Məhkəmə qərarları › İş №2(009)-605/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-605/2021

18.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-605/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X24 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-yə qarşı əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin X24 və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-yə qarşı əmrin etibarsız sayılaraq ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.1989-cu il tarixdən işdən azad olunduğu xx.xx.2020-ci il tarixə kimi əvvəlcə rabitə qovşağı, daha sonra isə adı dəyişdirilən Cavabdeh1 MMC-nin X20 30 ildən çox bir müddətdə müxtəlif vəzifələrdə işləmişdir. Bu illər ərzində həmişə işinə məsuliyyətlə yanaşaraq rəhbərlik və xidmət etdiyi şəxslər onun işindən razı qalmaları çalışmışdır. İndiyə qədər iş yerində ondan heç bir narazılıq olmayıb, bu səbəbdən də o, heç vaxt intizam tənbehi almamışdır. Sonuncu iş yerində X21 Müştəri Xidmətləri Şöbəsində əməliyyatçı vəzifəsində işlədiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixdə onu işdən azad etmişlər. Bu zaman onun bir sahədə otuz ildən çox zaman ərzində nöqsansız işləməsini nəzərə almayaraq onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehi tətbiq edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə onu işdən azad etmişlər. Bu barədə işəgötürənin xx.xx.2020-ci il tarixli 1980 saylı əmrində qeyd edilir ki, “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq əmr edirəm: Cavabdeh1 MMC-nin X21 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin”. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında olan bu əmri ilə işçilərlə işəgötürlənlər arasında yaranan əmək münasibətlərini habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətlərini tənzim edən Əmək Məcəlləsinin tələblərini, onun hüquqları və qanunla qorunan mənafeyi kobud şəkildə pozulmuşdur. İşəgötürənin 1980 saylı, xx.xx.2020-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi onun tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, bu əmrin verilməsi üçün əsas isə Siyəzən RF-nin təqdimatı, Siyəzən RF-nin Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər olmuşdur. Hesab edir ki, işəgötürənin mövqeyi ona qarşı qeyri-qanuni və qərəzlidir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi zaman qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. İşəgötürənin əmrdə göstərdikləri həqiqətə uyğun olmadığı üçün onun işdən azad edilməsi əmək qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə həyata keçirilmişdir. İşəgötürənin onun işdən azad etməsinə səbəb onun tərəfindən 3 nəfər Siyəzən şəhər sakinlərinə dövlət tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmələr (190 manat) ilə əlaqədar verilən zaman, yəni 2020-ci ilin aprel ayında belə şəxslərin şəxsiyyət vəsiqələrini poçta təqdim edən həmin şəxslərin yaxınlarına verməsi olmuşdur. İşəgötürən ona intizam tənbehi tətbiq edərək onu işdən azad edərkən onun uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il müddətində işində heç bir nöqsana yol verməməklə, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərini intizam tənbehlərinin verilməsi sahəsində əmək qanunveriliciyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək aralarındakı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, 2020-ci ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə ƏMnin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bununla da intizama xətasına yol verməsi hesab olunan hərəkətlərə görə onu işdən azad etmiş, bu zaman qanunvericiliyin konkret olaraq AR Əmək Məcəlləsinin “İntizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin maddəsinə əsasən “intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi, işəgötürən onun tərəfindən intizam xətası törətməsi hesab etdiyi 190 manat işsizlik müavinətlərinin verilməsi zamanı 2020-ci ilin aprel ayında törədilmiş intizam xətasını əsas götürərək işəgötürən tərəfindən həmin müddətdən 7 ay keçəndən sonra ona intizam tənbehi verərək, onunla bağlanmış əmək müqaviləsinə xx xxx 2020-ci il tarixli, 1980 saylı əmrlə xitam verməsi kobud qanun pozuntusudur. Eyni zamanda işəgötürən tərəfindən bir sıra digər qanun pozuntularına yol vermişdir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona münasibətdə işəgötürən hüquq normasının bu imperativ tələbini kobud şəkildə pozmuş, nəinki hüquq normasına əməl etməmiş, eyni zamanda daha ciddi qanun pozuntusuna yol verərək, onun 15, 16, 17 və xx xxxxxx 2020-ci il tarixlərindən işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyanı və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinə əhəmiyyət verməyərək, işəgötürən özünün xx.xx.2020-ci il tarixli 1380 saylı əmri ilə, xx.xx.2020-ci il tarixdən onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əgər o, 15,16,17 və xx xxxxxx 2020-ci il tarixlərində iş yerində X20 işdə olmaqla, Müştəri xidmətləri şöbəsində əməliyyatçı kimi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişdirsə, işəgötürənin onun işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə olan xx.xx.2020-ci il tarixli 1980 saylı əmri qanunsuz olmaqla özüözlüyündə etibarsız əmr sayılaraq ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı işəgötürənin xx.xx.2020-ci il tarixdən iddiaçını tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndi ilə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli, 1980 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçının əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X21 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçı X2 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin göstərmişdir ki, müdiriyyət onlara tapşırmışdır ki, ajıotaj yaratmadan vətəndaşları incitmədən ödənişləri həyata keçirin. O üç halda 190 manatı almalı olan şəxsin yaxın qohumu olan valideynlərinə vermişdir. May ayında bu nöqsan aşkar çıxarılandan dərhal sonra həmin pulu verdiyi adamlardan alaraq xəzinəyə daxil etdirmişdir. 1989-cu ildən poçt şöbəsində işləyir, bu müddət ərzində işəgötürən tərəfindən hər hansı intizam tənbehi almamışdır. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, işəgötürən iddiaçını əmək funksiyalarını pozma əsası ilə işdən azad etmişdir. Həmin funksiyalar əmək müqaviləsində əks olunmalı idi. Lakin iddiaçının 2020-ci ilin aprel ayında 190 manat ödənişin verilməsi ona vəzifə kimi həvalə edilmişdir. Digər tərəfdən həmin pozuntu aşkara çıxarılandan uzun müddət keçdikdən sonra işçi işdən həmin xətaya görə azad edilmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən bu qanunsuzdur. Həmkarların protokolunu isə hesab edir ki, məhkəmə sübut kimi qəbul etməməlidir. Belə ki, orda həmkarların sədri iştirak etməmiş və iclas keçirilməmişdir. İşdən azad olunma əmrinin qəbul edilməsindən 5 gün sonra da iddiaçı əmək funksiyalarını yerinə yetirmişdir. Bu isə verilən əmrin etibarsızlığı deməkdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddiaçı özü etiraf etmişdir ki, 190 manatı vermişdir. Etibarnamə olmadan pul verilib. Poçt şöbələrnə 190 manat vəsaiti almaq səlahiyyəti olan şəxsin şəxsiyyət vəsiqəsi ilə şəxsən özünə verilməsi barədə rəsmi teleqram göndərilmişdir. Aparılmış araşdırma zamanı bir çox poçt şöbəsinin əməkdaşları tərəfindən belə pozuntuların baş verməsi halı aşkar edilmiş, həmin pozuntular işəgötürən kimi onların imicinə ziyan vurmuş, həmkarların da razılığı alınaraq işdən azad olunma barədə əmrlər çıxarılmışdır. Hesab edir ki, əmr qanuni əsaslarla verilmişdir və bu səbəbdən iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğundan təmin edilməlidir. İş üzrə Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin (kontraktın) kserosurətindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin Siyəzən PF-nin MXŞ-də əməliyyatçı vəzifəsinə təyin edilmişdir. İş üzrə Mirzəyeva (Şahverdiyeva) Bürhanə Allahverən qızının əmək kitabçasının kserosurətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X21 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə X21 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən MXŞ-nın əməliyyatçısı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz olunmamışdır. İş üzrə üzrə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli 1980 saylı əmrin kserosurətindən görünür ki, Cavabdeh1 MMC-nin X21 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas: Siyəzən PF-nın təqdimatı, Siyəzən PF-nın Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqləyici sənədlər. İş üzrə Cavabdeh1 MMC-nin X21 xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli mədaxil qəbzlərin dublikatlarından görünür ki, göndərən X5 alan X6 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X17 alan X11 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X18 alan X11 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X19 alan X12 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X8 alan X4 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X13 alan X7 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə, - göndərən X1 alan X9 aid xx.xx.2020-ci il tarixli ********* No-li mədaxil qəbzin dublikatı üzrə əməliyyatları icraçı İddiaçı tərəfindən icra olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı uzun illər Cavabdeh1 MMC-nin X20 müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-nin X21 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə təyin edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh1 MMC-nin xx.xx.2020-ci il tarixli 1980 saylı əmri ilə iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Cavabdeh1” MMC-nin X21 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçısı vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi X21 təqdimatı, X21 Həmkarlar Komitəsinin Protokolu, izahat və digər təsdiqedici sənədlər göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli əmri AR Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Eyni zamanda cavabdeh əmri qəbul edərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən iddiaçı həmin əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş əmrdən və həmin əmrin çıxarılması üçün əsas olan sənədlərdən görünür ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə əsasən xitam verilməsi üçün əsas X21 təqdimatı, X21 Həmkarlar Komitəsinin protokolu, iddiaçının izahatı və digər təsdiqləyici sənədlər olmuşdur. Həmin sənədlərdən görünür ki, iddiaçı əmək vəzifələrinə zidd olaraq dövlət tərəfindən təyin edilmiş 190 manat yardım pulunu onu almağa hüququ olan şəxsin yaxın qohumuna poçt şöbəsində vermişdir. Halbuki həmin yardımın nağd şəkildə verilməsi qadağan olunmuşdur. Həmin nöqsan işəgötürən tərəfindən əmək funksiyalarının və əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi kimi qiymətləndirilmiş və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1. işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə. 2. Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. İddiaçı barəsində qəbul edilmiş əmrlə və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin aprel ayında əmək fuknsiyalarını icra edərkən nöqsana yol vermişdir. Həmin nöqsan ondan ibarət olmuşdur ki, iddiaçı işsizliklə bağlı 190 manat birdəfəlik yardımı almalı olan şəxslərin şəxsiyyət vəsiqələrini təqdim edən yaxın qohumlarına heç bir səlahiyyətverici sənədlər olmadan təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının bu nöqsanı işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Yəni bu nöqsan əmək funksiyasının və ya öhdəliyin pozulması yox, əmək vəzifələrinin pozulmasıdır. AR Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cü bəndinə əsasən əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Həmin Məcəllənin 10-cu maddəsinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək funksiyalarının düzgün yerinə yetirilməsi işçinin əmək vəzifəsinə aiddir . Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilədə işçinin öhdəliklərinin nədən ibarət olması konkret göstərilməmişdir. Əmək müqaviləsində yalnız işçinin vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarının yerinə yetirilməsi üzrə öhdəlik götürməsi göstərilmişdir. Məhkəmə izah edir ki, işçi əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun olaraq yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması, işçinin yerinə yetirməli olan işlərin yerinə yetirilməməsidir. Əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları yerinə düzgün yerinə yetirilməməsi əmək vəzifəsinin pozulması hesab edilir. Əmək vəzifələrinin işçi tərəfindən pozulması o halda kobud hesab edilir ki, həmin pozuntu Əmək Məcəlləsinin 72-ci maddəsində müəyyən edilmiş olsun. Məhz əmək vəzifələrinin kobud pozulması işəgötürənə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən intizam tənbehi kimi işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi hüququ verir. Məhkəmə qeyd edir ki, iddiaçının etdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsə də, həmin nöqsan yalnız Əmək Məcələlsinin 72-ci madəsində sadalanan hallar olduqda kobud hesab edilir. Yəni həmin nöqsan işəgötürənə işçi ilə bağlanmış əmək müqaviləsinə xtam verilməsi üçün o halda əsas verir ki, həmin pozuntu ƏM-nin 72-ci maddəsində sadalanan halların baş verməsinə səbəb olsun. Məhkəmə iclasında iddiaçının əmək vəzifələrinin pozulması halı müəyyən edilsə də, həmin pozuntunun ƏM-nin 72-ci maddəsində göstərilən hallarla nəticələnməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının törətdiyi və cavabdehin pozuntu kimi hesab etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. AR Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, hətta cavabdeh tərəfindən qəbul edilmiş əmr düzgün əsaslandırılmış əmr kimi, yəni aşkar edilmiş nöqsan əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qəbul edilsə belə, bu hal iddiaçı barəsində mübahisəli əmrin qəbul edilməsinə əsas kimi çıxış edə bilməzdi. AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “e” bəndinə əsasən işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, yaxud əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. X21 rəisi tərəfindən Cavabdeh1 MM-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, İddiaçı Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşdirmə qaydalarının tələblərinə cidd əməl olunması barədə Cavabdeh1 MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişdir . Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işsiz əhaliyə birdəfəlik ödənilməsi nəzərdə tutulan 190 manat pul onu almağa hüququ olan şəxsin yaxun qohumlarına təqdim edilmişdir. Lakin sonradan iddiaçı təqdim olunan həmin pulların geri qaytarılmasını təmin etmiş, yəni etdiyi nöqsanı etiraf edərək üzr istəmiş və uzunmüddətli əmək fəaliyyətini nəzərə alınmasını xahiş etmişdir. Yəni iddiaçının bu nöqsanı nəticəsində mülkiyyətçiyə ziyan vurulması və ya müəssisənin mənafeyinə ciddi xələl gətirilməsi müəyyən olunmamış və məhkəməyə bunu təsdiq edən sübutlar təqdim olunmamışdır. Bu səbəbdən iddiaçının bu nöqsanı əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçının törətdiyi nöqsan əmək vəzifələrinin kobud pozulması kimi hesab edildikdən sonra bu nöqsana görə tənbeh cavabdeh tərəfindən Əmək Məcəlləsində müəyyən edilmiş tələblərinin pozulması ilə tətbiq edilmişdir. AR Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Həmin Məcəllənin 186-cı madəsinin 2-ci bəndinin “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməsinə dair bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə görə işəgötürən işçiyə əmək vəzifələrinin kobud şəkildə pozmasına görə 6 ay ərzində intizam tənbehi verə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yol verdiyi nöqsan 2020-ci ilin aprel ayında baş vermiş, həmin nöqsana görə tənbeh isə 7 ay müddət keçdikdən sonra tətbiq edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verərkən qanunun tələblərini pozduğu üçün həmin əmr qanuni hesab edilə bilməz. Digər tərəfdən cavabdeh tərəfindən intizam tənbehi tətbiq edilərkən Əmək Məcəlləsinin 187ci maddəsinin tələbləri nəzərə alınmamış, yəni tənbeh tətdiq edilərkən iddiaçının şəxsiyyəti və peşəkarlıq səviyyəsi nəzərə alınmamışdır. AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Göründüyü kimi qanunun bu tələbinə əsasən işəgötürən intizam tənbehi tətbiq edərkən işçinin şəxsiyyətini, peşəkarlıq səviyyəsini mütləq qaydada nəzərə almalıdır, yəni bunu qanun imperativ olaraq tələb edir. Lakin məhkəmə qeyd edr ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinin tələbləri nəzərə alınmadığına görə qanunsuz hesab edilə bilməz. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndindən göründüyü kimi intizam tənbehinin verilməsi səlahiyyəti diskresion xarakter daşıyır. “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanununun 1.0.25-ci və 1.0.26-cı maddəsinə əsasən diskresion səlahiyyətlər – orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətdir; dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi ilə davranış imkanıdır. Məhkəmə hesab edir ki, işəgötürən işçinin əmək vəzifələrinin pozulmasına görə onun barəsində intizam tənbehi tətbiq etmkədə öz mülahizəsinə görə sərbəstdir və bu imkan qanunla müəyyən olunur. Bu səbəbdən tətbiq edilmiş intizam tənbehinin çox ağır olması əsası ilə qanunsuz hesab edilməsi barədə iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. Bununla belə məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslar və qaydalar pozulduğu üçün həmin əmr qanuni hesab edilə bilməz və bu səbəbdən də ləğv edilməlidir. AR Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Göründüyü kimi qanun birmənalı şəkildə işəgötürənə əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara və əsaslara düzgün riayət etməsi vəzifəsi qoymuşdur. Beləliklə cavabdeh əmək müqaviləsinə xitam verərkən həm əmək müqaviləsinə xitam verilməsi qaydasını, həm də əsasını pozmuşdur. Əmək müqaviləsinə xitam verilməsi qaydasının pozulması onda ifadə olunmuşdur ki, işəgötürən əmri yuxarıda qeyd olunduğu kimi düzgün əsaslandırmamışdır. Əmək müqaviləsinə xitam verilməsi əsasının pozulması isə ondan ifadə olunmuşdur ki, işəgötürən əmr qəbul edərkən əsas tutduğu halı qanunun tələblərini pozmaqla tətbiq etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr AR Əmək Məcəlləsinin 72, 83 və 187-ci maddəsinin tələblərinin pozulması ilə qəbul edildiyindən, həmin əmr qanunsuz hesab edilməklə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının işə bərpa edilməsi barədə tələbi əsaslı hesab olunaraq təmin olunduğu üçün, iddia tələbi məcburi işburaxmaya görə əmək haqqının tutulması hissəsində də əsaslı hesab edilməli və təmin edilməlidir. AR Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün və iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün, həmçinin cavabdeh dövlət tərəfindən maliyyələşdirilən müəsssəi olmadığı üçün cavabdehdən dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulmalıdır . AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Cavabdeh1 MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul etdiyi xx.xx.2020ci il tarixli 1980 saylı əmr qanunsuz sayılaraq ləğv edilsin və o, əvvəlki vəzifəsinə - Cavabdeh1 MMC-nin X21 Müştəri Xidmətləri şöbəsinə əməliyyatçı vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh1 MMC-dən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 10 (on) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar