Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-659/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi ilə İddiaçı (Yəhya) Musa oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və X2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 1960-cı ildən ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzilin yaşayış sahəsi 44.25 kv ümumi sahəsi 102.05 kv metr olmaqla 4 otaqdan ibarətdir. Həmin mənzilə xx.xx.2002-ci il tarixində Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən FM-N- 015106 saylı Qeydiyyat Vəsiqəsi alaraq tam mülkiyyətinə keçirmiş, mərhum həyat yoldaşı Qasımova Səkinə, oğlu Cavabdeh2 Yahya oğlu, X8, X4, X9, gəlinləri Cavabdeh1, X3, nəvələri X6, X10, X11, X12, Cavabdeh3 qeydiyyatdadırlar. Oğlu Cavabdeh2 30 ildən artıqdır ailəlidir və öz ailəsi ilə başqa ünvanda yaşayırlar. Yaşamasına baxmayaraq heç zaman bir ata olaraq onunla maraqlanmayıb qayğısına qalmayıbdır. Eyni zamanda mülkiyyətində olan mənzilində 12 nəfərdən artıq şəxslərin qeydiyyatda olmaları bəzi kommunal xərcləri ödəyə bilməməyinə və əlavə vəsait itkisinə çatdırır. Mənzilin mülkiyyətçisi olsa da bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçılar cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və X1 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsinə, cavabdehlərin mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, kompensasiya ödənilmədən cavabdehlərin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1935-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə Bakı şəhər Tİ və MHQİ (indiki Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsinin kserosurətinə əsasən Bakı şəhəri, ünvan 1 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə X5 adına qeydiyyata alınmışdır. İş üzrə Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yahya oğlu və X7 xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, ünvan 1 saylı mənzildə qeydiyyatdadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, cavabdehlər mübahisəli mənzildə 2005-ci il tarixdən köçüb yaşamağa başladığından, bununla da mənzilə dair hüquq münasibətləri 2005-ci il tarixdə yarandığından, hazırki mübahisəyə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci madəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin onunla birgə yaşayan ailə üzvləri ( əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Konstitusiya məhkəməsinin həmin Qərarında göstərilmişdir ki, MM-in 228.1 və 228.2ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; - həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; - istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci iltarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından Cavabdeh2 və Cavabdeh3 iddiaçın ailə üzvüdür. Ailə üzvünün istifadə hüququna xitam verilməsi isə kompensasiya verilməklə mümkündür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslində ailənin başqa üzvlərinin aliment öhdəlikləri barədə bəhs edilir və həmin Məcəllənin 89 və 90-cı maddələri nənə və babaların, həmçinin nəvələrin bir-birlərinin saxlanılması üçün aliment tələb etmək hüquqları müəyyən edilmişdir. Bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh3 iddiaçının oğluna münasibətdə ailə üzvü hesab olunur. Cavabdeh1 mübahisəli evə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında notariat qaydada təsdiq olunmuş razılaşmanın olması vacibdir, eyni zamanda bu razılaşma (müqavilə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin məhkəmə qeyd edir ki, mənzilin mülkiyyətçisi ilə cavabdeh arasında mübahisəli mənzilə istifadə hüququnun əmələ gəlməsi üçün notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma bağlanmadığından, cavabdehin mübahisəli mənzilə hər hansı istifadə hüququnun yaranmasından söhbət gedə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun yaranması müəyyən olunmadığından, iddiaçının mübahisəli mənzil üzrə cavabdehin istifadə hüquqlarına xitam verilməsi barədə tələbi, cavabdehin həmin mənzilə istifadə hüquqlarının yaranması müəyyən olunmadığından təmin edilə bilməz. Yəni mövcud olmayan və yaranmayan hüquqlara xitam verilməsi qanuni hesab edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququnun olması müəyyən edilmədiyindən, bu hal onun mübahisəli mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, idida tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia tələbi Cavabdeh1 Bakı şəhəri, ünvan 1 saylı mənzili üzrə istifadə hüququna xitam verilməsi hissəsində onun həmin mənzilə istifadə hüququ müəyyən edilmədiyindən təmin edilməsin. Qətnamə Cavabdeh1 Bakı şəhəri, ünvan 1 saylı mənzil üzrə qeydiyyatının ləğv edilməsi üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-659/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-659/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver