Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-737/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, iddiaçı X1 - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində 04 may 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X3 - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilin boşaldılması və təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanından çıxarılması, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Lakin cavabdehlər əsassız olaraq orada yaşayırlar. Mənzil iddiaçı tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilmişdir. Cavabdehlərin iddiaçıya məxsus mənzildən istifadə etməsi tamamilə qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı ilə cavabdehlərin heç bir qohumluq əlaqələri yoxdur. İddiaçı evi "xxxx" ASC-dən alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdehlər evin köhnə sakinləridirlər. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməklə məhkəməyə çağırılmasına baxmayaraq məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və Az. Res. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq hesab edir ki, işə cavabdehlərin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 16 iyun 2021-ci il tarixli AN-İ № ******* nömrəli alqısatqı müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 evin 40 nömrəli mənzilini dəyəri ödənilməklə alqı-satqı əsasında "xxxx" ASCdən almışdır. Çıxarışın surətindən görünür ki, ünvan 1 18 iyun 2021-ci il tarixdə X1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 alqı-satqı müqaviləsi ilə dəyəri ödənilməklə X3 tərəfindən əldə edilməsinə baxmayaraq, iddiaçı mənzildən istifadə edə bilmir, habelə cavabdehlər iddiaçının iradə ifadəsinə zidd və onun razılığı olmadan sözügedən mənzildə heç bir hüquqi əsası olmadan yaşamaqla, həmin mənzildən istifadə edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 159-cu maddəsinə əsasən, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı mənzilə dair alqı-satqı müqaviləsi bağlamış, müqavilənin şərtlərinə riayət etməklə müqavilənin predmeti olan əmlakın razılaşdırılmış dəyərini ödəyərək əmlaka xüsusi mülkiyyət hüququ əldə etmişdir. Bu səbəbdən mübahisəli mənzil alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən dəyəri ödənilməklə əldə edildiyi üçün, iddiaçı həmin əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir, habelə hüquqlarını həyata keçirmə istəyi qanunidir. Onun həmin mənzilə dair hüququ cavabdehlər tərəfindən hər hansı şəkildə məhdudlaşdırıla bilməz. Odur ki, iddiaçı cavabdehlərin sözügedən mənzilin boşaldılmasını və ona təhvil verilməsini tələb etməkdə haqlıdır, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilərək, cavabdehlər mübahisəli mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 22 saylı evin 40 saylı mənzilindən çıxarılsınlar və həmin mənzil boşaldılaraq X2 təhvil verilsin. 100 manat ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-737/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-737/2022
04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver