Məhkəmə qərarları › İş №2(009)-627/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-627/2023

26.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-627/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı qızının Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı “mənzilə köçürmə və istifadə hüququnun tanınması” barədə məhkəmədə iddia qaldıraraq, onun 05 yanvar 2021-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə köçürülmələri və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 08 noyabr 2019-cu il tarixdə rəsmi nigah münasibətlərinə daxil olmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2 (009)-1975/2022 №li, 10 yanvar 2023- cü il tarixli qətnaməsi ilə nigahlarının pozulması, birgə nigahlarından olan 05 yanvar 2021- cı il təvəllüdlü X1 onun yanında qalması və onun saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi qət edilmişdir. Bildirir ki, toylarından dərhal sonra o keçmiş əri Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında, yerləşən 2 otaqlı, 57 kvm-lik mənzilə köçdü və nigahları pozulanadək həmin ünvanda birgə nigahlarından olan oğlu xx.xx.2019-cu il təvəllüdlü Nağızadə Fərid oğlu ilə birlikdə yaşamışlar. Nigahları toylarından 9 gün əvvəl bağlanmış və nigahlarıın bağlanmasından sonra toya kimi olan müddətdə keçmiş əri Cavabdeh onu həmin mənzilə qeydiyyata salmışdır. Keçmiş əri ilə münasibətləri pozulduqdan sonra da o həmin evdə oğlu ilə birgə yaşayırdı və hal-hazırda da bütün əşyaları, cehizi, paltarları, həmçinin də oğlunun pal-paltarı və əşyaları həmin mənzildədir və otaqlardan birinə yığılıb və həmin otağın qapısı tərəfindən açarla bağlanılıb. Nigahlarıın pozulması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o bəzən işdən sonra atasının evinə gedib orada qalırdı ki, onsuz da gərgin olan münasibətləri münaqişəyə çevrilməsin. Nigahlarıın pozulması ilə bağlı məhkəmə prosesinin sonuna yaxın, təxminən noyabr ayının ortalama yaxın işdən sonra oğlu ilə birgə evə gəlib girmək istəyərkən giriş qapısının açarının dəyişdirildiyi səbəbindən məzilə daxil ola bilmədi. Keçmiş ərinə zəng edib mənzilin qapısının açarının dəyişdirilməsi səbəbindən mənzilə daxil ola bilmədiyini bildirdi. O da bildirdi ki, qapının açarını atası dəyişib və nə atası, nə də onun özü onun daha həmin mənzildə yaşamağını istəmir, bu mənzil ona məxsusdur, buna görə də ona nə açar, nə də orada yaşamağına imkan verilməyəcəkdir və əlavə etdi ki, get harada istəyirsən orada da yaşa. O keçmiş ərinə dedi ki, biləsən ki, həm onun, həm də oğlunun bu mənzildə yaşamaq və bu mənzildən istifadə etmək hüquqları vardır, sən bizim bu hüquqlarımızı qanunsuz olaraq, zor hesabına pozursan, amma, eybi yoxdur, şükür allaha ki, dövlətimiz hüquqi dövlətdir, qanunumuzun aliliyini təmin edən güclü, müzəffər Prezidentimiz var və o bu məsələni də qanuni şəkildə məhkəmə yolu ilə həll edəcək, ancaq onun və oğullarının bütün pal-paltarı, əşyaları oradadır, üzü qışa gedirik, heç olmasa, şərait yarat o özünün və oğlunun dəyişik üçün palpaltarını oradan götürsün. Keçmiş əri atasını bəhanə edərək dedi ki, o sənə atamin razılığı olmadan heç bir şərait yarada bilmərəm və yaratmayacağam. Həmin vaxtdan o qeydiyyatda və istifadə hüququ olan mənzildən, ehtiyacı olmasına, başqa yaşayış yeri olmamasına baxmayaraq istifadə edə bilmir. Atasının küncünə qısılıb oğlu ilə birgə yaşayır. Dəfələrlə etdiyi xahiş və tələbinə baxmayaraq keçmiş əri Cavabdeh onu qeydiyyatda olduğu və istifadə hüquqü olan mənzilə onu buraxmır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2019-cu il tarixdən etibarən mülkiyyət hüququ əsasında cavabdehə məxsusdur. İddiaçı ilə xx.xx.2019-ci il tarixdə rəsmi nikaha daxil olaraq, ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2021-ci il təvəllüdlü övladları X2 anadan olmuşdur. Ailə qurduqdan sonra iddiaçı qeyd olunan mənzilə qeydiyyata düşmüşdür. Bir müddət sonra iddiaçı atasının evində yaşamağa başlamış və uzun müddət ailə münasibətlərində olmadıqlarından sonra, iddiaçı ona qarşı məhkəmədə qaldırdığı "nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment" tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Baki şəhəri Səbail rayon məhkəməsinin 2(009)-73/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Digər tərəfdən, hazırda mülkiyyət hüququ əsasında ona məxsus mənzildə cavabdehin qeydiyyatda qalması formal xarakter daşımaqla yanaşı, mülkiyyətçi kimi, öz tələbatlarının təmin olunması məqsədi ilə həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan təyinatına görə tam istifadə etmək və əmlakın hüquqi müqəddəratını öz iradəsinə uyğun müəyyən edərək, ona dair sərəncam vermək kimi qanunla qorunan hüquqlarının realizəsinə maneəçilik yaradmaqla, eyni zamanda onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 34-cü maddələrində əks olunan konstitusion hüquqlarını da pozur. Təbiyi haldır ki, o, sonradan boşanmaq məqsədi ilə cavabdehlə ailə qurmamışdır. Lakin, cavabdehin təşşəbbüsü ilə onların nikah pozulmuşdursa və hazırda ailənin bərpa olunması mümkün deyilsə, belə olan halda cavabdehin özü kimi, onun da konstitusion nikah hüququ vardır. Yəni, necə ki, iddiaçının digər şəxslə evlənib onun evinə gəlin köçmək hüququ vardır, eyni zamanda onun da digər şəxslə evlənib onu mülkiyyətində olan mənzilinə gəlin gətirmək hüququ var. İddiaçı uzun müddətdir ki, atasına məxsus evdə yaşayır. Lakin, o, ona bildirir ki, onun mənzilində qeydiyyatda olduğu üçün istənilən vaxt ora girib-çıxa, sanki bir saxlanc yerlərində olduğu kimi, orada əşyalarını saxlaya, hətta istədiyi qədər orada qala da bilər. Hesab edir ki, artıq onun ailə üzvü olmadığı halda, iddiaçının bu niyyəti sağlam məntiqə tamamilə ziddir. İddiaçı 34 yaşlı cavan qadındır və cavabdeh onun konstitusion nikah hüququnu pozmağa cəhd belə etmədiyi halda, o, hazırda, formal olaraq, onun mənzilində qeydiyyatda qalmasından sui-istifadə edərək, bu hərəkətləri ilə onun nikah hüququnu da pozur. Eyni zamanda iddiaçının formal olaraq onun mənzilində qeydiyyatda qalması səbəbindən hazırda cavabdeh hər bir digər vətəndaş kimi yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə mülkiyyətində olan mənzili digər mənzilə dəyişdirə və mənzil üzərində sair sərəncamlar verə bilmir. Göründüyü kimi, mülkiyyətində olan mənzilə dair sərbəst sərəncam vermək hüququ da iddiaçı tərəfindən pozulur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək iddia ərizəsinə uyğun məzmunda ifadə verib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikahın pozulması və 05 yanvar 2021-ci il təvəllüdlü X1 İddiaçı qızının yanında saxlanılması qət edilmişdir. 347286 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı qızının ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə dair istifadə hüququnun qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarına əsasən, iddiaçı ilə cavabdeh xx.xx.2019-cu il tarixdə rəsmi olaraq ailə qurmuşlar və iddiaçı mübahisə predmeti - ünvan 1 ünvanında yerləşən 11 nömrəli mənzilə gəlin köçmüş, tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X2 adlı uşaqları dünyaya gəlmişdir. İddiaçı mübahisəli mənzildə cavabdeh ilə birgə yaşamışdır. Tərəflər arasında nikah Səbail rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuş və tərəflərin yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması qət edilmişdir. İddiaçı mübahisə predmeti olan evə köçmək istəsə də, cavabdeh onu həmin evə buraxmır. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, göründüyü kimi, Mülki Məcəllənin 228.5-ci maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra da onun (yaşayış sahəsinin mülkiyyətçisinin) keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ nəzərdə tutulduğu halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun olmaması aydın şəkildə müəyyən olunmuşdur. Beləliklə, Mənzil Məcəlləsi qüvvəyə mindiyi tarixdən onun müddəalarına zidd olan Mülki Məcəllənin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası, faktiki olaraq öz hüquqi qüvvəsini itirdiyindən tətbiq edilə bilməz. Məhz buna görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İşin müəyyən edilmiş hallarından o da görünür ki, iddiaçı ilə cavabdeh 2019-cu il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı 2023-cü il tarixdə pozulmuşdur. Sözügedən mənzil cavabdeh tərəfindən nikaha daxil olmazdan daha öncə əldə edilmişdir. İddiaçı nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçməsinə baxmayaraq, 2023-cü ildə nikahı pozularaq mənzildən çıxarılmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi, iddiaçı artıq cavabdehin keçmiş ailə üzvü sayılır. Eyni zamanda qanunvericilik tərəflər arasında bununla bağlı razılaşma olması halını istisna hal kimi göstərir. Lakin məhkəmə iclasında tərəflər arasında bununla bağlı hər hansı bir razılaşmanın olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə mənzilin iddiaçı tərəfindən birgə nikah dövründən daha əvvəl əldə edildiyini və Mənzil qanunvericiliyinin müvafiq normlarını nəzərə alaraq belə qənaətə gəlir ki, tərəflərin nikahı pozulduqdan sonra iddiaçının yaşayış sahəsinin mülkiyyətçisi qismində cavabdeh ilə sözügedən mənzildən bərabər istifadə hüquqları saxlanmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar