Məhkəmə qərarları › İş №2(009)-654/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-654/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-654/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) ABŞ dolları pul vəsaitinin və dövlət rüsumunun əvəzi 105 (yüz beş) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 10 ilə yaxındır ki, tanıyırmış. O, onun bacısı X4 qızının yaxın rəfiqəsi olmuşdur. Bacısı ilə o, bir-birilərinə dəfələrlə borc verdiklərindən məlumatı var imiş. 2020-ci ilin iyul ayının birinci yarısında bacısı X1 zəng edərək deyib ki, rəfiqəsi Tamilla ondan 15000 manat borc istəyib, lakin onda həmin məbləğdə pul yoxdur, amma yaxın rəfiqəsi olduğu üçün ona mütləq borc verilməsində kömək etmək istəyirmiş, əgər onda pul varsa ona verməyini, bir ay ərzində ona qaytaracağını söyləmişdir. Daha sonra Cavabdeh özü onun istifadəsində olan telefonuna zəng edərək ondan xahiş etdi ki, ona 15000 manat borc versin. Ondan öncə bacısının ondan xahiş etdiyi üçün və eyni zamanda o, özü də zəng edərək israrla xahiş etdiyinə görə məcbur qalıb ona müəyyən məbləğdə pul verəcəyini bildirmişdir. 14 iyul 2020-ci il tarixdə saat 14 radələrində ünvan 1 ünvanında Cavabdeh ilə görüşmüş, orada onunla borcla bağlı söhbət edərkən demişdir ki, “OCOS” adlı bir şirkətə işə düzəldiyini və ora müəyyən miqdarda pul depozit qoyacağını, lakin 15000 manatı çatmadığını söyləmişdir. Həmin məbləği ona versə bir ay ərzində ona geri qaytaracağını söyləmişdir. O da onun səmimiyyətinə inanaraq ona onda cəmi 12000 manat var və bu məbləğdən artıq ona pul verə bilmiyəcəyini söyləmişdir. O da razılaşaraq demişdir ki, eybi yox sən 12000 manatı ver və qalanını da başqasından alacaq. O həmin vaxt ona bildirib ki, yatırdığı pul ona qazanc gətirəcək və bu qazancdan ona da əlavə pul verəcək. Odur ki, o orada Cavabdeh 5000 ABŞ dolları və 3500 manat olmaqla cəmi 12000 manat dəyərində pul vermişdir. 2020-ci ilin avqust ayının 16-dan sonra Tamillaya zəng edərək pulunu nə vaxt qaytaracağını soruşduqda o, dedi ki, şirkətdə onun depoziti çoxalıbdır və müqaviləyə əsasən o onu cəm şəkildə götürə bilmir və yalnız hissə-hissə ayrı-ayrı şəxlərin adına götürə bilər, bu səbəbdən də borcunu qaytara bilmir, əgər istəyirsə borc cəm şəkildə qaytarılsın, bir neçə qohumlarının şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib ona vatsapp vasitəsi ilə yollamağını, o da onların adından öz depoziti hesabına pul çıxarıb onun 12000 manatını qaytaracığını söyləmişdir. O da məcbur qalıb bir neçə tanışlarının razılığı əsasında şəxsiyyət vəsiqələrinin şəkillərini çəkərək ona yollamışdır. Ondan sonra da bir neçə ay gözləyib və görüb ki, pulunu qaytarmır. Ona hər gün zəng edərək borcunu tələb etdikdə, əks halda barəsində şikayət edəcəyini bildirdikdə, ona dedi ki, guya “OCOS” adlı şirkət müflis olduğu üçün onun da bütün pulları şirkətdə batmışdır. O da onun dediklərinin yalan olduğunu anlayaraq bir müddət gözləyəndən sonra görüb ki, pulunu qaytarmaq niyyəti yoxdur, məcbur qalıb 12.01.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 18ci PŞ-nə ərizə ilə müraciət etmiş, polis şöbəsində araşdırma aparıldıqdan sonra ona məktubla cavab verilib ki, sizin müraciətiniz mülki məsələ olduğu üçün məhkəməyə müraciət edəsiniz. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 17.03.2022-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddia tamamilə əsassızdır. Belə ki, o, 18-ci polis şöbəsinə yazdığı 10.01.22-ci il tarixli ərizəsində və həmin şöbədə verdiyi izahatında 2021-ci ilin iyul ayın 14-də Cavabdeh adlı tanışının ondan 12000 AZN borc istədiyini göstərmişdir. Lakin iddia ərizəsində 5000 ABŞ dollarını və 3500 manatı cəmi 12.000 manatı 14 iyul 2020-ci il tarixdə verdiyini qeyd etmişdir. O, Polis şöbəsində yazdığı izahatında 5000 ABŞ dolları verməsi barədə göstərməmişdir. İddia tələbi borc verilmiş pul tələbi olduğu halda, iddia ərizəsində Tamaranın onu aldadaraq pulunu ələ keçirdiyini göstərir. Bunlar ziddiyyətli fikirlərdir və sübut kimi qəbul oluna bilməz. 18-ci polis şöbəsinin mülki geyimli, Rəşad adlı əməliyyatçısı istifadəsində olan 055 *** ** ** nömrəli mobil telefonla ona zəng edərək PŞ-nə çağırmış, o, hamiləliyi ilə əlaqədar vəziyyətinin pis olduğunu, şöbəyə gələ bilmədiyini bildirdikdə həmin polis əməkdaşı onun yaşadığı mənzilə gəlmiş, onu “Banditizm” idarəsinə aparıb təhvil verəcəyini deməklə ona hədə qorxu gəlmişdir. Hamilə vəziyyətdə olan Tamilla özünü pis hiss etdiyini dedikdə polis əməkdaşı bildirmişdir ki, “sənin izahatını evdə ala bilər, bu şərtlə ki, Mirnamiqdən 5000 ABŞ dollarını borc aldığını yaz, işi bağlayıb arxivə atım”. O da həmin polis əməkdaşına inanıb onun diqtəsi ilə izahat yazmış və izahatında Mirnamiqdən 5000 ABŞ dolları borc aldığını göstərmişdir. Həmin vaxt valideynləri evdə olmuşlar və baş verənlərin şahidləridirlər. İddiaçı da həmin izahatdan istifadə edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikasının baş prokurona və Səbail rayon məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin 19.01.22-ci il tarixdə yaşadığı mənzilə gələrək təyziq və hədə qorxu etməklə izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dövrü ilə bağlı səhhətində yaranmış problemlər ilə əlaqədar və təyziqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Cavabdeh bildirir ki, iddia ərizəsində göstərilən zaman və vaxt müddətində iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Qeyd etdikləri iddia tələbinin əsassız olduğunu göstərir. Ona görə də iddianın rədd edilməsi haqqında qətnamə çıxarmağınızı xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 bidirmişdir ki, iddiaçı cavabdehə pul verib. Pul 5000 dollar deyil, əlavə olaraq manat şəklində də pul verilib. Vəkil olaraq həmin məbləği mübahisələndirməməsini tövsiyyə etdi. Əlavə rüsum ödəməli olacaq. Perspektiv baxımından yetəri qədər sübut olmadığından həmin məbləğ məhkəmə tərəfindən təmin olunmayacaq. Bu səbəbdən, cavabdehin etiraf etdiyi 5000 dollar hissəsində iddia qaldırıblar. Pulun Tamilla xanıma verilməsi hissəsində mübahisə yoxdur. Cavabdeh qeyd edir ki, “OCOS”-da onu da aldadıblar, qaytara bilmir. Eyni zamanda iddiaçının subyektiv hüququnu mübahisələndirirlər. Mətanət xanım ilə cavabdeh arasında olan pul mövzularından xəbərdar deyillər. Ola bilər “OCOS”-a qoymaq üçün verilsin. Cavabdeh iddiaçıya “OCOS” adlı şirkətə işə düzəldiyini və daha çox pul qazanmaq üçün pul qoymalı olduğunu bildirib. Pulun “OCOS”-a yatırılması ilə bağlı risklərin bölüşdürülməsi barədə razılıqları olmayıb. Əsassız varlanmadan irəli gələn münasibətlərdir. Prokurorluğa göndərilən şikayət ərizəsində hamilə olduğunu, ona hədəqorxu gəlindiyini göstərib. Şahidləri dindirən zaman müəyyən olundu ki, evin ünvanını da özləri verib, evə dəvət ediblər, Gəncədə də görüşüblər. Bu da göstərir ki, heç bir təzyiq, hədə-qorxu olmayıb. İzahatında qeyd edib ki, 5000 dollar pulu alıb “OCOS”-a qoymayıb. Özündə saxlamaqla dələduzluq edib. Məhkəmə bildirişini aldıqdan sonra prokurorluğa müraciət etməklə məhkəmədə nəticə əldə etməyə çalışıblar. İddiaçı Tamillaya zəng edərək pulunu nə vaxt qaytaracağını soruşduqda müqaviləyə əsasən onu cəm şəkildə götürə bilmədiyini və yalnız hissə-hissə ayrı-ayrı şəxslərin adına götürə biləcəyini deyərək bir neçə qohumlarının şəxsiyyət vəsiqələrinin şəkillərini çəkib ona “whatsapp” vasitəsi ilə yollamağını söyləmişdir. Bacısının rəfiqəsini polisə vermək istəmədiyindən, tanıdığı adamların şəxsiyyət vəsiqələrini ona göndərib. Etiraz ərizəsində “OCOS” sisteminin “screenshot”ları var, lakin onların hazırkı məsələyə aidiyyatı yoxdur. Özü izahatında deyib ki, qorxub, pulu “OCOS”-a qoymayıb, özündə saxlayıb. Cavabdehin təqdim etdiyi sənədlər və gətirdiyi dəlillər əsassızdır, onun iddiaçı qarşısında olan mülki məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Belə ki, iddia tələbinin əsasını təşkil edən cavabdehin izahatından iddianın əsaslı olması tam sübut olunur. Cavabdeh izahatında da etiraf edir ki, “OCOS” adlanan şirkətə pul vəsaiti verib əlavə qazanc əldə edirmiş. “OCOS” şirkətinin dələduzluğundan maddi zərər çəkməsi həmçinin onun nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş qərar ilə də təsdiq olunur. Lakin cavabdeh polisə verdiyi izahatda məhz iddiaçı Namiq Tağıyevdən 5000 ABŞ dollarını aldığını, lakin hansısa səbəblərdən həmin vəsaiti adı çəkilən “OCOS” şirkətinə yatırmadığını, özündə saxladığını yazılı şəkildə bildirmişdir. Cavabdehin izahatını almış polis əməkdaşlarının guya vəzifə səlahiyyətlərini aşmaqla bağlı müxtəlif qurumlara şikayət ərizəsi ilə müraciət etməsi dəlili də özünümüdafiə xarakterli olmaqla həqiqəti əks etdirmir. Əvvəla, bu müraciətlər iddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan və 10.03.2022 tarixli məhkəmə bildirişi cavabdehə çatdırıldıqdan sonra verilmiş və həmin müraciətin nəticəsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. İkincisi, cavabdeh polisə verdiyi yazılı izahatda sərbəst fikir ifadə edərək iddiaçının şikayət ərizəsində əks olunan 12.000 manatı deyil, həmin vəsaitin 5000 ABŞ dolları hissəsini etiraf etmişdir. Bu fakt bir daha onu göstərir ki, izahatın mətni cavabdehin iradəsinin sərbəst ifadəsindən ibarətdir. Cavabdehin hazırkı mübahisənin predmeti olan 5000 ABŞ dolları pulu İddiaçı deyil, onun bacısından götürməsi barədə gətirdiyi dəlil əsassızdır, heç bir mötəbər sübutlarla təsdiq olunmur. İddiaçının bacısı ilə cavabdeh arasında hansısa məbləğlərdə pul haqq-hesabı varsa, bu onların öz arasında həll olunmalı məsələdir, bu barədə dəqiq məlumata malik deyillər, bunun hazırkı iddia tələbi ilə qətiyyən əlaqəsi yoxdur. Cavabdehin valideynlərinin məhkəmə baxışında şahid qismində iştirak etmələri onların valideyn kimi övladlarını məsuliyyətdən kənar saxlamaq kimi təbii hisslərindən irəli gəlir və bu anlaşılandır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, iddia tam əsassızdır. İş materiallarında təhqiqatçı, müstəntiq prokuror tərəfindən qəbul edilmiş qərar yoxdur, sadəcə izahatın kopyası var. “whatsapp” yazışmalarından görünür ki, xaricdə yaşayan Mətanət yaxın rəfiqə olduqlarına görə cavabdehə pulu “OCOS”-a qoymaq üçün göndərir. Şəxsiyyət vəsiqələrini də göndərib ki, hərənin adına 350-360 manat pul köçürülsün. Təhqiqatçı, müstəntiq izahat aldıqdan sonra qərar qəbul etməlidir. İzahat sübut kimi qəbul edilə bilməz. Cavabdeh zərərçəkmiş şəxs qismində cəlb olunub. Mətanətin qardaşı vasitəsilə göndərdiyi pul da qərarda göstərilənə aiddir. Mirnamiq pulun mülkiyyətçisi deyil, sadəcə vasitəçidir. İddianın təmin olunması üçün mötəbər sübut yoxdur. İddia ərizəsində göstərilən 5000 ABŞ dollarını İddiaçı bacısı Mətanətin tapşırığı ilə gəlir əldə etmək məqsədi ilə “OCOS” şirkətinə yatırıb. Bunu sübut edən “whatsapp”yazışmaları mövcuddur. Həmin şirkət insanları aldadaraq pulları mənimsəyib. İş üzrə zərərçəkmişlərin şikayətləri əsasında Azərbaycan Respublikası DİNnin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində araşdırma aparılır. Tamiİİa Rəhimova həmin idarəyə müraciət edərək “OCOS" şirkəti tərəfindən aldadıldığını, pulunun mənimsənildiyini göstərmişdir. Hazırda araşdırma davam edir. Tamiİİa Rəhimova Azərbaycan Respublikasının baş prokuroruna və Səbail rayon məhkəməsinə yazdığı ərizəsində Rəşad adlı əməliyyat müvəkkilinin 19.01.2022-ci İİ tarixdə yaşadığı mənzilə gələrək təzyiq və hədə qorxu etməklə ondan izahat yazmağı tələb etdiyini, izahatda yazılan məqamların onun hamiləlik dövrü ilə bağlı səhhətində yaranmış problemlərlə əlaqədar və təzyiqlə yazdırması səbəbindən həqiqəti əks etdirmədiyini göstərmişdir. Rəşad adlı əməliyyat müvəkkili izahatı alarkən Tamillanın valideynələri də orada olmuşlar. Tamiİİa Rəhimova Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə teleqram göndərərək “Meqafun” əyləncə mərkəzində yerləşən “OCOS” şirkətinə müəyyən məbləğdə pul yatırdığını, bir çox tanışlarının, o cümlədən anası X2 həmin şirkətə pul yatırdığını, həmçinin xaricdə yaşayan rəfiqəsi X3 həmin şirkətə yatırım etmək istədiyini və qardaşı İddiaçı vasitəsilə 5000 ABŞ dollarını 13.07.2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “TR TRAVEL” ofisində çalışan tanışları Sədəfə göndərdiyini, Tamiİİa da həmin məbləği “Meqafun” əyləncə mərkəzində yerləşən “OCOS” şirkətində çalışan Xəyal Yəhyayeva təhvil verdiyini, Xəyal da həmin məbləği Mətanət Tağıyevanın “WhatsApp” vasitəsilə göndərdiyi 16 nəfərin şəxsiyyət vəsiqələrinə əsasən onların balansına otuzdurduğunu, həmin məbləğ 30.11.2021-ci il tarixdə 12000 ABŞ dolları olduğunu və “OCOS” şirkəti tərəfindən nağdlaşdırılmalı olduğunu, lakin şirkətin pulları geri qaytarmadığını, onları aldatdığını göstərmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinin İstintaq və Təhqiqat idarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik leytenantı X12 07 aprel 2022-ci il tarixli qərarı ilə Rəhimova Tamiİİa İlhamovna zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qərardan görünür ki, X15 və X11 2021-ci ilin yanvar ayından etibarən internet resursları və sosial şəbəkələrdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan və dövlət reyestrinə daxil edilməyən “OCOS” adlı şirkətinin və mövcud olmayan kriptovalyutanın beynəlxalq valyuta bazarında satışı ilə məşğul olan, mərkəzi ofisi X10 yerləşən etibarlı beynəlxalq şirkətin Azərbaycan Respublikasındakı rəsmi nümayəndəsi kimi təqdim edərək müştərilərdən müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini heç bir müqaqvilə və ya ödəniş qəbzi tərtib etmədən qəbul etmiş, müştərilərə guya həmin pul məbləğlərini “OCOS” adlı şirkətin ABŞ-dakı hesabına köçürdüklərini, guya həmin pulun müqabilində müştərilərə kriptovalyutanın satıldığını bildirməklə aldatmış, bu üsulla çoxsaylı vətəndaşlardan, o cümlədən Rəhimova Tamiİİa İlhamovnadan 2021-ci ilin sentyabr ayında hissə-hissə olmaqla ümumilikdə 23.400 ABŞ dolları vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. Bundan əvvəl məhkəməyə təqdim etdiyi sənədlərdən X3 qardaşı İddiaçı vasitəsilə göndərdiyi 5000 ABŞ dollarının “OCOS" adlı şirkətə yatırılması üçün Xəyal adlı şəxsə verildiyi sübuta yetir. Müstəntiqin qərarından da sübuta yetir ki, Xəyal və Gülarə adlı şəxslər Cavabdeh aldadaraq ümumilikdə 23.400 ABŞ dollarını ələ keçirmişlər. İddiaçı 18-ci Polis Bölməsindən əldə edərək iddia ərizəsinə əlavə etdiyi Cavabdeh hansı tarixdə yazıldığı bilinməyən izahatı sübut kimi qəbul oluna bilməz. Belə ki, CPM-nin 38.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. Həmin Məcəllənin 126.1-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. İddiaçı 18-ci Polis Bölməsində aparılmış araşdırmanın nəticəsinə dair hər hansı bir qərarı məhkəməyə təqdim etməmişdir. Hansı ki, tərəflərin verdikləri ərizə, şikayətlərin məzmunu, izahatları həmin qərarda göstərilir və belə bir qərar varsa məhkəməyə təqdim olunmalıdır. Həmin qərarı təqdim etmək vəzifəsi isə MPM-nin 78.1 -ci maddəsinə əsasən iddiaçıya aiddir. İddiaçılə Cavabdeh arasında borc məbləğinə dair istər şifahi, istərsə yazılı müqavilə olmamışdır. Bu isə iddianın tam əsassız olduğuna sübutdur. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadə verərək bildirmişdir ki, Gəncə şəhərində işləyir, onlara şikayət olması barədə xəbər çatanda o Gəncədə idi. Rəşad adlı şəxs qızına zəng edərək onunla görüşməyi istəyib. Onunla görüşüb pulun “OCOS” şirkətinə qoyulmasını izah etmişdir. Belə olduğu halda, qızını da bu işə cəlb edəcəklərini, adının təşkilatçı kimi gedəcəyini demişdir. Qızı hamilə olduğu üçün narahat olmuşdur. Bu məsələnin həll yolunun necə olduğunu soruşmuşdur. İdarəyə gedib sonradan işi necə bağlamaq olduğunu deyəcəyini bildirmişdir. O işə görə yalnızca şənbə və bazar günləri Bakıda olur. Bu səbəbdən yeznəsinin gələcəyini demişdir. Ayın 16-ı, bazar günü zəng edərək yeznəsini danışığa göndərməyi istəmişdir. Zabit olduğu üçün, dost-tanışdan bu məsələni soruşduqda elə bir şeyin olmadığını demişlər. Ayın 19-u qızı hamilə olduğundan və müəyyən sənədləri göstərəndən sonra o onların ağ şəhərdə olan evlərinə gəlmişdir. Qızı, yoldaşı və o evdə idilər. O şikayətin məzmununu oxudu. İddiaçının bacısı qızının dostudur. Onu Moskvada aldatmışdılar, orada dostları var idi, onlarla həll etmişdi. Yoldaşı iranlı idi, qızı ilə yaxın dost idilər. Namiq ortada kuryer rolunu oynayırdı. Rəşad ona inanmağı, onlara kömək edəcəyini demişdir. O qızının o vaxt ingilis dili kursunda olduğunu, telefon danışıqlarının olmadığını demişdir. Bunlara məhəl qoymadan, “OCOS”un adını qeyd etdikdə qızı üçün problem yaranacağını, onu da tutub aparacaqlarını demişdir. İşi bağlayıb arxivə atacağını, heç kəsin maraqlanmayacağını dedi. Bəs qarşı tərəf məhkəməyə verdikdə, hakim işi istədikdə nə olacağını soruşanda, narahat olmamağı, işi arxivə verəcəyini demişdir. Qızına “OCOS”-un adını çəkməməyi, pulun onda qaldığını yazmağını demişdir. Rəşada belə yazdıqdan sonra məhkəmədə üzə çıxacağını dedikdə, heç nə olmayacağını bildirmişdir. Ona inanmağı, heçkəsin bu işlə bağlı narahat etməyəcəyini demişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadə verərək bildirmişdir ki, hamilə olduğu üçün qızlarını qorumaq istəyirdilər. Müstəntiq Rəşad onlara gələndə onlar ona dedilər ki, qızına göndərilən pullar “OCOS”-a qoymaq üçündür. Pulu gətirən isə Namiq idi. Namiq özü də “OCOS”-a pul qoyurdu. Namiq yanvar ayında pulu qoyub 2 ay sonra götürüb. Onlar ailələrində bir-birlərinə güvənmirlər. 5000 dollar pulu iyul ayında qoyub sentyabr ayında götürməli idi. Pulu götürüb yenidən “OCOS”-a qoymaq qərarına gəlmişdi. 25 noyabrda götürməli idi. 25 noyabrda “OCOS”-u bağlayıblar. Bütün pullar həmin sistemdədir. Hamının pulu qaytarılanda onların da pulunun qaytarılacağını demişdilər. Pulların hamısı Mətanətin idi, qardaşı vasitəsilə çatdırılırdı. Mətanət ölkəyə çox az-az gəlib-gedir. Onlar “OCOS”-da itirdikləri pulları qızından almaq qərarına gəlmişlər. “Whatsapp” yazışmalarında bütün məlumatlar qalıb, şəxsiyyət vəsiqələrini ya Mətanət, ya da qardaşı göndərib. Mətanət xaricdə yaşayır, qardaşı da kuryer kimi gətirib-aparırdı. Pullar Mətanətindir. “Whatsapp”-da qızına pulunu “OCOS”-a qoymaq istədiyini yazırdı. Ofisdə də hamı Mətanətin necə böyük məbləğlər göndərdiyini bilirdi. Özünə ev almaq üçün də qızına pul göndərib. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə ə/m, polis kapitanı Rəşad Qasımovun 28.01.2022-ci il tarixli arayışından və arayışa əlavə olunmuş izahatdan görünür ki, Cavabdeh İddiaçı ilə ailəvi dostdurlar, Tağıyev X6 Tamilla İlhamovnaya 5000 ABŞ dolları məbləğində pul vermiş, 12000 manat şikayət ərizəsi şər və böhtandır. Arayışda göstərilən xüsusatlar mülki məsələ olduğu üçün aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan Mərkəzi Klinikanın 17.01.2021-ci il tarixli tibbi arayışından görünür ki, Cavabdeh 13-14 həftəlik əkiz hamilədir. Ambulator şəraitdə qusma əleyhinə müalicə alır. İş materiallarında olan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 07 aprel 2022-ci il tarixli qərarından görünür ki, cinayət işi üzrə Cavabdeh zərər çəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 5000 (beş min) ABŞ dolları alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 105 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 105 (yüz beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar