Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-760/2025 18.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və ya müavinət” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və ya müavinət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağıyla bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-3-1/3-1-3466/2024 saylı əmrin ləğv edilməsi və işə bərpa olunmağı, əgər işə bərpa olunmağı mümkün deyilsə onda cavabdeh tərəfindən işdən çıxarılma ilə bağlı ödənilməmiş 3 aylıq müavinətin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.1989-cu il tarixdən 35 ildir ki, "xxxx" QSC X10 matros vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixdə xəstəliyiylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında müayinədən keçmiş əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməklə ona İİ dərəcəli əlillik dərəcəsi verilmişdir. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti xx.xx.2026-cı ilədək müəyyən edilməklə fiziki güc və çox hərəkətlilik tələb olmayan peşələr üzrə işləmək imkanına malik olmağı qeyd edilmişdir. xx.xx.2024cü il tarixdə müəssisə rəhbərliyi əvvəlcədən onu məlumatlandırmadan və razılığı olmadan 13-3- 1/1-23466/2024 saylı əmrlə səhhətiylə bağlı səhiyyə müəssisəsinin rəyini əsas götürməklə onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) işdən azad etmiş, həmçinin işdən çıxarılma ilə bağlı ödənilməli olan ən azı aylıq əmək haqqının 3 misli miqdarında müavinət ödəməmişdir. Halbuki, həkim rəyində qeyd edilib ki, o, fiziki güc və çox hərəkətlilik tələb olunmayan peşələr üzrə işləyə bilər. Müdriyyətə ailə vəziyyətinin nəzərə alınaraq onu başqa daha yüngül işə keçirilməsini xahiş etmiş, lakin müdriyyət xahişlərini nəzərə almamışıdr. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərindən də müəyyən olunur ki, cavabdeh əmək müqaviləsinə xitam verərkən əlilliyini nəzərə almalı və onu daha yüngül işlə təmin etməli olduğu halda bunu etməmiş, əmək müqaviləsinə xitam verərkən əvvəlcədən onu məlumatlandırmalı olduğu halda onu məlumatlandırmamış, əmək müqaviləsinə xitam verərərkən işdən çıxarılma müavinətini ödəməmişdir. Ona görə də hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin vermiş olduğu əmr ləğv edilməli və o, işə bərpa edilməlidir. Etirazın dəlilləri: aşağıda qeyd olunanlara əsasən iddia tələblərini əsassız və qanunsuz hesab edirlər. İddiaçı X4 Cavabdeh QSC-nin X1ru yük limanında sahil matrosu işləmişdir. X7 16 dekabr 2024-cü il tarixli 13-3-1/3-1-3466/2024 saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2b maddəsinə əsasən, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, (əmrin sürəti əlavə olunur). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı X3 ikinci dərəcəli əlillik təyin olunmuş, orqanizmin funksiyaları 70% ağır xəstəlik nəticəsində pozulmuşdur. İddiaçı fiziki güc və hərəkətlilik tələb etməyən peşələr üzrə işləyə bilər (surəti əlavə olunur). Tərəflərindən səhiyyə müəssisəsinin müvafiq rəyi əsas götütülərək və Əmək Məcəlləsinin 75.2b bəndinə əsasən X4 ilə olan əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Belə ki, AR Əmək Məcəlləsinin 75.2-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsinə xitam verilməsi barədə aşağıdakı əlavə halı nəzərdə tutmuşlar və xx.xx.2022-ci il tarixli ******* nömrəli əmək müqaviləsinin 9.1-1-ci bəndində qeyd etmişlər: "Səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə əsasən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilə bilər.” Göründüyü kimi, X4 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinə uyğun olaraq və həmin əmək müqaviləsinin şərtləri çərçivəsində xitam verilmişdir. Göstərilənlərdən əlavə qeyd edilir ki, iddiaçı tərəfindən əmrin mübahisələndirilməsi üçün qanunla müəyyən olunmuş iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı 17 dekabr 2024-cü il tarixdə əmək kitabçasının işçiyə təhvil verilməsi barədə qeydiyyat kitabına imza edərək, əmək kitabçasını götürmüşdür (əmək kitabçasının təhvil verilməsi barədə qeydiyyat kitabından çıxarışın sürəti əlavə olunur). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxılmışdır. İddiaçı üçün iddia müddətinin axımı 17 dekabr 2024-cü il tarixdən başlayır və onun üçün məhkəməyə müraciət etmək üçün son tarix 17 yanvar 2024-cü il tarix olmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsinə baxmayaraq, mediasiya arayışını sənədlərə əlavə etməmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə görə, Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanununun 35.2-ci maddəsinə görə, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Göründüyü kimi, iddiaçı tərəfindən Mediasiya haqqında Azərbaycan Respublikasının tələbləri pozulduğu üçün müddət ötürülmüşdür. Həmin Qanunun 28.1-ci maddəsinə görə Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göründüyü kimi, iddiaçı tərəfindən mediasiya arayışı xx.xx.2025-ci il tarixdə alınmış və qanunla müəyyən edilmiş müddət buraxılmışdır. İddia əsassız və qanunsuz olduğuna görə, həmçinin verilmiş iddia müddətinin ötürülməsinə dair ərizəni nəzərə alaraq iddianın rədd edilməsi xahiş edilmişdir. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərə alaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair ərizə ilə bağlı bildirmişdir ki, o Xətai RM-nə müraciət etdikdən sonra ərizənin geri qaytarılması barədə məlumatı olmamış, maraqlandıqda ona bildirmişlər ki, ərizə geri qaytarılıb, daha sonra Səbail RM-nə müraciət etmişdir, lakin məhkəmə iddianın baxılmamış saxlamışdır, daha sonra mediasiya təşkilatının hara yerləşdiyini axtardığı üçün xx.xx.2025-ci il tarixində təklif göndərmiş, arayışı aldıqdan sonra isə məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 etiraza uyğun məzmunda izahat verərək, iddiaçının başqa işlə təmin edilməsi barədə rəsmi məktub və ya müraciətinin aşkar edilmədiyini, onun tutduğu vəzifədən daha yüngül vəzifə olmadığını bildirmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC X2ru yük liman sahəsinə 04 dərəcəli sahil matrosu vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, İddiaçı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə ƏM-in 75.2b maddəsi (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq peşədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 75-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən, Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə nəzərdə tutula bilər. - 296-cı maddə, 2-ci hissə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296-cı maddə, 3-cü hissə, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. - 296-cı maddə, 6-cı hissə, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh QSC X2ru yük liman sahəsinə 04 dərəcəli sahil matrosu vəzifəsinə təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı ilə bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə ƏM-in 75.2b maddəsi (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq peşədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı hazırda işdən çıxarılmağıyla bağlı cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 13-3-1/3-1-3466/2024 saylı əmrin ləğv edilməsi və işə bərpa olunmağı, əgər işə bərpa olunmağı mümkün deyilsə onda cavabdeh tərəfindən işdən çıxarılma ilə bağlı ödənilməmiş 3 aylıq müavinətin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iddianın əsassız olmasını, iddiaçının başqa işlə təmin edilməsi barədə rəsmi məktub və ya müraciətinin aşkar edilmədiyini, onun tutduğu vəzifədən daha yüngül vəzifə olmadığını bildirmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət etməsi üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı (Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri) maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, qanunverici fərdi əmək mübahisələrinin həlli üçün məhkəməyə müraciət müddətini konkret müəyyən etmişdir ki, bu da qanunvericiliyin mühüm əhəmiyyət kəsb edən institutlarından biridir. Belə ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin tətbiq edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materialları ilə və iddiaçının izahatı ilə təsdiq olunur ki, iddiaçı müvafiq iddia ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(011)- 2079/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra iddiaçı Səbail Rayon Məhkəməsinə 28 fevral 2025-ci il tarixində müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(009)-760/2025 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 18 aprel 2025-ci il tarixdə cavabdehə təklif göndərmiş, 12 may 2025-ci il tarixdə ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli 2(009)- 760/2025 saylı qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(009)-760/2025 saylı qərardadı ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Bununla da iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) aylıq iddia müddətini ötürmüşdür. Belə ki, o hüququnun pozulduğunu iddia etdiyi 16 dekabr 2024-cü il tarixli əmrin qəbul edilməsindən bir aydan çox (4 aya yaxın vaxt) vaxt keçdikdən sonra mediasiya təşkilatına, başqa sözlə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara riayət etməklə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Məhkəmə hesab edir ki, iddiaçının izahatında göstərdiyi dəlilləri iddia müddətinin üzrlü səbəbdən buraxılması qənaətinə gəlməyə əsas vermir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-760/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-760/2025
18.06.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver