Məhkəmə qərarları › İş №2(009)-720/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-720/2025

24.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-720/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi R.H.Kərimovun iştirakları ilə İddiaçı Cavabdeh-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixədək Cavabdeh-nın sürücü vəzifəsində işləmiş və vəzifə öhdəliklərini düzgün, operativ yerinə yetirdiyinə görə dəfələrlə rəhbərlik tərəfindən təqdir olunmuşdur. Lakin birdən-birə ona münasibət tamamilə dəyişərək fərqli formada təzahür etmişdir. Cavabdeh ünvanına heç bir xəbərdarlıq göndərmədən, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024xx.xx.2024) əmək qanunvericiliyini kobud şəkildə pozaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Həmin idarədə müvafiq araşdırma aparılaraq, Cavabdeh-nin əmək müqaviləsinin tələblərini pozulduğu üçün barəsində verilmiş əmrin ləğv edilməsi tövsiyyə olunmuş və aşkar edilmiş pozuntulara uyğun olaraq cavabdeh Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilmişdir.Cavabdeh tərəfindən ona əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024cü il tarixli əmr nə ona təqdim edilmiş, nədə ki ünvanına rəsmi qaydada göndərilmişdir. Cavabdehin hərəkətlərinin qanunsuzluğu ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mübahisənin mediasiya vasitəsi ilə nizama salınmasına dair müraciətlər nəticə verməmiş və Bakı 8 saylı Mediasıya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ona arayış təqdim olunmuşdur. Qanunun göstərişinə baxmayaraq, cavabdeh nə əmək kitabçasını, nə də əmrin surətini ona əmək müqaviləsinə xitam verdiyi gün – xx.xx.2024cü il tarixdə təqdim etməmiş, poçt ünvanına göndərməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı məcburi işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında həmçinin göstərmişdir ki, onun müqaviləyə dəyişiklik edilməsindən xəbəri olmamış, işdən azad olunma barədə ona məlumat verilməmişdir. Məhkəməyə işdən azad olunandan sonra 1 ay müddətində müraciət etməsi barədə bilgisi olmamışdır. O, Əmək Müfəttişliyinə müraciət etmiş, uzun müddət araşdırmanın nəticəsini gözləmiş, sonra öz rayon məhkəməsinə müraciət etmiş, ona Mediasiya Təşkilatına müraciət etməli olması və cavabdehin hüquqi ünvan üzrə iddia verilməli olması bildirilmiş, ona görə də müddəti ötürmüşdür. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində göstərir ki, “cavabdeh ünvanıma heç bir xəbərdarlıq göndərmədən əmək qabiliyyətimi müvəqqəti itirdiyim dövrdə (02.05-xx.xx.2024) əmək qanunvericiliyini kobud şəkildə pozaraq xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam vermişdir. Bu halla bağlı bildirirlər ki, xx.xx.2024-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını müəyyən edirdi ki, bu qaydalar əmək müqaviləsinə xitam verilməsi hallarında işçinin qabaqcadan xəbərdar edilməsini nəzərdə tutulmurdu. İddiaçı iddia ərizəsində qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmişdir. Həmin idarədə müvafiq araşdırma aparılaraq Cavabdeh əmək müqaviləsinin tələblərini pozduğu üçün onun barəsində verilmiş əmrin ləğv edilmsi tövsiyyə olunmuş və aşkar edilmiş pozuntulara uyğun olaraq cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilmişdir. Bildirirlər ki, Cavabdeh-nin direktoru X1 Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2024cü il tarixli 3-17-5/3-1-11331/2024 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Səbail rayon Məhkəməsinə şikayət vermişdir ki, bu şikayət məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmiş və X6 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-1-11331/2024 nömrəli qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Səbail rayon Məhkəməsinin qeyd etdiyi qərarı qüvvədə saxlanılmışdır. İddiaçı Sahin oğlu ilə Cavabdeh arasında yaranmış fikir ayrılığına aydınlıq gətirilməsi ilə bağlı bildirirlər ki, iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti bitdikdə xəstəlik dövründə xitam verilməsi və işçinin üzrlü səbəbdən son haqq-hesabın işdən azad edildiyi gündə verilməsinin mümkün olmaması hallarının əmək qanunvericiliyinin tələblərinin pozulması halı hesab edilə bilməz. Belə ki, əmək müqaviləsinin xitam verildiyi xx.xx.2024-cü il tarixli İddiaçı xx.xx.2024-cü il tarixli ******* nömrəli xəstəlik vərəqəsi ilə xx.xx.2024-xx.xx.2024-cü il xəstəlik dövrünə təsadüf etmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü və 79-cu maddəsinin 2-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xəstəlik dövründə xitam verilməsinə yol verilir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müxtəlif vaxtlarda işəgötürənlərin müraciəti əsasında verilən rəsmi cavab məktublarında (məsələn, xx.xx.2012-ci il tarixli 02/14 nömrəli, xx.xx.2014-cü il tarixli, xx/xx-2754 nömrəli, xx.xx.2021-ci il tarixli **********6 və s) izahat verilmişdir ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xəstəlik dövründə xitam verilə bilər. Eyni zamanda bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən bu Qanunun 8.4-cü və 8.5-ci maddələrinə əsasən verilən izahatlara, məsləhətlərə və göstərilən metodiki köməkliyə əsaslanmaqla həyata keçirilən fəaliyyət zamanı yol verilən pozuntulara görə sahibkar məsuliyyətə cəlb edilə bilməz. İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesabın 3 gün sonra ödənilməsi işəgötürənin iradəsindən asılı olmayan səbəbdən (hesabda vəsaitin olmaması) baş vermişdir. İşçiyə son haqq-hesabın üzürlü səbəbdən 3 gün sonra verilməsi, həmin işçilərin bu halla bağlı şikayətçi olmaması və Azərbaycan Respublikasının İXM-nin 38.1-ci və 38.2-ci maddələrinə əsasən bu halın uzanan inzibati xəta hesab edilməməsi ıə aşkar olunduğu zaman aradan qalxmış olması nəzərə alınmalıdır. Bununla yanaşı AR Əmək Məcəlləsinin 172-ci maddəsinin qeyd hissəsində göstərimlişdir ki, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Göründüyü kimi İddiaçı əmək müqaviləsinə xitam verilərkən ona son haqq-hesabın həmin gün verilməməsi hesabda vəsaitin olmaması səbəbindən baş vermişdir ki, bu da işəgötürənin qərəzli olmamasının göstəricisidir. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən 1 aylıq müddət ötürülməklə məhkəməyə müraciət edilmişdir, həmçinin əmək müqaviləsinə edilmiş dəyişikliklərdən də iddiaçının xəbəri olmuş, həmin dəyişikliklərə imza etmişdir. Cavabdehin nümayəndəsi iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsassız olduğundan aşağıdakı əsaslara görə rədd edilməlidir. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanmış 0331 No-li, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən xx.xx.2020-ci il tarixdə ilkin əmək müqaviləsi ona edilən əlavə və dəyişikliklər nəzərə alınmaqla yenidən tərtib edilmişdir. Bu əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin onların qarşılıqlı razılığı ilə yenidən baxılmasıdır və xx.xx.2019-cu il tarixdən qüvvəddədir. Əmək Məcəlləsinin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən tərəflər razılığa gəlirlər ki, əvvəlki əmək müqavilələrində göstərilməyən, lakin bu əmək müqaviləsində nəzərə alınan müvafiq əmək şəraitləri, onların bu əmək müqaviləsinə daxil edildiyi gündn qüvvəyə minir (bənd 1.1). İddiaçı Cavabdeh-yə sürücü vəzifəsinə işə qəbul edilir (bənd 1.2). Bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinədək 7 ay 23 gün müddətinə bağlanmışdır (bənd 2.1). Bu əmək müqaviləsinin 1.1-ci bəndinin 2-ci abzasına əsasən işçi xx.xx.2019-cu il tarixdən işə başlamış hesab edilir (bənd 2.2). İşçiyə iş vaxtı norması çərçivəsində görülən işə görə hər ay 654,75 manat məbləğində aylıq vəzifə maaşı təyin edilir (bənd 4.1). İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 0331 nömrəli xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 3 No-li dəyişiklikdən görünür ki, İddiaçı ilə bağlanılmış 0331 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2022-ci il tarixindən aşağıdakı dəyişikliklər edilir: 2.1. bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasəe xx.xx.2022-ci il tarixinədək bağlanmışdır. İş üzrə 48KHZJY000304 saylı, xx.xx.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh-yə sürücü vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 662,14 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir (əvvəlki xx.xx.2021-ci il). Qeyd: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərdə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş üzrə Cavabdeh ilə İddiaçı arasında bağlanılmış 0331 nömrəli xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 4 No-li dəyişiklikdən görünür ki, İddiaçı ilə bağlanılmış 0331 nömrəli, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə tərəflərin qarşılıqlı razılığına əsasən xx.xx.2023-cü il tarixindən aşağıdakı dəyişikliklər edilir: 2.1. bu Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə uyğun olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə tərəflərin qarşılıqlı razılığına əsasəe xx.xx.2024-cü il tarixinədək bağlanmışdır. İş üzrə 48KHZJY000306 saylı, xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh-yə sürücü vəzifəsinə işə qəbul olunmuş, onunla müddətli növü əmək müqaviləsi bağlanılmış, aylıq əmək haqqı 669,71 manat təşkil etmişdir. Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix – xx.xx.2024-cü ildir (əvvəlki xx.xx.2022-ci il). Qeyd: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərdə alınmaqla müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İş üzrə 46 No-li Şəhər Poliklinikası tərəfindən verilmiş SN 00008 seriyalı ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, Cavabdeh-nin sürücüsü İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmiş, ona “Ü.İ.X. gərginlik stenokardiyası” diaqnozu qoyulmuşdur. İş üzrə Cavabdeh-nin 194/24 saylı, xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Cavabdeh bölməsində “Sürücü” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” hissəsinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilməsi, işçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 73.4 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən görünür ki, müraciəti ilə əlaqədar izahatının alınması və əmək haqqı bank çıxarışının təqdim edilməsi məqsədilə İddiaçı ünvanına (AZ1031, ünvan 1i rayonu, Keşlə qəsəbəsi, Mətləb Ağayev küçəsi, 46, mənzil 2) 3-17-5/2-Q- 34635/2024 saylı, xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, Bakı şəhəri üzrə hər hansı DOST mərkəzlərindən birinə dəvət olunmuşdur. İddiaçı tərəfindən müvafiq izahat və əmək haqqı baqk çıxarışı təqdim edilmişdir. Araşdırma zamanı Cavabdeh-nin ünvanlarına (AZ1029, ünvan 2akı şəhəri, Səbail rayonu, Neftçilər pr., ev 89, mənzil 35, AZ1025, Bakı şəhəri, Xətai rayonu, 11 Noyabr prospekti 113, Ravi Tower, mərtəbə 16) 3-17-5/2-34638/2024 saylı xx.xx.2024-cü il tarixli məktublarla müraciət olunaraq İddiaçı aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilən sənədlərdən İddiaçılə Cəmiyyət arasında sürücü vəzifəsi üzrə xx.xx.2019-cu il tarixində (7 ay 24 gün) bağlanmış müddətli əmək müqaviləsinin müddətinin İddiaçı razılığı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadıldığı və İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-c2 maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) tələbləri pozularaq əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024-xx.xx.2024), xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verildiyi, son haqq-hesabının (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməli əmək haqqı və digər ödəmələr) həmin Məcəllənin 172-ci maddəsinin (əmək haqqının verilməsi müddətləri) tələbləri pozularaq 1819,62 manat məbləğində gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Cavabdeh-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbldən pozularaq xitam verilməsinə görə) maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixli MN nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda X6 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli göstərilən məktubu ilə Cavabdeh-nin rəhbərliyinə 30 gün müddətində əmək müqaviləsinin ləğv edilməsi barədə 194/24 nömrəli xx.xx.2024-cü il tarixli xitam əmrinin ləğv edilməsi barədə Xidmətin Bakı şəhər İdarəsinə məlumat verilməsi tələb olunmuşdur. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh-nin direktoru X2 şikayəti təmin edilmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən çıxarılmış xx.xx.2024-cü il tarixli, 3-17-5/3-1-11331/2024 saylı qərarı ləğv edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin 3(103)-841/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)-329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00194 saylı arayışın surətindən görünür ki, İddiaçı təzminatın ödənilməsi barədə tələbə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə saat 15.00-15.30-dək keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdehnin nümayəndəsi iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklifin tarixi - xx.xx.2025-ci il tarixi, İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il tarixi göstərilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh-yə sürücü vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi xx.xx.2019-cu il tarixədək - 7 ay 23 gün müddətinə bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, bağlanılmış əmək müqaviləsinə edilmiş 3 saylı dəyişikliyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinə əməl edilməklə əmək müqaviləsi 1 ay, yəni xx.xx.2022-ci il tarixədək, 4 saylı dəyişikliyə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinə əməl edilməklə əmək müqaviləsi 1 ay, yəni xx.xx.2024-cü il tarixədək bağlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdən hər dəfə əmək münasibətləri davam etdirildiyindən tərəflərin qarşılıqlı razılığına əsasən əmək müqaviləsi müəyyən edilmiş müddətə - 1 ay uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri 2024-cü ilin may ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xəstəlik vərəqəsinə əsasən o, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müvəqqəti əmək qabiliyyətini itirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh-nin 194/24 saylı xx.xx.2024-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh onun ünvanına heç bir xəbərdarlıq göndərmədən, əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə (xx.xx.2024-xx.xx.2024) əmək qanunvericiliyini kobud şəkildə pozaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə müraciət etmiş,həmin idarədə müvafiq araşdırma aparılaraq, Cavabdeh-nin əmək müqaviləsinin tələblərini pozulduğu üçün barəsində verilmiş əmrin ləğv edilməsi tövsiyyə olunmuş və aşkar edilmiş pozuntulara uyğun olaraq cavabdeh Azərbaycan Respublikası İXM-nin müvafiq maddəsi ilə cərimə edilmişdir. Cavabdeh tərəfindən ona əmək müqaviləsinin xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmr nə ona təqdim edilmiş, nədə ki ünvanına rəsmi qaydada göndərilmişdir. Bu səbəbdən iddiaçı məcburi işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin maddənin Vİİİ hissəsinə uyğun olaraq, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi əmək qanunvericiliyinin vəzifələri və prinsipləri sırasında təsbit edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında iddiaçının sürücü vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Məhkəmə qeyd edir ki, hazırki mübahisə ilə əlaqədar vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirilməlidir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin müddətli olaraq 7 ay 23 gün müddətinə bağlanılmasını nəzərdə tutulsa da, sonradan həmin müqaviləyə edilmiş tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliyə görə müddət 1 ay müəyyən edildiyindən, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, iddiaçının isə müqavilə müddətinin 1 aylıq bağlanılmasından məlumatsız olmasına dair dəlilləri əsaslı hesab edilmədiyindən (müqaviləyə edilmiş 3 və 4 saylı dəyişikliklərdə iddiaçının imzası mövcud olduğundan) məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi və ona edilmiş dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə və dəyişikliklərə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. Məhkəmə iddia tələbinin iddiaçının işdən azad olunma əmrinin qanunsuz hesab edilməsi ilə bağlı tələbi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, işçinin əmək müqaviləsinin müddəti bitdikdə və müqavilənin müddətinin bitmə tarixi əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrünə təsadüf etdiyi təqdirdə belə əmək müqaviləsinə xitam verilə bilər. Bu səbəbdən məhkəmə iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirdiyi dövrdə işdən azad olunma barədə əmrin qəbul edilməsinin qanunsuz olması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh-nin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi barədə iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qanunun tələblərindən göründüyü kimi işçi işə bərpa ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq müddəti ötürərsə və həmin müddətin ötürülməsi onun xəstələnməsi və digər obyektiv hallarla bağlı olarsa, məhkəmə həmin müddəti bərpa edə bilər. Göründüyü kimi mübahisəli əmr qəbul edildikdən sonra iddiaçı pozulmuş hesab etdiyi əmək hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüşdür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı işdən azad olunduğu xx.xx.2024-cü il tarixdən sonra işə çıxmamış, işdən azad olunması barədə əmrin qəbulundan məlumatı olmuş və məhkəməyə 2025-ci ilin fevral ayında müraciət etmişdir. İddiaçı məhkəməyə vaxtında müraciət edilməməsini onun Əmək Müfəttişliyinə müraciət etməsi ilə bağlı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi və onun müraciəti əsasında aparılan müvafiq araşdırmanın nəticəsinin gözlənilməsi məhkəməyə vaxtında müraciət edilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqların bərpası ilə əlaqədar hüquqlarının pozulduğunu bildiyi andan qanunda nəzərdə tutulmuş 1 aylıq müddət keçdikdən sonra məhkəməyə müraciət etdiyindən, məhkəmə hesab edir ki, onun xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbi bu əsasla da əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə məhkəmə iclasında iddiaçı barəsində qəbul edilmiş əmrin əsassızlığı ilə bağlı gətirilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin təqdim edilmiş sübutlarla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə riayət edilməklə qəbul edildiyindən, irəli sürülmüş iddia tələbləri əsassız hesab edilməli və təmin edilməməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ:

İddiaçı Cavabdeh-yə qarşı məcburi işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi və məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar