Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-557/2021 23.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində xx xxxxxxx 2020-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydinə əsasən 2321 nömrə ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat Şöbəsində ailəsinin təzyiqi nəticəsində, məcburiyyət qarşısında rəsmi nikaha daxil olmuşdur. Onların nikahları formal xarakter daşımış, heç bir zaman ailə münasibətlərində olmamışlar, birgə təsərrüfat idarə etməmişlər, bir gün belə birgə yaşamamışlar. Cavabdeh ana tərəfdən uzaq qohumudur və buna görə də anasının və digər qohumlarının təsiri və təzyiqi ilə evlənmiş, könüllü razılığı olmamışdır. Həmin vaxta kimi cavabdehi heç vaxt görməmiş, nikaha daxil olduqdan sonra belə hərə öz evində yaşamışdır. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini, lakin iddia ərizəsində göstərilən dəlillərə etiraz etdiyini, iddiaçıya evlənməsi üçün hər hansı bir təzyiq göstərilmədiyini, eləcə də barışıq üçün 3 ay vaxt verilmədən nikahın pozulmasına razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 029685 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2020-ci il tarixdə nikah bağlanmış və həmin nikah 2321 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Hüseynova” soyadı verilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə qeydə alınmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixli 2321 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından uşaqları olmamışdır. Tərəflər arasında bağlanmış nikah hazırda formal xarakter daşıyır. Birlikdə ailə kimi yaşamaqları qeyri-mümkün olduğu üçün iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflərin birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildiyindən, eləcə də nikahın pozulmasına tərəflərin qarşılıqlı razılığı olduğundan və onların barışması ehtimalı istisna olunduğundan tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxxx 2020-ci tarixdə bağlanmış və 2321 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxxx 2020-ci tarixdə bağlanmış və 2321 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-557/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-557/2021
23.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver