Məhkəmə qərarları › İş №2(009)-651/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-651/2023

26.04.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-651/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X1, X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edib, Cavabdeh MMC tərəfindən verilmiş İR-1751/22 saylı, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının 3216 manat (üç min iki yüz on altı manat) pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: cavabdehlə aralarında bağlanmış 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə 13 dekabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Cavabdehndə Motorçu peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 13 dekabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilsin. İddiaçı sonuncu iş günü son haqq-hesab verilərkən istifadə etmədiyi 0,06 təqvim günü əmək məzuniyyəti üçün pul əvəzi ödənilməsi təmin edilsin. xx.xx.2022-ci il tarixinə bayram günlərində işə cəlb olunduğuna görə yaranmış 110 saatın hesablanması və ödənilməsi əmək haqqı üzrə böyük mütəxəssisə (Əlizadə Aytənə) tapşırılsın. İnsan Kapitalı departamentinin əməkdaşına əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək kitabçasına, “Əmək və X7”ndə müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və əmək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilsin. O Socar - AQŞ MMC ilə 2012-ci ildən etibarən əməkdaşlıq edir. İlk dəfə 12 dekabr 2012-ci il tarixli 498/SA nömrəli Əmək müqaviləsi ilə işə başlamış, həmin müqaviləyə əlavə olaraq 12 iyun 2013-cü il tarixli 444 saylı müqaviləyə əsasən işəgötürən əmək müqaviləsinin qüvvədə olduğu müddətdə işçinin ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədi ilə İşçini təlimlərə, treininqlərə, kurslara və s. göndərdikdə, işçi bu müqavilə imzalandığı tarixdən sonra 5 (beş) il müddətində, işəgötürənlə bağlanmış Əmək Müqaviləsinin müddətinin uzadılmasından imtina etməməyi öhdəsinə götürür. 12 dekabr 2012-ci il tarixli 498/SA saylı Əmək müqaviləsinə 12 dekabr 2013-cü il tarixli əlavə razılaşma müqaviləsi bağlanmışdır. Daha sonra 07 yanvar 2014-cü ildə 498/SA saylı Əmək müqaviləsinə 2 saylı əlavə razılaşma ilə NÖA üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. 12 dekabr 2014-cü il tarixli 3 saylı əlavə razılaşma ilə əmək müqaviləsi 11 dekabr 2015-ci il tarixinədək müddəti uzadılmışdır. 04 fevral 2016-cı ildə 5 saylı əlavə razılaşma ilə SOCAR-AQŞ MMC-də Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 11 dekabr 2016-cı ildə 498/SA saylı Əmək müqaviləsinin müddəti 7 saylı əlavə razılaşdırma ilə uzadılmışdır. 30 dekabr 2016-cı il 8 saylı əlavə razılaşma ilə əmək haqqı 1359 (min üç yüz əlli doqquz) manat təyin edilmişdir. 13 dekabr 2017-ci il tarixində 1268/KS saylı əmək müqaviləsi imzalamış və Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 12 dekabr 2018-ci ildə 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviəsinə 1 saylı əlavə razılaşma ilə əmək müqaviləsinin müddəti artırılmışdır. Yekun olaraq xx.xx.2021-ci ildə tarixində xx.xx.2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə dəyişiklik edilməsi ilə o Motorçu peşəsinə əsas iş yeri olmaqla təyin edilmişdir. Bu dəyişikliyə əsasən 01 iyun 2021-ci il tarixində 426 saylı əmək müqaviləsi ilə ilkin əmək müqaviləsi ona edilən əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən tərtib edilmişdir. Lakin qeyd edilən əmr əsassız və qanunsuzdur, ləğv edilməlidir. Qeyd edilən səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən onun əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilmişdir. Bu səbəbdən cavabdehə həmin inzibati orqan tərəfindən əmrin ləğv edilməsi və işə bərpa edilməyi barədə müvafiq məktub göndərilmişdir. Sonradan iddiaçı dəqiqləşdirmə ərizəsi verərək iddia tələbini təmin edib, Cavabdeh MMC tərəfindən verilmiş İR-1751/22 saylı, xx.xx.2022 tarixli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə hesablanmış əmək haqqının Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı dəqiqləşdirilmə ərizəsinə dair uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi X4 iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini keçirmişdir. Belə ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də və iddiaçı “Əmək müqaviləsinə xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli, İR-1751/22 nömrəli “Əmr”lə məhz həmin tarixdə tanış olsa da o, iddia müddətini ötürərək Mediasiya prosesinin tətbiqi barədə “Təkliflə” xx.xx.2023-cü il tarixdə cavabdehə (göstərilən "Təklif” xx.xx.2023-cü il tarixdə cavabdehə daxil olmuş və bununla bağlı şirkətin "Sənədlərə nəzarət” şöbəsi tərəfindən həmin sənədin üzərində ştamp qoyularaq müvafiq qeydlər aparılmışdır), xx.xx.2023-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, İddiaçı tərəfindən cavabdehə göndərilən Mediasiya prosesinin tətbiqi barədə “Təklifə” diqqət yetirdikdə, iddiaçının həmin “Təklif’də “Təklifin göndərildiyi tarix” olan hissənin boş buraxması və orada hər hansı qevd aparmaması müəyyən olunur. İddiaçının bunu məhz nəyə görə belə etməsi də təbii ki, məlum məsələdir. Göründüyü kimi, İddiaçı məhkəməyə müraciət etmək ücün iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən hazırkı iş üzrə iddia müddətini tətbiq edərək, iddia müddətinin keçməsi səbəbindən İddiaçı cavabdeh SOCAR-AQŞ MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi’,nə dair iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin digər nümayəndəsi X3 iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, iddia tələblərinin tamamilə əsassız, qanunvericiliyin hansı norma və qaydalarının işəgötürən tərəfindən pozulması halları göstərilməyən, heç bir məntiqə uyğun olmayan və qeyri-peşəkar formada verilmiş iddia tələbi olduğu qənaətinə gələrək etirazlarını bildirirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin a), b) və ə) yarımbəndərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, eləcə də bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarıdır ki, İddiaçılə müddətli əmək müqaviləsi bağlanılarkən və ona müddətinin bitməsi əsası ilə xitam verilərkən Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmamışdır. Belə ki, İddiaçılə Cavabdeh MMC-nin işəgötürəni arasında ilk öncə xx.xx.2012-xx.xx.2017-ci illəri əhatə edən 5 illik müddətli əmək müqaviləsi mövcud olmuş və həmin müqaviləyə müddətinin bitməsi əsası ilə 12 dekabr 2017-ci il tarixli İR-791/17 saylı əmri ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən “müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir” ki, göründüyü kimi F.Priyevlə bağlanılmış müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verildiyi üçün həmin müqavilə müddətsiz əmək müqaviləsinə çevrilməmişdir. Bununla yanaşı işəgötürən İddiaçılə əmək münasibətlərini davam etdirmək niyyətində olmuş və onunla yenidən 1 il müddətinə xx.xx.2018-ci il tarixinədək xx.xx.2017-ci il tarixində 1268/KS nömrəli müddətli əmək müqaviləsi bağlanılmışdır. Bu əmək müqaviləsinə sonrakı dövrlərdə bir neçə dəfə müddəti bitdikdən sonra xitam verilmədiyi üçün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilmiş və sonuncu dəfə 5 ilin tamamında SOCAR-AQŞ” MMC-nin xx.xx.2022-ci il tarixli İR-1751/22 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. xx.xx.2017-xx.xx.2022-ci il dövründə İddiaçılə qüvvədə olan müddətli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən müvafiq dəyişikliklər edilmiş ki, bütün hallarda (həm müqavilənin bağlanılması, həm ona dəyişiklik edilməsi və həm də xitam verilməsi) “Əmək və məşğulluq altsistemi”ndə işəgötürən tərəfindən qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində işəgötürən tərəfindən yuxarıda qeyd edilənlərlə bağlı əmək qanunvericiliyinin işəgötürən tərəfindən hansı maddələrinin pozulması ilə bağlı heç bir sübut və faktlar göstərmir. 2. İddiaçı iddia ərizəsinin 4-cü bəndinin 6-cı və 7-ci abzaslarında tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 1268/KS nömrəli əmək müqaviləsinin əvvəlki illərdə ona edilmiş bir sıra dəyişikliklər nəzərə alınmaqla xx.xx.2021ci il tarixli 426 nömrəli əmək müqaviləsi ilə yenidən tərtib edilməsini əsassız və qanunsuz hesab etmişdir ki, bu hal Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən qanunamüvafiqdir. Belə ki, bu hissəyə əsasən “əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər.”. Göründüyü kimi işəgötürən İddiaçılə bağlanılmış müddətli əmək müqaviləsinin ona edilmiş əlavə dəyişikliklər nəzərə alınmaqla yenidən tərtib edilməsində heç bir qanun pozuntusuna yol verməmiş, əksinə bununla işçinin əmək müqaviləsinin son variantının hansı formada olması barədə daha səmərəli formada məlumatlandırılmasını təmin etmişdir. İddiaçı iddia ərizəsinin 4-cü hissəsinin 8-ci abzasında guya səlahiyyətli orqan tərəfindən iddia ərizəsində göstərilənlər ilə əlaqədar araşdırılma aparılaraq onun işə bərpa edilməsi barədə müvafiq məktub göndərildiyini göstərir ki, bu barədə "xxxx" MMC tam məlumatsızdır. Belə ki, belə bir araşdırılma aparılsaydı və bu doğru olsaydı, səlahiyyətli orqan tərəfindən işəgötürənə qarşı cərimə tətbiq edilərdi və yaxud bu məktub barədə Cavabdeh MMC məlumatlı olardı. İddia ərizəsinin 4-cü hissəsinin sonunda Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələrinin məzmunu qeyd edilir ki, bu maddələrdə göstərilən hüquq normalarının iddia ərizəsində göstərilənlərlə bağlı heç bir əlaqəsi yoxdur və bu huquq normaları “SOCAR-AQŞ" MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən pozulmamışdır. İddiaçı cavabdehə Cavabdeh MMC-yə qarşı iddiasına etirazının əsaslandığı yuxarıdakı fakt və halları diqqətə təqdim edərək iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 498/SA saylı müqavilədən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı xx.xx.2013-cü il tarixə kimi NÖA üzrə çilingər vəzifəinə qəbul edilmişdir. - Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 12 iyun 2013-cü il tarixli 444 saylı müqavilədən görünür ki, işəgötürən əmək müqaviləsinin qüvvədə olduğu müddətdə işçinin ixtisasının artırılması və təkmilləşdirilməsi məqsədi ilə İşçini təlimlərə, treininqlərə, kurslara və s. göndərdikdə, işçi bu müqavilə imzalandığı tarixdən sonra 5 (beş) il müddətində, işəgötürənlə bağlanmış Əmək Müqaviləsinin müddətinin uzadılmasından imtina etməməyi öhdəsinə götürür. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 12 dekabr 2013-cü il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmələri barədə müqavilə bağlamışlar. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 07 yanvar 2014-cü il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmiş və müqavilənin 1.2-ci bəndi - işçi Cavabdeh MMC-də NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilir- redaksiyada verilmişdir. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 12 dekabr 2014-cü il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmələri barədə müqavilə bağlamışlar. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 04 fevral 2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmələri barədə müqavilə bağlamışlar. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 11 dekabr 2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmələri barədə müqavilə bağlamışlar. - 12 dekabr 2012-ci il tarixli 498/SA saylı əmək müqaviləsinə 30 dekabr 2016-cı il tarixli əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə dəyişiklik etmək üçün razılığa gəlmələri barədə müqavilə bağlamışlar. - Cavabdeh MMC-nin 12 dekabr 2017-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, İddiaçı - Dənizdə NÖA üzrə mütəxəssis (Tabel Ns 498/SA) ilə SOCAR-AQŞ" MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 498/SA nömrəli əmək müqaviləsinə, müqavilənin müddəti bitdiyi üçün, Azərbaycan Respublikasının Əmək Məcəiləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2017-ci il tarixində xitam verilmişdir. İnsan resursları şöbəsi qeyd edilmiş işçi ilə onun əmək müqaviləsinə xitam verildiyi günə (sonuncu iş gününə) son haqq-hesab aparsın, əmrin surətini və əmək kitabçasını işçiyə təqdim edilmişdir. - 1268/KS saylı əmək müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 1 il müddətinə NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilir. - 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə 12 dekabr 2018-ci il tarixli 1 №li əlavə razılaşmadan görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsinə aşağıdakı dəyişiklik edilmişdir: 1.əmək müqaviləsinin 2.1 bəndi aşağıdakı redaksiyada verilsin: 2.1 bu əmək müqaviləsi tərəfləri hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2 il müddətinə bağlanılır. - 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə 12 dekabr 2018-ci il tarixli 1 №li əlavə razılaşmadan görünür ki, bu razılaşma əmək müqaviləsinin ayrılmaz hissəsi olmaqla xx.xx.2018-ci il tarixdən qüvvəyə minir (3-cü bənd) - "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2017-ci il tarixli 1268/KS nömrəli əmək müqaviləsinə dəyişiklikdən görünür ki, İddiaçı ilə bağlanılmış xx.xx.2017-ci il tarixli 1268/KS nömrəli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2021-ci il tarixindən aşağıdakı dəyişikliklər edilir:

1. Əmək müqaviləsinin 1.2-ci bəndi aşağıdakı redaksiyada verilir. 1.2. İşçi xx.xx.2021-ci il tarixindən nəzərə alınmaqla Motorçu peşəsinə əsas iş yeri olmaqla təyin edilir. - İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı motorçu peşəsinə keçirilməyini xahiş etmişdir. - Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 1751/22 saylı, 13 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, Cavabdehndə Motorçu peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 13 dekabr 2022-ci İl tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-d maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, İddiaçı sonuncu iş günü son haqqhesab verilərkən istifadə etmədiyi 0.06 təqvim günü emək məzuniyyəti üçün pul əvəzi ödənilməsi təmin edilməsi, xx.xx.2022-ci il tarixinə bayram günlərində işə cəlb olunduğuna görə yaranmış 110 saatın hesablanması və ödənilməsi əmək haqqı Cızrə böyük mütəxəssisə (Əlizadə Aytənə) tapşırılması, İnsan Kapitalı departamentinin əməkdaşına emək müqaviləsinə xilam verilməsi ilə əlaqədar əmək kitabçasına. ‘Əmək və X5 müvafiq qeydin aparılması, işçinin bu əmrlə tanış edilməsi, əmrin surətinin və emək kitabçasının işçiyə işdən azad olduğu gün müvafiq qaydada verilməsi həvalə edilməsi əmr edilmişdir. - iddiaçının adına olan əmək kitabçasından görünür ki, Cavabdehndə Motorçu peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 13 dekabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-d maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 12 dekabr 2012-ci il tarixli 498/SA nömrəli Əmək müqaviləsi bağlanmış və iddiaçı NÖA üzrə çilingər vəzifəinə qəbul edilmişdir. 07 yanvar 2014-cü ildə 498/SA saylı Əmək müqaviləsinə 2 saylı əlavə razılaşma ilə NÖA üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. 12 dekabr 2014-cü il tarixli 3 saylı əlavə razılaşma ilə əmək müqaviləsinin müddəti 11 dekabr 2015-ci il tarixinədək uzadılmışdır. 04 fevral 2016-cı ildə 5 saylı əlavə razılaşma ilə SOCAR-AQŞ MMC-də Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 11 dekabr 2016-cı ildə 498/SA saylı Əmək müqaviləsinin müddəti 7 saylı əlavə razılaşma ilə uzadılmışdır. xx.xx.2017-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və 13 dekabr 2017-ci il tarixində 1268/KS saylı əmək müqaviləsi imzalanaraq o, Dənizdə NÖA üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. 12 dekabr 2018-ci ildə 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviəsinə 1 saylı əlavə razılaşma ilə əmək müqaviləsinin müddəti artırılaraq 2 il müəyyən edilmişdir. xx.xx.2021-ci ildə tarixində xx.xx.2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə dəyişiklik edilmiş və iddiaçı Motorçu peşəsinə əsas iş yeri olmaqla təyin edilmişdir. 426 saylı əmək müqaviləsi ilə ilkin əmək müqaviləsi ona edilən əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən tərtib edilmişdir. Cavabdeh MMC -də Motorçu peşəsində işləyən İddiaçı əmək müqaviləsinə 13 dekabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-d maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Məhkəmə tərəflərin tələb və etirazında istinad etdiyi hallar üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 45-ci maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. - 45-ci maddəsinin 4-cü hissəsinə əsasən Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. - 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. - 47-ci maddəsinə əsasən Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. - 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. - Həmin maddənin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. - 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. - 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirlirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. - Həmin maddənin 2-ci bəndinə əsasən, işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Beləliklə də, işdən görünür ki, İddiaçılə işəgötürən Cavabdeh MMC arasında ilk öncə xx.xx.2012-xx.xx.2017-ci illəri əhatə edən 5 il müddətinə davam edən əmək müqaviləsi mövcud olmuş və həmin müqaviləyə müddətin bitməsi əsası ilə 12 dekabr 2017-ci il tarixli İR-791/17 saylı əmr ilə xitam verilmişdir. İddiaçılə xx.xx.2017-ci il tarixində yenidən 1 il müddətinə xx.xx.2018-ci il tarixinədək 1268/KS nömrəli müddətli əmək müqaviləsi bağlanılmışdır. Bu əmək müqaviləsinə sonrakı dövrlərdə bir neçə dəfə müddəti bitdikdən sonra xitam verilməmiş, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab edilmişdir. Sonuncu müqavilənin 5 ilinin tamamında Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli İR-1751/22 nömrəli əmri ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin bitməsi) xitam verilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlə iddiaçı arasında bağlanmış sonuncu müqavilənin 1 il müddətinə bağlanmasına istinad edilərək, müqavilənin 5 ilinin tamamının xx.xx.2017-ci il olması əsası ilə həmin tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Lakin bu zaman işəgötürən 12 dekabr 2018-ci il tarixli 1 №li əlavə razılaşmaya əsasən, 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinin 2.1 bəndinə edilmiş dəyişikliyə və həmin dəyişikliyə dair razılaşmanın 3-cü bəndinə, eləcə də tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 426 saylı əmək müqaviləsinin 2.1 bəndinə diqqət yetirməmişlər. Belə ki, 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinin 2.1 bəndinə edilmiş dəyişikliyə əsasən , Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi qarşılıqlı razılıq ilə xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2 il müddətinə bağlanılmışdır. Məhkəmənin qənaətinə görə əmək müqaviləsinin ayrılmaz hissəsi olmaqla xx.xx.2018-ci il tarixdən qüvvədə olan 1 №li əlavə razılaşmaya əsasən tərəflər arasında müqavilə münasibətləri 2 il müddətinə müəyyən edildiyindən, eləcə də 2018-ci ildən sonrakı dövrlərdə bir neçə dəfə bu müqavilənin müddəti bitdikdən sonra xitam verilmədiyindən Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən həmin əmək müqaviləsi müəyyən olunmuş 2 il müddətinə uzadılmış hesab edilir. Başqa sözlə, 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə 12 dekabr 2018-ci il tarixli 1 №li əlavə razılaşmaya əsasən əmək müqaviləsinin 2 il müddətinə uzadılması şərti nəzərə alındığı halda, müqavilənin müddəti (2017-2019-2021) növbəti dəfə xx.xx.2023-cü ildə bitməli idi. Əmək müqaviləsi üzrə müddətin 2 il müəyyən edilməsi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 426 saylı əmək müqaviləsinin məzmunu ilə də bir daha təsdiq edilir. Belə ki, həmin müqavilənin məzmunundan görünür ki, tərəflər arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 5 və 6-cı hissələrinə əsasən xx.xx.2021-ci il tarixdə ilkin əmək müqaviləsi ona edilən əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən tərtib edilmişdir. Bu müqavilə işəgötürənlə işçi arasında bağlanmış xx.xx.2017-ci il tarixli ilkin əmək müqaviləsinə və ona edilən əlavə bütün dəyişikliklərlə birgə onların qarşılıqlı razılığı ilə yenidən baxılmasıdır. (İ bənd) Müqavilənin İİ bəndinə əsasən işçi əsas iş yeri üzrə motorçu peşəsinə qəbul edilir. Müqavilənin 2.1 bəndinə əsasən əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi rəhbər tutularaq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı əsasında xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək bağlanılmışdır. Bu əmək müqaviləsinin 1.1 bəndinin İİ abzasına əsasən işçinin işə başlama tarixi xx.xx.2017-ci ildir. Beləliklə də, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən qəbul etdiyi İR-1751/22 saylı, xx.xx.2022-ci il tarixli əmri ilk növbədə 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinə dəyişiklik edilməsinə dair 12 dekabr 2018-ci il tarixli 1 №li əlavə razılaşmanın 2.1 və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 426 saylı əmək müqaviləsinin 2.1 –ci bəndlərinə uyğun olmamışdır. Başqa sözlə, xx.xx.2017-ci ildən hesablanan müddət 2 il nəzərə alınmaqla xx.xx.2022-ci ildə bitməmişdir. Lakin məhkəmə qeyd edir ki, mübahisələndirilən əmr konrkret olaraq cavabdeh tərəfindən sözüdedən, dəyişiklik edilmiş 13 dekabr 2017-ci il tarixli 1268/KS saylı əmək müqaviləsinin və tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 426 saylı əmək müqaviləsinin 2.1 bəndlərinin tələblərinə əməl edilməməsi əsası ilə qanunsuz olmamışdır. Əmrin qanunsuzluğunun digər əsası da aşağıdakılardır: İddiaçı tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan normalara əsasən əmək qanunvericiliyi işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanmalı olması hallarını müəyyən etmişdir. Məhkəmə əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndinə qiymət verərkən hazırki iddia tələblərində kənara çıxmamaqla iddiaçı ilə müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin tələbləri çərçivəsində tərəflərin qarşılıqlı razılığı ilə bağlandığını və həmin müqavilənin bilavasitə iddiaçının iradəsini ifadə etməsi ilə bağlı işin hallarına münasibətdə qeyd edir ki, sözügedən norma əmək müqaviləsinin tərəfləri arasında bağlanmış istənilən müqaviləni deyil, tərəflərin həqiqi hüquq bərabərliyi prinsipinə əməl etməklə qarşılıqlı razılıq əsasında bağladıqları müqavilələri nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cavabdehin 12 dekabr 2017-ci il tarixli İR-791/17 saylı əmri ilə iddiaçının əmək müqavisiləsinə xitam verilsə də, onunla 1 gün sonra, yəni xx.xx.2017-ci il tarixində yenidən 1 il müddətinə xx.xx.2018-ci il tarixinədək 1268/KS nömrəli müddətli əmək müqaviləsi bağlanılması faktı tərəflərin əmək münasibətlərinin davam etməsinin iradə ifadəsi kimi qiymətləndirilir. Başqa sözlə, 1 gün fərq ilə işdən azad etmə və işə qəbul barədə əmrlər faktiki olaraq formal olmaqla əmək münasibətlərinin əvvəlki qaydada (müddətli əmək müqaviləsi) davamının sənədləşdirilməsi məqsədi daşımışdır ki, bu formal rəsmiləşdirmə iddiaçının cavabdeh təşkilatla fasiləli - əmək münasibətinin xx.xx.2017-ci il tarixindən yaranması kimi qiymətləndirilə bilməz. Əksinə əmək münasibətlərinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh özü də etirazında göstərmişdir ki, işəgötürən İddiaçılə əmək münasibətlərini davam etdirmək niyyətində olmuş və onunla yenidən 1 il müddətinə xx.xx.2018-ci il tarixinədək xx.xx.2017-ci il tarixində 1268/KS nömrəli müddətli əmək müqaviləsi bağlanılmışdır. Məhkəmənin qənaətinə görə, 2012-ci ildən eyni struktruda iş stajına malik kifayət qədər ixtisaslı işçi ilə 1 il müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir ki, bu da iddiaçının əmək hüquqlarının pozulması deməkdir. Məhkəmə qeyd edir ki, işçi ilə əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması, bu növ müqavilələrin hər hansı birinin bağlanması halının əmək funksiyasının və görüləcək işlərin daimi və ya müvəqqəti xarakter daşımasından asılı edilməsi mübahisələrin düzgün həlli və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi ilə müəyyən edilən əmək hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığını əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Bu hal üzrə əmək müqaviləsinə xitam verilməsi həm işçinin, həm də işəgötürənin əmək müqaviləsinin xitamına yönəlmiş razılaşdırılmış şəkildə iradə ifadəsi mövcud olduqda mümkün ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Hazırki əmək müqaviləsinin məzmunu baxımından iddiaçının əmək funksiyasının və gördüyü işin eyni olmaqla daimi xarakter daşıması (NÖA üzrə mütəxəssis) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə olan halda, cavabdeh təşkilatın ididaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hal onunla bağlanmış əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyasının, görüləcək işin mövsümi xarakter daşıması və s.) irəli gələrək müddətli bağlanmasının əsası aydın deyildir və buna görə də qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisəsizdir, belə olan halda isə onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır. Bu baxımdan, məhkəmə cavabdeh tərəfin mövqeyini Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə əsaslandırmasını əsaslı saymır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hisslərinə əsəsən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26- cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi hazırki iddianın predmeti olmasa da, faktiki olaraq həmin əmək müqaviləsinin 2.1-ci bəndinin doğurduğu hüquqi nəticə olduğundan və mübahisəlindirilən əmrin cavabdeh tərəfindən verilməsi həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə əsaslandığı üçün sözügedən əmrin qanunsuzluğuna qiymət verilməsi baxımından bu müqaviləyə də məhkəmə tərəfindən münasibət bildirilməsi zəruridir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Hazırki halda əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin eyni olmaqla, beş ildən artıq müddətdə davam etməklə daimi xarakterə malik olması müəyyən edilir və bu hal əvvəlcədən işəgötürənə bəlli olmuşdur. Yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmadan bağlanmış bu müqavilə işəgötürənin mənafeyinə xidmət etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır. Məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Qanunun 35-ci maddəsinin 1-ci bəndinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizəsinin əsası kimi -İddiaçı tərəfindən cavabdehə göndərilən Mediasiya prosesinin tətbiqi barədə “Təklifə” diqqət yetirdikdə, iddiaçının həmin “Təklif’də “Təklifin göndərildiyi tarix” olan hissənin boş buraxması və orada hər hansı qeyd aparmaması müəyyən olunmasına- istinad etsə də, iş materiallarında olan 11 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışında mediasiyanın tətbiqi barədə təklifin tarixi xx.xx.2023-cü il olaraq göstərilmişdir. Məhkəmə, iddiaçı tərəfindən iddia müddətinin buraxılması halına yol verilmədiyindən hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tətbiq edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməli, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Azərbaycan Respublikası MPM-nin: -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci olaraq ödənilmişdir. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı barəsində olan İR- 1751/22 saylı, xx.xx.2022-ci il tarixli əmri əmək qanunvericiliyinin tələbləri baxımından qanuni və əsaslı olmadığı üçün ləğv edilməli, iddiaçı Cavabdehndə Motorçu vəzifəsinə bərpa olunmalı, işə bərpa edilən günədək ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, 50 manat mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

Nəticə:

Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı barəsində olan Cavabdeh MMC-nin 1751/22 saylı, 13 dekabr 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də motorçu vəzifəsinə bərpa olunsun. İddiaçı xx.xx.2022-ci il tarixindən işə bərpa edilən günədək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. 50 (əlli) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. 50 (əlli) manat mediasiya xərcinin əvəzi Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar