Məhkəmə qərarları › İş №2(009)-719/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-719/2025

18.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-719/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı X7 və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC X6 və Cavabdeh1 MMC X3 direktoru Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 aprel 2025ci il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdehlər Cavabdeh1 MMC X6 və Cavabdeh1 MMC X3 direktoru Cavabdeh2 qarşı “ziyan” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan 7000 manat əmək haqqının və anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 manat əmək haqqının Cavabdeh1 MMC X1 tutulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2019-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Cavabdeh1 MMC X4 marketinq mütəxəssisi vəzifəsində çalışmışam. xx.xx.2022-ci il tarixdə əmək müqaviləmə dəyişiklik edilmiş və rəsmi qaydada Təsərrüfat şöbəsi müdiri vəzifəsinə keçirilmişəm. Lakin dəyişiklik edilmiş əmək müqaviləsi mənə təqdim edilməmişdir. 11.21-11.23-cü ilə qədər mühasibatlıq şöbəsində, 11.xx-xx.2024-cü il tarixlərinə qədər insan resursları şöbəsində işçi olmayıb. Bu səbəbdən də mənə nə yeni vəzifəm üzrə əmək funksiyalarım, nə də həftəlik iş saatlarımla bağlı məlumat verilmişdir. Ümumiyyətlə, Cavabdeh1 MMC X8 əmək qanunvericiliyinin tələblərini pozmaqla fəaliyyət göstərmişdir. Belə ki, əvvəlcədən heç mənə məlumat verilmədən anbardarlıq (şirkətlərlə danışıqlar aparmaq, lazım olan malları sifariş vermək, qaimələrə imza çəkib malları təhvil alın anbara yerləşdirmək) vəzifəsinin həyata keçirilməsinə qeyri-rəsmi formada cəlb edilmişəm. Hal-hazırda da həmin vəzifəni rəsmi olaraq həyata keçirən işçi olmadığından, başqa işçi həmin vəzifənin həyata keçirilməsinə məcbur edilir. Həmin vəzifənin həyata keçirilməsinə cəlb edilən zaman da hər hansı rəsmiləşdirilmə edilməmişdir. Həmçinin həftəlik 40 saatdan artıq olaraq, o cümlədən qeyri-iş günlərində də işə cəlb edilmişəm. Bununla bağlı narazılığımı müəssisə rəhbərliyinə bildirmişəm. Lakin mənə həmin müəssisənin təsisçisi olan Aslanov Elçin tərəfindən Cavabdeh1 MMC X3 özəl müəssisə olduğunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin normalarının bu müəssisədə tətbiq olunmadığını bildirmişdir. Həmçinin işçi tapmaq öhdəliyi də şöbə müdiri kimi mənim üzərimə qoyulmuşdur. Bir müddət sonra mən bu işi görməkdən imtina etdim və insan resursları şöbəsinə işçi tapmağın vacibliyini vurğuladım. Lakin müəssisə tərəfindən hər hansı fəaliyyət həyata keçirilmədi. Qeyd etmək istəyirəm ki, 20 ay müddətinə qanunsuz olaraq anbardarlıq vəzifəsindən çalışılmağa məcbur edilmişəm. Bundan əlavə olaraq iş saatlarından kənar əmək fəaliyyətinə, qeyri-iş günlərində əməyə cəlb edilmişəm. Bu baxımdan 20 ay müddətinə anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 AZN məbləğində əmək haqqının, 7000 AZN məbləğində də əlavə iş saatlarına görə əmək haqqının mənə ödənilməsi zərurəti vardır. Maaşım artıralacağı ümidi ilə bir müddət bu vəzifədə çalışdıqdan sonra şahidi oldum ki, maaşımda hər hansı dəyişiklik olmadı. Lakin digər işçilərdən xəbər tutduğum qədər başqa şöbə işçilərinin əmək haqlarında müvafiq artımlar olmuşdur. Ancaq mən digər işçilərdən daha təcrübəli və peşəkar olmağıma baxmayaraq mənim əmək haqqımda yerinə yetirdiyim əmək funksiyasınınn həcminə mütənasib artım olmamışdır. Buna görə 2023-cü ilin dekabr ayında Elçin Aslanova müraciət edərək əmək haqqımın artırılmasını xahiş etdim. O isə yanvar ayında əmək haqqımın artırılacağını bildirdi. Lakin 2 aydan çox müddət gözlədikdən sonra əmək haqqımda dəyişiklik olmadığı gördükdə Elçin Aslanovdan həftəlik iş saatlarımı və əmək funksiyalarımın nədən ibarət olması bilmək üçün əmək müqaviləmi verilməsini tələb. Bundan başqa 2023-cü ilin noyabr ayında mühasibatlıq şöbəsində təzə işçi əmək funksiyalarının icrasına başlamışdır. 2024-cü ilin yanvar və fevral aylarında məzuniyyətə çıxmış işçilərdən məzuniyyət pulu tutulduqda işçilər bununla bağlı narazılığını bildirmişdir. Çünki əvvəlki illərdə məzuniyyətə görə işçilərdən hər hansı pul tutulmamışdır. Elçin Aslanov bu məsələ ilə bağlı da qanunvericiliyin tələblərinə uyğun olaraq tutulmanın həyata keçirildiyini bildirmişdir. Belə ki, müəssisə tərəfindən həftəlik iş saatlarından artıq müddətə işə cəlb edilmişəm, həmçinin əmək müqaviləmdə nəzərdə tutulmayan, əmək funksiyalarıma daxil edilməyən işlərin görülməsinə məcbur edilmişəm. Bizim əlaqə saxladığımız və narazılığımızın bildirdiyimiz şəxs də müəssisənin təsisçisi Elçin Aslanov olmuşdur.Bu kimi narazılıqları tərəfimdən bildirildikdə Elçin Aslanov da məni əmək müqaviləmə xitam verilməklə hədələmişdir. Mən müqaviləm təqdim edildikdən sonra əmək müqaviləmdə nəzərdə tutulan əmək funksiyalarımın yerinə yetirəcəyimi bildirdim. Bununla belə müəssisə rəhbərliyi tərəfindən mənim razılığım olmadan əmək müqaviləmə dəyişiklik edilmişdir. Dəyişiklik müqavilə mənə təqdim edilən gün edilmişdir. Belə ki, xx.xx.2024-cü ildə əmək müqaviləmin iş vaxtı və nahar vaxtı ilə bağlı şərtləri dəyişdirilmişdir. Mən isə bunu xx.xx.2024-cü il tarixində e-sosial portalından şəxsi kabinetimə baxan zaman gördüm. Həmçinin müəssisə tərəfindən mənə qarşı edilmiş digər pozuntu isə haqsız olaraq mənə töhmət verilməsi ilə bağlı olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixində mehmanxanada qalan qonaqlardan biri ( Veronica Pinchas 1002) otağını təmizləyən xadimədən şikayət etmişdir. Şikayətin səbəbi isə otaqdan bahalı ətirin xeyli istifadə edilməsi və sındırılması olmuşdur. Ətiri istifadə edən və sındıran şəxs xadimə X5 olmuşdur ki, həmin şəxs digər qonaq otaqlarından da ətir və pul oğurlamışdır. Lakin bu hadisə nəticəsində mənə qanunsuz və əsassız olaraq töhmət verilmişdir. Mənim məsuliyyətim məhz otaqların təmiz saxlanmasına görə olmuşdur, qonaqların şəxsi əşyalarının salamatlığının qorunması üçün isə mən məsuliyyət daşımamışam. Elçin Aslanov hesab etdi ki, gələcəkdə şikayət edəcəyim təqdirdə xitamı töhmətlə əsaslandıra bilsin.Təqsirli xadiməyə isə töhmət verilməsinə baxmayaraq, həm vəzifəsi, həm də maaşı artırılmışdır. Halbuki həmin şəxsin qonaqlara qarşı da kobud davranışlarının dəfələrlə şahidi olmuşuq. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, aylıq əmək haqqısı 900 manat təşkil etmişdir. Həmin məbləğdən dövlət tutulmaları həyata keçirildikdən sonra 800 manat civarında əmək haqqı ona çatırdı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddiaçı iddia tələbinin əsaslarına dair heç bir sübut təqdim etmir. İddiaçıya 2023-cü ilin may ayında iş saatlarında əlavə 2 gün işə cəlb edildiyi üçün əlavə əmək haqqı ödənilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş səs yazıları, eyni zamanda digər sənədlər iddiaçının öz iddasını haqlı olmasını təsdiq etməməldə bərabər həmin səs yazılarının hazırki iş üzrə əhəmiyyəti hansısa formada öz təsdiqini tapmamaqdadır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X9 Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış rəsmi cavab məktubunda da Cavabdeh1 MMC tərəfindən iddiaçının hansısa əlavə işə cəlb edilməsi faktı müəyyən edilməmişdir. Həmin məktub üzrə yalnız 2023-cü ilin 9 may Faşizim üzərində qələb və 28 may Müstəqillik günü ilə əlaqədar işə cəlb edilməsi halı ilə əlaqədar qeyd edilir ki, həmin günlər işə cəlb edilmiş işçiyə həmin günlərin əvəzi tam şəkildə ödənilmişdir. Bunu iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışlar da təsdiq etməkdədir. (xx.xx.2023-cü il tarixində 641.20 manat məbləğində, xx.xx.2023-cü il tarixində isə 400,75 manat məbləğində pul vəsaitlərinin ödənilməsi bunu təsdiq etməkdədir). İddiaçı iddia tələbinin əsası kimi Əmək Məcəlləsinin 73 və 300-cü maddələrinə istinad etsə d, bununla əlaqədar qeyd edirik ki, 73-cü maddə müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tənzimləməni həyata keçirməkdə, 300-cü maddə isə əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləməkdədir. Əmək Məcəlləsinin 73-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsi müddətli əmək müqaviləsi olmaqla 01 oktyabr 2019-cu il tarixində bağlanılmaqla 30 sentyabr 2024-cü il tarixinə kimi qüvvədə olmuşdur. Cavabdeh qurum tərəfindən 04 iyul 2024-cü il tarixndə iddiaçıya bildiriş göndərilərək xx.xx.2024-cü il tarixində onunla imzalanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Yəni müqavilə münasibətlərinə xitam verilməzdən 2 ay əvvəl. Bu münasibətdə hər-hansı pozuntu halı müəyyən edilməməkdədir və mövcud bildirişi iddiaçı özü iddia ərizəsinə əlavə etmişdir. İddiaçı eyni zamanda iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən tələb həm də bu əsasla təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə Cavabdeh1 MMC-də təsərrüfat müdirəsi vəzifəsinə işə qəbul edilmişdir. X9 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, təqdim olunan iş vaxtının uçotu cədvəllərindən sizin iş vaxtından artıq işlərin görülməsinə cəlb olunmadığınız müəyyən edilmişdir. 2023-cü ilə dair iş vaxtının uçotu cədcəllərindən AR Əmək Məcəlləsinin 105-ci maddəsinin tələbləri pozularaq xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərində sizin işlərin görülməsinə cəlb olunduğunuz öz əksini taparaq hüquq pozuntusu kimi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X7 xx.xx.2019-xx.xx.2024-cü il tarixləri aralığında Cavabdeh1 MMC-də çalışmışdır. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əlavə işlədiyi saatların əvəzinin və anbardar vəzifəsində çalışdığı dövrdə əmək haqqısının ödənilmədiyini əsas gətirərək, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42.2-ci maddəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 54.1-ci maddəsinə əsasən işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir. 58.1-ci maddəsinə əsasən əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. 60-cı maddəsinə əsasən işçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. 61.2-ci maddəsinə əsasən boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Məhkəmə “iddia tələbinin əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işləməyinə görə ona ödənilməli olan 7000 manat əmək haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçının cavabdeh tərəfindən əmək müqaviləsində nəzərdə tutulmuş iş saatlarından əlavə işə cəlb edildiyi halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. X9 Xidməti Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı məktubun məzmunundan aydın olur ki, təqdim olunan iş vaxtının uçotu cədvəlləri Xidmət tərəfindən araşdırılmış və iddiaçının iş saatlarından əlavə işə cəlb edildiyi hal müəyyən edilməmişdir. Araşdırma zamanı iddiaçının yalnız xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində (qeyri-iş günlərində) iş saatlarından əlavə işə cəlb edildiyi halı müəyyən edilmişdir. Həmi günlərlə bağlı iddiaçıya ödənilməli olan əmək haqqına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı hesabından çıxarışdan görünür ki, 15 may 2023-cü il tarixdə 641,20 manat, 30 may 2023-cü il tarixdə isə 400,75 manat olmaqla may ayı üçün ümumilikdə 1041,95 manat əmək haqqı ödənilmişdir. İddiaçının özünün bildirdiyindən və əmək müqaviləsindən görünür ki, iddiaçının aylıq əmək haqqısı 900 manat təşkil etmiş və iddiaçı ödənişi hər ayın 15-i və 30-u olmaqla ay ərzində 2 dəfə almışdır. Eyni zamanda iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən X9 Xidməti Bakı şəhər İdarəsinə göndərilən haqqhesab vərəqəsinin surətindən görünür ki, 2023-cü ilin may ayı üçün artıq iş saatlarına görə mükafat qismində əmək haqqı ilə birlikdə 1174,80 manat məbləğində ödəniş edilmişdir. Buradan belə nəticəyə gəlmək mümkündür ki, xx.xx.2023-cü il və xx.xx.2023cü il tarixlərində iş saatlarından əlavə işə cəlb edildiyi üçün iddiaçıya ödənilməli olan əmək haqqı cavabdeh tərəfindən ona həmin ayda ödənilmişdir. Məhkəmə “iddia tələbinin anbardarlıq vəzifəsinin icrası ilə əlaqədar 8000 manat əmək haqqının əmək haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçı öz vəzifəsindən başqa eyni zamanda anbardar vəzifəsini həyata keçirdiyini iddia etsə də, bunu təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbədən məhkəmə hesab edir ki, tələb bu hissədə onun əsasları iddiaçı tərəfindən sübut edilmədiyindən təmin edilməməlidir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb özlüyündə əsassız olduğundan məhkəmə iddiaçının məhkəməyə iddia müddətinin ötürüb-ötürməməklə müraciət etməsi məsələsini araşdırmağa zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 MMC X6 və Cavabdeh1 MMC X3 direktoru Cavabdeh2 qarşı “ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar