Məhkəmə qərarları › İş №2(009)-665/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-665/2021

24.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-665/2021 24.02.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Tomayev Deputat Süleyman oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Əhmədiyyə qızının – Cavabdeh qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi üzrə mülki işə tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əhmədiyyə qızı – Cavabdeh qarşı «əmək müqaviləsinin etibarsız hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Əhmədiyyə qızı xx.xx.2014-cü il tarixdə hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fikizi şəxs Cavabdeh (VÖEN:**********) ilə əmək müqaviləsi bağlayaraq Badamdar ərazisində yerləşən “Şəki” restoranında əl ilə qabyuyan vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdə həmin müqaviləyə xitam verilmişdir. 2017-ci ildən 57 yaşdan İddiaçı Əhmədiyyə qızına müavinət təyin edilmişdir. 2019-cu ildə həmin müavinətin verilməsi dayandırılmışdır. Müavinətin dayandırılması səbəbi müəyyənləşdirdikdə məlum olmuşdur ki, Cavabdeh İddiaçı Əhmədiyyə qızının xəbəri olmadan xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlamış və məlumatları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron Sisteminə daxil etmişdir. İddiaçı Əhmədiyyə qızı dəfələrlə bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi yanında 4 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etsə də, heç bir nəticə olmamışdır. Bununla yanaşı pretenziya qaydasında Cavabdeh müraciət edilsə də, heç bir tədbir görülməmişdir. Buna görə də Cavabdeh ilə arasında bağlanılmış əmək müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı Əhmədiyyə qızının razılığı olmadan onunla əmək müqaviləsi bağlamış və bağlanılmış müqavilə qanunvericilik normalarına zidd olduğundan həmin müqavilə məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul edərək, təmin olunmamasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim olunmuş sübutları yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Dövlət Məşğulluq Ximdətinin baza məlumatından görünür ki, iddiaçı ilə cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Qəbzdən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətə heç bir münasibət bildirilməmişdir. AR Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. AR Əmək Məcəlləsinin: 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. 9-cu maddəsinin “q” bəndinə əsasən işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. AR Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə qeyd edir ki, mübahisəli müqavilələrin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh ilə bağlanmış əmək müqaviləsinə əsasən işə qəbul edilmişdir. İşdən azad olunduqdan sonra iddiaçının məlumatı və razılığı olmadan onunla cavabdeh arasında bağlanmış başqa bir əmək müqaviləsinin mövcud olduğu iddiaçıya bəlli olmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Bundan başqa cavabdeh də iddia tələbinin təmin olunmasına heç bir etiraz bildirməmişdir. Bu səbəbdən iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və onunla Cavabdeh arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Əhmədiyyə qızının xx.xx.2019-cu il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar