Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-563/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, X3 və onun vəkili Vəkil iştirakı ilə, X1 ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməklə Cavabdeh MMC qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Cavabdehnə qarşı “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsaslanan xx.xx.2020-ci il tarixli əmrinin əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının 4700 manatdan hesablanaraq verilməsi, ona vurduğu 30.000 manat mənəvi ziyanın əvəzinin və onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X10 cavabdeh ‘‘Cavabdeh’' Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdehnə icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi bildirişində onun işə götürülməyi xx xxxxxx 2020-ci il tarixi göstərilsədə əslində o həmin şirkətdə əmək fəaliyyətinə 2019-cu ilin dekabr ayının 10-dan başlamışdır. Qeyd edir ki, o Azərbaycan Respublikasında müxtəlif şirkətlərdə işləmişdir və hazırki şirkətə də MMC-nin təsisçisi olan X9 dəvəti ilə gəlmişdir. Onunla olan razılaşmaya uyğun olaraq ona hər ay əmək haqqı kimi 5.500 manat ödənilməli idi. Lakin COVİD-19 pandemiyası qarşısının alınması ilə bağlı mağazaların bağlanması ilə əlaqədar əmək haqları aşağı salınmış, o cümlədən onun öz təklifi əsasında da onun da əmək haqqı 4700 manata endirilmişdir. Onun 1000 manatı rəsmi, 3.700 manatı isə qeyri-rəsmi verilmişdir. Onun ilkin olaraq 5500 manat, sonradan isə 4700 manat almağı şirkət daxili sənədləşmələrdə və yazışmalarda öz əksini tapmışdır. Onun fəaliyyəti pandemiya dövrünə düşməsinə baxmayaraq bu heç də şirkətin fəaliyyətinə heç bir maneçilik törətməmiş, əksinə bu müddətdə o iki yeni mağazanın açılmasına nail olmuşdur. O konkret nəticələr ortaya qoyaraq şirkətin inkişaf etdirilməsinə müstəsna fəaliyyəti olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə nahar fasiləsinə yaxın MMC-nin təsisçisi olan X11 tərəfindən heç bir əsas olmadan təhqir və təzyiqlərə məruz qalmışdır. O ona sakitləşdikdən sonra təkrar onunla danışacağını bildirmişdir. Nahar fasiləsindən qaytıdıqdan sonra onun sistemə və meyl ünavana girişinin qadağan olunduğunu, kompyuterdən istifadə edə bilməyəcəyini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə olanlardan özünü pis hiss etdiyi üçün Medera hospitalına müraciət etmişdir. Bir müddət müalicə olunduqdan sonra xx xxxxxx 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin onu işə buraxmayaraq bildirmişlər ki, guya o işdən çıxarılmışdır. Ancaq ona işdən çıxarılmağına dair əmr təqdim olunmamışdır və bugünə qədər də təqdim olumnayıb. Təkrar səhhətində ağırlaşmalar olduğu üçün ona ambulator ev şəraitində müalicə təyin olunmuşdur və bu barədə o şirkət rəhbərliyinə məlumat vermişdir. Sonuncu dəfə ona şifahi qaydada xx xxxxxx 2020-ci il tarixdə şirkətin hüquqşünası Ayazbəy Əhmədov işdən çıxarılmağı barədə məlumat verilmişdir. Şirkət rəhbərliyi onu işdən çıxararkən hətta dövlət başçısı cənab İlham Əliyevin pandemiya (karantin dövründə) qeyri-neft sektorunda da çalışan işçilərin işdən çıxarılmamasına dair etdiyi tövsiyəyə belə əhəmiyyət verməmişdir. Hesab edir ki, cavabdehin xx xxxxxx 2020-ci il tarixli, əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. O işdən azad olunarkən cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələblərinə riayət edilməmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh direktoru Əhəd Əsgərov vəkilləri X2 hal-hazırda COVİD-19 xəstəliyindən müalicə olduğunu nəzərə alınması və bu səbəbdən də məhkəmə baxışını cavabdehin iştirakı olmadan keçirilməsi, X1 iddia tələbinin tamamilə əsassız olduğunu nəzərə alaraq onun tamamilə rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, X10 ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Belə ki, etiraza əlavə olumuş xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq iddiaçıya xx.xx.2020-ci il tarixində sürətli poçt vasitəsilə təqdim olunmuşdur. Etiraza əlavə olunmuş xx.xx.2020-ci il tarixli əmrdən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Etiraza əlavə olunmuş ödəniş tapşırıqlarının surətlərindən görünür ki, son haqq-hesab və müvafiq məbləğli əmək haqqı iddiaçının əmək haqqı hesabına köçürülmüşdür. İddiaçının qeyd etdiyi bütün sözlər həqiqətdən kənardır. Onunla imzalanmış əmək müqaviləsinin surəti məlumat üçün təqdim olunur. Əmək müqaviləsindən görünür ki, iddiaçının əmək haqqı 1000 (bir min) manat olmuşdur. Son-haqq hesab da onun əmək haqqı nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmış və ödənilmişdir. X3 öz iddia tələbini onunla əsaslandırır ki, guya müddətli əmək müqaviləsinin ləğvi ilə bağlı qanunvericilikdə göstərilmiş tələblərə cavabdeh "Cavabdeh" MMC tərəfindən riayət olunmamış və bununla da Kandemirin qanunla mühafizə olunan mənafeyinə zərər dəymişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi əmək müqaviləsinin müddətli və ya müddətsiz olması amilindən asılı edilməyib və bu səbəbdən də imperativ norma cavabdeh tərəfindən AR ƏM-in 77.1-ci maddəsi ilə əlaqəli şəkildə düzgün tətbiq olunmuş və X10 xəbərdarlıq müddətində yazılı etiraz bildirməmiş, nə də könüllü olaraq kompensasiya məbləğini götürməklə əmək münasibətlərinə daha tez xitam verilməsi barədə arzusunu ifadə etməmişdir. Etiraza ələvə edilmiş xx.xx.2020-ci il tarixli poçt xəbərnamələrindən görünür ki, X3na həmin tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli Cavabdeh MMC-nin direktorunun əmri və əmək kitabçasının əsli cavabdeh tərəfindən sürətli poçt vasitəsilə göndərilmiş, lakin iddiaçı tərəfindən məktubların qəbulundan imtina olunmuşdur (poçt qaimələrinin surəti əlavə olunur). Məhkəmə iclasında iştirak edən X10 izahat verərək bildirmişdir ki, 2017-ci ilin may ayında Vergilər Nazirliyi və Turizm Nazirliyinin ortaq layihəsi əsasında Azərbaycana gəlmiş və 2018-ci ilin may ayına qədər həmin layihəni idarə etmişdir. 2 il isə Baku Electronics MMC-nin xeyli sayda mağazasını idarə etmişdir. Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərovla həmin layihəni idarə etdiyi dövrdə tanış olmuşdur. Əhəd Əsgərov ona icraçı direktor vəzifəsində çalışmasını təklif etmişdir. Əmək haqqı 5500 manat təyin olunmuş, lakin pandemiya ilə əlaqədar 4700 manat (1000 manat rəsmi, 3700 manat qeyri-rəsmi) ödənilirdi. İşlədiyi dövr ərzində onun vəzifə səlahiyyətlərinə aid olmasa da o, iki yeni mağaza açmış, onların təmir işləri, icarə haqqları, ümumiyyətlə hər bir işi ilə özü maraqlanmışdır. Təsisçiyə dəstək üçün Optimal mağazalar şəbəkəsinin işçilərinə treyninqlər keçmişdir. x xxxxxx 2020-ci il tarixdə nahar fasiləsinə yaxın Əsgərov Əhəd ona zəng edərək, ona təhqir və təzyiq göstərmişdir (“Sən nə iş görürsən? Nəyə görə əmək haqqı alırsan?” və sairə kimi ifadələr işlətmişdir.). Ərizəsini yazıb onun işdən çıxmağını bildirmişdir. Günorta fasiləsindən sonra işə qayıtdıqda komputerə girişinin bağlandığını görmüşdür. Bundan sonra bir həftə Medeyra Hospitalda müalicə almışdır. 12, 13 noyabr tarixlərində işə getdikdə mühafizə xidməti onu şirkətə buraxmamışdır. Noyabr ayının 5-də ona bildiriş göndərilmiş, evdə olmadığı üçün geri qayıtmışdır. Sonradan onunla əlaqə saxlayaraq, gəlib sənədlərini götürə biləcəyini demişlər. İxtisarın iki səbəbi olur, ya şirkət ödənişləri maliyyə cəhətdən qarşılaya bilmir, ya da, həmin işçiyə ehtiyac yoxdur. Onun işdən çıxarılma səbəbi ümumiyyətlə göstərilməyib. Cənab Prezident pandemiya vaxtı işçilərin işdən çıxarılmaması barədə tövsiyyəsinə şirkət əməl etməmişdir. Halbuki, işçilərin əmək haqqının ödənilməsi ilə bağlı dövlət dəfələrlə şirkətə dəstək vermişdir. Rəsmi maaş 1000 manat olsa da, əlavə 3700 manat əmək haqqı alırdı. Buna görə də, 8 ay ərzində Türkiyədə olan ailəsinə 11000 dollar pul göndərmişdir. Əsas məsələ sadəcə pul deyil. Heç bir şirkət istədiyi vaxt dəyərsiz şəkildə heç bir kəsi işdən uzaqlaşdıra bilməz. Bu səbəbdən də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 vəkili Vəkil izahat verərək bildirmişdir ki, ilk öncə işdən çıxarılma barədə əmr düzgün formada tərtib olunmamışdır. İxtisarın hansı səbəbdən olduğu göstərilməyib. İşdən çıxarılma barədə əmr verilməmişdən öncə yığıncağın qərarı olmalıdır. İşəgötürən işçi ilə mübahisəli olduğu üçün tələsik bir şəkildə, qanunvericiliyin tələblərinə əməl etmədən işdən çıxarılma barədə əmr imzalamışdır. İddiaçı səhər 10:00dan axşam 19:00-dək işlədiyinə görə onun ikinci bir iş yeri ola bilməzdi. Əgər 1000 manat maaş alırsa ailəsinə bu qədər pul göndərə bilməzdi. Eyni zamanda, iddiaçı Azərbaycanda tək yaşayır və bütün təlabatlarını özü ödəyir. Əmrin qanunsuz formada olmasını nəzərə alaraq, ləğv olunması və məcbur işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən 3cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını izahatlarını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə Kandemir Ahmet arasında bağlanmış 17 saylı xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, Kandemir Ahmet həmin MMC-nin icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərov tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli 202/k saylı “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrdən görünür ki, “İcraçı direktor” ştatı ixtisar olunması barədə qərar verildiyindən X10 ilə xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin nəzdində “Köhnə Günəşli” Tibb Mərkəzinin 54 nömrəli, xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Kandemir Ahmet xx.xx.2020-ci il tarixdə mərkəzdə müayinələrdən keçmişdir və ona işialqiya, lyumbaqo diaqnozu qoyulmuşdur. Xəstənin səhəti nəzərə alınaraq xx.xx.2021-ci il tarixinə qədər ambulator ev şəraitində müalicə təyin edilmişdir. İş materiallarında olan “xxxx” MMC beynəlxalq pul köçürmələri barədə məlumatından görünür ki, Ahmet Kandemir adından xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 800 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə 1000 ABŞ dolları, ümumilikdə 11300 ABŞ dolları Türkiyə Respublikasına göndərilmişdir. İş materiallarında olan Paşa Bank tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə son haqq hesab 2026.67 manat (iki min iyirmi altı manat altmış yeddi qəpik) Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. İş materiallarında olan Paşa Bank tərəfindən verilmiş əmək haqqı üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə əmək haqqı 909 manat (doqquz yüz doqquz manat) Ahmet Kandemirin hesabına ödəniş edilmişdir. İş materiallarında olan “Music Gallery” X7 tərəfindən (Elektron ünvan ) xx.xx.2020-ci il tarixdə Kandemir Ahmete göndərilmiş əmək haqqı cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixdə Kandemir Ahmet icraçı direktor vəzifəsinə danışılan əmək haqqı 5500, rəsmi əmək haqqı 1000 manat olmuşdur. İş materiallarında olan Cavabdeh MMC tərəfindən (tarix yoxdur, xəbərdarlıqda isə 04.11.12 qeyd edilib) X6 ünvanlanmış xəbərdarlıqdan görünür ki, cəmiyyətin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən xx.xx.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcəkdir və onunla bağlanan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddənin 3-cü bəndinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qayda sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsinin) 68ci maddəsinin 1-ci bəndinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir. bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 71-ci maddəsinin İİİ bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Göründüyü kimi qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Belə ki, iş materiallarından əmrin verilməsinə səbəb X4 vəzifəsinin ixtisar edilməsi olsa da iddiaçı bu qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan (qərar və ya əmr) məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə X10 azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi. Əmək haqqının 4700 manat məbləğində olması ilə bağlı məhkəmə hesab edir ki, tələbin bu hissəsində də Cavabdeh MMC tərəfindən Qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarında olan əmək haqqı cədvəlindən görünür ki, əmək haqqı yüksək olduğu halda müqavilədə əmək haqqının məbləği az qeyd edilmişdir. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinə əsasən Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Mülki Məcəllənin 390-cı maddəsinin 1-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İş materiallarından görünür ki, X10 ilə Cavabdeh MMC arasında bağlanan əmək müqaviləsi xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək bağlanmışdır. Məhkəmə hesab edir ki, X10 qanunsuz olaraq işdən azad edildiyi üçün müddətli əmək müqaviləsinin müddəti uzadılaraq icraçı direktor vəzifəsinə bərpa edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərdən açıq-aşkar göründüyü kimi iddiaçının iddiası qismən əsaslıdır və mülki işin materialları ilə tam təsdiq olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC xx.xx.2020-ci il tarixli 202/k nömrəli əmri ləğv edilməli, X10 məcburi iş buraxma müddəti üçün əmək haqqı (4700 manatdan hesablanmaqla) ödənilməklə, Cavabdeh MMC icraçı direktor vəfəsinə bərpa edilməlidir. İddiaçı onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilməsi nəticəsində əsəb, stres, sarsıntı, iztirab keçirtdiyindən məhkəmə hesab edir ki, mənəvi ziyan tələbi 500 manat hissəsində təmin olunmalı qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bundan başqa məhkəmə mənəvi ziyan tələbi ilə bağlı əlavə olaraq qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X14 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X14 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X14 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının iradəsinə zidd olaraq işdən azad etməsi öz təsdiqini tapdığından iddiaçı əmək haqqı almaqdan məhrum olmaqla ona ziyan dəymişdir. Məhkəmə hesab edir ki, 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC xx.xx.2020-ci il tarixli 202/k nömrəli əmri ləğv edilsin, X10 məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, Cavabdeh MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilsin. Cavabdeh MMC-dən 500 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-563/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-563/2021
12.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver