Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-591/2021 16.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Abbasova Gülnarə Güləli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Firudin oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı “qərarın və sərəncamın ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12 nömrəli qərarının və AMEA-nın Prezidentinin xx xxxxxx 2020-ci il tarixli, 461 nömrəli sərəncamının ləğv edilməsi və onun AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 13 kitabın və 160-dan çox elmi əsərin müəllifidir, elmi fəaliyyəti ilə bağlı dünyanın 16 ölkəsində məruzələr etmişdir, AMEA-nın müxbir üzvüdir və professordur. Uzun müddət elmi fəaliyyətlə məşğul olmağı ilə bərabər Naxçıvan Dövlət Universitetində müxtəlif vəzifələrdə işləmişdir. AMEA RH-nin xx xxxxxx 2015-ci il tarixli qərarına əsasən o, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilmişdir. İl yarıma qədər həmin vəzifəni icra etmişdir. Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin ümumi yığıncağında gizli səsvermə yolu ilə 5-il müddətinə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə seçilmiş və Azərbaycan Milli Elmlər Akademiyasının RH-nin xx xxxx 2016-cı il tarixli qərarı ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təsdiq edilmişdir. İşlədiyi müddətdə mühüm dövlət əhəmiyyəti kəsb edən elmi tədqiqat işlərinə rəhbərlik etmişdir. Bu müddətdə 3 dəfə fəxri fərman və bir medalla təltif olunmuşdur. O, səhhəti ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci ildə həkimə müraciət etmiş, həkim nəzarəti altında xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə kimi müalicə olunmuşdur. Bu müddətdə əmək qabiliyyəti olmadığı üçün işə çıxa bilməmişdir. O, müalicə olunduğu müddətdə AMEA Hüquq və Kadr idarəsi rəisi Rasim Ağasiyev və AMEA-nın vitse prezidenti akademik İradə Hüseynova ona zəng edərək bildirmişdir ki, “rəhbər onunla işləmək istəmir, ərizəni ver get, əks halda qərarla işdən azad oluncaqsınız, bütün titulların geri alınacaqdır”. O onlara bildirmişdir ki, o, xəstədir, müalicə olunur, müalicədən sonra gələr, ərizə vermək səbəblərini araşdırıb, sonra zərurət olarsa ərizəsini verər. xx xxxxxx 2020-ci il tarixdə mətbuatdan öyrəndi ki, o, AMEA-nın X3 akademik Ramiz Mehdiyev sərəncamı ilə vəzifədən azad edilmişdir. Bundan sonra, o, işdən azad olunması ilə bağlı hüquqi sənədlərin ona verilməsi barədə müraciət etmişdir. Onun müraciətlərindən sonra xx xxxxxx 2020-ci il tarixdə AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarının və AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyevin xx xxxxxx 2020-ci il tarixli, 461 nömrəli Sərəncamının surəti ona verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarı ilə o, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilmişdir. AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyev həmin qərarı əsas götürərək, xx xxxxxx 2020-ci il tarixli, 461nömrəü Sərəncamı ilə onun, yəni AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü İddiaçı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarında göstərilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik İradə Hüseynova AMEA-nın Prezidentinə xx xxxxxx 2020-ci il tarixli H-1169 nömrəli təqdimat ünvanlayaraq bildirmişdir ki, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru İddiaçı instuta rəhbərlik etdiyi dövrdə elmi və idarəçilik sahəsində səriştəsi olmadığından tabeliyində olan əməkdaşlarla işgüzar fəaliyyəti qura bilməmiş, işçilərin hüquqlarını və mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla iş yerində mütəmadi olaraq sosial və psixoloji gərginliyin yaranmasına səbəb olmuşdur. AMEA-nın vitse-prezidenti İradə Hüseynovanın təqdimatının heç bir əsası yoxdur. Onun həmin təqdimatla tanış olmağına, təqdimatda göstərilənlərə onun münasibət bildiriməsinə şərait yaradılmamış, təqdimatın verilməsi və AMEA-nın RH-nin iclasının keçirilməsi barədə ona bildirilməmiş, onun iştirakı olmadan təqdimata baxılmışdır. Sonra o, təqdimatın sürətinin ona verilməsini xahiş edəndə, təqdimatın surətini ona verməkdən imtina edilmişdir. Eyni gündə həm təqdimatın verilməsi, həm də AMEA-nın RH-nin iclasının çağrılaraq tələm-tələsik, onun xəstə olmağından istifadə edilərək ona bildirilmədən, onun iştirakım olmadan qərar verilməsindən belə nəticəyə gəlinir ki, bu təqdimatın verilməsi və onun tələm-tələsik müzakirəyə çıxarılaraq onun tutduğu vəzifədən azad edilməyi, həm də yeni təyin olunmuş direktor Qərib Məmmədovun isə gəldiyi gün xx.xx.2020 tarixdə AR ƏM 70 ç maddəsi ilə onun elmi iş apardığı laboratoriyadan, adi elmi işçi vəzifəsindən də azad etməyi ona qarşı qərəzli mövqeyin olması və hazırda demək istəmədiyi müəmmalı sifarişin yerinə yetirilməsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. O, instituta rəhbərlik etdiyi müddətdə əmək funksiyasını layiqincə yerinə yetirmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən əmək vəzifələrini kobud şəkildə pozmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarı və AMEA-nın Prezidenti akademik Ramiz Mehdiyevin xx xxxxxx 2020-ci il tarixli, 461 nömrəli Sərəncamı Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd olunan maddələrinin tələbləri pozulmaqla çıxarılmışdır. Buna görə də, AMEA-nın Rəyasət Heyətinin xx xxxxxx 2020-ci il tarixli, 20/12-nömrəli Qərarını və AMEA-nın Prezidentinin xx xxxxxx 2020-ci il tarixli, 461-nömrəli Sərəncamının ləğv edilməsi və onun AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinə uyğun izahat verərək, eləcə də, izah etdi ki, AMEA-nın vitseprezidenti İradə Hüseynovanın təqdimatının heç bir əsası yoxdur. Onun həmin təqdimatla tanış olmağına, təqdimatda göstərilənlərə onun münasibət bildiriməsinə şərait yaradılmamış, təqdimatın verilməsi və AMEA-nın RH-nin iclasının keçirilməsi barədə ona bildirilməmiş, onun iştirakı olmadan təqdimata baxılmışdır. Sonra o, təqdimatın sürətinin ona verilməsini xahiş edəndə, təqdimatın surətini ona verməkdən imtina edilmişdir. Onu Həmkarların iclasına da çağırmamışlar. Eyni gündə həm təqdimatın verilməsi, həm də AMEA-nın RH-nin iclasının çağrılaraq tələm-tələsik, onun xəstə olmağından istifadə edilərək ona bildirilmədən, onun iştirakım olmadan qərar verilməsindən belə nəticəyə gəlinir ki, bu təqdimatın verilməsi və onun tələm-tələsik müzakirəyə çıxarılaraq onun tutduğu vəzifədən azad edilməyi, həm də yeni təyin olunmuş direktor Qərib Məmmədovun isə gəldiyi gün xx.xx.2020 tarixdə AR ƏM 70 ç maddəsi ilə onun elmi iş apardığı laboratoriyadan, adi elmi işçi vəzifəsindən də azad etməyi ona qarşı qərəzli mövqeyin olmasıdır. Onu işdən azad edərkən o, xəstəliyi ilə əlaqədar bülletendə olmuşdur. Ondan bu illər ərzində yalnız bir şəxs, Faiq Hüseynov adlı şəxs şikayət ərizələri yazmışdır ki, o da maraqlı şəxslər tərəfindən öyrədilmiş adamdır, çünki onun nailiyyətləri bu adamların xoşuna gəlmirdi. F.Hüseynovun yazdıqlarının hamısı şər və böhtandır. O, barəsində verilmiş qərarla razı deyil və onu tamamilə ədalətsiz və qanunsuz hesab edir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsaslı olduğundan təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Milli Elmlər X1 nümayəndəsi Nümayəndə Firudin oğlu iddianı qəbul etməyib, etirazını məhkəməyə təqdim edərək bildirir ki, iddiaçı öz iddia ərizəsində göstərir ki, o, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixinədək həkim nəzarəti altında müalicə alırdı. Lakin İddiaçı həmin dövr üçün Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının rəhbərinə və AMEA Biologiya və Tibb bölməsinə xəstəlik vərəqəsini təqdim etməmişdir. Əksinə həmin dövr İddiaçı zoom vasitəsi ilə dörd dəfə İnstitutun əməkdaşları ilə onlayn qaydada müşavirə və iclaslar keçirmişdir. Həmçinin elmi bölmənin illik hesabatında iştirak edərək çıxış etmişdir. Bütün bu faktlar onu deməyə əsas verir ki, İddiaçı həmin vaxtlarda xəstə olmayıb, həmçinin o bir neçə dəfə öz iş yerinə də gəlib getmişdir. İddiaçı öz iddia ərizəsində göstərir ki, işdən çıxması barədə o, xx xxxxxx 2020-ci il tarixində mətbuatdan öyrənib və o, işdən çıxması barədə sənədləri xx xxxxxx 2020-ci il tarixində almışdı. Həmin yazılanın heç bir əsası yoxdur, çünki işdən çıxması barədə əvvəldən bilmişdir və öz əmək kitabçasını xx xxxxxx 2020-ci il tarixində AMEA-nın elmi müəssisə təşkilatlarının direktorlarının əmək kitabçalarının qeydiyyat kitabında imzalayıb götürmüşdür. İddiaçı işində yol verdiyi nöqsanlara görə AMEA Prezidenti tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşdur. Bu faktı AMEA Prezidentinin xx xxxxx 2017-ci il tarixli 191 nömrəli, xx xxx 2017-ci il tarixli 296 saylı sərəncamları təsdiq edir. Həmçinin işləyən dövr ərzində İddiaçı elmi və inzibati idarəçilik sahəsində tabeliyində olan əməkdaşlarla etik davranış qaydalarını pozmuş, işgüzar fəaliyyət qura bilməmiş, işçilərin hüquqlarını və mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla rəhbərlik etdiyi institutda mütəmadi olaraq sosial və psixioloji gərginliyin yaranmasına səbəb olmuşdur. Nəticədə onun barəsində dəfələrlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından, Bakı Baş Prokurorluğundan və bir sıra müvafiq dövlət hakimiyyət orqanlarından şikayətlər daxil olmuşdur. Bununla bağlı AMEA-nm vitse-prezidenti akademik İradə Hüseynova AMEA prezidenti akademik X8 yazmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Mili Elmlər Akademiyasının Nizamnamməsinin 12.10-cu bəndinə əsasən X4 Akademiyanın elmi müəssisəsinin direktorunu elmi müəssisənin tərkibində olduğu bölmənin təqdimatı ilə vaxtından əvvəl vəzifəsindən azad edə bilər. Buna görə də, İddiaçı iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o, 1978-ci ildən 4 saylı şəhər poliklinikasında sahə həkimi işləyir. xx.xx.2020-ci il tarixdə İddiaçı 220 arterial təzyiqi olub, ona stasionar müalicə lazım idi, lakin xəstə razılaşmırdı stasionar müalicə olunmağa. İddiaçı vəziyyəti ağır olduğu üçün ona 5 nömrəli xəstəxanaya müalicə üçün göndəriş vermiş, lakin xəstəxanada yer olmadığından onu götürməmişlər. G.Quliyev təzyiq ilə bağlı tez-tez təcili yardıma da müraciət edirdi. Onun vəziyyəti ağır olduğundan, təzyiqdən əlavə onun ürəyində də dəyişiklik var idi, xəstəlik vərəqəsini uzatmaq üçün bütün işlər görülmüş və xəstəlik vərəqəsinin müddəti artırılmışdır. Xəstəlik vərəqəsinin müddəti artırılarkən onun tərəfindən bütün qaydalara riayət olunmuşdur. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Milli Elmlər X1 xx xxxxxx 2020-ci il tarixli, 20/12 nömrəli qərarından görünür ki, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İddiaçı tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin xx xxxxxx 2020-ci il tarixli, 461 nömrəli sərəncamından görünür ki, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İddiaçı əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan 4 saylı şəhər poliklinikasının SN 00006 seriyalı 862332 №-li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 12.11.20-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər xəstə olmuşdur. İş materiallarında olan 4 saylı şəhər poliklinikasının SN 00006 seriyalı 935092 №-li əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 12.12.20-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixə qədər xəstə olmuşdur. İş materiallarında olan AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Ramiz Mehdiyevə ünvaladığı xx.xx.2020-ci il tarixli təqdimatdan görünür ki, AMEA Rəyasət Heyətinin xx xxxxxx 2015-ci il tarixli 3/3 nömrəli qərarı ilə AMEA-nın müxbir üzvü İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. Ötən dövr ərzində İddiaçı elmi və inzibati idarəçilik sahəsində səriştəsi olmadığından tabeliyində olan əməkdaşlarla işgüzar fəaliyyət qura bilməmiş, işçilərin hüquqlarını və mövcud qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla rəhbərlik etdiyi institutda mütəmadi olaraq sosial və psixoloji gərginliyin yaranmasına səbəb olmuşdur. Nəticədə onun barəsində dəfələrlə Azərbaycan Respublikası Prezidenti Administrasiyasından və bir sıra müvafiq dövlət hakimiyyət orqanlarından şikayətlər daxil olmuşdur. Belə ki, İddiaçı əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozduğu, əmək və icra intizamını pozaraq işdə ciddi nöqsanlara yol verdiyi üçün ona AMEA prezidentinin xx.xx.2017-ci il tarixli 191 nömrəli sərəncamı ilə “xəbərdarlıq” elan edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2017-ci il tarixli 02/2-1052q-17/924 nömrəli məktubuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş məlumatın araşdırılması üçün AMEA prezidentinin xx xxx 2017-ci il tarixli 296 nömrəli sərəncamı ilə komissiya yaradılmışdır. Komissiyanın araşdırmasının nəticələrinə əsasən AMEA prezidentinin xx.xx.2017-ci il tarixli 296 nömrəli sərəncamı ilə İddiaçı gələcəkdə işlərində oxşar nöqsanlara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbeh tədbiri görüləcəyi bildirilməklə “xəbərdarlıq” elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2014-cü il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Mili Elmlər Akademiyasının Nizamnamməsinin 12.10-cu bəndinə əsasən X4 Akademiyanın elmi müəssisəsinin direktorunu elmi müəssisənin tərkibində olduğu bölmənin təqdimatı ilə vaxtından əvvəl vəzifəsindən azad edə bilər. Yuxarıda qeyd edilənlərə və Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin tələblərinə əsasən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru AMEA-nın müxbir üzvü İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi üçün müvafiq göstəriş verlməsi xahiş olunmuşdur. Azərbaycan Milli Elmlər X6 İttifaqının xx.xx.2020-ci il tarixli, 065/10-61 nömrəli AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən AMEA-nın X9 sözügedən məktubla adı göstərilən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə etiraz etməməsi bildirilmişdir. Təqdim olunmuş Azərbaycan Milli Elmlər X6 İttifaqının sədri H.Qurbanovun Səbail rayon Məhkəməsinin sorğusuna ünvanladığı xx.xx.2021-ci il tarixli, 065/10-20 saylı məktubdan görünür ki, Covid-19 infeksiyası ilə əlaqədar bəzi məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Baş nazirinin xx xxxxxxx 2020-ci il tarixli 10/1105 nömrəli məktubuna əsasən iş yerlərində işçilərin sayının ən çoxu 30 faizi işə cəlb edilməsi və 65 yaşdan yuxarı olan işçilərin işə cəlb edilməməsinə əsasən bildirir ki, AMEA X7 Rəyasət Heyətinin 9 üzvündən 7-nin yaşları 65 yaşdan yuxarı olduğu üçün xx.xx.2020-ci il tarixində Rəyasət Heyətinin iclasını keçirə bilməmişlər və ona verilən təqdimat və sənədləri təhlil edərək AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsinə razılıq vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər” başlıqlı 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh tərəfindən Azərbaycan Milli Elmlər X6 İttifaqının İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad edilməsinə razılıq verilməsinə dair hər hansı yazılı qərarı məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, qanunun qeyd olunan tələbinə cavabdeh tərəfindən əməl olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinə əsasən işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, qanunun qeyd olunan normasının tələbinə zidd olaraq mübahisələndirilən qərarlar cavabdeh tərəfindəın işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövründə verilmişdir. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən İddiaçı Gülüş oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Milli Elmlər X1 xx.xx.2020-ci il tarixli, 20/12 saylı qərarı və Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin xx.xx.2020-ci il tarixli, 461 saylı sərəncamı ləğv edilsin. İddiaçı AMEA-nın Torpaqşünaslıq və Aqrokimya institutunun direktoru vəzifəsinə bərpa olunsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-591/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-591/2021
16.03.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver