Məhkəmə qərarları › İş №2(009)-606/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-606/2021

18.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-606/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X11, Cavabdeh1 MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-nin X22 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Cavabdeh1" MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilərək etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəyə bərpa edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "Cavabdeh1" MMC-nin X22 və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Cavabdeh1" MMC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilərək etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, işçinin vəzifəyə bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin, xx xxxxxx 2020-ci il tarixdən onu tutuğu vəzifədən azad etməyi və onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 1981 saylı əmrinin ləğv edərək həmin əmrin etibarsız sayılması, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə onun əvvəlki iş yerinə Cavabdeh1 MMC-nin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1997-ci il tarixdən işdən azad olunduğu xx xxxxxx 2020-ci il tarixə kimi əvvəlcə rabitə qovşağı, daha sonra isə adı dəyişdirilərən Cavabdeh1 MMC-nin X21 23 ildən çox bir müddətdə müxtəlif vəzifələrdə, sonuncu vəzifəsi isə Filialın Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı kimi işləmişdir. Bu illər ərzində həmişə işinə məsuliyyətlə yanaşaraq, çalışmış ki, rəhbərlik və xidmət etdiyi şəxslər onun işindən razı qalsınlar. İndiyə qədər iş yerində ondan heç bir narazılıq olmamış, bu səbəbdən də o, heç vaxt intizam tənbehi almamışdır. Sonuncu iş yerində X20 Müştəri Xidmətləri şöbəsində əməliyyatçı vəzifəsində işlədiyi dövrdə yəni xx.xx.2020-ci il tarixdə onu işdən azad etmişlər. Bu zaman onun bu sahədə 24 ilə yaxın bir zaman ərzində nöqsansız işləməyi, nəzərə alınmayaraq, onun barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır və sonuncu intizam tənbehi tətbiq edilərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç”bəndi ilə onu işdən azad etmişlər. Bu barədə işəgötürənin xx.xx.2020-ci il tarixli, 1981 saylı əmrində qeyd edilir ki, “İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq əmr edirəm Cavabdeh1 MMC-nin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixdən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin”. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında olan bu əmri ilə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər münasibətlərini tənzim edən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini, onun hüquqlarını və qanunla qorunan mənafeyini kobud şəkildə pozmuşdur. Belə ki, işəgötürənin 1981 saylı, xx xxxxxx 2020-ci il tarixli əmrində əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi onun tərəfindən əmək funksiyasının və əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi, bu əmrin verilməsi üçün əsas isə Siyəzən PF-nin təqdimatı, Siyəzən PF-nin Həmkarlar Komitəsinin protokolu, izahat və digər təsdiqedici sənədlər olmuşdur. Hesab edir ki, işəgötürənin mövqeyi ona qarşı qeyri-qanuni və qərəzlidir. İşəgötürən, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verən zaman əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, o, işlədiyi müddətdə daima əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmişdir. Bununla əlaqədar çoxlu sayda fəxri fərman və tərifnamələr almışdır. İşəgötürənin əmrdə göstərdikləri həqiqətə uyğun olmadığı üçün, bir daha bildirir ki, işdən azad edilməyi əmək qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə həyata keçirilmişdir. Onun bildiyi qədər işəgötürənin onu işdən azad etməsinə səbəb 4 nəfər Siyəzən rayon sakinlərinə dövlət tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik ödəmələrin (190 manat) verilməsi zamanı, 2020-ci ilin aprel ayında bu şəxslərin şəxsiyyət vəsiqələrini poçta təqdim edən həmin şəxslərin yaxınlarına verməyi olmuşdur. Göründüyü kimi işəgötürən ona intizam tənbehi tətbiq edərək, onu işdən azad edərkən onu uzun müddət bu sahədə qüsursuz çalışmağını və 30 il müddətində işində heç bir nöqsana yol verməməsini, intizam məsuliyyətinə heç vaxt cəlb edilməməsini nəzərə almamış, əmək münasibətlərindəki intizam tənbehlərinin verilməsi hüququnda əmək qanunvericiliyində təsbit edilmiş özünün diskresion hüququndan qərəzli olaraq istifadə edərək, aralarındakı əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmişdir. Bundan əlavə işəgötürənin ona qarşı qərəzli olmasının nəticəsi ondan ibarətdir ki, 2020-i ilin aprel ayında baş vermiş pozuntuya görə işəgötürən ona qarşı ən ciddi və sonuncu intizam tənbehini tətbiq edərək, onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Bununla da intizam xətasına yol verməyi hesab olunan hərəkətlərə görə onu işdən azad etmiş bu zaman qanunvericiliyin konkret olaraq Əmək Məcəlləsinin “intizam tənbehi verilməsi qaydaları” adlanan 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmin Məcəllənin həmin maddəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Göründüyü kimi işəgötürənin onun tərəfindən intizam xətası törətməyi hesab etdiyi müavinətlərin verilməsi zamanı, 2020-ci ilin aprel ayında törədilmiş intizam xətasını əsas götürsək, onun tərəfindən həmin müddətdən 7 (yeddi) ay keçəndən sonra ona intizam tənbehi verərək, onunla bağlanmış əmək müqaviləsinə xx xxx 2020-ci il tarixli, 1980 saylı əmrlə xitam verməsi kobud qanun pozuntusudur. Eyni zamanda işəgötürən tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən işdən çıxan işçilərə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin ona münasibətdə işəgötürən hüquq normasının bu imperiativ tələbini kobud şəkildə pozmuş, nəinki hüquq normasına əməl etməmiş eyni zamanda daha ciddi qanun pozuntusuna yol verərək, onun 14 və xx xxxxxx 2020-ci il tarixlərindən işdə olmaqla əmək müqaviləsi üzrə öz əmək funksiyasını və müqavilə üzrə öhdəliklərini yerinə yetirməyinə əhəmiyyət verməyərək, işəgötürən özünün xx xxxxxx 2020-ci il tarixli, 1981 saylı əmri ilə, xx xxxxxx 2020-ci il tarixdən onu tutduğu vəzifədən azad etməklə, onunla bağlanmış əmək müqaviləsinə onun tərəfindən xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Əmək qanunvericiliyinin tələblərinə görə əgər o, 14 və xx xxxxxx 2020-ci il tarixlərində iş yerində X21 işdə olmaqla, Müştəri xidmətləri şöbəsində əməliyyatçı kimi öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmişsə, işəgötürənin onun işdən azad edilməyi və onunla bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə olan xx xxxxxx 2020-ci il tarixli, 1981 saylı əmri qanunsuz olmaqla, özü-özlüyündə etibarsız əmr sayılaraq ləğv edilməlidir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X16 iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 MMC-nin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "Cavabdeh1" MMC-nin X27 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "Cavabdeh1" MMC-nin X20 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin Siyəzən PF-nın MXŞ-də əməliyyatçı vəzifəsinə qəbul edilmişdir. - Siyəzən PF-nın əməliyyatçısı İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoruna yazılmış xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödəniş zamanı xx.xx.2020-ci il tarixdə X4 adına olan ödənişi eyniləşdirmə aparmadığı üçün qardaşı X8 vermiş, bir neçə gün sonra səhv etdiyini başa düşüb Elman Məmmədovu taparaq ondan ödənişi geri alıb MXŞ-ə təhvil vermişdir. - Siyəzən PF-nın əməliyyatçısı İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoruna yazılmış xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödəniş zamanı xx.xx.2020-ci il tarixdə X9 adına olan ödənişi eyniləşdirmə aparmadığı üçün atası X6 vermiş, bir neçə gün sonra səhv etdiyini başa düşüb Vurğun Cavadovu taparaq ondan ödənişi geri alıb MXŞ-ə təhvil vermişdir. - Siyəzən PF-nın əməliyyatçısı İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoruna yazılmış xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödəniş zamanı xx.xx.2020-ci il tarixdə X12 adına olan ödənişi eyniləşdirmə aparmadığı üçün anası X7 vermiş, bir neçə gün sonra səhv etdiyini başa düşüb Rübabə Kərimovanı taparaq ondan ödənişi geri alıb MXŞ-ə təhvil vermişdir. - Siyəzən PF-nın əməliyyatçısı İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoruna yazılmış xx.xx.2020-ci il tarixli izahatından görünür ki, ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödəniş zamanı xx.xx.2020-ci il tarixdə X13 adına olan ödənişi eyniləşdirmə aparmadığı üçün qardaşı X14 vermiş, bir neçə gün sonra səhv etdiyini başa düşüb Fərid Hümmətovu taparaq ondan ödənişi geri alıb MXŞ-ə təhvil vermişdir. - Cavabdeh1 MMC-nin Siyəzən PF-nın rəisi tərəfindən Cavabdeh1 MMC-nin baş direktoruna ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 83 nömrəli məktubundan görünür ki, ƏƏSMN tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmələrə dair araşdırma zamanı məlum olmuşdur ki, bir sıra vətəndaşlar ölkədə olsa da, PŞ-ləri tərəfindən vəsaitlər alıcının şəxsiyyət vəsiqəsinin məlumatları əsasında ailə üzvlərinə ödənilmişdir. Bunlardan bir sıra ödənişlər etibarnamə əsasında digərləri isə səhvən ödənilmişdir. Həmin ödəniş qəbzlərinin silinməsinə köməklik göstərilməsi xahiş olunmuş, ölkədə olmayan şəxslərə ödənilmiş vəsaitlərin xəzinəyə bərpa edilməsinin təmin ediləcəyi bildirilmişdir. - Siyəzən PF-nın rəisi tərəfindən Cavabdeh1 MMC-nin baş direktoruna ünvanlanmış təqdimatdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödəmələrə dair təqdim edilən siyahılar tərəfimizdən araşdırılarkən bir sıra neqativ hallar üzə çıxmışdır. Məlum olmuşdur ki, bir sıra vətəndaşlar ölkədə olmadıqları halda, MXŞ-si tərfindən vəsaitlər alıcının şəxsiyyət vəsiqəsinin məlumatları əsasında ailə üzvlərinə və kənar şəxslərə ödənilmişdir. MXŞ-nin əməliyyatçıları İddiaçı və X3 vəzifə təlimatını kobud şəkildə pozaraq eyniləşdirmə aparmadan birdəfəlik ödənişləri kənar şəxslərə ödəmişlər ki, bu da yolverilməzdir. İddiaçı xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il (2 nəfərə), Mirzəyeva Bürhanə xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixlərdə ümumilikdə 7 nəfərin ödənişlərini kənar şəxslərə ödəmişlər. Beləliklə, MXŞ-nin əməliyyatçıları, İddiaçı və X24 Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməsinə səhlənkar yanaşaraq, mövcud poçt qaydalarının tələblərini pozaraq, işsiz əhaliyə birdəfəlik (190 manat) ödənişlər zamanı müəyyən olunmuş prosedur və eyniləşmə qaydalarının tələblərinə ciddi əməl olunması barədə "Cavabdeh1" MMC tərəfindən dəfələrlə verilmiş tapşırıq və tövsiyələrə əməl etməyərək qanuna zidd hərəkətlərə yol vermişlər. MXŞnin əməliyyatçıları İddiaçı və X3 özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq onların tutduqları vəzifədən azad edilməsinə və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməyi xahiş etmişdir. - Siyəzən PF-nın Həmkarlar İttifaqı Komitəsinin 03 saylı, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, Həmkarlar İttifaqı komitəsi, MXŞ-nin əməliyyatçıları İddiaçı və X1 Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmalarına etiraz etməmişlər. - Cavabdeh1 MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 1981 saylı, xx xxxxxx 2020-ci il tarixli əmrindən görünür ki, Cavabdeh1 MMC-nin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xx.xx.2020-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-nin X27 ilə bağladığı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi reyestrə daxil edilmişdir. Beləliklə də, məhkəmə iclasında araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı Cavabdeh1 MMC-nin Siyəzən PF-nın MXŞ-də əməliyyatçı vəzifəsinə qəbul edilmişdir. Siyəzən PF-nın əməliyyatçısı İddiaçı tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli izahatlara əsasən ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödənişləri eyniləşdirmə aparmadan xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il (2 nəfərə) tarixlərdə onların ailə üzvlərinə vermiş, bir neçə gün sonra isə səhv etdiyini başa düşüb həmin şəxsləri taparaq onlardan ödənişləri geri alıb MXŞ-ə təhvil vermişdir. Siyəzən PF-nın rəisi Cavabdeh1 MMC-nin baş direktoruna ünvanlanmış təqdimat ilə MXŞ-nin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikləri üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq onların tutduqları vəzifədən azad edilməsinə və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməyi xahiş etmiş və Siyəzən PF-nın Həmkarlar İttifaqı Komitəsinin 03 saylı, xx.xx.2020-ci il tarixli protokoluna əsasən Həmkarlar İttifaqı komitəsi, MXŞ-nin əməliyyatçısı İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunmasına etiraz etməmiş və beləliklə Cavabdeh1 MMC-nin 1981 saylı, xx xxxxxx 2020-ci il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «d» bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri də işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etməkdir. Həmin Məcəllənin 186-cı maddəsinin İ hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Qeyd edilən normaya əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtiilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Göründüyü kimi, işçiyə işəgötürən tərəfindən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilməsi sonuncuyu qanunvericiliklə verilən hüquqdur. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 311-ci maddəsinə əsasən işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. İntizam tənbehinin verilməsi qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənir. Həmin normanın İ hissəsi intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Həmin normanın İİ hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsinin İİİ hissəsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən bir il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İşin materiallarından görünür ki, İddiaçı ƏƏSM Nazirliyi tərəfindən işsiz şəxslər üçün nəzərdə tutulan (190 manat) birdəfəlik ödənişləri eyniləşdirmə aparmadan xx.xx.2020-ci il xx.xx.2020-ci il, xx.xx.2020-ci il (2 nəfərə) tarixlərdə həmin çəxslərin ailə üzvlərinə vermiş və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.1-ci maddəsinə uyğun olaraq rəsmi olaraq izahatının verilməsi tələb edilmişdir. İddiaçı da qeyd edilənlərlə bağlı öz izahatını xx xxxx 2020-ci il tarixində işəgötürənə təqdim etmişdir. Siyəzən PF-nın rəisi Cavabdeh1 MMC-nin baş direktoruna inzibati tənbehin tətbiq edilməsi barədə təqdimatla müraciət edərək MXŞ-nin əməliyyatçısı İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini rəhbər tutaraq onun tutduğu vəzifədən azad edilməsinə və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməyi xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh işəgötürən tərəfindən iddiaçıdan qanuna zidd hərəkətlərinə görə xx.xx.2020-ci il tarixdə yazılı izahat alınsa da, ona verilən intizam tənbehi iddiaçının əmək intizamının pozulduğu aşkar edildiyi, eləcə də izahatı alındığı gündən 01 (bir) ay keçənədək deyil, hadisədən (aprel 2020-ci il) 07 (yeddi) aya yaxın vaxt, izahat alınmasından sonra isə 05 (beş) aydan artıq vaxt keçdikdən, yəni xx.xx.2020-ci il tarixdə işdən azad olunması barədə əmr verilmişdir ki, bu da Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. Məhkəmə cavabdeh tərəfin iddiaçıya intizam tənbehinin verilməsinin əmək qanunvericiliyi ilə təsbit edilmiş prosedur qaydalarına və müddətlərə riayət edilibedilməməsinə hüquqi qiymət verməkdə davam edərək bu nəticəyə gəlir ki, cavabdeh Əmək Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini qanun pozuntusunun aşkar edildiyi gündən bir ay keçənədək tətbiq etmək hüququna malik olduğu halda, qanunun bu tələbini nəzərə almayaraq iddiaçıya əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi aşkar edildiyi gündən 7 (yeddi) aya yaxın (izahatı alındıqdan sonra isə 5 (beş) aydan artıq) vaxt keçdikdən sonra intizam tənbehi verməklə həmin Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş qayda və müddətlərə riayət etməməklə qanunvericiliyin tələbləri ilə yanaşı iddiaçının hüquqlarını da pozumuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-nin 1981 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməli, iddiaçı Cavabdeh1 MMC-nin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunmalı, xx.xx.2020-ci il tarixdən işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.1-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, 30 manat dövlət rüsumu cavabdeh "Cavabdeh1" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində olan Cavabdeh1 MMC-nin 1981 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilməklə İddiaçı Cavabdeh1 MMCnin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunmalı, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməli, 30 manat dövlət rüsumu cavabdeh "Cavabdeh1" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı barəsində olan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh1 MMC-nin 1981 nömrəli, xx.xx.2020-ci il tarixli əmri ləğv edilsin və İddiaçı Cavabdeh1 MMC-nin X20 Müştəri xidmətləri şöbəsinin əməliyyatçısı vəzifəsinə bərpa olunsun. İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 30 manat dövlət rüsumu cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Cavabdeh1" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar