Məhkəmə qərarları › İş №2(009)-695/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-695/2024

15.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-695/2024 15.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X6 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 15 mart 2024cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı ilə bağlamış olduğu 31 avqust 2022-ci il tarixli əmrin ləğv edilməsi, müdriyyətdən işə qəbul günündən işdən çıxdığı günə qədər müddət ərzində çıxdığı bütün bayram günlərinə görə əmək haqqının ödənilməsi, cavabdehin üzərinə onun köhnə əmək kitabçasına işə qəbul və işdən çıxmağı barədə qeydlərin yazılması, 1500 manat mənəvi ziyanın tutulması və buraxılmış məcburi iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə görə o, xx.xx.2021-ci il tarixdən aylıq 1114,12 manat əmək haqqı ilə bar menecerinin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqaviləyə müvafiq olaraq, işçinin 21 təqvim günündən ibarət illik məzuniyyəti və əlavəolaraq əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. X3 ilə əmək müqaviləsinə əlavə və dəyişiklik edildi. O, 1340,11 manat aylıq əmək ilə bar meneceri vəzifəsinə işə qəbul edilmiş hesab olundu. Bu sənədə görə işçinin 30 təqvim günündən ibarət illik məzuniyyəti və əlavə məzuniyyətlər nəzərdə tutulmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə işdən azad olunmuşdur. Həmin əmrlə razı deyildir. O, xx.xx.2022-ci ildə Maize Bakı Restoranında yeni işə qəbul olunmuşdur. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, 05.02.21 -ci il tarixli, EA-563/2021 saylı əmək Müqaviləsi ilə İddiaçı arasında müddətli əmək müqaviləsi imzalanmışdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli BHG-TE22/130 saylı əmri ilə İddiaçı Sadiq qızı ilə 31 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar, xx.xx.2022- ci il tarixindən azad edilərək, əmək müqaviləsinə xitam verilmişdir. Həmin əmrinin sürəti işçinin yaşadığı ünvana göndərilmişdir. xx.xx.2022-ci il tarixdə, saat 17:25-də poçt qəbzinə imza atmaqla qeyd olunan əmri və HR-044/22 saylı məktubu almışdır. İddiaçı öz iddia ərizəsində BHG-TE22/130 saylı əmrin ləğv edilməsini tələb edir, eyni zamanda həmin iddia ərizəsində qeyd edir ki, 24.11.22- ci ildən Maize Bakı Restoranına işə qəbul olub. Əlavə olaraq qeyd edilməlidir ki, bu tip əmrləri ləğv etmək üçün Əmək Məcəlləsinə əsasən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edilməsi qeyd edilib. Bu da öz növbəsində iddia tələbinin bu hissəsində digər tələblərlə birlikdə əsassız olduğu üçün rədd edilməlidir. İddiaçı Sadiq qızı bayram günlərinə görə əmək haqqının ödənilməsini tələb etsədə, iddia ərizəsinə hər hansı sübüt təqdim etməmişdir. Qeyd olunmalıdır ki, işçi hüququnun pozulduğu gündən Əmək Məcəlləsinə əsasən 1 il ərzində pul tələbi ilə bağlı məhkəməyə müraciət etməli idi. Nəzərə alınsa ki, iddiaçı ilə müqavilə 05.02.21-ci il tarixdə imzalanmış və xx.xx.2022-ci ildə xitam verildiyinə görə iddia müddəti bu hissədə də keçmişdir. İddiaçı məhkəməyə yalnız 21.02.24-cü ildə müraciət etmişdir. Əmək kitabçalarının qeydiyyatı kitabına əsasən ******* saylı əmək kitabçası 05.02.21-ci ildə işçi tərəfindən işə qəbul olunanda təqdim edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirlər ki, həmin dövrdə Cavabdeh MMC əvvəlki rəhbərlik tərəfindən idarə olunurdu. İddiaçıya mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması üçün heç bir dəlil və sübutlar irəli sürməmiş və iddia ərizəsinə əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsinin tələb hissəsində bir bənd kimi qeyd etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd edilir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İddiaçı Sadiq qızı ƏƏMN yanında X2 protokolunu tələb etmişdir. Qeyd edilməlidir ki, 06 mart 2023-cü il tarixli, MN1497078 saylı protokol tərtib edilərək həmin protokolda İXM-nin 192.4-cü maddəsi qeyd edilmiş və onun əsasında xx.xx.2023-cü il tarixli, MN0023518 saylı qərar ilə İXM-nin 192.6-cı maddəsinin tətbiq olunması qərarı verilmişdir, lakin sonradan xx.xx.2023cü il tarixli, 3(009)-468/2023-cü il tarixli Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərar ilə ləğv edilmiş və xx.xx.2023-cü il tarixli, 3(103)-1474/2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır (qərarlar əlavə edilir). Nəzərə alınmalıdır ki, İddiaçı Sadiq qızı iddia müddətini buraxmışdır. Belə ki, o, BHG-TE22/130 saylı əmri 31.08.22-ci ildə almışdır (poçt qəbzi əlavə edilir). Cavabdeh tərəfindən təqdim olunmuş mediasiya arayışına əsəsan mediasiyanın tətbiqi barədə təklifi yalnız işdən bir il, 1 ay, 4 gündən sonra 04.10.23-cü ildə göndərmişdir “Mediasiya prosesinin həyata keçirilməsi" Qaydasına əsasən Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər (Maddə 4.6). “Mediasiya haqqında” qanuna əsasən Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (Maddə 35). Göründüyü kimi iddiaçı bütün iddia müddətlərini pozmuşdur. İddiaçı Sadiq qızı yainız 21.02.24-cü ildə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. O, eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçıCavabdeh MMC-də baş menecerin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, əmək müqaviləsi 28 fevral 2021-ci il tarixədək bağlanmışdır. Müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, tərəflərdən birinin müqavilə müddəti bitdiyi tarixdə müqaviləyə xitam verilməsinə dair bildiriş təqdim etmədiyi təqdirdə, müqavilə 1 ay müddətinə uzadılmış hesab olunur. xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşmadan görünür ki, işçi bar meneceri vəzifəsinə işə qəbul edilmişdir. 31 avqust 2022-ci il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 05 fevral 2021-ci il tarixdə müddətli əmək müqaviləsinə əsasən 28 fevral 2021-ci il tarixədək Cavabdeh MMC-də baş menecerin köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Sonradan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavə Razılaşma ilə iddiaçı bar meneceri vəzifəsinə keçirilmişdir. 31 avqust 2022-ci il tarixli əmr ilə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Beləliklə, işçi ilə bağlanmış əmək müqaviləsi müddətli olmaqla bağlanmışdır. Müddət bitdikdən sonra tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmədiyindən əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmaqla işçi əmək funksiyalarını yerinə yetirməkdə davam etmişdir. Lakin tərəflər arasında əmək münasibətləri 5 ilə kimi davam etdiyindən əmək müqaviləsi öz mahiyyəti etibarilə müddətli olaraq bağlanmış hesab edilir. Əmək müqaviləsi müddətli olduğundan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddət bitdikdən sonra işəgötürən tərəfindən xəbərdar edilməklə xitam verilməsində qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda iddiaçının iddia ərizəsində X4 Xidməti tərəfindən cavabdehin barəsində inzibati protokol əsasında inzibati qərar tərtib edilməsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, həmin qərarın ləğv edilməsi ilə bağlı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin iddiaçının iddia müddətini ötürməklə bağlı ərizəsinə münasibətdə məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı məhkəməyə iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İş materiallarında olan 567810 nömrəli poçt qəbzinin surətindən görünür ki, işdən azad olunma ilə bağlı əmrin surəti xx.xx.2022-ci il tarixdə iddiaçıya poçt vasitəsilə çatdırılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə hüquqlarının pozulmasını aşkar etməsinə baxmayaraq, hüquqlarının müdafiəsi haqqında mediasiya şurasına xx.xx.2023-cü il tarixdə, hazırkı iddia ərizəsi ilə isə məhkəməyə məhz xx.xx.2024-cü il tarixdə müraciət etmiş və bununla da bu qəbildən olan işlər üzrə müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsini təsdiq edən başqa bir fakt da ondan ibarətdir ki, iddiaçı özü ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən artıq başqa işdə çalışmağa başlamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, hətta iddiaçının əmək hüquqlarının pozulmasını xx.xx.2022-ci il tarixdə bilməsi nəzərə alınsa belə, işə bərpa ilə əlaqədar yenə də qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə eyni zamanda göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı tərəfindən pul tələbi ilə əlaqədar məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddəti də ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Qeyd edilən maddənin 2-ci bəndinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya xərci qismində ödənilmiş rüsum iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar