Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-577/2024 28.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Z.S.Sadıxovanın, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, X4, "xxxx" MMC restoran şəbəkəsində barmen vəzifəsində çalışmışdır. Cavabdehlə aralarında xx.xx.2023-cü ildə 6 aylıq əmək müqaviləsi imzalanmış və 3 aylıq sınaq müddəti müəyyən olunmuşdur. O, sınaq müddəti ərzində qüsursuz öz vəzifəsini yerinə yetirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə (məktubda xx.xx.2023-cü il qeyd olunub) ona "xxxx" MMC tərəfindən sınaq müddəti ərzində özünü doğrultmaması barədə xəbərdarlıq məktubu gəlib, amma səbəbi əsaslanlırılmamışdır. Halbuki, o, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixləri arasında X5 İnkişaf Mərkəzində peşə kursunda iştirak edib və kursu uğurla tamamladığı üçün sertifikat almışdır. xx.xx.2023-cü il tarixdə onu çağıraraq demişlər ki, “öz imzanla işdən çıx ya da Azərbayan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə səni işdən çıxardacayıq”. O, bununla razılaşmadığı üçün onu Saffron şirkətinə göndəriblər. Ora gedərkən o, bildirmişdir ki, onun adına özbaşına 80 manat cərimə yazılmışdır. Cərimə və işdən çıxarılmasının səbəbini soruşmuş, cavabdeh heç bir səbəb deməmiş və yenidən onu işə qaytarmışdır. Bundan bir neçə gün sonra o, yenidən Saffron şirkətinə çağırılmış və sərt şəkildə ona demişlər ki, “biz səninlə işimizi sonlandırırıq, ya könüllü, ya da 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxacaqsan”. O, isə onlarla razılaşmadığını, hansı səbəblə çıxaracaqlarını təkrar soruşmuşdur. Həmçinin 80 manat cərimənin də hansı səbəblə verildiyini soruşmuş, qanunsuz olduğunu bildirmişdir. Cavabdeh isə cavabında “əcəb edirik, get kimə deyirsən de” demişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə demişlər ki, “xx.xx.2023-cü il sonuncu iş günüdür, biz səni özümüz işdən çıxarırıq”. O, bununla razılaşmışdır. Daha sonra cavabdeh yenidən ona zəng edərək, təhdidlər edərək sənədi imzalamağı tələb etmişdir. O, isə bununla razılaşmamışdır. Həmçinin xx.xx.2023-cü il, yəni onun son iş günü onun istirahət günü düşdüyü üçün işə getməmişdir. Bunu mediasiya prosesində də sübut etmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onun işdən çıxarılmasının səbəbi aydınlaşdırılmayıb, o, artıq 3 aydan çoxdur ki, işsizdir, müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyinə görə yeni iş tapmaqda çətinlik çəkir. O, işə bərpa edilməsi, müqaviləsinin xitam verildiyi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinə dəyişdirilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi iddiası ilə bağlı mediasiya müraciət edilmiş və xx.xx.2023-cü il tarixli mediasiya arayışı alınmışdır. Onun əmək vəzifələrini kobud surətdə pozacaq fəaliyyəti olmamış, işlədiyi müddət ərzində özünü doğruldub, lakin rəhbərlik ona 80 manat cərimə yazmış, bunun səbəbini ona izah etməmiş, işdən çıxmağı üçün onu hədələmişdir. Onun işdən çıxarılmasının səbəbi ona izah olunmamış və qanunsuz olaraq işdən çıxarılmışdır. Rəhbərlik ilk öncə onu çağıraraq hədələmiş, ərizəni imzalamağa məcbur etmiş, daha sonra o, razılaşmadıqda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Həmin maddədə göstərilən kobud şəkildə pozulma hesab edilən heç bir hal baş verməmiş və cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, artıq 4 aydır ki, işsizdir və AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarıldığı üçün yeni iş tapmaqda çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq iddiaçı onun işə bərpa edilməsi, ona dəymiş 3600 manat maddi və 2000 manat mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi, əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi qeyd olunan AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh tərəfindən ona bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində, yəni sınaq müddəti başa çatmamış onunla əmək münasibətlərinə xitam veriləcəkdir.Sentyabr ayının 21-i onun istirahət günü olmuşdur, ona deyilmişdir ki, artıq işə gəlməsin. Bu səbəbdən həmin gün o, işə çıxmamış və hesab etmişdir ki, işəgötürən artıq onunla bağlanılmış əmək münasibətinə xitam vermişdir. 21-i tarixində onun gəlib imza atması xahiş olunmuşdur. Həmin tarixdən əvvəl də ondan öz xahişi ilə işdən çıxarılması barədə ərizə verilməsi tələb edilmişdir. O, bununla razılaşmamışdır. Gəlib imza atması ilə bağlı ona məlumat verilərkən isə o, bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar gələ bilmir, sonra glib imza edər. Lakin sonradan ona məlum olmuşdur ki, işəgötürən onu guya işə çıxmadığı üçün işdən azad etmişdir. O, əmri əldə etdikdən sonra oktyabr ayının sonlarında mediasiya təşkilatına müraciət etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin iddiaçının işdən azad edilməsi qərəzli olmuşdur. Həmin maddə ilə cavan şəxs kimi iddiaçı işdən azad olunduğu üçün başqa işə düzələ bilmir. Digər tərəfdən cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermişdir. Hesab edir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir. Belə ki, 1 ay keçməmiş onlar mediasiya təşkilatına müraciət etmiş, uzun müddət barışıqla bağlı danışıqlar getmiş, lakin qarşılıqlı razılıq alınmadığı üçün mediasiyadan sonra məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, müddət ötürülməmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək və iddia ərizəsinə dair yazılı etiraz təqdim edərək öz izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixli R3149 saylı əmək müqaviləsi ilə İddiaçı ilə altı aylıq müddət nəzərdə tutulmuşdur. İddiaçı sınaq müddəti ərzində dəfələrlə restoran menecerləri tərəfindən qüsurları barədə xəbərdar edilmişdir. Daxili elektron yazışmalardan da görünür ki, restoran müştərilərinə səhv içkilərin təqdim edilməsi və ya içkiləri təqdim etdikdən sonra pulun alınmaması (daimi müştəri olduğu üçün bu barədə onların restoranın menecerinə məlumat vermişdir) nəticəsində 500 manat civarında əksikliyi yaranması, dəfələrlə telefon qulaqçıqlıqlarının iş vaxtı taxmaması barədə iddiaçya neçə dəfə xəbərdarlıq edilmişdir. X6 cavabdeh "xxxx" MMC-nin nəzdində yerləşmir. Sadəcə şirkətin restoranlar şəbəkəsi olduğu üçün həmin təlimi keçirən şirkət, onlara müraciət edən vətəndaşları onların restoranlara göndərir və bəzim təlimlər onların restoranlarda keçirilir. İddiaçı qeyd etdiyi sertifikatı əmək müqaviləsi imzalanmamışdan öncə almış və həmin sənəd sadəcə kursda iştirak etdiyini təsdiqləyir. xx.xx.2023-cü ildə İddiaçı sınaq müddəti ilə bağlı məktub göndərilib. İddiaçıya sınaqdan keçməmə səbəbini izah edən əmr təqdim edilməli idi, lakin iddiaçı xx.xx.2023-cü il tarixdən sonra işə gəlmədiyi üçün qərara gəlinmişdir ki, onun ünvanına xx.xx.2023cü il tarixli, AR022/23 nömrəli növbəti dəfə ciddi xəbərdarlıq məktubu göndərilsin. Həmin məktubda işə gəlməmə səbəbini yazılı şəkildə izah edilməsi xahiş edilmiş və gəlmədiyi təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə müqavilə xitam veriləcəyi bildirilmişdir. Bundan sonra şirkətin əməkdaşları xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər İddiaçı işə gəlməməsini təsdiqləyən akt tərtib etmişlər. İddiaçı heç bir üzrlü səbəb göstərmədən işə gəlməməsi (hətta bir gün belə olsa da) əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilir. İddiaçı üzrlü səbəbi cavabdeh qarşısında sübut etməmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, o, ilk məktubu xx.xx.2023-cü ildə, ikinci məktubu xx.xx.2023-cü ildə, əmək kitabçasını təhvil almasını Əmək kitabçalarının hərəkətinin uçotu kitabında müvafiq hissəni imzalamaqla təsdiq etmişdir. xx.xx.2023-cü ildə "xxxx" MMC-yə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərmişdir. xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası barədə bildiriş göndərilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən mediasiya sessiyaları xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilmişdir. “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydalarına əsasən mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər (maddə 4.6). “Mediasiya haqqında” Qanuna əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (maddə 35). Göründüyü kimi, hətta xx.xx.2023-cü il tarixli ilkin mediasiya arayışının tarixindən müddət hesablansa belə iddiaçı iddia müddətini pozmuşdur. İddiaçı yalnız xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir. İddiaçı heç kimin xəbəri və icazəsi olmadan kənar şəxslərin ofisinə daxil olmasına şərait yaradaraq qanunsuz videoçəkiliş aparılmasına şərait yaratmışdır. Kənar şəxslərlə birlikdə o, bu çəkilişlə şirkətin nüfuzuna və aişə xidmətləri sahəsində müsbət imicinə xələl gətirməyə çalışmışdır. Bu barədə video internet resurslarda yayımlanmışdır (https://fb.watch/nZSw4Dq6Qr/?mibextid=İ6gGtw). Etirazın hüquqi əsasına gəldikdə isə məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vəsiqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən myvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı eyni zamanda 1 aylıq müddəti ötürülməklə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi iddianın əsassız olması və iddia müddətinin üzrlü səbəbdən ötürməsi əsası ilə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş üzrə Saffron Group və “Peşəkar” İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MMTF-133/2023 nömrəli sertifikatın surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Barmenlik üzrə peşə kursunda iştirak etmiş və qiymətləndirmə komissiyasının xx.xx.2023-cü il tarixli MMTF-133/2023-İP001 saylı protokoluna əsasən qiymətləndirmədən uğurla keçmişdir. İş üzrə “İşəgötürən” qismində "xxxx" MMC ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli, R3149 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı aylıq əmək haqqı 498,29 manat olmaqla "xxxx" MMC-yə barmen vəzifəsinə işə qəbul edilmişdir (bənd 1.2, 4.1.1). Əmək müqaviləsi xx.xx.2023-cü il tarixində bağlanır və işçinin işə başlama tarixindən qüvvəyə minir (bənd 2.1). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir. Sınaq müddəti ərzində tərəflərdən biri digərini 3 gün əvvəl xəbərdarlıq etməklə əmək müqaviləsini birtərəfli qaydada poza bilər (bənd 2.2). Əmək müqaviləsi işəgötürən və ya işçi tərəfindən bu əmək müqaviləsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada vaxtından əvvəl ləğv edilmədikdə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixədək 6 ay müddətinə bağllanır (bənd 2.3).İşçi xx.xx.2023-cü il tarixdə işə başlayır (bənd 2.4). İş üzrə "xxxx" MMC tərəfindən verilmiş AZR-EM23/145 nömrəli, xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin barmen vəzifəsinə işə qəbul edilmişdir. Əsası kimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi göstərilmişdir. İş üzrə xxxxxxx000300 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı "xxxx" MMC-yə barmen vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmış, aylıq əmək haqqı 498,29 manat təşkil etmişdir. İş üzrə İddiaçı tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli öhdəliyin surətindən görünür ki, o, "xxxx" MMC (bundan sonra “İşəgötürən”) tərəfindən təşkil olunan bütün təlimlərdə, müvafiq testlərdə və qiymətləndirmələrdə iştirak etməyi və ona təqdim edilən aşağıdakı sənədlərlə (onların istinad etdiyi sənədlər də daxil olmaqla) tanış olmuş, işəgötürən müəssisəsində, ofisində, hər hansı digər obyektində işlədiyi bütün dövr ərzində bu sənədlərin (onların istinad etdiyi sənədlər də daxil olmaqla) müddəalarına əməl etməyi öz öhdəsinə götürmüşdür: 1. “X4” X8; 2.“X4” MMC Etik qaydaların pozulması barədə məlumatlandırma siyasəti üzrə Daxili Təlimatı. İş üzrə “İşəgötürən” qismində "xxxx" MMC ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam maddi məsuliyyət haqqında müqaviləsinin surətindən görünür ki, “İşçi” tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona “İşəgötürən” tərəfindən etibar edilmiş əmlakın və və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. İş üzrə “İşəgötürən” qismində "xxxx" MMC ilə “İşçi” qismində İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əlavə edilmiş vəzifə funksiyasının təsvirinin (Əlavə A) surətindən görünür ki, barmen vəzifə funksiyalarına aşağıda göstərilənlərlə məhdudlaşmayan əsas tapşırıqlar daxildir: gündəlik bar işləri üçün bütün iş tapşırıqlarına nəzarət etmək və həyata keçirmək; peseptlərə uyğun olaraq işçiləri hazırlamaq; yüksək keyfiyyətli və çevik xidmət göstərmək; içkilərlə bağlı sifarişləri qəbul etmək; menyuda göstərilən bütün içkilər barədə məlumatlı olmaq; xidmət sahəsi və ətraf ərazinin təmiz və səliqəli olmasını təmin etmək; işlək avadanlığın rüblük, yarımillik və illik siyahıya alınmasında yardım etmək. İşçi fəaliyyət göstərdiyi restorana məxsus əmlakdan, qida məhsullarından xüsusi icazə olmadan istifadə etməməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş daxili elektron yazışmalardan görünür ki, sınaq müddəti ərzində İddiaçı restoran müştərilərinə səhv içkilərin təqdim edilməsi və ya içkiləri təqdim etdikdən sonra pulun almaması nəticəsində 500 manat məbləğində əskikliyin yaranması, dəfələrlə telefon qulaqçıqlarının iş vaxtı taxmaması, nizam-intizam qaydaların, verilən tapşırıqların yerinə yetirilməməsi barədə restoran meneceləri tərəfindən İddiaçı xəbərdarlıq edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən barmen vəzifəsində çalışan İddiaçı ünvanlanmış xəbərdarlığın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 3 aylıq sınaq müddətinə "xxxx" MMC-yə “Barmen” vəzifəsinə qəbul edilmişdir. Lakin ona verilən sınaq müddəti ərzində bu vəzifə üzrə özünü doğrultmamışdır. Şirkətin bu vəzifədən olan gözləntiləri ilə İddiaçı perfomansı üst-üstə düşməmişdir. İş üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-də barmen vəzifəsində çalışan İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, AR022/23 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən etibarən heç bir üzrlü səbəb bildirmədən işə gəlməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna ollmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Ən qısa müddət ərzində işə gəlməmə səbəbini yazılı surətdə izahat formasında bildirməsini xahiş edilmişdir. Əks təqdirdə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv oluna bilər. İş üzrə "xxxx" MMC-nin əməkdaşları Rinat Aliulin, Babək Məmmədov, Könül Rəhimova, Famil Məmmədzadə, Əlı İsmayıllı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktların surətlərindən görünür ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də Barmen vəzifəsində çalışan İddiaçı işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (xx.xx.2023-cü il tarixdə tam iş günü ərzində) işə gəlməmişdir. İş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZR-TE23/244 nömrəli əmrin surətindən görünür ki, "xxxx" MMC-nin Barmeni İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində müəyyən edilmiş halları rəhbər tutaraq (özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas kimi İddiaçı işə gəlməməsi haqqında müvafiq akt, xx.xx.2023-cü il tarixli AR022/23 tarixli müvafiq məktub kimi göstərilmişdir. İş üzrə xxxxxxx0003X0 saylı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC-nin AZR-TE23/244 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə İddiaçı əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə barmen vəzifəsinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixli, AZR-TE23/244 nömrəli əmri ilə İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş üzrə "xxxx" MMC-nin əmək kitabçalarının hərəkətinin uçotu kitabından çıxarışından görünür ki, İddiaçı ******* nömrəli, xx.xx.2023-cü il tarixli əmək kitabçası xx.xx.2023-cü il tarixdə almışdır. İş üzrə Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş mediasiya prosesinin tətbiqi barədə təklifindən görünür ki, İddiaçı əmək mübahisəsi tələbi üzrə mediasiya prosesinin tətbiqi təklif "xxxx" MMC X3 xx.xx.2023-cü il tarixdə göndərilmişdir. İş üzrə Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-01575 saylı arayışından görünür ki, əmək mübahisəsi və sair tələblər üzrə İddiaçı və "xxxx" MMC X1 nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixdə, saat 14.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü tarixdə "xxxx" MMC-yə barmen vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi birinci 3 ayı sınaq müddəti hesab edilməklə 6 ay müddətinə bağlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçıya verilən sınaq müddəti ərzində barmen vəzifəsi üzrə özünü tam doğrultmamasına görə işəgötürən tərəfindən iddiaçıya xəbərdarlıq məktubu göndərilmiş və onunla bağlanılan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən işə gəlməməsinə görə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZR-TE23/244 saylı əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onunla cavabdeh arasında xx.xx.2023-cü ildə 6 aylıq əmək müqaviləsi imzalanmış və 3 aylıq sınaq müddəti müəyyən olunmuşdur. O, sınaq müddəti ərzində qüsursuz öz vəzifəsini yerinə yetirmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona "xxxx" MMC tərəfindən sınaq müddəti ərzində özünü doğrultmaması barədə xəbərdarlıq məktubu gəlmiş, xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, lakin səbəbi əsaslandırılmamışdır. Həmçinin xx.xx.2023-cü il, yəni onun son iş günü onun istirahət gününə düşdüyü üçün işə getməmişdir. Lakin onun xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Onun işdən çıxarılmasının səbəbi aydınlaşdırılmamış, o, artıq 3 aydan çoxdur ki, işsizdir, müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyinə görə yeni iş tapmaqda çətinlik çəkir. Həmin maddədə göstərilən kobud şəkildə pozulma hesab edilən heç bir hal baş verməmiş və cavabdeh tərəfindən sübut edilməmişdir. Həmçinin bu səbəbdən ona maddi və mənəvi zərər dəymişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı onun işə bərpa edilməsi, ona dəymiş 3600 manat maddi və 2000 manat mənəvi zərərin cavabdeh tərəfindən ödənilməsi, əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi qeyd olunan AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin AR Əmək Məcəlləsinin 68-ci maddəsinə dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı ərizə vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddiaçının işə bərpa edilməsi ilə bağlı gətirdiyi dəlillərə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə əsasən işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 51-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Göstərilən Məcəllənin 53-cü maddəsinin 1-ci bəndinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Qeyd edilən Məcəllənin 76-cı maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci madəllərində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi sınaq müddətinin müəyyən olunması imkanı nəzərdə tutur. Qanunvericilik müəyyən edir ki, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasının icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlana bilər. Əmək müqaviləsi o halda bağlanmış hesab edilir ki, tərəflər onun məzmunu təşkil edən şərtlər barəsində tam razılığa gəlmiş olsunlar. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanılan müddətli əmək müqaviləsində işin birinci 3 ayının sınaq müddəti kimi hesab edilməsi barədə tərəflərin qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 53-cü maddəsi işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası təsdiq edir. Sınağın nəticəsini işəgötürən qiymətləndirir. Qanunvericilik eyni zamanda müəyyən edir ki, sınaq müddətində işəgötürən işçini ona qarşı irəli sürülmüş tələblərə uyğun gəlməyən hesab etdikdə sınaq müddəti qurtaranadək işəgötürən işçiyə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə birtərəfli qaydada əmək müqaviləsini poza bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən "xxxx" MMC işçi İddiaçı sınaq müddət ərzində özünü doğrultmadığı üçün onunla bağlanılmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi barədə yazılı xəbərdarlıq etmiş, sınaq müddəti ərzində əmək münasibətlərinə xitam verilməsinin əsası kimi restoran müştərilərinə işçi tərəfindən səhv içkilər təqdim edilməsi, içkiləri təqdim etdikdən sonra pulunun alınmaması, 500 manat civarında əskikliyin yaranması, dəfələrlə telefon qulaqcıqlarını iş vaxtı ərzində taxılmaması kimi hallar göstərilmişdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə işçinin bütün iş günü işə gəlməməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir. Bu hallardan biri işçinin heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsidir. Qanunvericilik iki üzrlü hal müəyyən etmişdir:
1. işçinin özünün xəstə olması; 2. yaxın qohumlarının xəstə olması və ya ölməsi. Bütün bu hallar müvafiq olaraq işçi tərəfindən sübut olunmalıdır. Bu hallardan başqa qanunvericilik işçinin iş günü işə gəlməməsinin proqul sayılmağı digər üzrlü səbəblərini dəqiq şəkildə təsbit etməmişdir. Ona görə də işçinin bütün iş günü işə gəlməməsinin üzrlü olub-olmamasını işəgötürən, əmək münasibətləri zamanı isə bu mübahisəyə baxan orqan qiymətləndirir və müəyyən edir. Məhkəmə qeyd edir ki, işəgötürən iddiaçı ilə bağladığı əmək müqaviləsinə sınaq müddətinin konkret tarixində (xx.xx.2023-cü il) birtərəfli qaydada xitam veriləcəyi barədə işçiyə yazılı məlumat versə də, həmin tarixin işçinin qeyri-iş günü olmasını nəzərə almadan onun bütün iş günü işə gəlməmə səbəbi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onun işdən azad olunması barədə müvafiq əmr qəbul etmişdir ki, məhkəmə hesab edir ki, həmin əmr qanunauyğun olmamışdır. Belə ki, işəgötürən yazılı bildirişdə qeyd edilən tarixdə birtərəfli qaydada öz təşəbbüsü ilə işçi ilə bağladığı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndi ilə xitam verməli idi. Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı 1 aylıq müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir. İddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə yazılı vəsatət vermişdir. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. AR Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdən 25 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə işin məhkəmədənkənar həlli qaydasına riayət edilməsi məqsədilə mediasiya şurasına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmiş və ilkin medasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/18/2023-01575 saylı arayışı əldə etmişdir. “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin 2-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı işə bərpa edilməsi, maddi və mənəvi zərərin ödənilməsi, əmrin dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir ki, bununla da qanunda müəyyən edilən 1 aylıq müddəti ötürmüşdür və həmin müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia müddətinə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» E.Həkimovun şikayəti üzrə AR Konstitusiya Məhkəməsinin 03 noyabr 2008-ci il tarixli qərarında göstərmişdir ki. iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddəti ilə bağlı müddəalar Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmədiyi üçün və həmin müddətin ötürülməməsi ilə bağlı gətirdiyi dəlillər əsassız olduğundan, onun işə bərpa edilməsi barədə tələbi bu əsasla əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin maddi ziyanın əvəzi kimi 3.600 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı ona vurulmuş maddi ziyanın 3.600 manat təşkil etməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində maddi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən, iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi ziyanın əvəzi kimi 2.000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsassızdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin tələblərində işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyəti müəyyən edilmişdir. Həmin Məcəllənin 196-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 290-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçıya qarşı mənəvi ziyan vurulmasına əsas olan hər hansı əməllərə və ya hərəkətlərə yol verməsi müəyyən edilmədiyindən, iddia tələbi 2.000 manat mənəvi ziyanın tutulması hissəsində də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin xitamında işdən çıxarılma əsası kimi qeyd olunan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə dəyişdirilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda göstərilməlidir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə birtərəfli qaydada öz təşəbbüsü ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi) xitam verməli olduğu halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verdiyindən, iddiaçının işdən azad olunma əmrində əmrin əsasının dəyişdirilməsi hissəsində tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli AZR-TE23/244 nömrəli əmrində İddiaçı işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi əsası dəyişdirilsin və həmin əsas Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi kimi qeyd edilsin. İddia tələbi iddiaçının işə bərpa olunması, dəymiş 3600 manat maddi və 2.000 manat mənəvi zərərin ödənilməsi hissələrində əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev