Məhkəmə qərarları › İş №2(009)-756/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-756/2024

21.05.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-756/2024 21.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi V.İ.Cabbarovanın iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinə qarşı tutulmuş vergi məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinə qarşı tutulmuş vergi məbləğinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Socar Sosial İnkişaf İdarəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verərək işdən azad olunmuşdur. Ona işdən çıxma müavinəti olaraq əmək haqqı məbləğinin beş misli məbləğində pulun veriləsi qərara alınmışdır və həmin məbləğlər hesablanmış 3.877,5 manat gəlir vergisi çıxıldıqdan sonra yerdə qalan məbləği ona verilmişdir. İşdən azad olunması ilə əlaqədar Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə saylı əmrinə əsasən ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Həmin müavinətdən Azərbaycan Respublikası VM-nin 102.1.3.1-ci maddəsində nəzərdə tutulan gəlir vergisi tutulmuşdur. Qanunla həmin müavinətdən gəlir vergisi tutulması qanunsuz və əsassız olduğundan ona müavinət tam ödənilməlidir. Azərbaycan Respublikası DNŞ-nin və ANQSİHİRK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə saylı əmrin və “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarın 4-cü bəndinən görünür ki, buu əmrin-qərarın verilməsində əsas məqsəd ARDNŞ-nin xx.xx.2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramın”dan irəli gələn vəzifələrin, xüsusi ilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etmək, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılması və bu sahədə olan şirkət daxili normaların və sənədlərin təkmilləşdirilməsidir”. Cavabdeh qurum işçi heyətindən daha səmərəli istifadə etmək, işçilərin sayının azaldılması məqsədi ilə müvafiq qərar qəbul etmiş, eyni məzmunlu əmr vermiş və bu əmr-qərarın verildiyi gündən sonra təqaüdə çıxması ilə əlaqədar ərizəsi əsasında öz təşəbbüsü ilə işdən azad olunmuş və əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu il tarixli əmr-qərarın 4-cü bəndində işçilərlə əmək müqavilələrinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanması göstərilmiş və işçilər öz təşəbbüsü ilə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən onlara aylıq əmək haqqının beş misli məbləğində birdəfəlik sosial dayanıqlığın təmin edilməsi məqsədi ilə işdənçıxma müavinətinin ödənilməsi göstərilmişdir. Buna səbəb ARDNŞ dövlət büdcəsində maliyyəşən müəssisə olmadığına görə yaşa görə təqaüd yaşına çatmış işçinin öz ərizəsi olmadan bağlanmış əmək müqaviləsinə xitam vermək olmur. Göründüyü kimi iddiaçı ilə olan əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası ƏM-nin 70-ci maddəsinin “B” bəndi ilə işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin ARDNŞ-nin xx.xx.2014-cü il tarixində 02107ə (ARDNŞ/14- 1000/22HMM-01-000102) nömrəli məktubunda qeyd olunmuşdur ki, “Daxil olmuş müraciətlərə əsasən sərbəstləşən şəxslərə ödənilmiş birdəfəlik işdənçıxarma müavinətlərindən tutulmuş vergilərin geri qaytarılması məsələsinə dair münasibətin öyrənilməsi üçün ARDNŞ-in Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etmişdir. Müraciətə xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubda cavab olaraq bildirmişdir ki, ƏM-nin 77-ci maddəsinin 3-cü və 6cı hissələrinə uyğun olaraq əmək müqaviləsinin xitamı zamanı kollektiv müqavilələrdə və ya əmək müqaviləsinə əsasən işçilərə orta aylıq əmək haqqından yuxarı məbləğdə ödənilən müavinətlərdə gəlir vergisindən azaddır”. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin xx.xx.2014-cü il tarixli **********685300 nömrəli məktubuna əsasən ödənilən məbləğdən gəlir vergisi tutulmamalıdır. xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00097 nömrəli mediasiya arayışından da görünür ki, xx.xx.2024cü il tarixdə saat 16.00-da ilkin mediasiya sessiyası keçirilmişdir və cavabdeh tərəf iclasda iştirak etməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Socar Sosial İnkişaf İdarəsindən 3877,5 manat və mediasiya üçün ödənilmiş 60 manat, ümumilikdə 3.937,5 manat pul vəsaitini tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh təşkilatla müvafiq razılaşma protokolu imzalanmışdır ki, əmək pensiyasının yaşına çatdığı müddətdə işdən azad olunmaq istədiyi təqdirdə ona əmək haqqının 5 misli miqdarında kompensasiya veriləcəkdir. O, əmək pensiyasına çıxmaq üçün cavabdehə müraciət etmiş, ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ilə işdən azad olunmuş, lakin ona əmək haqqının 5 misli miqdarında verilən kompensasiyadan əsassız olaraq 3877,5 manat pul tutulmuşdur. Həmin pulun ona qaytarılmasını istəyir. Digər tərəfdən o, bilməmişdir ki, bununla əlaqədar məhkəməyə 1 il müddətində müraciət oluna bilər. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, artıq Konstitusiya Məhkəməsi hazırki analoji mübahisə ilə əlaqədar qərar qəbul edib, həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, işçi əmək pensiyasına çıxmaqla bağlı ərizə təqdim edib iradə ifadəsi bildirərsə, ona verilməli olan müavinətdən vergi tutulmalıdır. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən 3 ildən çox müddət keçməsinə baxmayaraq, iddiaçı pul tələbi ilə bağlı məhkəməyə 2024-cü ilin fevral ayında müraciət etmiş, bununla da məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 1 illik müddəti də buraxmışdır. Cavabdehin nümayəndəsi iddia tələbi əsassız olduğu üçün və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 öz izahatında göstərmişdir ki, əvvəllər analojı mübahisələrlə bağlı məhkəmələrdə iddialar olmuş və fərqli yanaşmalar olmuşdur. Hazırda Konstitusiya Məhkəməsi müvafiq qərar qəbul etmiş və onların bu kateqoriya olan mübahisələrə yanaşmaları təsdiq olunmuş və qeyd edilmişdir ki, bu cür müavinətlər vergiyə cəlb olunur, ona görə də əsaslı olaraq iddiaçının da müavinətindən vergi tutulmuşdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə İddiaçı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Personal və Əmək Haqqı şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə Personal və Əmək haqqı şöbəsinə rəis (16-cı dərəcə) vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixdə İqtisadiyyat və Uçot Departamentinin İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsinə rəis (16-cı dərəcə) vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft və X4 Həmkarlar İttifaqı Respublika Komitəsinin xx.xx.2009-cu il tarixli 57 və 06-19ə nömrəli “ARDNŞ işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarından görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşmanın imzalanması qərara alınmışdır. İş üzrə ARDNŞ-nin və ANQSİHİRK-nin 14 avqust 2009-cu il tarixli ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” birgə əmr-qərara dəyişiklik edilməsi haqqında əmrqərarından görünür ki, 22 aprel 2009-cu il tarixli əmr-qərarın 4-cü bənddə “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. İş üzrə Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı işdən çıxarılma müavinətdən tutulmuş verginin qaytarılması mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə saat 09.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Socar Sosial İnkişaf İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi verilmiş iddianın iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmiş və bununla əlaqədar yazılı vəsatət vermişdir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə verilmiş iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinin İqtisadiyyat və Uçot Departamentinin iqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı şöbəsində rəis (16-cı dərəcə) vəzifəsində işləmiş və xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (yaşa görə təqaüdə çıxması ilə əlaqədar) onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatması ilə əlaqədar işdən azad olunmuşdur və onunla əmək müqaviləsinə xitam verilərək əmək haqqının 5 misli miqdarında müavinət ödənilmişdir. Lakin müavinət ödənilərkən ondan əsassız olaraq vergi çıxılmışdır. İddiaçı hesab edir ki, ona ödənilən müavinətdən verginin tutulması əsassız olmuşdur və bu səbəbdən iddiaçı müavinətin ödənilməyən hissəsinin (3.877,5 manat), həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilən zaman ona orta aylıq əmək haqqının 5 misli miqdarında birdəfəlik müavinət ödənilmişdir. Eyni zamanda iddiaçıya ödənilən müavinətdən 3.877,5 manat gəlir vergisi tutulmuşdur. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 3-ci bəndinin “a” və “e” yarımbəndlərinə əsasən, tərəflərdən birinin təşəbbüsü və tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarındadır. Həmin Məcəllənin 75-ci maddəsinin 1-ci hissəsinə və 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı şərti nəzərə tutula bilər. Həmin maddənin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işə işəgötürənin təminatı prinsipinə zidd olmamalıdır. Eyni Məcəllənin 175-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr ödənişlər tutulur (hissə 2(a)). İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir (hissə 4). Eyni Məcəllənin 102.1.4-cü maddəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır. Məhkəmə qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən yaşa görə təqaüdə çıxmaq istəyini bildirmiş, bunun nəticəsində tərəflər arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələrinin tələblərindən irəli gələrək, əmək müqaviləsi işçinin təşəbbüsü ilə ləğv edilərkən işəgötürən tərəfindən işçiyə könüllü şəkildə ödənilən vəsait (müavinət, kompensasiya və s.) hüquqi xarakteri və təyinatı baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsində müəyyən olunmuş işdənçıxma müavinətinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmuş vergidən azad olunan gəlirlərə aid edilmir. Məhkəmə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında formalaşan hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçıya verilmiş kompensasiyanın vergiyə cəlb edilməsi qanuni olmuş və bu səbəbdən iddia tələbi müavinətdən gəlir vergisi kimi tutulan pul vəsaitinin (3.877,5 manat) ona ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair yazılı ərizə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə işdən azad olsa da, mövcud tələblə 2024-cü ildə məhkəməyə müraciət etmişdir. Yəni qanunvericilikdə nəzərdə tutulmuş həmin tələblə əlaqədar məhkəməyə müraciət etmək üçün 1 illik iddia müddətini də ötürmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edilməsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə - illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. Həmin Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki- Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası MPM-nin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Yuxarıda qeyd edilənlərdən görünür ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətdə məhkəməyə müraciət etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar da əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 60 manat mediasiya xərci tutulması hissədə də tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Socar) Sosial İnkişaf İdarəsinə qarşı cavabdeh Socar Sosial İnkişaf İdarəsindən 3877,5 manat və mediasiya üçün ödənilmiş 60 manat, ümumilikdə 3.937,5 (üç min doqquz yüz otuz yeddi manat, əlli qəpik) manat pul vəsaitini tutularaq ona ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar