Məhkəmə qərarları › İş №2(009)-607/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-607/2024

18.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-607/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı ştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, son haqq-hesab pulunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin icraçı direktoru X1 xx.xx.2023-cü il tarixli əmri ilə onun Cavabdeh MMC-dən aşbaz vəzifəsindən azad edilməsinə dair verilmiş əmrin ləğv edilməsi, onun son haqq-hesab pulunun və adının Azərbaycan Respublitkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnvormasiya Siteminin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu 15 iyul 2023-cü il tarixdən sonra müddətli (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq (qüvvədə olduğu üçün o yeni işlə təmin edilə bilməməyin səbəbinə görə) Cavabdeh MMC tərəfindən ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Orada aşbaz vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. 2023-cü ilin yay mövsümündə Cavabdeh MMC-nin icraçı direktoru X4, hesab edir ki, onun məzuniyyət pulunu vermək istəmədiyindən (çünki o, məzuniyyət pullarının ödənilməsini xahiş etmişdir) onun üzərinə böhtan atmış və guya ki, ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi, düzgün çəkməmiş və nəticədə mənimsəmə etmişdir. Əslində o heç bir mənimsəmə etməmiş və işini vicdanla davam etdirmək istəsə də, cavabdeh ona işə buraxmırdı və xoşagəlməz, yəni onun üçün ağır nəticələrə səbəb olan münasibətlər yaradırdı. Bunu ona görə edirdi ki, qəsdən qalmaqal yaransın və bununla bağlı polis şöbəsinə müraciət etsin. O bunu tam anladığı üçün 15 iyul 2023-cü il tarixdə cavabdehə rəsmi ərizə ilə müraciət edərək onu öz xahişi ilə azad edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən ona məktub ünvanlanaraq bildirilmişdir ki, tərəflərindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, o, bir aydan artıq müddətdir ki, onlara hər hansı məlumat vermədən iş yerinə gəlmir. AR Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən üzürlü səbəb olmadan bir tam iş günü işə gələməməyi onunla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilməsi üçün əsasdır. Bu səbəblə ondan tələb edir ki, xx.xx.2023-cü il tarixində iş yerinə gələrək bu məsələ ilə bağlı izahat versin. Əks təqdirdə tərəflərindən qanunvericiliyə uyğun olaraq müvafiq addımlar atılacaqdır. Göründüyü kimi, cavabdeh qərəzli olaraq onun "Port& Wine" restoranına gəlməyini ona görə israr edirdi ki, ona qarşı ağır nəticələrə səbəb olan qurduğu senarini həyata keçirə bilsin. Cavabdehin yuxarıda qeyd edilən məzmunda məktubunu aldıqdan sonra cavabdehə aşağıda göstərilən məzmunda rəsmi müraciət göndərdi: "Tərəfinizdən mənə ünvanlanmış xx.xx.2023-cü il tariixli 05 nömrəli məktuba cavab olaraq bildirirəm ki, mən rəhbərlik etdiyiniz müəssisədə baş aşpaz vəzifəsində çalışmışam. 15 iyul 2023-cü il tarixdə, şəxsən Sizə rəsmi ərizə ilə müraciət edərək bildirmişəm ki, məni öz xahişimlə işdən azad edəsiniz və mənim əldə etmədiyim əmək haqqımı, o cümlədən son haqq-hesab pulumu verməyinizi xahiş etmişəm. Daha sonra, bundan sonra Siz məndən, haqsız və qərəzli olaraq Bakı şəhəri Səbail Rayon Polis Şöbəsinin 8-ci polis bölməsinə şikayət etmisiniz. Guya ki, mən rəhbərlik etdiyiniz müəssisədə son altı ayda mənimsəmə etmişəm. Bu tamamilə cəfəngiyyatdır. Çünki hər ayın sonunda aylıq sayım prosesi həyata keçirilirdi. Hazırda yenə də Sizə müraciət edərək xahiş edirəm ki, 15 iyul 2023-cü il tarixdə verdiyim ərizə əsasında məni öz xahişimlə işdən azad edəsiniz və mənə qanunvericilikdə nəzərdə tutulmuş ödəmələri - son ayın əmək haqqını və son haqq hesab pulunu - istifadə etmədiyim məzuniyyət pullarının əvəzinini pul formasında mənə ödəyəsiniz". Daha sonra, ona qarşı Cavabdeh MMC-nin icraçı direktoru X2 əmək qanunvericiliyinin müddəalarını pozan hərəkətlərə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər idarəsinə müraciət etdi və ona köməklik edilməsini xahiş etdi. Müraciəti xx.xx.2023-cü il tarixli məktubla cavablandırıldı və həmin məktubda göstərilmişdir ki, “Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə ərizənizin araşdırılmasında iştirakınızın zəruri olması və qeyd etdiyiniz pozuntuların dəqiqləşdirilməsi məqsədilə əmək haqqı barədə bank çıxarışı və şəxsiyyət vəsiqəsilə 7 iş günü ərzində Bakı şəhəri üzrə hər hansı DOST mərkəzinin birinə gəlməyiniz xahiş olunur”. O, qeyd edilənlərə əməl etdikdən sonra, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı Şəhər İdarəsindən 13 oktyabr 2023-cü il tarixdə ona yeni məktub ünvanlandı və həmin məktubda göstərilmişdir: “Sizin Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə müraciətinizlə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-33592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin poçt xidməti tərəfindən məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatdırılsa da, Sizə aid tələb olunan sənədlər təqdim olunmadığından müraciətinizin araşdırılması mümkün olmamışdır. Bununla yanaşı, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən, Sizinlə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin elektron informasiya sistemində qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin bildiririk ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” Cavabdeh Sərdar İsayevin xx.xx.2023-cü il tarixli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək vəzifərini kobud şəkildə pozduqda), bu Məcəllənin 72-ci maddəsinin "c" bəndinə (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin surəti poçt vasitəsilə qeydiyyatda olduğu ünvana (hazırda kirayədə yaşayır) xx.xx.2023-cü il tarixdə verilmişdir. O həmin əmri qanunsuz və əsassız hesab edir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)- 2920/2023 saylı qərarına əsasən cavabdeh S.İsayevin şikayəti əsasında Bakı şəhəri Səbail RPİ-nin 8-ci polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən X6 barəsində tərtib olunmuş inzibati material üzrə məhkəmə qərara almışdır: İddiaçı Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 227-ci madəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir (mənimsəmə ilə bağlı əməlində inzibati xəta tərkibi olmadığından). Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-2920/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2024-cü il tarixdə onun tərəfindən cavabdehə təklif göndərilmişdir. Təklif cavabdehə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024-cü il tarixdə tərəfindən Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət göndərilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin X3 iştirak edilməməsi barədə arayış əldə etmişdir. Cavabdeh X3 iştirak etməməsi ilə bağlı heç bir razılaşma əldə etməmişlər. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, əslində cavabdehlə onun arasında olan əmək münasibətlərində onun deyil, cavabdehin qanunsuz əməlləri mövcud olmuşdur. Cavabdeh qərəzli olaraq onun üzərinə böhtan atmışdır. Məhkəmə qərarlarına əsasən onun Cavabdeh MMC-də fəaliyyəti nəticəsində nöqsanı (mənimsəmə ilə bağlı) olmadığı müəyyən edilmişdir. Onu da, məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsi qüvvədə olduğu üçün o heç bir yerdə özünə iş tapa bilmirdi və bu səbəbdən də özü və ailəsi ağır maddi şəraitdə yaşamışlar. Yuxarıda qeyd etdiyi kimi, o, istifadə edilməmiş əmək məzuniyyətlərinə dair ödənişlərlə bağlı cavabdehə müraciət edən kimi, cavabdeh ona qarşı qərəzli mövqedə oldu. O, 15 iyul 2023-cü il tarixdə rəsmi ərizə ilə işdən azad edilməyini xahiş etmişdir. Lakin hal-hazıradək cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində qüvvədədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia tələbinə uyğun izahat verərək, eləcə də, izah etmişdir ki, onun əmək kitabçası poçt vasitəsilə onun qeydiyyatda olduğu ünvana (hazırda kirayədə yaşayır) xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2024-cü il tarixdə onun tərəfindən cavabdehə təklif göndərilmişdir. Təklif cavabdehə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. xx.xx.2024cü il tarixdə tərəfindən Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət göndərilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin X3 iştirak edilməməsi barədə arayış əldə etmişdir. Cavabdeh X3 iştirak etməməsi ilə bağlı heç bir razılaşma əldə etməmişlər. Göründüyü kimi, tərəfindən iddia müddəti ötürülməmişdir. Ona görə də, cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı verdiyi ərizəni əsassız hesab edir. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini əsas götürərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia müddətinin tətbiqinə dair ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Yəni iddia ərizəsində də qeyd olunduğu kimi tərəfindən İddiaçı əəmək kitabçası və xx.xx.2023-cü il tarixli əmrdən çıxarış onun qeydiyyatda olduğu və özünün hazırki iddia ərizəsində də qeyd etdiyi ünvana poçt vasitəsilə göndərilmişdir. Qo.qar özü də etiraf edir ki, həmin əmrdən çıxarış ona xx.xx.2023-cü ildə çatıb. Belə olanda onun xx.xx.2024-cü il tarixinə kimi 1 aylıq iddia müddəti var idi. İddiaçı xx.xx.2024-cü ildə onlara mediasiya ilə bağlı təklif göndərir, yəni iddia müddətinin bitməsinə 5 gün qalmış mediasiyada icraat dayandırılır, sonra xx.xx.2024-cü ildə ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış verilir. Yəni xx.xx.2024-cü ildən müddət axımı başlayır. Diqqət olunsa ki, İddiaçı iddia müddətinin bitməsinə 5 gün qalmışdı, o, sonuncu müddət, xx.xx.2024-cü ildə məhkəməyə müraciət etməli idi. Lakin İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etdiyi üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürərək iddia ilə müraciət edib (iddia müddətini 9 gün ötürüb). Bundan başqa, İddiaçı iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışında da görünür ki, ona Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən son haqq-hesab və bütün ödəmələr xx.xx.2023-cü ildə 687,52 manat və xx.xx.2023-cü il tarixdə 206.55 manat olmaqla tam şəkildə ödənilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, əmək qanunvericiliyinin və mediasiya haqqında qanunun müvafiq maddələrini rəhbər tutaraq, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ərizəçinin Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3- 17-5/2-33592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq ərizəçiyə aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin poçt xidməti tərəfindən məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatdırılsa da, ərizəçiyə aid tələb olunan sənədlər təqdim olunmadığından onun müraciətinin araşdırılması mümkün olmamışdır. Bununla yanaşı, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən, ərizəçi ilə Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin elektron informasiya sistemində qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci il 20 dekabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Təqdim edilmiş Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, X-045 nömrəli əmrindən görünür ki, Cavabdeh MMC bölməsində “Şef aşbaz” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxıd bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü tarixindən xitam verilir. Əmrin verilməsinə əsas: Səbail RPİ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar. Təqdim edilmiş Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Mahir Feyzullayevin Cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vət.X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. Yuxarıda qeyd edilən qərardan görünür ki, araşdırma zamanı X5 izahatında bildirmişdir ki, o, Səbail rayonu, Bayıl qəsəbəsi, Bulvar İdarəsinin ərazisində yerləşən “Port Wine” restoranının müdiri işləyir. xx.xx.2023-cü il tarixdə restoranına ət gətirən Cəlal adlı şəxs restoranın baş aşbazı Qoşqar adlı şəxsə qaimə əsasında ət məhsullarını təhvil vermişdir. Qoşqar əti təhvil aldıqdan sonra quzu ətini 11 kq qeyd edərək, can ətini isə 23 kq yazmışdır. Bundan sonra restoranın maliyyə işlərinə baxan Nicat Səfərli gətirilən ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi deyil, yenidən əti çəkdikdə quzu əti 6 kq, can əti isə 18 kq olduğunu aşkar etmişdir. Nəticədə Qoşqar ətin çəkisində saxtakarlıq edərək 238 manat pulu mənimsəmişdir. Yuxarıda qeyd edilən qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, o, Səbail rayonu, Bayıl qəsəbəsi, Bulvar İdarəsinin ərazisində yerləşən “Port Wine” restoranda 2 il baş aşbaz vəzifəsində işləmişdir. O, restorandan işdən çıxdıqdan sonra ona verilməsi məzuniyyət puluna görə restoranın müdiri Sərdar İsayevə zəng edib soruşmuş, sonuncu ona ödəniş olunmayacağını bildirmişdir. O, restoranda işlədiyi müddətdə hər ay bütün malların sayı düzgün olub və işlədiyi müddətdə bütün işləri qaydasında olub. Son sayında 52 kq can əti artıq olub və bütün ərzaqlar qaydasında və yerində olub, işdən çıxdığına görə əmək müqaviləsinə görə şikayət edəcəkdir. O, iyul ayının 1-də ərizə yazıb işdən çıxmışdır, indiyədək onu rəsmi olaraq işdə qeydiyyatda saxladıqlarına görə restoranın müdiri Sərdar İsayevin ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, yalan və böhtandır, hər ay restorana gələn hər bir malın əskikliyi olmayıb. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-2920/2023 saylı qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsin ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirinin olması sübuta yetirilmədiyi üçün xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-51/2024 saylı qərarından görünür ki, X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşin hallarını tədqiq edərək, məhkəmə hesab edir ki, İddiaçıla əmək müqaviləsinə xitam verilməsi AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan əsasla, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əsasları ilə həyata keçirilmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Mahir Feyzullayevin cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı ilə X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 227-ci qərarın icra olunması üçün təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. Bundan sonra, İddiaçı AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün material baxılması üçün məhkəməyə göndərilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-2920/2023 saylı qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata İddiaçı təqsirinin olması sübuta yetirilmədiyi üçün xitam verilmişdir. Qeyd olunan qərardan X5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)- 51/2024 saylı qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2920/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin İddiaçıla bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxıd bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verməsinə kifayət qədər əsası olmamışdır. Ona görə də, mübahisələndirilən əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İşin sadalanan hallarından və yuxarıda qeyd olunan hüquq normalarından da göründüyü kimi işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin X-045 saylı, xx.xx.2023-cü il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də “Şef aşbaz” vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar