Məhkəmə qərarları › İş №2(009)-669/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-669/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-669/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X1 iştirakları ilə, İddiaçı – (X4 və X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – (X4 və X2 iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona ödənilməmiş 3531 (üç min beş yüz otuz bir) AZN məbləğində pulun qarşı tərəfdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, 02 oktyabr 2021-ci il tarixdə cavabdeh (sifarişçi) Cavabdeh MMC ilə (VÖEN: **********, H/h AZ14AİİB**********0815006107, Bank: Kapital Bank ASC Xətai filialı VÖEN: ********** Kod: 200071 M/h: AZ37NABZ******************** S.W.İ.F.T: AİİBAZ2X) aramızda olan xx/xx/2021 Nö-li “Xidmət müqaviləsi” əsasında “Sifarişçi”nin obyektlərində kondisionerlərin və vitrin soyuducularının montajı, təmiri və yoxlanılması işlərini yerinə yetirmişdir. Ona təqdim olunmuş Əlavə Nö 2-də (qiymətlərin Razılaşma Protokolu) aylıq əmək haqqının 200 AZN olduğu göstərilmişdir. Həmin müqavilədə qeyd edilmişdir ki, xidmət haqqı, təhvil təslim haqqı imzalandıqdan sonra “İcraçı"nın “Sifarişçi”yə təqdim etdiyi elektron qaimələrə əsasən “Sifarişçi” ən gec 15 (on beş) gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) ərzində bank vasitəsi ilə “İcraçı”ya ödəniş edəcək. Həmçinin göstərilmişdir ki, “Tərəflər” müqavilə üzrə öhdəliklərini vaxtında və tam icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə, bunun nəticəsində digər tərəfə dəyən zərəri və ziyanı tam miqdarda ödəyir. “Tərəflər” bu Müqavilənin şərtlərinin, Müqavilənin maddələrinə və Azərbaycan Respublikası qanunlarına uyğun olaraq icra olunmamasına və ya düzgün şəkildə icra olunmamasına görə cavabdehlik daşıyır. “Tərəflər” onlar arasında bu Müqavilənin icrası prosesində yaranacaq bütün mübahisələrin və anlaşılmazlıqların danışıqlar yolu ilə həll edilməsinə üstünlük verirlər. Bu mümkün olmadıqda, bütün mübahisə və iddialar Azərbaycan Respublikasının müvafiq qanunları əsasında həll olunmalıdır. Fəqət bununla belə, 2021-ci ilin oktyabr ayında yerinə yetirdiyim işlərin müqabilində Cavabdeh MMC tərəfindən ona ümumilikdə 2631 (iki min altı yüz otuz bir) AZN ödənilməli olduğu halda, 1131 (bir min yüz otuz bir) AZN az, yəni cəmi 1500 (bir min beş yüz) AZN məbləğində pul ödənilmişdir. Bundan əlavə həmin müqavilənin qüvvədə olduğu dövr ərzində ona hər ay 200 AZN ödənilməli olduğu halda, cavabdeh təşkilatdan bu günə qədər bir qəpik də ödənilməmiş, mənə (12X200=2400) 2400 (iki min dörd yüz) AZN məbləğində maddi zərər vurulmuşdur. Halbuki həmin dövrdə o ödənişli başqa əmək fəaliyyəti ilə məşğul olaraq kifayət qədər qazanc əldə edə bilərdi. Lakin cavabdeh təşkilatla müqavilə bağladığı üçün bunu etməmişdir və beləliklə həmin imkanlarından da məhrum olmuşdur. Cavabdeh MMC-yə dəfələrlə müraciət edərək məsələnin məhkəmədən kənar həll edilməsinə çalışsa da, heç bir nəticə əldə edə bilməmişdir. Həmçinin mübahisənin danışıqlar yolu ilə həll edilməsi məqsədi ilə cavabdehin hüquqi ünvanına poçt vasitəsi ilə rəsmi qaydada ərizə göndərmişdir, lakin zərfin üzərində “köçüb” qeyd edilərək, həmin məktub xx.xx.2022-ci il tarixdə 1003 saylı poçt şöbəsi tərəfindən onun poçt ünvanına qaytarılmışdır. xx.xx.2022-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron qaydada etdiyi müraciətə X3 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bununla əlaqədar ona göndərilən **********4 saylı xx.xx.2022 tarixli məktubda qeyd edilmişdir ki, müraciətinizin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ünvanına **********4 saylı xx.xx.2022-ci il tarixli məktubla (SS816488614AZ) müraciət olunaraq ona aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Qeyd edir ki, Cavabdeh MMC) tərəfindən ona həvalə olunmuş işləri yerinə yetirərkən müştəri adreslərinə getmək, zəruri olan alətlərin, avadanlıqların daşınması üçün ona məxsus VAZ 2106 markalı minik avtomobilindən istifadə etmişdir və bunun üçün sərf etdiyi A92 markalı benzinə 300 AZN məbləğində pul ödəmişdir, ona yardım edən köməkçiyə 100 AZN məbləğində yeməkiçmək almışdır, onun mobil telefonuna yüklədiyi danışıq konturuna 20 manat vermişdir. Lakin görülmüş işlərin qarşılığında ona verilməli olan məbləğ cavabdeh təşkilat tərəfindən tam ödənilmədiyindən hal-hazırda ona 600 AZN borclu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1109/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Bülent Ertuten izahatında göstərmişdir ki, iddiaçı mənim şirkətimlə müqavilə bağlamayıb, həmin müqavilə şirkətimin möhürü ilə təsdiqlənməyib. İddiaçı müqaviləni Halil İbrahimlə bağlayıb, özləri imzalayıblar. Halil İbrahim şirkətin işçisi olmayıb. Hesab edirəm ki, müqavilə etibarsızdır. Mən əmək müqaviləsi bağlamadığımız işçilərlə işləmək tərəfdarı deyiləm, əmək müqaviləsi bağlanmayan heç kəsi işçi kimi işə götürmürəm. Qoşqar müəllim şirkətə gəldi, əmək müqviləsi bağlamağı təklif etdim, lakin o buna razı olmadı, sonradan Halil İbarhimlə belə bir müqavilə bağlayıblar. Marketlərdə, rayonlarda işlər şirkətin adından görülüb. Halil İbrahim şirkətimin adından müqavilələr bağlayırdı, mən Halil İbrahimə dəfələrlə demişdim ki, belə müqavilələr bağlamasın. Qazancı Halil ilə birlikdə əldə edib bölmüşük. Sonra Halil ilə münasibətlərimiz pozuldu. Halil mənə bildirmişdir ki, Qoşqarın pulu ödənilmişdir, ödənilməsinə dair sənədi istədikdə, təqdim edə bilmədi. Şirkətdə işləyən digər şəxs Ramizin (Qoşqarın qohumunun) kartına pul köçürdüm ki, Qoşqara ödəniş edilsin, amma Qoşqar bildirir ki, həmin puldan ona ödəniş edilməyib. Qoşqarla danışığımız oldu ki, mənim şirkətimi yox, Halil İbrahimə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsin. İddia tələbini qismən qəbul edirəm, Qoşqarın gördüyü işlərin əvəzi olan 1131 manatı pulun ödənilməsini qəbul edirəm, ödəməyə hazıram. Lakin müqavilədə nəzərdə tutulmuş aylıq 200 manat tələbinə etiraz edirəm. Şirkətin adından işçilərlə müqavilələri qanuni təmsilçi Semih Özer bağlayıb, imzalayırdı. Semih Özer hal-hazırda şirkətimdə işləmir. Əlavə olaraq bildirmişdir ki, Halil İbrahimə imza ilə bağlı göstəriş verdim ki, müqavilələrə şirkətin adından imza atmasın. 1131 manatı Ramizin hesabına köçürdük ki, Qoşqara versin. Əmək Müfəttişliyinə şikayət edilmişdir, o günə qədər iddiaçı ilə bağlanan müqavilə barədə xəbərim olmayıb. Köhnə ofisdən köçdüyümüzə görə məxaric dəftərləri saxlanılmayıb. İddianı qismən qəbul etdiyini bildirmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında göstərmişdir ki, iddiaçı ilə şirkət arasında müqavilə olmayıb. Bülent tanıdığı üçün Qoşqarı dəvət etdik, iki gün ərzində danışıqlar apardıq, əmək müqaviləsi bağlanmasını qəbul etmədi. Onunla gündəlik işlərin görülməsi ilə bağlı razılaşma əldə etdik. Müqavilədəki imza mənim imzamdır, bir müqavilə kimi mahiyyəti olmayıb, görəcəyi işlərlə bağlı ödənişlərin müəyyən edilməsi üçün belə bir yazılı cədvəl tərtib etdik. Servis işləri barədə qəbzləri təqdim edərək ona ödənişləri edirdilər. Ödənişləri sadəcə Ramizlə deyil, ofisdə də qız işçilər verirdi. Mühasiblər məxaric dəftərlərində qeyd etməklə ödənişlər edilirdi. Gördüyü işlərə dair və xərclədiyi yanacaq puluna dair ödənişlər edilirdi. Danışıq zamanı mən, Bülent bəy və iddiaçı iştirak edirdik. Bülent bəyə zəng gəldiyindən otağı tərk etdi və mən razılaşmanı davam edib yekunlaşdırdım. "X5" MMC-də rəsmi işləməmişəm, sadəcə işlərə nəzarət edirdim. İddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, İddiaçı ödənilməsi üçün onun hesabına pul keçirilmədiyini bildirərək, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 02 oktyabr 2021-ci il tarixli, xx/xx/2021 nömrəli xidmət müqaviləsindən görünür ki, Cavabdeh MMC-nin direktoru Semih Özer ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixədək müqavilə bağlanmışdır. Müqavilənin İİİ bəndinə əsasən, xidmət haqqı, təhvil təslim aktı imzalanandan sonra “İeraçf’nın "Sifarişçi”yə təqdim etdiyi elektron qayimələrə əsasən "Sifarişçi” ən gec 15 (on beş) gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) ərzində bank vasitəsi ilə "İcraçıya" ödəniş edəcək. - xidmət müqaviləsinə əlavəyə xx.xx.2021-ci il tarixli qiymətlərin razılaşma protokolundan görünür ki, aylıq əmək haqqının 200 AZN olduğu göstərilmişdir. - məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı məcburi köçkündür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X3 Xidməti tərəfindən İddiaçı ünvanladığı məktubdan görünür ki, müraciətin araşdırılması məqsədi ilə Cavabdeh MMC-nin ünvanına **********4 saylı xx.xx.2022-ci il tarixli məktubla (SS816488614AZ) müraciət olunaraq aid olan sənədlərin, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur.Lakin tələb olunan sənədlərin təqdim olunması Cavabdeh MMC tərəfindən təmin edilmədiyindən müraciətinizin araşdırılmasını başa çatdırmaq mümkün deyildir. Eyni zamanda, tərəfimizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən Sizinlə Cavabdeh MMC arasında əmək müqaviləsi bildirişinin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin, 31,10.2022ci il tarixdə X3 Xidmətinin Bakı şəhər İdarəsində verdiyiniz izahatınızda sübutunuzun olmadığını, cəmiyyətdə işləməyiniz barədə şahidlərinizin olduğunu və beş iş günü müddətində təmin edəcəyinizi qeyd etsəniz də bu günə qədər heç bir şahidinizin X3 Xidmətinin Bakı şəhər İdarəsinə gələrək izahat verməsini təmin etməmişdir. Araşdırma zamanı müraciətinizdə qeyd etdiyiniz İbrahim Direl adlı şəxslə (***-***-**-**) mobil telefon vasitəsilə əlaqə saxlanmış lakin şəxs zənglərə cavab verməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2023-cü il tarixinədək dayandırıldığından məsələnin yerində araşdırılması mümkün olmamışdır. Bildiririk ki, müəssisənin rəhbərliyi tərəfindən sənədlər təqdim olunduğu təqdirdə müraciətinizə yenidən baxılaraq cavab veriləcəkdir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. - Cavabdeh MMC-nin qaimələrindən görünür ki, müxtəlif rayonlarda yerləşən “Al Market” mağazalarına İddiaçı tərəfindən xidmət göstərilmişdir. - İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Semih Özerə ünvanladığı məktubdan görünür ki, şirkət tərəfindən ona ödənilməmiş 3531 manat məbləğində pulun ödənilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. - əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1503 saylı əmrdən görünür ki, Cavabdeh MMC bölməsində usta vəzifəsində işləyən Semih Ozer XXX ilə bağlanmış 3E0ED9O000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin “a” – tərəflərdən birinin təşəbbüsü bəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh MMC-nin obyektlərində kondisionerlərin və vitrin soyuducularının montajı, təmiri və yoxlanılması işlərini yerinə yetirməsi ilə bağlı həmin MMC ilə bağlanmış xx/xx/2021 №-li “Xidmət müqaviləsi” üzrə ona ödənilməyən 1131 (bir min yüz otuz bir) AZN pulu və eləcə də müqaviyələ əlavə olunmuş Əlavə № 2-yə əsasən (qiymətlərin Razılaşma Protokolu) bir il üçün aylıq 200 manatdan 2400 manat pulun ödənilməsini tələb edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının onlarla əmək müqaviləsi bağlaması təklifindən imtinasından sonra onunla heç bir rəsmi müqavilə bağlamamasını bildirmiş, buna baxmayaraq aralarında xidmətlə bağlı münasibətlərin olmasını etiraf edərək, həmçinin göstərdiyi xidmətlərə görə ödənilməmiş 1131 AZN –nin qohumu Məmmədov Ramiz vasitəsilə ödənilməsini, lakin bununla bağlı sübut təqdim edə bilməməsini iddianı həmin hissədə etiraf etməsini bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətən də tərəflər arasında hər hansı rəsmi müqavilə bağlanmamış və iddiaçının istinad etdiyi müqaviləni cavabdeh MMC-nin rəsmi işçisi olmayan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 imzalamışdır. Onun izahatlarına əsasən bu müqaviləni imzalayıb iddiaçıya təqdim etməkdə məqsədi onun görəcəyi işlərin və buna görə ödəniləcək haqqın müqavilə şərtlərində olduğu kimi müəyyən etmək idi. Cavabdeh tərəfin izahatlarından da aydın olur ki, iddiaçı MMC ilə əmək münasibətlərinə daxil olmaq istəməmiş, yalnız gördüyü xidmətin müqabilində pulunun ödənilməsi ilə bağlı münasibətlərin qurulmasını bildirmişdir. Belə olan halda üçüncü şəxs X7 iddiaçının istinad etdiyi 02 oktyabr 2021-ci il tarixli müqaviləni imza edərək iddiaçıya imzalatdırmış və bir nüsxəsini də ona təqdim etmiş və bunda da məqsədi onun MMC üçün görəcəyi işlərin və buna görə ödəniləcək haqqın müqavilə şərtlərində olduğu kimi müəyyən etmək olmuşdur. İddiaçı da öz növbəsində X4 Cavabdeh MMC adından təqdim etdiyi müqaviləni rəhbər tutaraq fəaliyyətini bu istiqmətdə qurmağa başlamışdır. Müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında xidmət göstərilməsi ilə bağlı münasibətləri qeyd edilən, MMC-nin razılığı olmadan, onun səlahiyyətli şəxsi tərəfindən imzalanmamış müqavilənin şərtləri üzərində qurulmuşdur. Başqa sözlə, iddiaçının təqdim etdiyi qaimələr üzrə məbləğlər həmin müqavilə şərtləri əsasında formalaşmış və 2021-ci ilin oktyabr ayında yerinə yetirdiyi işlərin müqabilində Cavabdeh MMC tərəfindən iddiaçıya ümumilikdə 2631 (iki min altı yüz otuz bir) AZN ödənilməli olduğu halda, 1131 (bir min yüz otuz bir) AZN az, yəni cəmi 1500 (bir min beş yüz) AZN məbləğində pul ödənilmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh MMC bağlamadığı müqavilə üzrə iddiaçının gördüyü işləri bəyənmiş və buna görə də ona görülmüş işlərin hesabatı əsasında muzdunu ödəmişdir. Lakin, Cavabdeh MMC iddiaçıya 1131 (bir min yüz otuz bir) AZN məbləğində pul az ödənilməsini etiraf etsə də, iddiaçının tələbinin MMC ilə rəsmi olaraq bağlanmamış müqavilənin qüvvədə olduğu dövr ərzində ona hər ay 200 AZN ödənilməli olmasına dair hissəsini qəbul etməyərək qeyd edilən məbləğin ona ödəməli olmadıqlarını bildirmiş, bu şərtlə bağlı aralarında razılıq əldə edilməməsini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh MMC iddiaçı ilə aralarında xidmət göstərilməsi ilə bağlı yaranmış münasibətlərin özünün bağlamadığı müqavilənin şərtlərinə uyğun qurulması cavabdehin məhz müqavilənin bütün şərtlərini qəbul etməsi, başqa sözlə müqaviləni tam bəyənməsi kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdeh tərəfin də etiraf etdiyi kimi, iddiaçı ilə bağlamadığı müqavilədən məlumatsız olmasını bildirsə də, onun gördüyü işlər sözügedən müqavilə şərtlərinə uyğun olduğu üçün təqdim etidyi qaimələr əsasında da ona haqqının ödənilməsi cavabdehin həmin müqaviləni qismən də olsa, yəni görülmüş işlər və onların dəyəri hissəsində bəyənməsi kimi qiymətləndirilir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin iddiaçıya görülmüş işlərlə bağlı 1500 manat ödəniş etməsini, 1131 manat məbləğinin ödənilməməsini etiraf etməsini də nəzərə alır. Həmçinin məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2, İddiaçı ödənilməsi üçün onun hesabına pul keçirilmədiyini bildirmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. - 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. - 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. - 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. - 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. - 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 357-ci maddəsinin mənasından da aydın olur ki, əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Lakin, məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh özünün bağlamadığı müqavilədə nəzərdə tutulmuş iddiaçıya hər ay 200 AZN ödənilməli hissəsi üzrə onunla aralarında xidmətlə bağlı münasibətləri davam edən dövrdə heç bir ödəniş etməməsi faktı onun müqavilənin bu hissəsi ilə ona məlum olduğu vaxtdan razılaşmaması (bəyənməməsi) kimi qiymətləndirilir. Məhkəmənin qənaətinə görə müqavilənin digər şərtləri kimi cavabdeh tərəfindən iddiaçıya həmçinin aylıq 200 manat ödənişinin heç olmazsa bir dəfə də olsun həyata keçirilməsi faktı olmuş olsa idi, bu halın mövcudluğu məhkəməyə cavabdehin bağlamadığı müqavilə üzrə bütün şərtləri bəyənməsi anlamına gəlməsinə əsas yarada bilərdi. Tərəflərin izahatları və işin materiallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məhz hər ay üçün 200 manat ödənilməsinə dair müqavilə şərti heç vaxt icra edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya hər ay 200 manat ödənilməli olmasına dair bağlamadığı müqavilə şərtini əvvəlcədən bəyənmədiyi və buna dair öhdəliyini təsdiq edən aralarında bağlanmış rəsmi müqavilə və ya razılıq olmadığından iddiaçının tələbinin bu hissəsi əsaslı sayıla bilməz. İddiaçının “Cavabdeh MMC) tərəfindən ona həvalə olunmuş işləri yerinə yetirərkən müştəri adreslərinə getmək, zəruri olan alətlərin, avadanlıqların daşınması üçün ona məxsus VAZ 2106 markalı minik avtomobilindən istifadə etmişdir və bunun üçün sərf etdiyi A92 markalı benzinə 300 AZN məbləğində pul ödəmişdir, ona yardım edən köməkçiyə 100 AZN məbləğində yemək-içmək almışdır, onun mobil telefonuna yüklədiyi danışıq konturuna 20 manat vermişdir.”-dəlillərinə münasibət bildirərək məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən dəlillərlə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş və bu dəlillər öz təsdiqini tapmamışdır. Odur ki, iddiaçının bu dəlilləri də əsassızdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC-dən 1131 (bir min bir yüz otuz bir) manat pul tutalaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İddiaçı məcburi köçkün olmaqla dövlət rüsumundan azad olduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 31 manat (otuz bir) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1131 (bir min bir yüz otuz bir) manat pul tutalaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. 31 manat (otuz bir) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar