Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-605/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi M.İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702,0 kv.m. qeyri-yaşayış binası xüsusi mülkiyyətindədir. Bir neçə gün bundan öncə əmlakının divarlarında və tavanında iri çatlar və çökmələr əmələ gəldiyini müəyyən etmişdir. Eləcə də qanunsuz aparılan tikintilər nəticəsində binasında qəza vəziyyəti yaranmışdır və bu səbəbdən o, qeyri-yaşayış binasından istifadə etmək imkanı məhdudlaşmışdır. Faktiki olaraq o, mülkiyyətində olan əmlakından kommersiya məqsədi ilə istifadə edib gəlir əldə etməsi imkansız duruma gəlmişdir. Cavabdehə və bu qanunsuzluqlara son qoyulmasını xahiş etsə də, cavabdeh məhəl qoymamış və əmlakına təhlükəli vəziyyət yaratmışdır. Məhz bu halda onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bildirsək istəyir ki, cavabdehin mənzilləri onun binasının əsas divarının üzərində qeyri-qanuni inşa edilmişdir. Nəticədə cavabdeh tərəfindən qeyri-qanuni aparılmış tikinti işləri onun əmlakının məhv olmasına səbəb olur. Başqa bir sözlərlə cavabdeh tikinti norma və qaydaları pozaraq özünə mənzil tikmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili ona məxsus binanın əsas yük daşıyıcı divarları üzərində quraşdırılmaqla birbaşa olaraq onun binasının yükün artırıb və bu hal mülkiyyətində olan əmlakının məhvinə aparır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun qeyri-yaşayış binasının üzərində cavabdeh tərəfindən inşa edilmiş yaşayış mənzilinin həmin hissəsinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan əmlakından kommersiya məqsədi ilə istifadə edə bilmədiyi üçün itirilmiş gəlirin müəyyən edilib cavabdehdən alınaraq və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında Cavabdeh1 əsl Cavabdeh2 ilə əvəl edilmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Vəkilov Müşviq İsa oğlu iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, həm mütəxəssis, həm də ekspert rəyləri ilə təsdiq olunur ki, cavabdehin mülkiyyətində olan və sökülməsi xahiş edilən tikililər tikinti norma və qaydalarına uyğun olmadan inşa edilmişdir. İddiaçının mülkiyyətində olan tikilinin zərər çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən qaldırılan iddia əsaslıdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, mübahisələndirilən tikili mülkiyyətdədir. Ekspertin verdiyi rəyi sübut kimi qəbul etmir. Tikili qanuni əsaslarla inşa edilmirsə dövlət reyestrində qeydiyyata alına bilməz. Mülkiyyət hüquqları qanunla və Konstitusiya ilə müdafiə olunur. Hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində yerləşən, ümumi sahəsi 702,0 kv.m. olan 33 saylı qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı sifarişinə əsasən “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18 saylı mütəxəssis rəyindən görünür ki: -1-ci, 2-ci və 3-cü suallar üzrə: rəyin təhqiqat hissəsinə göstərilənləri nəzərə alınmaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən 702 kv.m. qeyri-yaşayış binasının divarlarının və ya damının üzərində Cavabdeh1 tərəfindən 12,9m x 11,4m ölçüdə tikililər (faktiki yaşayış təyinatlı) inşa edildiyi müəyyən edilir və bu qeyri-yaşayış binasına artıq yüklənməsi nəticəsində həmin binanın divarlarında qüsurların, çatların yaranmasına səbəb ola bilər; -4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən 702 kv.m. qeyri-yaşayış binasının divarlarında qüsurların artması nəticəsində həmin binaya gələcəkdə təhlükə yarada bilər; -5-ci sual üzrə: rəyin tədqiqat hissəsinə göstərilənləri nəzərə alınmaqla Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən 702 kv.m. qeyri-yaşayış binasının divarlarının və ya damının üzərində Cavabdeh1 tərəfindən hər hansı bir tikili yaradılması Tikinti Norma və Qaydalarına uyğun aparılmamış, AzDTN 2.7-2-nin 6.2, 6.3-cü və 6.4-cü bəndlərinin tələbləri pozulmuşdur. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/1833 saylı rəyinə əsasən: -1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən qeyriyaşayış binasının giriş hissəsinin sol tərəfinin yükdaşıyan divarının və dam örtüyünün üzərində cavabdeh tərəfindən tikililər (12.9m x 11.4m) inşa edilmişdir; -2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən qeyriyaşayış binasının giriş hissəsinin sol tərəfinin yükdaşıyan divarının və dam örtüyünün üzərində əlavə tikililərin inşa edilməsi, qeyri-yaşayış binasının artıq yüklənməsinə, divarlarda qüsurların və çatların yaranmasına səbəb ola bilər. Lakin qeyri-yaşayış binasında yaranmış qüsurların hansı səbəbdən yaranması, o cümlədən bina üçün təhlükə yaradıb-yaratmaması, Azərbaycan Respublikası FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin müvafiq konstruktor rəyi təqdim olunduqdan sonra müəyyən edilə bilər; -3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanda yerləşən qeyriyaşayış binasının divarının və dam örtüyünün üzərində cavabdeh tərəfindən inşa edilmiş tikililər Tikinti Norma və Qaydalarına uyğun inşa edilməmiş, AzDTN 2.7-2-nin 6.2, 6.3 və 6.4-cü bəndlərinin tələbləri pozulmuşdur; -4-cü sual üzrə: qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 7, 12 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi, ev 7, 11 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlara əsasən Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 7 saylı evin 11 və 12 saylı mənzillərinin mülkiyyətçisidir. İş üzrə Bakı şəhəri 9 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurbanov küçəsində yerləşən 7 saylı evin 12 saylı mənzilini Cavabdeh2 bağışlamışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən, ümumi sahəsi 702,0 kv.m. qeyri-yaşayış binası mülkiyyətçisidir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 7 saylı evin 11 və 12 saylı mənzillərinin mülkiyyətçisi Cavabdeh2dur, Cavabdeh2 12 saylı mənzili onun əvvəlki mülkiyyətçisi Cavabdeh1 bağışlama yolu ilə əldə etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 33 ünvanında yerləşən 702,0 kv.m. qeyri-yaşayış binası xüsusi mülkiyyətindədir. Bir neçə gün bundan öncə əmlakının divarlarında və tavanında iri çatlar və çökmələr əmələ gəldiyini müəyyən etmişdir. Eləcə də qanunsuz aparılan tikintilər nəticəsində binasında qəza vəziyyəti yaranmışdır və bu səbəbdən o, qeyri-yaşayış binasından istifadə etmək imkanı məhdudlaşmışdır. Faktiki olaraq o, mülkiyyətində olan əmlakından kommersiya məqsədi ilə istifadə edib gəlir əldə etməsi imkansız duruma gəlmişdir. Cavabdehə və bu qanunsuzluqlara son qoyulmasını xahiş etsə də, cavabdeh məhəl qoymamış və əmlakına təhlükəli vəziyyət yaratmışdır. Məhz bu halda onun məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bildirsək istəyir ki, cavabdehin mənzilləri onun binasının əsas divarının üzərində qeyri-qanuni inşa edilmişdir. Nəticədə cavabdeh tərəfindən qeyri-qanuni aparılmış tikinti işləri onun əmlakının məhv olmasına səbəb olur. Başqa bir sözlərlə cavabdeh tikinti norma və qaydaları pozaraq özünə mənzil tikmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikili ona məxsus binanın əsas yük daşıyıcı divarları üzərində quraşdırılmaqla birbaşa olaraq onun binasının yükün artırıb və bu hal mülkiyyətində olan əmlakının məhvinə aparır. Göstərilənləri nəzərə alaraq iddiaçı onun qeyri-yaşayış binasının üzərində cavabdeh tərəfindən inşa edilmiş yaşayış mənzilinin həmin hissəsinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan əmlakından kommersiya məqsədi ilə istifadə edə bilmədiyi üçün itirilmiş gəlirin müəyyən edilib cavabdehdən alınaraq və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 136.2-ci maddəsinə əsasən mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2018-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən: “...mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün”. Mənzil qanunvericiliyi mahiyyətcə mülki hüququn tərkib hissələrindən biridir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Bununla yanaşı qeyd olunmalıdır ki, yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən stukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi).” Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, səmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətindən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cumlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və X1 haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən mülkiyyətçi öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə və ona dair sərəncam verə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə qeyd edir ki, cavabdehin mülkiyyətində olan mübahisəli mənzillər dövlət müdafiəsi altında olmaqla dövlət qeydiyyatına alınmışdır. Məhkəmə hesab edir ki, cavabdehin mənzillər üzərində olan mülkiyyət hüquqları ləğv edilmədən, həmin əmlaklara dair ədalətli kompensasiya ödənilmədən iddiaçının həmin mənzillərin sökülməsi ilə bağlı tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin iddiaçının mülkiyyətində olan əmlakdan kommersiya məqsədləri üçün istifadə edə bilmədiyinə görə itirilmiş gəlirin müəyyən edilib cavabdehdən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinin 2-ci hissəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərdən göründüyü kimi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, qaldırılan iddia əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu, həmçinin ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı onun qeyri-yaşayış binasının üzərində cavabdeh tərəfindən inşa edilmiş yaşayış mənzilinin həmin hissəsinin cavabdehin öz hesabına sökülməsi, mülkiyyətində olan əmlakından kommersiya məqsədi ilə istifadə edə bilmədiyi üçün itirilmiş gəlirin müəyyən edilib cavabdehdən alınaraq və iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia tələbləri təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-605/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-605/2025
12.12.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver