Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-550/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçı X1, onun nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh1, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Cavabdeh2 nümayəndəsi və vəkili RNümayəndə3 iştirakı ilə, İddiaçı X1 Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası, Cavabdeh1 (3cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər X3 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 5, 22 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin evi 09 iyun 2014-cü il tarixdə AN-1 ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən pulunu ödəməklə almışdır. Həmin evə dair 27 iyun 2014-cü il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh alqı-satqı etdikdən sonra 5-6 ay həmin evdə qalmalarını xahiş etmişlər. O da, xüsusi mülkiyyətində olan mübahisəli evi onlara müvəqqəti 5-6 aylıq yaşamağa icazə vermişdi. Hal-hazırda isə özünün mənzilə ehtiyacı olduğundan cavabdehin evdən çıxmasını tələb etsə də, lakin o ona məxsus mülkdən çıxmaq istəmir və hər dəfə də bəhanələr gətirir. Qeyd etmək istəyir ki, cavadeh onun xüsusi mülkiyyətində olan evi zəbt etməklə onun mülkiyyətçi kimi bir sıra hüquqlarını pozur. O, xüsusi mülkiyyətində olan evdən istədiyi kimi istifadə edə bilmir. Hətta həmin evə girə də bilmir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətlərinə sonqoyulmalı, onun mülkiyyət hüquqları bərpa edilməlidir. Hesab edir ki, o, cavabdeh tərəfindən pozulmuş hüquqlarının bərpasını məhkəmədən tələb edə bilər. Hesab edir ki, onun öz mülkiyyətində olan evdən istədiyi kimi sahib olmaq, istifadə etmək, sərəncam vermək hüququ qanunla qorunduğundan, cavabdehlərin onun razılığı və icazəsi olmadan evində yaşaması qanunsuzdur və onun mülkiyyət hüquqlarını məəhdudlaşdırır. Odur ki, onun mülkiyyətçi kimi hüquqları bərpa edilməli və cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birliktə məhkəmə qaydasında mübahisəli mənzildən çıxarılmalıdırlar. Cavabdeh1 (3-cü şəxs qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb olunmaqla) cavabdehlər X3 və Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X3 arasında Bakı şəhəri 9 Saylı Notariat Ofisində bağlanmış 4- Ə-3/814 saylı, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə üzrə dövlət reyestrində xx.xx.2014-cü il tarixdə aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda "xxxx" Mənzil tikinti kooperativi tərəfindən inşa edilmiş yaşayış binasında yerləşən 22 saylı mənzilə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və ona Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri 9 saylı Notariat Ofisinin vəkil sorğusuna cavab olaraq verdiyi 437 saylı, xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş alqı-satqı müqaviləsi üzrə notariat işinə əlavə edilmiş qovluqda Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş və Bakı şəhəri 28 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə təsdiq edilmiş etibarnamə mövcuddur. "xxxx" MTK tərəfindən 2014-cü ilin iyun ayında verilmiş 2 saylı Forma arayışında göstərilmişdir ki, mənzil sahibi Cavabdeh2 olmaqla mənzildən istifadə edən şəxs bir nəfər Cavabdeh2, qeydiyyatda heç kəs yoxdur. Notariat işində Cavabdeh2 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədə qeyd edilmişdir ki, “...yazıb sizə bildirirəm ki, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərimə götürərəm.” Notariat işində olan xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, mənzilin alqı-satqısı üzrə 105000 manat hesaba mədaxil edilmişdir. Notariat işində olan 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 nömrəli alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 nömrəli binada yerləşən 22 nömrəli mənzili 105.000 manata alıcı İddiaçı satmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən mübahisəli mənzilə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh hesab edir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququnun yaranmasına əsas olmuş müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından etibarsız hesab edilməli, cavabdehin mülkiyyət hüququnun qeydə alınmasını təsdiq edən çıxarış ləğv edilməli və qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər əvvəlki vəziyyətə gətirilməlidir. Mübahisəli mənzil birgə ailə təsərrüfatı hesabına deyil, qarşılıqlı iddiaçının valideynlərinin vəsaiti hesabına 2007-ci ildə əldə edilmişdir. Şübhəsiz ki, mənzilin yaşayış üçün yararlı vəziyətə gətirilməsində birgə təsərrüfat hesabına formalaşmış ailə vəsaitinin mühüm rolu olmuşdur. 2009-cu ildə mənzilə dair Cavabdeh2 adına mülkiyyət hüququ qeydə alınmış və ona çıxarış verilmişdir. Mənzil əldə edildikdən sonrakı bütün müddət ərzində orada yaşamışlar. Mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsi cavabdehin valiedeynlərinin istəyi ilə baş tutumuşdur. Çünki onlar adətlərə uyğun olaraq evin ailə başçısının adına olmasını daha məqsədəuyğun hesab etmişlər. Detalları dəqiq məlum olmasa da, belə görünür ki, digər Cavabdeh2 hazırki mülkiyyətçi və digər şəxslərə borcu olmuş, yaxud da digər əsaslarla borc kimi formalaşmış məbləğ yaranmışdır. Cavabdeh2 isə bunu qarşılaya bilmədiyi üçün mənzili onların adına rəsmiləşdirmişdir. Əvvəla, nəzərə almaq lazımdır ki, istənilən ailə istifadə etdiyi və yaxud yaşadığı mənzili (evi) satırsa, mütləq növbəti mərhələ üçün hər hansı bir planı olmalıdır. Mənzilin satılması, daha sonra başqa mənzilə və yaxud yaşayış sahəsinə köçmə ilə bağlı ər-arvad arasında heç bir söhbət olmamışdır. Hazırki vəziyyət (cavabdehin-qarşıqlılı iddiaçının) həmin mənzildən istifadə etməsi də bunu təsdiq edir. Tərəflərin yaşayacağı başqa yaşayış sahəsi mövcud deyil. İstənilən şəxs ailəsi ilə birlikdə yaşadığı mənzili satmaq qərarna gəlirsə, mütləq ailəsinin başqa yaşayış sahəsi ilə təmin edilməsi barəsində də fikirləşməli və hər hansı tədbir görməlidir. Lakin Cavabdeh2 mənzilin satılmasından sonra başqa yaşayış sahəsi ilə təmin olunmaq üçün hər hansı tədbir gördüyü və yaxud ailə üzvlərinə başqa variant təklif etdiyi müəyyən olunmur. Bu isə bir faktı, mənzilin həqiqətən satılmasını istisna edir. Düzdür, notariat qovluğundan əməliyyatlar formal baxımdan qanuni görünsə də, son nəticədə mənzilin alqı-satqısı üzrə ödənilmiş (?!) pulun məhz Cavabdeh2 verildiyi məlum deyil. Mənzil müqavilənin bağlandığı tarixdən bir qədər əvvələ bankın xeyrinə girov qoyulmuşdur. Cavabdeh dəfələrlə çıxarışın taleyini soruşanda Cavabdeh2 hər dəfəsində gətirəcəyəni, maşında olduğunu bildirmiş, bir sözlə baş tutmuş əməliyyatı ailəsindən gizlətmişdir. Mənzil 2014-cü ilin iyun ayında satılmışdır. Həmin ərəfədə uşaqların məktəbi ilə bağlı məsələ gündəmdə idi. Uşaqlardan biri məktəbə gedirdi, digəri də növbəti təhsil ilində gedəcəkdi və yüksək səviyyəli lisey axtarılırmış. Cavabdeh2 bildirmişdir ki, bu məsələ ilə özü məşğul olacaq, ona görə də, ona etibarnamə lazımdır ki, sərbəst hərəkət etsin. Nəticədə onun təklifi və təkidi ilə evlərinə yaxın yerdə fəaliyyət göstərən notariusa getmişlər, cavabdeh avtomobildə gözləmiş, sonra onu dəvət etmişlər və nə Cavabdeh2, nə də notariat ofisinin əməkdaşı onu etibarnamənin məzmunu ilə tanış olmağa imkan verməmişdir, işdən görünüdüyü kimi bir neçə gün sonra da Cavabdeh2 həmin etibarnamədən istifadə edərək mənzilə dair alqı-satqı müqaviləsini həyata keçirmiş və cavabdehin əvəzindən guya onun razılığı olmasına dair təminat vermişdir. Yuxarıda göstərilənlərə (Cavabdeh2 hansısa borcun əvəzində və yaxud digər məsələ üzrə mənzili satmaq məcburiyyətində qalması) faktı həm də o baxımdan əsaslıdır ki, sonrakı müddətdə evdə olan qiymətli əşyalar yoxa çıxmağa başlamış, yəni satılmışdır. Cavabdeh mənzilin satılmasından yalnız 2018-ci ildə xəbər tutmuşdur. Belə görünür ki, iddiaçı 2018-ci ildə artıq mənzilə dair rəsmiləşdirmələri (komunal xidmətlər üzrə müqavilələr və sair) təmin etmişdir. Bundan xəbər tutan və binaya xidmət göstərən MTKnın təmsilçisi təsadüfən mənzilin satıldığını soruşmuş, cavabdeh bundan sonra bilmiş və ərindən bununla bağlı məlumat tələb etsə də, sonuncu konkret heç bir şey deməmiş, “mənzil mənim idi, özüm bilərəm” deməklə işini bitmiş saymışdır. Cavabdeh bundan sonra ərizə ilə notariat ofisinə müraciət edərək, verdiyi etibarnamənin surətini tələb etmiş və notariat ofsinin məktubuna əlavə edilməklə göndərildikdən sonra bilmişdir ki, etibarnamə məhz mənzilə görə verilmişdir. 2018-ci ildə iddiaçının anası mənzildə olan ev nömrəsinə zəng etmiş, bu məsələ ilə bağlı cavabdehi (qarşılıqlı iddiaçını) məlumatlandırmış, cavabdehin valideynləri iddiaçının qohumları ilə dəfələrlə görüşmüş, ümumilikdə çoxsaylı müzakirə və danışıqlar olmuş, məsələnin nədən qaynaqlandığı və necə yoluna qoyulacağı müzakirə edilmiş, əvvəlcə işin həlli vəd edilsə də, sonradan cavabdeh və onun ailəsinin mənzildə qalması üçün aylıq kirayə haqqı tələb olunmuşdur. Beləliklə, cavabdeh mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmiş, onun mənzilin satılmasından məlumatı olmamış, yalnız 2018-ci ildə bundan xəbər tutmuş, həmin müddətə qədər onları heç kim narahat etməmiş, 2018-ci ildən bu yana isə mənzilə dair müxtəlif məzmunlu müzakirələr getmiş, lakin bir nəticə əldə olunmamışdır. Bu baxımdan, mənzilin alqı-satqısı üzrə iradə ifadəsi mövcud olmadığından, cavabdeh hesab edir ki, müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz. Ona görə də, mənzilin alqı-satıqısında dair müqavilə etibarsız hesab edilməklə, mənzilə dair İddiaçı adına aparılmış qeyd də ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddianı qəbul etməyərək, onun təmin edilməməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, mübahisəli mənzil 9 saylı notariat kontoru tərəfindən 09 iyun 2014-cü il tarixdə bağlanmış AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında əldə edilmiş və bundan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışla rəsmiləşdirilmişdir. Həmin mənzilə dair əvvəlki mülkiyyətçi ilə iddiaçının arasında bağlanılan alqi-satqı müqaviləsi qanunvericiliyə uyğun həyata keçirilmişdir. Belə ki, notariat kontoru tərəfindən aparılmış alqı-satqı işinin materiallarından görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Seriya MA 00115443 saylı Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzil əvvəlki mülkiyyətçi Cavabdeh2 adına qeydiyyatda olmuş və onun indiki mülki iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı olan həyat yoldaşı Cavabdeh1 razılığı ilə satılmışdır. Sözügedən mənzil satılarkən 9 saylı notarait kontorunun notariusu tərəfindən “Bank Technique" ASC Kapital filalına xx.xx.2014-cü il tarixli 1417 saylı məktub göndərilərək bildirmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı tərəfindən notariat qaydasında təsdiq ediləcək alqısatqı müqaviləsi üzrə 105.000 manat məbləğində pulun müvafiq müqavilə təsdiq edildikdən sonra İmişli şəhəri, N.ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 veriməsi üçün notariusun bankdakı ******************** №li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. Bundan sonra hazırkı mülki iş üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixdə notariusun bankdakı hesabına 105.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd edir ki, notariat işində olan etibarnamənin məzmunundan da göründyü kimi həmin etibarnamə məhz əmlakın alqısatqısı məqsədilə verilmişdir. Həmin etibarnamədə uşaqların təhsili ilə bağlı hər hansı bir hərəkətin aparılması qeyd edilməmişdir. Ümumiyyətlə uşaqların təhsili ilə bağlı onların təhsil müəssisələrinin seçilməsində digər valideynin razılığı qanunvericilikdə nəzərdə tutulmamış, valideynlərdən hər hansı biri uşaqların təhsili ilə bağlı bütün sənədləşmə işlərini aparmaqda sərbəsdirlər. Yəni cavabdeh həmin etibarnaməni daşınmaz əmlakın özgəninkiləşdirilməsi məqsədilə vermişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq sözügedən eibarnamə, etibarnamə verənin istəyinə uyğun məzmunda tərtib edilmiş və Notarius xidməti vəzifəsinə uyğun olaraq həmin etibarnamənin məzmunu və hüquqi nəticələri ilə bağlı etibarnamə verəni məlumatlandırmışdır. Eyni zamanda o da qeyd olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin 11-ci bəndində qeyd olunduğu kimi satıcı mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan yeddi ay müddətində onun faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndində qeyd edildiyi kimi müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən yeddi ay müddətində satıcı mənzildən qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür. Lakin ilk iddia üzrə cavabdeh satıcının ailə üzvü kimi mənzili boşaltmamış, bu gün də mənzildən çıxmamaq üçün formal olaraq hazırkı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçının ərizəsində qeyd olunan hallar öz əksini tapmır. Həmin mənzil İddiaçı hər hansı borc əvəzinə verilməmiş, mənzilin onun tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə olunduğu bir daha öz təsdiqini tapır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddaçının güya həmin mənzilin satılmasından 2018-ci ildə xəbərinin olması fikrinə gəldikdə isə bildirir ki, ilk iddia üzrə cavabdeh mənzilin satılmasından etibarnamə verdiyi andan məlumatlı olmuşdur. Eyni zamanda mənzilin kommunal xidmətlərinə aid müqavilələr 2015ci ilin aprel ayından hazırkı mülkiyyətçinin adınadır və eyni zamanda mənzilin aylıq ödənişləri mənzilin aid olduğu binaya xidmət göstərən MTK-ya hazırkı mülkiyyətçinin adından ödənilmişdir. Qarşılıqlı iddia üzrə iddaçı tərəfindən iddia müddəti ötürüldüyü üçün qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı X3 qarşılıqlı iddianı qəbul etməyərək, onun təmin edilməməsini, öz iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, o, Cavabdeh2 evin alqı-satqısından da əvvəl tanıyırdı. Belə ki, Cavabdeh2 tikinti şirkətlərinə sement verirdi. O da həmin şirkətlərə başqa mal verirdi. O, evi olmadığına görə anasının yanında yaşayırdı, hal-hazırda da anası ilə birlikdə yaşayır. 2014-cü ildə eşitdi ki, İntiqam 115000-120000 manata ev satır. 2014-cü ildə o, evə baxmağa gedəndə orda evin xanımını, hazırki iş üzrə Cavabdeh1 görmədi. Evdə İntiqamdan başqa adam yox idi. Evdən hiss olunurdu ki, orada yaşayış var. Evdə əşyalar var idi. İntiqam ona deyirdi ki, ev əhli evin satılmasından xəbərdardır. İntiqam ona deyirdi ki, həyət evi alacaq, böyük ev alacaq. İntiqamın ailəsinin evdən çıxması, evi boşaltması üçün alqı-satqı müqaviləsində göstərilən 7 ay bitəndən sonra İntiqam ondan xahiş etdi ki, ona vaxt versin, başqa ev alıb evi boşaldacaq. 2014-cü ildən o, anası, bacısının yoldaşı ilə dəfələrlə İntiqamın qapısına getmişlər, İntiqam evdən çıxmaq üçün vaxt istəyib. Evi alandan sonra anası ilə evə getmiş, lakin evə daxil olmamış, anası İntiqamın yoldaşı ilə danışıb və deyib ki, evi boşaltsınlar. O vaxt İntiqamın telefonu sönülü idi və onlar ona görə evə gedirdilər, İntiqamın xanımı deyirdi ki, söhbətinizi gedin İntiqamla edin. 2015, 2017-ci ildə də getmişlər. Sonra araya pandemiya düşdü. Pandemiyadan sonra İntiqam dedi ki, ev ala bilmir. O, iddia tələbində İntiqamı cavabdeh kimi ona görə qoymamışdır ki, İntiqam öz evində yaşamırdı, ailə münasibətləri pozulmuşdu. O, evin işığını 2024-cü ilin yanvar ayında adına keçirmişdir, suyu isə 2015-ci ildən adına keçirib. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib onun rədd edilməsini, öz qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, o, 2005-ci ildə Cavabdeh2la ailə qurmuşdur və həmin nikahdan 2006 və 2008-ci il təvəllüdlü iki övladları vardır. 2-ci oğlu məktəbə gedəndə onlar qərar verdilər ki, onun yaxşı təhsil alması üçün litseyə yerləşdirsinlər. İntiqam ondan notariusa gedərək ona etibarnamə verməsini xahiş etdi ki, uşağın təhsili ilə bağlı məsələləri özü gedib həll etsin. İntiqam tikinti şirkətlərinə beton verirdi. O, beton maşınları olan şirkəti arendaya götürmüşdü və tikilən binalara beton verirdi. 2014-cü ildə yay aylarında İntiqamla birlikdə evlərinin yaxınlığında olan notariusa yaxınlaşdılar, birinci İntiqam özü notariusa getdi, sonra onu çağırdı. Notariusda şox adam var idi, onun da iki uşağı yanında idi, o, etibarnaməni oxumağa çalışdı. İntiqam o qədər vahiməli, hay-küylü insandır ki, onun ağlına gəlməzdi ki, İntiqamın başqa məqsədi ola bilər. O, etibarnaməyə imza etdi və onlar evə qayıtdılar. Bir neçə vaxtdan sonra kommunal xərclər gecikəndə onun atası yaxınlaşıb ödəyirdi. 2018-ci ildən sonra atasına demişdilər ki, onların evini deyəsən başqasının adına keçirdiblər. Ümumiyyətlə evin kommunal xərclərini İntiqam ödəyirdi, lakin gecikmə olanda onun atasına zəng vururdular ki, ödəniş etmək lazımdır, onda atası yaxınlaşıb ödənişi edirdi. Bir müddətdən sonra onlara İddiaçı anası zəng etdi. Həmin qadının adı Şərqiyyə idi və Şərqiyyə xanım ona dedi ki, onun evinin kupçası onlardadır, belə ki, İntiqam onlardan dəfələrlə pul alıb vermədiyinə görə evin kupçasını onlara veribdir. Həmin müddətdə onların evinin kupçası evdə yox idi. Evdə bütün sənədlər onda olurdu və İntiqama nəsə lazım olanda ondan sənədləri istəyirdi. Heç vaxt ağlına gəlməzdi ki, kupça evdə olmasın. O başa düşmürdü ki, nə üçün qarşı tərəf İntiqamı dəfələrlə pulla təmin edib. Onu Şərqiyyə xanım anlayışla qarşıladı və o xanım onun yadında yaxşı insan kimi qalıb. O o vaxt evin başqasının adına keçirilməsi ilə bağlı atasına deyilənləri İntiqama demişdi, İntiqam boynundan atdı ki, ola bilsin səhv olub, maraqlanar. Şərqiyyə xanım onlara zəng vuranda, artıq o, İntiqama dedi ki, Siyavuş kimdir ki, deyir ki, evi onun adına keçirirsən. İntiqam da dedi ki, pula görə evin sənədini Siyavuşa verib, işi yoluna qoyacaq, sənədi alıb gətirəcək. Lakin İntiqam evin satılmasını demədi. Ondan əvvəl də, o, İntiqamdan kupçanı tələb edəndə, deyirdi ki, maşındadır, ya da yadından çıxıb, gedib götürməyib. Siyavuşun anası Şərqiyyə xanım cəmi 1 dəfə onlara gəlmişdir. Həmin gün evdə o və uşaqları olmuşdur. Şərqiyyə xanım olanlardan, öz yaxınlarından danışdı, yenə dedi ki, evin kupçası onlardadır. Şərqiyyə xanım İntiqamı axtarırdı, deyirdi ki, İntiqama zəng vururlar, cavab vermir. Lakin Şərqiyyə xanım ona demirdi ki, evi alıblar, heç vaxt ona demirdi ki, evi boşaltsın. Şərqiyyə xanım deyirdi ki, “kaş İntiqam bu pulu verərdi, biz sizinlə dost olardıq, sən bizə gələrdin. Məh dəhşətə gəlirəm ki, Sizin kimi bir insan necə onun əlinə düşmüsünüz.” Deyirdi ki, İntiqam onların da başına oyun açıb, dəfələrlə onlardan istifadə edib. O, Şərqiyyə xanımdan soruşdu ki, evinin sənədi nə üçün onlardadır, dedi ki, borca görə. O, borcla maraqlansa da, Şərqiyyə xanım ona heç nə demədi. İntiqamdan soruşanda hər dəfə “verəcəm, düzəldəcəm” deyirdi. Qadın bir dəfə 50000 deyirdi, bir dəfə “maşınımızı satıb pulunu İntiqama verdik”, “evi banka qoyduq, pulu İntiqama verdik” deyirdi. Şərqiyyə xanım cəmi bir dəfə 2015-ci ilin yayında onlara gəlib və o da İntiqama zəng vurub ona deyib ki, qadın onu gözləyir. İntiqam gələndə Siyavuş da gəldi və ona görə o, otaqdan çıxdı. Sonra onun İntiqamla böyük mübahisəsi oldu ki, niyə onlardan bu qədər pul alır və niyə qaytarmır. İntiqam dedi ki, işini düzüb qoşurdu, bir yerdə iş düzəldirdilər. Müəyyən vaxtlarda Şərqiyyə xanım hal-əhval tutmaq üçün onlara zəng vururdu. Ondan sonra onları evlə bağlı heç narahat etmədi. O, evin satılmağı ilə bağlı heç bir sənədə imza atmayıb və ümumiyyətlə evin satılmasına razılıq verməyib. Onlar İntiqamla birlikdə 2019cu ilədək bir yerdə yaşayıblar. Bu ev problemindən sonra İntiqam evə gəlməməyə başladı, onun işləri qarışdı, başqa borcları üzə çıxdı, başqa borc sahibləri evə gəlirdi. Sonra evdən qiymətli əşyalar yoxa çıxırdı. 2019-cu ildə İntiqam evdən getdi, lakin onlar rəsmi boşanmayıblar. İntiqamın valideynləri, yəni qaynanası, baldızı ondan tələb etməyə başladılar ki, o, evdən çıxsın ki, onlar evi satsınlar, əgər çıxmasa gəlib onu oradan atacaqlar. O da onlara deyirdi ki, bura onun evidir, o nəyə görə evini satmalıdır. Evin kommunal xidməti iddiaçının adına olsa da, ödənişi özləri edirdi. İntiqam ilk əvvəl onun atasına deyirdi ki, narahat olmasın, hər şeyi yoluna qoyacaq. Atası vaxt uzandıqca İntiqamın anasına, əmisinə, dayısına müraciət edirdi ki, bəs İntiqamın belə bir problemi var, birlikdə yığışsınlar, görsünlər bu niyə belə edir. Hər dəfə onlar atasına deyirdilər ki, narahat olmasın, düzəldəcək. İntiqam borcu haqda demirdi, heç vaxt düz söz danışmırdı. Onun valideynləri dəfələrlə İntiqamın valideynləərinin yanına gediblər bu məsələ ilə bağlı, onlar deyiblər ki, İntiqamın işləri pisdir, özün öldürmək istəyir, onun çətin günüdür, dar günüdür. Şərqiyyə xanım sonralar evlə bağlı ona bir kəlmə söz də deməyib, onu narahat etməyib. Yalnız 2023-cü ilin axırında onlar evdə yaşadığı halda, kommunal xərcləri ödədiyi halda, iddiaçı tərəf ərizə verib onların işıqlarını kəsdirmişdi, o da məhkəməyə müraciət etdi və işıqları bərpa olundu. Sonra iddiaçı tərəf onun atasına dəfələrlə zəng vurub müxtəlif məbləğlərdə pul təklif edib, əvvəlcə sənəddə göstərilən məbləği təklif edib, sonra onun qohumu atasına zəng edib, ona vaxt qoyub ki, bu qədər pul gətir, yoxsa evdən çıxsınlar. Belə ki, əvvəl 105000 manat tələb etdi, sonra bu məbləği 200000 manata qaldırdı. Onun böyük oğlu atasının mobilinə yazdı ki, “bizi evdən çıxardırlar, sən eləmisən, gəl sən də həll elə, gizlənmisən, gəl bu məsələni həll elə”, İntiqam da ona yazdı ki, “keçmişi qurcalama, ev mənim idi, sizin icazəniz lazım deyildi”. İntiqamın onlarla axırıncı danışığı bu olub. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyib onun rədd edilməsini, öz qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, əgər Cavabdeh1 evin satılmasına razılığı var idisə, etibarnaməni almaqdan daha çox, evin satılmasına onun razılıq ərizəsini almaq daha rahat idi. İntiqam notariusda Cavabdeh1 əvəzinə deyir ki, o, tam məsuliyyəti ilə cavabdehlik daşıyır ki, Aqilə məlumatlıdır. İntiqam Aqiləni notariusa aparmışkən baş etibarnaməni yox, elə mənzilin satılmasına dair ərizəni alsa idi, kifayət idi. Çünki tələb olunan sənəd mənzilin satılmasına dair razılıq ərizəsidir və belə sənəd daha inandırıcıdır. Ona görə də, tərəfin etibarnaməni başqa məqsədi pərdələyərək alması barədə izahatı inandırıcı gəlir. Əgər şəxs evi satırsa, onun planı olmalıdır, şəxsin iki uşağı var, evi satırsa, gedib ev almalıdır. İddiaçının izahatından görünür ki, İntiqamla qabaqcadan da münasibətləri olub, iş qurublar. İntiqamın başqa şəxslərə də borcu olub. Mənzilin satılmasından Aqilənin 2015-ci ildə xəbər tutması onun izahatından aydın olur. Aqilənin bütün izahatından o da aydın olur ki, onun evin satılmasına iradə ifadəsi mövcud olmayıb. Müddətlə bağlı iddiaçının ərizəsi əsassızdır. Ev birgə nikahda əldə olunduğu üçün xanım birgə mülkiyyətçi sayılır. Əgər evin satılmasına razılıq yoxdursa, iradə ifadəsi yoxdursa, o, əhəmiyyətsiz əqddir və burda da hansısa iddia müddətindən söhbət gedə bilməz. Tərəfin təqdim etdiyi iddia müddəti ona şamil oluna bilməz. Digər əhəmiyyətli məsələ bəyənilməklə bağlıdır, yəni xanımın evdən çıxmaması. Həqiqətən evi almaq məqsədi olan adam bu qədər müddət gösləməz, ikincisi də, onu qaytarmaqla bağlı bir niyyət ifadə edə bilməz. Xanım sonradan bildiyi andan sonrakı müddətdə də İntiqamın apardığı alqı-satqı əməliyyatını bəyənməyib və onu inkar edib. Ona görə də, qarşılıqlı iddia təmin edilməli, iddia rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 qarşılıqlı iddianı qəbul etməəyərək onun təmin edilmədən saxlanılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, mənzil İntiqamın qazancı hesabına alınıb. Ev ailənin qarşılıqlı razılığı əsasında satılıb və 7 aylıq müddətə icazə alınıb ki, evi boşaltsınlar, lakin həmin müddətdə müəyyən səbəblərdən ailənin xərcləri çox olduğundan yeni yaşayış sahəsi ala bilməyiblər. Ailəlikcə razılaşmışdılar ki, evi satıb, bir hissəsinə torpaq sahəsi alıb ev tiksinlər, bir hissəsini uşaqların təhsilinə sərf etsinlər. Fikirlərində tutduqları planları baş tutmayıb. Müddət bitəndən sonra Siyavuşla İntiqam dəfələrlə danışıb, İntiqam ailəsinin evdə yaşaması üçün icazə alıb. Mənzil satılanda Cavabdeh1 bu barədə məlumatlandırılıb, bundan xəbəri olub, dəfələrlə məhz mənzilin satılması barədə söhbətləri olub. Cavabdeh1 2014-cü ildən qabaq da bilirdi ki, ev satılacaq, satılanda da bilirdi ki, mənzil satıldı. Mənzilin satışından əldə olunan pul da evə gəlib. Cavabdeh1 da həmin puldan istifadə edib. Bu səbəbədən hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır. Siyavuş İntiqamın ailəsinə qarşı humanistlik edib, 10 il ərzində onları evdən çıxarmayıb. İntiqam dəfələrlə Siyavuşdan ailəsinin evdə qalması üçün xahiş edib. Siyavuş evi almamışdan əvvəl gəlib baxıb, bəyənib. Alqı-satqıdan sonra İntiqamın işləri ilə bağlı vəziyyəti ağırlaşıb və Siyavuş buna görə onun evdə yaşamasına razılıq verib. Göstərilənlərə əsasən iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakılara görə iddia təmin olunmamalı, qarşılıqlı iddia təmin olunmalıdır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini X1 mülkiyyətinə vermişdir. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1977-ci ildə anadan olmuşdur. İş materiallarında olan AR DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, ev 5, mənzil 22 ünvanda tək qeydiyyatdadır. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın 2014-cü il tarixli Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilininin sahibi Cavabdeh2dur, ailəsi 1 nəfərdən ibarətdir və qeydiyyatda heç kəs yoxdur. İş materiallarında olan AZE 14489111 nömrəli, xx.xx.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-ci ildə anadan olmuşdur və İmişli şəhəri, N.ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 181940 nömrəli, xx.xx.2005-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 və X4 27 sentyabr 2005-ci ildə rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2729 nömrə ilə qeyd olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Əvəzova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 837720 nömrəli, xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 09 avqust 2006-cı il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası Cavabdeh1dır. İş materiallarında olan AZ-İİ 287015 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 11 iyul 2008-ci il tarixdə doğulmuşdur, atası Cavabdeh2, anası Cavabdeh1dır. İş materiallarında olan Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamədən görünür ki, Cavabdeh1 bütün əmlakını idarə etmək və onun üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri (o cümlədən almaq, satmaq, bağışlamaq və s. haqqında əqdləri bağlamaq) etməyə dair Cavabdeh2 1 il 1 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixədək səlahiyyətlər verir. İş materiallarında olan Cavabdeh1 adından onun Bakı şəhəri 28 saylı Notariat Kontorunda təsdiq edilmiş 07 iyun 2014-cü il tarixli, 7E-6116 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh2 tərəfindən Bakı şəhər Notariat Kontoruna ünvanlanmış və ünvan 7q edilmiş ərizədən görünür ki, Cavabdeh1 ünvan 8 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir. Bununla əlaqədar bütün məsuliyyəti üzərinə götürür. İş materiallarında olan "xxxx"nin FJB**********907 nömrəli, xx.xx.2014-cü il tarixli qəbzindən görünür ki, İddiaçı tərəfindən alqı-satqı ilə bağlı notariusun depozit hesabına 105000 manat köçürülmüşdür. Təqdim olunmuş Abonent kartından görünür ki, 12937021 nömrəli, xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən ünvan 9 ünvan üzrə su və çirkab üzrə ödənişlər X3 tərəfindən ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İddiaçı iddiasını belə əsaslandırmışdır ki, Cavabdeh1 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə onun qanuni əsaslarla mülkiyyətinə keçirdiyi mənzildən çıxmamış, onun mülkiyyət hüququnu pozaraq mənzili tərk etməmişdir. Bu səbəblə cavabdehin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildən evin boşaldılması və mülkiyyətçiyə təhvil verilməsini tələb edən ilk iddiaçı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət haqqındakı müddəalarına və bilavasitə 152.1-ci maddəsinə istinad etmişdir. Cavabdeh1 isə qarşılıqlı iddiasını belə əsaslandırmışdır ki, onun Cavabdeh2la birgə nikah dövründə əldə etdikləri mənzilin satılmasından məlumatı olmamış, mənzilin satılmasına dair birbaşa (alqı-satqı prosesində iştirak etməklə) razılıq verməmişdir, mənzilin alqı-satqısı üzrə iradə ifadəsi mövcud olmadığından, mənzilə dair müqavilə əhəmiyyətsiz əqd olmaqla hüquqi nəticə yarada bilməz. Bu səbəbdən də, həmin alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edən Cavabdeh1 qarşılıqlı iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri mülkiyyət hüququnun tanınması, o cümlədən müqavilənin etibarlılığı ilə bağlı olduğundan qeyd olunan məsələlərlə əlaqədar bəzi məsələlər təhlil olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ərarvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ailə Məcəlləsinin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ailə Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 27 sentyabr 2005-ci ildə Cavabdeh2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və birgə nikahlarından 2006 və 2008-ci il təvəllüdlü iki övladları vardır. Əvəzovlar birgə nikah dövründə 2007-ci ildə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini əldə etmişlər və mənzil xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 Cavabdeh1 ona məxsus bütün əmlakı üzərində sərəncam verməklə bağlı bütün hərəkətləri etməyə dair ona vermiş olduğu notariat qaydasında təsdiq edilmiş xx.xx.2014-cü il tarixli etibarnamə əsasında ümumi əmlakları olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilini Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx.xx.2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2 105000 manata satmışdır. Notariat işində olan Cavabdeh1 adından onun vermiş olduğu etibarnamə əsasında Cavabdeh2 tərəfindən Bakı şəhər Notariat Kontoruna ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 ünvan 8 ünvanda yerləşən mənzilin satılmasına etiraz etmir. Bununla əlaqədar bütün məsuliyyəti üzərinə götürür. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, Cavabdeh1 mənzilin alqı-satqı əqdi barədə ümumiyyətlə məlumatlı olmamışdır. Cavabdeh1 izahatında bildirmişdir ki, o, həyat yoldaşı Cavabdeh2 uşağının təhsili ilə bağlı etibarnamə verməyə razı olmuş, mənzilin satılmasına dair etibarnamə verməmiş, Cavabdeh2la aralarında başqa mənzilə köçmələri ilə bağlı heç vaxt heç bir söz olmamış, o, mənzilin satılması ilə bağlı heç bir sənədə imza atmamış və ümumiyyətlə evin satılmasına razılıq verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, mübahisəli əqdin həyata keçirilməsinə Cavabdeh1 belə yazılı razılığı alınmamış, o bu əqd barədə ümumiyyətlə məlumatlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1/2024 saylı, 12 mart 2024-cü il tarixli qərarında izah etmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. Müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsində Cavabdeh2 ailəsi ilə birlikdə satmış olduğu mənzili müqavilə təsdiq edildikdən 7 ay sonra boşaltmaları qeyd olunsa da, Cavabdeh1 həmin vaxtdan halhazıradək yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mənzildə yaşamaqda davam etməklə mənzili boşaltmaqdan imtina etmişdir. Cavabdeh1 mənzil satıldığı 2014-cü ildən hal-hazıradək mənzildə yaşamaqla, mənzildən çıxmamaqla həyat yoldaşı İntiqam Əəzizovun bağladığı alqı-satqı əqdini bəyənmədiyini nümayiş etdirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu yuxarıda qeyd olunan qərarında izah etmişdir ki, müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. Bununla əlaqədar olaraq, mübahisəli əmlakın özgəninkiləşdirilməsi üzrə Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 hərəkəti hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir, deməli qanunvericiliklə müəyyən olunmuş şərtlər pozulmaqla həyata keçirildiyindən qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən belə əqdlər etibarsızdır. Qarşılıqlı iddia üzrə iddiaçının məhkəməyə müraciət etmək üçün iddia müddətini keçirməsi barədə cavabdeh İddiaçı dəlilinə gəldikdə, onlar əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 12 mart 2024-cü il tarixli qərarında izah etmişdir ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan tələb əqdin əhəmiyyətsiz sayılması barədə deyil, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddiadır və həmin normada göstərilən müddət iddia müddətidir. Əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı tələb irəli sürüldükdə isə bu müddət “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 2021-ci il 2 aprel tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə uyğun şəkildə tətbiq olunur. Həmçinin Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddət yalnız həmin maddədə sadalanan mübahisələndirilən əqdlərə dair kəsici müddət olduğu üçün müvafiq razılığın alınmamasına görə etibarsızlıq tələblərinə tətbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən əqd etibarsız hesab edilməli, həmin əqdin bağlanması nəticəsində yaranmış hüquqi nəticələr isə ləğv olunmalıdır. Məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi təmin edildiyi üçün mənzildən çıxarılma barədə ilkin iddia tələbi əsassızdır və yuxarıda şərh olunanlara əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı X1 Cavabdeh1 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Cavabdeh2 ilə X3 arasında Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şossesi, 5 saylı evin 22 saylı mənzilinə dair Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış 09 iyun 2014-cü il tarixli, 4-Ə-3/814 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin müqavilə əsasında X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-550/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-550/2024
08.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver