Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-6/2022 20.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh hüquqi varisi X5, X6 və X7 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsil tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh, X6 və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borcular Cavabdeh, X9 və X2 2448.12 manat əsas borc, 298.12 manat faiz borcu, 442.48 manat cərimə borcu olmaqla, cəmi 3188.72 manat və 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq idddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 07.07.2011-ci il tarixli, 105-11 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 27% faiz ödənilmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında imzalanmış 03 iyul 2012-ci il tarixli 1 saylı “Razılaşmaya”ya görə 07 iyul 2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsi 20 sentyabr 2013-cü il tarixə kimi uzadılmışdır. Tərəflər arasında imzalanmış 17 sentyabr 2013-cü il tarixli 2 saylı “Razılaşma”ya görə 07 iyul 2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsinin müddəti 17 dekabr 2014-cü il tarixə kimi uzadılmış və borcalan Cavabdeh həmin vaxt olan borc məbləğini bərabər hissələrlə ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X13 glu və X10 ilə həmin tarixdə 105-11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə müvafiq olaraq zaminlər Məmmədov ərid Rasim oğlu və X10 borcalan Cavabdeh bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin buna baxmayaraq, borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borcluların hesablanmış banka ödənilməmiş pul borcu 2448.12 manat əsas borc, 298.12 manat faiz borcu, 442.48 manat cərimə borcu olmaqla, cəmi 3188.72 manat təşkil edir. Səbail rayon Məhkəməsinin 2(009)-511/2018 saylı, 29.01.2018-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, X9 və X7 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsil tələbinə dair mülki iş üzrə icraat Cavabdeh 26.04.2014-cü ildə ölməsi ilə səbəbindən onun hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Bakı şəhəri 12 saylı Notariat Ofisinin məhkəmənin sorğusuna 324 saylı, 28.03.2022ci il tarixli cavab məktubundan görünür ki, X4 müraciəti əsasında 26.04.2014-cü ildə ölmüş atası Cavabdeh adına vərəsəlik işi açılmış, X1 Sərxan Çingiz oğlunun vərəsəsi kimi tanınmış və 20.07.2019-cu il tarixdə 2V-20 reyestri Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-06/2022 saylı, 30.03.202-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək, X11 atası Cavabdeh hüquqi varisi kimi işə baxılmasına cəlb olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələblərini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.07.2011-ci il tarixli, 105-11 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 27% faiz ödənilmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 və X10 arasında bağlanmış 07 iyul 2011-ci il tarixli, 105-11 saylı zaminlik müqaviləsindən görünür ki, həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X9 və X10 Cavabdeh "xxxx" ASC qarşısında kredit borcu öhdəlikləri üzrə zamin durmuşlar. İş materiallarında olan 07.07.2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsinin müddətinin uzadılması barədə 03.07.2012-ci il tarixli 1 nömrəli razılaşmadan görünür ki, 1 saylı “Razılaşmaya”ya görə 07 iyul 2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsi 20 sentyabr 2013-cü il tarixə kimi uzadılmışdır. İş materiallarında olan 07.07.2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsinin müddətinin uzadılması barədə 17.09.2013-cü il tarixli 2 nömrəli razılaşmadan görünür ki, 2 saylı “Razılaşmaya”ya görə 07 iyul 2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsi 17 dekabr 2014-cü il tarixə kimi uzadılmışdır. İş materiallarında olan AZ-İ 725637 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 26 aprel 2014-cü il tarixdə kəskin ürək çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015 ilin mart ayının 13 günündə 107 № ilə qeyd edilmişdir. İş materiallarında olan 10/N-6799 saylı, 18.10.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənilməmiş əsas borcu 2448.12 manat, faiz borcu 1085.26 manat, cərimə borcu 381.89 manat təşkil edir. İş materiallarında olan 10/N-6799 saylı, 16.11.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənilməmiş əsas borcu 2448.12 manat, faiz borcu 298.12 manat, cərimə borcu 442.48 manat təşkil edir. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehlərə borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 472.2-ci maddələrinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsin əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verildikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini almış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 04.06.2018-ci il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısınıda birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh arasında bağlanmış 07.07.2011 -ci il tarixli, 105-11 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 27% faiz ödənilmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər X13 oglu və X10 ilə həmin tarixdə 105-11 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsi üzrə dövri ödənişlər etməli olduğu halda öhdəliyini pozaraq borcunu vaxtında qaytarmamışdır. Nəticədə cavabdehin banka 2448.12 manat əsas, 298.12 manat faiz borcu yaranmışdır. Beləliklə, cavabdehin iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliklərinin pozulması halı baş vermişdir. İş materiallarında olan 12 saylı Notariat Ofisinin məhkəmənin sorğusuna 324 saylı, 28.03.2022-ci il tarixli cavab məktubundan görünür ki, X11 26.04.2014-cü ildə ölmüş atası Cavabdeh vərəsəsi kimi tanınmış və 20.07.2019-cu il tarixdə 2V-20 reyestri Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh hüquqi varisi X3 07.07.2011-ci il tarixli, 105-11 saylı kredit müqaviləsi üzrə 2448,12 manat əsas, 298,12 manat faiz borcu tələbi əsaslıdır və təmin edilməlidir. Lakin cavabdehdən 442.48 manat məbləğində cərimə məbləğinin tutulmasına gəldikdə isə məhkəmə bu iddianı qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin dəbbə pulunun bir növü olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı bankın bu məbləğdə dəbbə hesablaması ədalətli deyildir və bu məbləğin kredit müqaviləsi üzrə 171,36 manat həcmində müəyyənləşdirilməsi tərəflərin əmlak mənafeləri baxımından daha ədalətlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, zaminlərə qarşı iddia tələbi əsassızdır və aşağıdakılara görə təmin olunmamalıdır. Yuxarıda göstərildiyi kimi, cavabdehlər X9 və X10 borc müqaviləsi üzrə bank qarşısında Cavabdeh zaminidirlər. Bununla əlaqədar olaraq, onunla iddiaçı arasında yaranmış hüquq münasibətləri mülki qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Buradan görünür ki, zaminin məsuliyyəti əsas müqavilənin şərtləri ilə məhdudlaşır. İcra müddəti üzrə və ümumi həcmə görə əsas öhdəlik dəyişdirildikdə zaminliyə xitam verilir, belə ki, bu, zaminin razılıq vermədiyi məsuliyyətinin artmasına gətirib çıxarır. İş materiallarından görünür ki, Cavabdeh ilə kredit müqaviləsi 07 iyul 2011-ci il tarixdə 18 ay müddətinə (07.01.2013-cü il tarixədək) illik 27% olmaqla 2500 manat məbləğinə bağlanmışdır. Buradan görünür ki, zaminlər F.Məmmədov və R.Məmmədov öz öhdəsinə Cavabdeh tərəfindən kredit müqaviləsinin göstərilən müddətdə və borcun şərtləndirilmiş məbləğində icra edilməsinə görə məsuliyyət götürmüşlər. Bununla yanaşı, iddiaçı bank borcun məcburi tutulması barədə iddia ilə məhkəməyə yalnız 20 noyabr 2017ci il tarixdə, yəni öhdəliklərin icrası müddətinin keçməsindən sonra müraciət etmişdir. Bu halda, Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 470.2, 471-ci maddələrinin şərh edilməsi haqqında” 04 sentyabr 2012-ci tarixli qərarının izahına əasən məhkəmələr zaminin məsuliyyətinin yeni şərtlərlə dəyişdirilməsinə razılığının olmasını yoxlamalıdırlar. Əks təqdirdə zaminlik müqaviləsinin qüvvəsi müəyyən olunmuş qaydada xitam olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki zaminlər F.R.Məmmədov və R.V.Məmmədov zaminlik müqaviləsinin müddətinin yeni şərtlərlə uzadılmasına dair yazılı razılığı iddia tələbinə əlavə olunmamışdır. Məhkəmə iclasında da belə razılaşma iddiaçı tərəfindən təqdim olunmadı. Şərh olunan hallara və qanunun yuxarıda göstərilən normasının digpozisiyasına əsasən cavabdehlər F.R.Məmmədovun və R.V.Məmmədovun zaminlik müqaviləsinin qüvvəsinə 07 iyul 2013-cü il tarixdə xitam verilmişdir və bununla əlaqədar olaraq onlara qarşı müştərək məsuliyyət barədə tələb irəli sürülə bilməz. Bu əsasla onlar, 07.07.2011-ci il tarixli 105-11 saylı kredit müqaviləsi üzrə borcluların sırasından çıxarılmalıdırlar. Ona görə də, onlara qarşı irəli sürülən iddia təmin edilmədən saxlanılmalıdır. Məhkəmə bu qənaətə gələrkən MM-nin 467-ci maddəsinin müddəalarını, həmçinin hüququn ümumi prinsiplərindən biri olan vicdanlılıq prinsipini rəhbər tutur. Belə ki, qanunvericilik dəbbə pulunun miqdarı haqqında razılaşmanın müqavilə tərəfinin iradəsinə buraxarkən hüququn ümumi prinsipinə uyğun olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün LPO olan "xxxx" ASC tərəfindən 30 manat manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 43,89 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh hüquqi varisi X3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 2448.12 (iki min dörd yüz qırx səkkiz manat on iki qəpik) manat əsas, 298.12 (iki yüz doxsan səkkiz manat on iki qəpik) manat faiz, 171.36 (yüz yetmiş bir manat otuz altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2917.6 (iki min doqquz yüz on yeddi manat altmış qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-6/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-6/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver