Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-638/2022 10.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, yetkinlik yaşına çatmayan qızı X10 ilə birlikdə, Cavabdeh3 və X11 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evə istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarılmaları üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 onun xüsusi mülkiyətindədir. Həmin evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Qeyd olunan ünvanda cavabdeh, yəni qızı Cavabdeh2 2000-ci ilədək faktiki şəkildə yaşamış, həmin ildə ailə qurub onun ünvanından köçüb getmiş və həmin vaxtdan Cavabdeh2 həmin ünvanda yaşamır. Digər cavabdehlər Cavabdeh3, X19 onun nəvələridir, anaları onun evində qeydiyyatda olduğundan onlar da formal olaraq qeydiyyata düşmüşlər. Digər Cavabdeh1 isə onun qonşusudur, onun qeydiyyatı vaxtı qurtardığı üçün ondan xahiş etmiş, o, da onu öz evinə formal olaraq qeydiyyata salmışdır. Cavabdehlər faktiki şəkildə uzun illərdir ki, özlərinə başqa daimi yaşayış yeri seçməklə başqa ünvanda yaşasalar da, onların qeydiyyatı formal olaraq ona məxsus mənzildə qalmışdır. Cavabdehlər onun mənzilində qeydiyyatda qalmaqla onun həmin mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneçilik yaradırlar, cavabdehlərin qeydiyyatda olduğu səbəbdən mənzil və kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalır. Cavabdehlərin hazırda həmin mənzildə heç bir əmlakları yoxdur, onlar faktiki olaraq istifadə etmək hüquqlarını itirmişlər. Cavabdehlər başqa-başqa ünvanlarda yaşamalarına baxmayaraq formal olaraq onun ünvanında qeydiyyatda qalmışlar. Cavabdehlərin mübahisəli mənzildə yaşamamalarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-638/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X13 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və qeydiyyatdan çıxarılma”sına dair iddia tələbinin “qeydiyyatdan çıxarılma” hissəsi üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, daha əvvəl yaşayış evinə dair mülkiyyət hüququ 2002-ci ildə qeydiyyata alınmış, lakin 2020-ci ildə torpaq sahəsinə də mülkiyyət hüququ qeydiyyata alındığından ona yeni çıxarış verilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, o, 2000-ci ilədək Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evdə ailəsi ilə birlikdə yaşamış, sonradan ailə qurub ərinin evinə köçmüş, lakin 2002-ci ildə atasının evinə qeydiyyata düşmüşdür. 2010-cu ildə əri ilə boşanmış və uşaqları ilə birlikdə həmin evə gəlmişdir. 2010-cu ildən sonra keçmiş həyat yoldaşı ilə barəşəb evdən getsə də, daha sonra təkrarən münasibətləri pozulmuş və ayrılmışlar. 2016-cı ildə ailə qurub uşaqları ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evdən getmiş və Ağdam rayonuna köçmüş, orada övladları ilə birgə yaşamışdır. Qızı Gülü azyaşlı olduğundan onunla yaşamış, oğlu Fərhad isə 3-4 ay onunla yaşadıqdan sonra babası İddiaçı yanına qayıtmış, lakin mütəmadi olaraq onun da yanına gedib-gəlmişdir. Əsgərliyə gedənə qədər onunla yaşamış, əsgərlikdən qayıtdıqdan sonra isə atasının yanında yaşamağa başlamışdır. Həmçinin bildirmişdir ki, oğlunun atasının üç otaqlı evi var, onu öz evinə qeydiyyata sala bilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o, 2010-cu il tarixdə valideynləri arasında nikah pozulanda anası ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evə köçmüş, daha sonra valideynləri barışmış və təkrarən atasının evinə qayıtmışlar. Lakin sonradan valideynləri ayrılmışlar və o, anası ilə birlikdə yenidən babasının evinə gəlmişdir. 2016-cı ildə anası yenidən ailə qurub Ağdama köçmüş, o da anası ilə gedib bir neçə ay onunla qalmiş, bir neçə ay orada yaşadıqdan sonra babası İddiaçı yanına qayıtmışdır. 07 may 2020-ci il tarixdə əsgərliyə gedənə qədər onunla birlikdə yaşamış, əsgərlikdən qayıdandan sonra isə atasının evində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evdə son 6 aydır ki, yaşayır, oğlunun qeydiyyatdan çıxmasına razıdır, oğlu xarici ölkədə oxuyur, o və oğlu öz ailəsi ilə Nərimanov rayonunda ərinin evində yaşayıblar. Evin sənədləri olmadığı üçün qeydiyyata düşə bilməyiblər, ona görə də atasının evində qeydiyyata düşüblər. O, anası rəhmətə gedəndən sonra atasına kömək məqsədilə evə gəlmişdir. Onlardan başqa həmçinin qeydiyyatda olan şəxslərdən biri qardaşı və ailəsi də orada yaşayır. O, da hərbiçidir. Digər qeydiyyatda olan şəxs Cavabdeh1 onların qohumu deyil, sadəcə işlə bağlı formal qeydiyyata düşməsini xahiş etmiş, atası da onu qeydiyyata salmışdır. Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından, məlum olan sonuncu qeydiyyatda olduğu ünvandan məhkəmə iclasına çağırılmış, lakin həmin ünvanın olduğu ərazi üzrə 149 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən cavabdehin göstərilən mənzildə qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamadığına dair məktub məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məlum olan sonuncu qeydiyyatda olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyd yazılmış məktub məhkəməyə göndərildiyindən, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə, iddiaçının və cavabdehlərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 15 D saylı ev və torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında xx.xx.1975-ci il təvəllüdlü X14, xx.xx.1997-ci il təvəllüdlü X17, xx.xx.1953-cü il təvəllüdlü X2, xx.xx.1957-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2001-ci il təvəllüdlü X19, xx.xx.1968-ci il təvəllüdlü X20, xx.xx.1994-cü il təvəllüdlü X7, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2, xx.xx.1995-ci il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X15, xx.xx.1981-ci il təvəllüdlü X6, xx.xx.2006-cı təvəllüdlü X16 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh3 qeydiyyatdadırlar. - Səbail RPİ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X14, X17, Cavabdeh3, Cavabdeh1, X19, X20, X16, Cavabdeh2, X8 və X5 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiq hesab edilmişdir. - ünvan 4də təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etməmişdir. - ünvan 4də təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, X19 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin bütövlükdə və hissəvi şəkildə satılmasına, bağışlanmasına etiraz etməmiş, müqavilədə göstərilən müddət ərzində mənzili boşaltmağı və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. - 149 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1, Cavabdeh2, X15, Cavabdeh3 və X19 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D ünvanında qeydiyyatda olsalar da, yaşamadıqları üçün məhkəmə bildirişini çatdırmaq mümkün olmamışdır. - Azərbaycan Respublikası DİN BPQMİ tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən AA2937216 nömrəli şəxsiyyət vəsiqəsi (etibarlılıq müddəti xx.xx.2031-ci il tarixdə bitəcək) ilə təmin olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İAMAS bazasında olan məlumata əsasən xx.xx.2001-ci il təvəllüdlü X19 xx.xx.2022-ci il tarixdə ölkə sərhəddini tərk etmişdir. - 149 saylı MKİS tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, ünvan 7 ünvanında Cavabdeh2 xx.xx.2002-ci ildən, Cavabdeh3 xx.xx.2014-cü ildən, X19 xx.xx.2016-cı ildən, Cavabdeh1 isə xx.xx.2016-cı ildən qeydiyyatdadırlar. - Türkiyə Respublikası Yükseköğretim Kurulu Başkanlığından verilmiş xx.xx.2022-ci il tarixli tələbə arayışından görünür ki, X1 Mayıs Universitetinin tələbəsidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətinə istifadə hüquqlarını itirilməsini xahiş etdiyi şəxslər yəni, Cavabdeh2 və onun övladı X10, Cavabdeh3, digər qızı X3 övladı X19, eləcə də, tanışı Cavabdeh1dır. İddiaçı cavabdehlərin istifadə hüquqlarının əsası kimi onların onun evində olan qeydiyyatları ilə əlaqələndirir və tələbini onların qeydiyyatda qalmaqlarının özünun həmin mənzil üzərində sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarının tam həyata keçirilməsinə maneçilik yaradılması, bu səbəbdən də, mənzil, kommunal xidmət haqlarını artıq məbləğdə ödəməyə məcbur qalması ilə əsaslandırır. İşin materiallarından görünür ki, cavabdehlər müxtəlif tarixlərdən, yəni Cavabdeh2 xx.xx.2002-ci ildən, Cavabdeh3 xx.xx.2014-cü ildən, X19 xx.xx.2016-cı ildən, Cavabdeh1 isə xx.xx.2016-cı ildən iddiaçının mülkiyətinə qeydiyyata düşmüşlər. Məhkəmə ilk növbədə hesab edir ki, cavabdehlərin iddiaçının mənzilinə istifadə hüquqlarının yaranıb-yaranmamasına hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsaslardan biri yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd, digəri isə vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarına əsasən qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda, əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarı ilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. İstifadə hüququ ilə bağlı oxşar hüquqi mövqelər Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 2008ci il 27 may tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 2016-cı il 29 mart tarixli və s. Qərarlarında da ifadə edilmişdir. Bununla yanaşı Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin göstərilən maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixdə qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Beləliklə də, sözügedən Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə işin araşdırılmış halları əsasında hesab edir ki, cavabdehlərdən Cavabdeh2 iddiaçının mülkiyyətinə istifadə hüququ yaranmışdır (2009-cu ilin 1 oktyabr tarixinə kimi mənzilə qeydiyyata düşməsi və yaşaması ilə) və o, özü könüllü olaraq həmin istifadə hüququnun itirilməsinə dair iddianı etiraf edərək buna dair qətnamə çıxarılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə Cavabdeh2 iddianı etiraf etməsinin qanuna zidd olmamaqla digər şəxsərin hüquqlarına xələl gətirmədiyi üçün qəbul edir və iddianın ona münasibətdə təmin edilməsini mümkün sayır. Lakin məhkəmə iddianın digər cavabdehlərə münasibətdə təmin edilməsini mümkün saymır. Belə ki, Konstitusiya Məhkəməsinin Qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil ediləməsini və həmin hüquqi mövqelərin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər olan nəvələr X10, Cavabdeh3 iddiaçının mülkiyyətində 2010-cu ildən sonra qeydiyyatda olmaqla anaları ilə bir müddət yaşamalarına baxmayaraq onların həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Verilən izahatlardan da həmçinin məlum olmuşdur ki, cavabdehlərdən Cavabdeh1 və X19 ümumiyyətlə mübahisəli mənzildə yaşamamışlar. Müəyyən edilmişdir ki, hazırda da (xarici ölkədə olmaqla) cavabdehlər mübahisəli mənzildə deyil, tamamilə başqa ünvanlarda daimi olaraq yaşayırlar. Məhkəmə cavabdehlərdən, iddiaçının nəvəsi Cavabdeh3 mübahisəli mənzildə bir müddət yaşamaları, hazırda yaşamasalar da gəlib-getmələri ilə bağlı dəlillərinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin və Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yalnız ailə üzvü olması faktı onun həmin yaşayış sahəsinə istifadə hüququnun yaranması üçün kifayət deyil, istifadə hüququnun yaranması üçün ailə üzvünün həm də mülkiyyətçiyə məxsus olan yaşayış sahəsində mülkiyyətçi ilə birlikdə yaşaması faktı da baş verməlidir. Beləliklə də müəyyən edilmişdir ki, Cavabdeh2 başqa, digər cavabdehlərin mənzilə istifadə hüquqları mövcud olmamışdır və bu halda da “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərildiyi kimi, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən söhbət gedə bilməz. X9 daha sonra görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Plenum həmçinin qərara almışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, Plenum qərarında şəxsin onun mənzilində faktiki yaşamayan, həmçinin istifadə hüququ olmayan şəxslərin qeydiyyatlarına xitam verilməsinin əsasları aydın göstərilmişdir. Məhkəmə göstərilən nəticələrə gələrkən iddiaçının qanunla tanınan və qorunan mülkiyyət hüquqlarının olmasını da xüsusilə vurğulayır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən - Cavabdeh2 münasibətdə təmin edilməli, onun Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evə istifadə hüququ itirilməli, digər cavabdehlərin isə istifadə hüquqları olmadığı üçün iddia onlara münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsassən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evə istifadə hüquqları itirilsin. Cavabdeh1, X4, Cavabdeh3, X11 Bakı şəhəri, Səbail rayonu, Salyan yolu, 15 D saylı evə istifadə hüquqları mövcud olmadığı üçün iddia onlara münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-638/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-638/2022
10.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver