əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə müqavilə bağlamağı öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2021-ci il tarixli müqavilənin 4.1.4-cü bəndinin ilkin müqavilə şərti kimi qeyd etsə də, faktiki olaraq həmin bənd tərəflərin qarşılıqlı razılığı əsasında əsas müqavilənin şərti kimi müəyyənləşdirilmişdir. Yəni həmin bəndi ilkin müqavilə kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə qeyd edilən bəndin xitam edilməsi hissəsində iddianı əsaslı hesab etmir və hesab edir ki, həmin hissədə tələb təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin 46 ay ərzində ödənilməmiş 23.000 manat kirayə haqqının tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı arasında ödənilməmiş və gələcəkdə ödənilməli olan kirayə haqlarının əvəzinə iddiaçının mənzil sahəsi ilə təmin olunması barədə qarşılıqlı razılığa gəlindiyindən, bununla da tərəflər arasında kirayə haqqının mənzil sahəsi ilə əvəzləşdirilməsi barədə tərəflərin iradə ifadəsi müqavilə şərti kimi nəzərdə tutulduğundan, məhkəmə hesab edir ki, iddia tələbi 23.000 manat kirayə haqqının ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat pul məbləğinin ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır. Göründüyü kimi qanunvericilik real zərərə görə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi cavabdeh tərəfindən mənzilin müqavilədə nəzərdə tutulmuş müddət ərzində təhvil verilməməsi səbəbindən onu kirayə verib qazanc əldə etmək hüququndan məhrum olmasını və həmin mənzili kirayə verib ayda 2500 manat kirayə haqqı əldə edəcəyi təqdirdə əldən çıxmış faydaya görə 30.000 manat ona maddi ziyan dəyməsini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin pozulması nəticəsində iddiaçıya əldən çıxmış fayda kimi 30.000 manat maddi ziyanın vurulması ilə bağlı hər hansı mötəbər sübut təqdim olunmadığından, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 15 ay ərzində əldən çıxan faydaya görə 30.000 manat pul məbləğinin ödənilməsi hissəsində tələb əsassız və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddia tələbinin iddiaçıya verilməli olan mənzilin sahəsində aşkar edilmiş 1,11 kv.m. əskikliyə görə 3000 manat maddi ziyanın ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya ayrılmış mənzilin ümumi sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən 198,89 kv.m. təşkil edir. Yəni tərəflər arasında bağlanmış müqavilə şərtinə uyğun olaraq iddiaçıya ayrılmış mənzilin sahəsi 200 kv.m. nəzərdə tutulsa da, həmin mənzilin 1,11 kv.m. əskik verilməsi müəyyən edilmişdir. Bununla da, cavabdeh müqavilə şərtində nəzərdə tutulmuş öhdəliyi tam icra etməmişdir. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Beləliklə tədqiq edilmiş sübutlarla iddiaçıya verilən mənzil sahəsinin müqavilədə nəzərdə tutulmuş sahədən 1,11 kv.m. əskik verilməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, əskik verilmiş sahəyə görə iddiaçı pul kompensasiyasının verilməsi barədə tələb irəli sürsə də, cavabdeh tərəfindən inşa edilən binada mənzilin 1 kv.metrinin dəyərinin məhz 3.000 manat həddində olması barədə sübut təqdim edilmədiyindən, eyni zamanda tərəflər arasında gələcəkdə 200 kv.m-dən artıq sahənin verilməsi öhdəliyini (ödənilməmiş kirayə haqqının kompensasiyası kimi) cavabdeh üzərinə götürdüyündən, məhkəmə hesab edir ki, cavabdeh üzərinə eyni zamanda əskik verilmiş 1,11 kv.m. sahənin də iddiaçıya verilməsi öhdəliyi qoyulmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7№-li qərarınına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri – əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilməməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi mənzil sahəsinin əskik verilməsi hissəsində qismən təmin olunduğundan, təyin edilmiş ekspertizalar da mənzil sahəsinin müəyyən edilməsi ilə əlaqədar olduğundan, iş üzrə təyin edilmiş ekspertiza xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanılmış ““06 sentyabr 2018-ci il tarixli “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqaviləyə dəyişiklik edilməsinə dair” xx.xx.2021-ci il tarixli müqavilənin şərtinə uyğun olaraq İddiaçı verilməli olan 200 kv.m. mənzilin sahəsində aşkar edilmiş əskik sahənin - 1,11 kv.m. sahənin İddiaçı verilmə vəzifəsi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Cavabdeh MTK-dan keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərclərinin əvəzi kimi 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar