Məhkəmə qərarları › İş №2(009)-579/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-579/2023

08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-579/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun "xxxx" MMC- keçmiş “Muğan meliovadstroy” Trestin 31 saylı səyyar mexaniləşdirilmiş dəstədə xx.xx.1980cı il tarixdən xx.xx.1981-ci il tarixədək fəhlə işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu tarixli 3 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi faktları o zaman müəyyən edə bilər ki, ərizəçi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. X1: - 13-cü bəndinə əsasən Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. -13.1-cü bəndinə əsasən Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. -13.2-cü bəndinə əsasən Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. -13.3-cü bəndinə əsasən Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Hakim qeyd edir ki, Qanunvericiliyin tələblərinə əsasən məhkəmə o vaxt hüquqi əhəmiyyətli faktları müəyyən edir ki, həmin faktı təsdiq edən lazımi sənədlərin başqa qaydada alınması mümkün olmasın. Ərizəçi tərəfindən ərizəyə əlavə olunmuş "xxxx" MMC və keçmiş “Muğan meliovadstroy” Trestin 31 saylı səyyar mexaniləşdirilmiş dəstənin rəhbərləri tərəfindən verilmiş arayışlardan görünür ki, həmin arayışlarda Ərizəçi xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək fəhlə işləməsi qeyd edilmişdir. Göründüyü kimi ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi fakt işlədiyi müəssisənin verdiyi arayışla tam təsdiq olunmuşdur. Belə olan halda hakim hesab edir ki, müəyyən olunmuş faktın yenidən məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Bu səbəbdən hakim hesab edir ki, ərizəçinin ərizəsi məhkəmədə baxılmalı olmadığı üçün onun yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Hakim qeyd edir ki, ərizəçiyə iş stajını təsdiq edən sənəddə (müəssisənin verdiyi arayış) işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinasından həmin sənədlərin mötəbərliyinə qiymət verilməklə həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizəçiyə iş stajını təsdiq edən sənəddə (müəssisənin verdiyi arayış) işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinasından həmin sənədlərin mötəbərliyinə qiymət verilməklə həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaqla müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar