Məhkəmə qərarları › İş №2(009)-572/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-572/2021

12.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-572/2021 12.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi barədə iddia tələbi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah rəsmiləşdirilmişdir. Lakin onlar cavabdehlə faktiki olaraq ailə qurmamış, nişanlı olduqları dövrdə onunla rəsmi nikaha daxil olmuşdur. Lakin nikah rəsmiləşdirildikdən sonra cavabdehlə münasibətləri pozulmuş və o, cavabdehlə ailə qurmaq istəmədiyindən, aralarındakı nişanlılığa son qoyaraq, ondan ayrılmışdır. Cavabdehlə aralarında rəsmi nikah olsa da, toy mərasimi baş tutmamış, heç vaxt aralarında ərarvad münasibətləri olmamışdır. Faktiki olaraq daim ayrı yaşamışlar. Hal-hazırda da cavabdehlə artıq ailə qurmaq niyyəti olmadığından və gələcəkdə ər-arvad kimi nikahda qalmaları, ailə qurmaları və toy mərasimi etməkləri mümkün olmadığından, hesab edir ki, aralarında formal olaraq bağlanmış nikah etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 1544 saylı akt qeydi ilə qeydə alınmış nikahın etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddianı tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, nikah bağlanarkən onun niyyəti ailə qurmaq olsa da, nikahdan sonra bu niyyətdən daşınmış və rəsmi toyları olmamış, birgə yaşamamışlar. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul edərək nikahın etibarsız hesab edilməsinə razı olduğunu göstərmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, nikah rəsmiləşdirilərkən onun niyyəti iddiaçı ilə ailə qurmaq olmuşdur. Sonra müharibədə iştirak etmiş, hazırda ailə münasibətlərini qurmaq niyyəti yoxdur, iddiaçıya qarşı haqsızlıq etmişdir, onunla nikah bağlanmışdır, onun etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1544 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Nağıyev, arvada Rəhmanova soyadı verilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, nikah rəsmiləşdirildikdən sonra cavabdehlə münasibətləri pozulmuş və o, cavabdehlə ailə qurmaq istəmədiyindən ondan ayrılmışdır. Onunla cavabdeh arasında rəsmi nikah olsa da, toy mərasimi baş tutmamış, onların arasında ər-arvad münasibətləri olmamışdır. Cavabdehlə artıq ailə qurmaq niyyəti yoxdur. Bu səbəbdən iddiaçı nikahın etibarsız hesab olnuması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 9.1-ci maddəsinə əsasən nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən bir ay sonra onların iştirakı ilə bağlanır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10— 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 26.1.3-cü maddəsinə əsasən könüllü razılığın olmaması dedikdə, məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanmış nikah etibarsız hesab edilə bilər. Saxta nikaha daxil olan şəxslər (və yaxud) onlardan biri yalnız əmlak və qeyri-əmlak nemətləri əldə etmək məqsədi güdür və ailə qurmaq niyyətində deyildir. Nikah münasibətinə daxil olanlardan yalnız birinin ailə qurmaq niyyəti olmamışdırsa, digər tərəf isə həqiqətən ailə qurmaq məqsədi ilə nikaha daxil olubsa, belə nikah saxta sayıla bilməz. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən nikahın etibarsız hesab edilməsi əsasları qanunla konkret müəyyən edilmişdir. Bu əsaslar nikah bağlanılarkən nikah yaşı ilə bağlı tələblərin pozulması, nikahın Ailə Məcəlləsinin 12-ci maddəsində müəyyən edilmiş şəxslər arasında bağlanılması, tərəflərin nikah bağlayarkən ailə qurmaq niyyətində olmamaları və nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlədilməsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər ailə qurmaq niyyəti ilə nikahlarını qeyd etdirmiş, lakin respublikada olan pandemiya ilə əlaqədar toy mərasimləri baş tutmamışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, nikah bağlandıqdan sonra tərəflər arasında münasibətlər pozulmuş, iddiaçı cavabdehlə hazırda ailə qurmaq və birgə yaşamaq istəmir və aralarında bütün münasibətlərə son qoyulmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında nikah bağlanılarkən AR Ailə Məcəlləsinin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlərin pozulması müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanan nikah ailə qurmaq niyyəti ilə bağlandığı üçün, onlar arasında toy mərasiminin olmaması, sonradan münasibətlərinin pozulması və iddiaçının cavabdehlə ər-arvad kimi yaşamaq istəməməsi, nikahın etibarsız hesab edilməsi əsası kimi çıxış edə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında nikah ailə qurmaq niyyəti ilə bağlandığı üçün və nikahın etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmadığı üçün, irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin izah edir ki, tərəflər arasında nikah tərəflərin razılığı əsasında qeydiyyat şöbəsində pozula bilər. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2020-ci il tarixdə bağlanmış və 1544 saylı akt qeydi üzrə icra edilmiş nikahın etibarsız hesab olunması barədə iddia tələbi əsassız olduğundan təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar