Məhkəmə qərarları › İş №2(009)-764/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-764/2025

22.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-764/2025 22.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onunla Cavabdeh arasında Salyan rayon 2 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə bağlanmış AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.765 ha torpaq sahəsini 3000 manat müqabilində ona satmışdır. Sonradan Cavabdeh Cəmi oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(005)-619/2024 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən verdiyi apellyasiya və kassasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-619/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 112/2025 saylı iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ilə təmin olunmamışdır. Göründüyü kimi 3 ilə yaxın torpaq sahəsi onun mülkiyyətində olmuş və o, mülki qanunvericiliyin hər hansı müddəasını pozmaqdan torpaq sahəsindən istifadə etmişdir. Belə ki, alqı-satqı müqaviləsindən təqribən 1 ay sonra o, torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün müasir standartlara cavab verən böyük parnik sahəsi tikmişdir. Fəhlələr üçün yaşayış otağı inşa etdirmişdir. Parnik sahəsinə elektrik enerjisi xətti və su xətti çəkdirmişdir. Su tələbatında fasiləyə yol verilməməsi üçün böyük su anbarı tikdirmişdir. Motorlar və avadanlıqlar almışdır. Sahəyə rahat gediş-gəliş üçün yol çəkdirmişdir. Bundan başqa orada balıq yetişdirmək üçün böyük plantasiya (su hovuzu) yaratmışdır. Digər zəruri işlər görmüşdür. Bütün bu işlərə ümumilikdə 108.500 manat vəsait xərcləmişdir. İddia ərizəsində qeyd etdiyi işlərin görülməsini həmin işlərin görülməsində bilavasitə iştirak edən fəhlələr şahid qismində dindirilərkən, eləcə də ekspert rəyləri təsdiq edəcəklər. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən əqd etibarsız olduqda tərəflər bir-birinə gördükləri hər hansı müsbət əməliyyatlara görə təzminat ödəməlidir. Yəni, alıcı daşınmaz əmlak üzərindəki xərcləri və digər müsbət əməliyyatları əsaslandırarsa, bu xərcləri geri almaq üçün məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh alqı-satqı zamanı ödədiyi 3000 manat pulun, torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat, eləcə də 399 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanlandığı ərizədə işin 15 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə baxılmasının 6 ay müddətinə davam etməsini, 15 gün müddətinə işin təxirə salınmasını prosessual qanunvericiliyinin tələbləri baxımından yol verilməz olmasını, həmçinin cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılması barədə tələbini nəzərə alaraq işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini tam müdafiə etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, tərəflər arasında formal alqı-satqı olub, müqavilə bağlanılıb. Pul iddiaçıya məxsus deyil, yəni alqı-satqı zamanı 3000 manat ödəniş edilməyib, cavabdeh özü 3 min manat qoyub və hesabı bağlayıb. Tərəflər arasında məhkəmə mübahisəsi olmuş, həmin mübahisə ilə əlaqədar qəbul edilmiş məhkəmə qətnaməsində də qeyd olunur ki, mübahisəli torpağın əvəzində Zirə qəsəbəsində torpaq veriləcək. Bağlanılan alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı bütün instansiya məhkəmələrində heç vaxt mübahisəli torpaq sahəsində hər hansı bir yenidənqurma işlərinin və tikintinin həyata keçirməsini bildirməmişdir. İddiaçı tərəfindən şahid qismində dindirilən şəxsə dedikləri ilə bağlı sübutun təqdim edilməsi də təklif olunmuşdur, lakin məhkəməyə təqdim edilməmişdir. Mübahisəli pasrnik sahəsi alqı-satqı zamanı işlək vəziyyətdə olub, iddiaçı tərəfindən hər hansı işlər görülməyib, vəsait xərclənməyib. Ona görə də qaldırılan iddianı əsassız hesab edir və məhkəmədən onun rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, CD diskə baxış keçirilib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, o, parnik ustasıdır. Ceyhunla o, 2017-ci ildən başqa bir yerdə parnik quraşdırarkən tanış olmuşlar. Parnikdə birgə işləmişlər. Ceyhun yayda ünvan 1ində 1 ha.20 sot olan yerdə parnik sahəsinin quraşdırılmasını bildirdi. Həmin torpaqda yonca var idi, tikili yox idi. Onlar torpağın parnik olan sahəsində atopleniya, ayaqyolu, suvarma üçün hovuz və başqa tikili tikmişlər. Yonca olan sahənin yanında parnik sahəsi var idi. O, orada texnik idi, ustalar da var idi. O, ora gələndə orada parnik var idi. Parnik tikili idi, amma oranı ot basmışdı. İşlərə xərc çəkilib, turba, materallar alınıb. Qiymətini bilmir, iddiaçı deyir ora 100 mindən çox xərc qoyub. İstilik sisteminin 1 qazanı-9 min manata, forsunka 6 min manata, 10-15 min manata da turbalar alınıb. Laqonda ilə turba-armatur kəsilib. Tikililərə o, nəzarət etmişdir, orada 30 hovuz tikilib, 2 maşın daş gəlib, iddiaçı pulunu özü verib təxminən 20 min manat edir. Orada təxminən 100 mindən çox pul xərclənər. Orada parnikin quru skleti-sxemi var idi, işlənməmişdi. Onlar orada atopleniya çəkməyə 10 min manat pul almışlar. İşləri gördukcə pulu alırdılar. Ceyhun hörgü hörənə təxminən 500 manat verib. Onlar orada olanda Rəşad ora gəlməyib, pul verməyib. Pulu ancaq Ceyhun verirdi. Rəşad orada olmayıb, Ceyhun gəlib gedib, obyekti işlədib. Parniki o, işə salmışdır. Tural parnikin yiyəsi olub. O, Turalı Ceyhundan əvvəl tanıyırdı. Turalı parnikçi kimi tanıyırdı. İddiaçının yeri 1 ha.20 sot idi. Onun gördüyü yerin uzunluğu 86 kv.metr idi, 1 ha 20 sot idi, Ceyhun aldı oranı, dedi “gəl işlədək”. 2022-ci ilin yay ayları idi, Ceyhun dedi “gəl xodlayaq”. Əkin sentyabr-oktyabr ayında olur. Ceyhun orada 2024-cü ilə kimi işlədi. Parnik əkilmədi orada balıq işi görüldü. O, prorab kimi tək özü otopleniya üçün 10 min manat almışdır. Ceyhunun ona borcu yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, Rəşad onun qaynıdır. O, sənədləşmə işini Rəşadın adına etmişdir, amma bütün işləri o, özü rəsmi etmişdir. İddiaçı onlardan pul tələb edir ki, ora guya xərc çəkib. O, oranı iddaçıya verəndə suvarma sistemi var idi. İstilik sistemi çəkmişdir. Onlar özləri üçün dəyişib başqasın qoyublar. Parnikin çəkilmiş klyonkasını söküb, başqasını çəkiblər.O, parniki onlara işlək vəziyyətdə vermişdir, onlar özləri üçün dəyişiblər. Ora təxminən 3-5 min xərc çəkiblər. Parnikin istilik sistemi olub. Parnik işlək vəziyyətdə olub, 300-400 min pul qazanıblar. O, orada 16 parnikin çəkilməsinə görə pul almışdır. Onlar orada suvarma sistemini çəkmişlər. O, torpağı Zirə qəsəbəsi ilə dəyişmişdir ki, yola yaxın olsun. Lakin onu aldatmış, get gələ salmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-112/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-619/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan həmçinin görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(005)-619/2024 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-619/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə İddiaçı sifarişi əsasında “X2 Mərkəzi” MMC tərəfindən verilmiş qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Salyan rayonunda yerləşən İstixananın konstruksiyası istina olmaqla istixanada görülən işlərin, alınmış əşyaların və digər avadanlıqların ümumi xərci 108.580 manat olduğu müəyyən edilmişdir. İş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 3-16-16/2-10/2458-9/2448 saylı, xx.xx.2024-cü il tarixli (2(103)-619/2024 nömrəli mülki iş üzrə) ekspert rəyinin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, AN-İ ******* seriyalı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin predmeti olan ünvan 1ində yerləşən 0.765 ha torpaq sahəsinin müqavilə bağlanan zaman mövcud olan bazar qiyməti təqribən 130.050,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0.765 ha torpaq sahəsini 3000 manata iddiaçıya satmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 3 ilə yaxın torpaq sahəsi onun mülkiyyətində olmuş və o, mülki qanunvericiliyin hər hansı müddəasını pozmaqdan torpaq torpaq sahəsindən istifadə etmişdir. Belə ki, alqı-satqı müqaviləsindən təqribən 1 ay sonra o, torpaq sahəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün müasir standartlara cavab verən böyük parnik sahəsi tikmişdir, fəhlələr üçün yaşayış otağı inşa etdirmişdir. Parnik sahəsinə elektrik enerjisi xətti və su xətti çəkdirmişdir. Su tələbatında fasiləyə yol verilməməsi üçün böyük su anbarı tikdirmişdir. Motorlar və avadanlıqlar almışdır. Sahəyə rahat gediş-gəliş üçün yol çəkdirmişdir. Bundan başqa orada balıq yetişdirmək üçün böyük plantasiya (su hovuzu) yaratmışdır. Digər zəruri işlər görmüşdür. Bütün bu işlərə ümumilikdə 108.500 manat vəsait xərcləmişdir. Qanunvericiliyə əsasən əgər əqd etibarsız hesab edilibsə, alıcı daşınmaz əmlakla bağlı çəkdiyi məsrəfləri tələb etmək hüququna malikdir. Bu səbəbdən iddiaçı cavabdehdən alqı-satqı zamanı ödədiyi 3000 manat pulun, torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat, eləcə də 399 manat dövlət rüsumunun onun xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbinin alqı-satqı zamanı ödənilmiş 3000 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə qeyd edir ki, göstərilən maddənin müddəası əqdin etibarsızlığı zamanı tərəflərin hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını,o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Məhkəmə həmçinin qeyd edir ki, restitusiya əsas əmlak nəticəsinin başlıca növüdür. Restitusiya nəticəsində tərəflərin etibarsız əqd icra olunanadək mövcud olan vəziyyəti bərpa edilir, yəni tərəflərdən hər biri əqd üzrə aldıqlarını digər tərəfə qaytarır. Restitusiyanın mahiyyəti əqd bağlayan hər iki tərəfin öz ilkin əmlak vəziyyətinin bərpa etmələrindən ibarətdir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən torpaq sahəsi əldə edilərkən 3.000 manat məbləğində pul ödənildiyindən və məhkəmə qətnaməsi ilə alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, həmin pul məbləği cavabdehdən tutularaq İddiaçı verilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin 3000 manat məbləğində pul vəsaitinin alqı-satqı zamanı cavabdehin özü tərəfindən bank hesabına köçürülüb və oradan götürülməsi barədə dəlillərini əsaslı hesab etmir, belə ki, bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin torpaq sahəsində gördüyü işlərin xərci olaraq 108.500 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunan sübutlarla müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsi bağlanan zaman istixana işlək vəziyyətdə olmuş, istixananın istilik sistemi mövcud olmuşdur. İddiaçı tərəfindən istixana əldə edildikdən sonra istilik sistemi yenilənmiş və müvafiq pul vəsaiti xərclənmişdir. Məhkəmə hesab edir ki, iddiaçı guya qanuni sahibliyində olan və sonradan rəsmiləşdirəcəyi Zirə qəsəbəsində yerləşən torpaq sahəsini cavabdehə satacağına dair vəd verməklə mübahisəli işlək vəziyyətdə olan istixananın alqı-satqısını həyata keçirdikdən sonra orada hər hansı yenidənqurma işlərinin həyata keçirilməsi ilə əlaqədar verdiyi vədi yerinə yetirmədiyi halda işlərin görülməsinə pul vəsaiti xərcləməsini faktiki olaraq cavabdehlə razılaşdırmamış, həmin işlərin həyata keçirilməsi öz təşəbbüsü ilə olmuş, belə olan halda çəkilən xərcin cavabdehdən tələb edilməsini məhkəmə əsaslı hesab etmir. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Digər tərəfdən həmin müddət ərzində iddiaçı istixanadan istifadə etməklə əlaqədar müvafiq qazanc da əldə etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istixanada görülən işlərlə bağlı cavabdehin əsassız varlanması qənaətinə də gəlinə bilməz. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsində göstərilir ki, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Qanunda əsassız varlanmanın anlayışı verilmişdir. Belə ki, qanuna görə əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən bəlli olur ki, bu əsasa söykənən tələbin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş dizpozitiv şərtlərin, həm də eyni vaxta olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçirilmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında bağlanılmış müqavilə şərtinin iddiaçının özü tərəfindən pozulması nəticəsində iddiaçının ziyanla bağlı tələbinin təmini üçün işin müəyyən olunmuş faktiki hallarının istinad olunan qanunun dispozitiv şərtlərinə cavab verməsi – uyğun gəlməsi müəyyən olunmur. Yəni işin qeyd edilən halında işlək vəziyyətdə olan istixanada öz təşəbbüsü ilə yenidənqurma işlərinin həyata keçirilməsinə çəkilən xərc cavabdehin əsassız varlanması kimi hesab edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (50 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat, cəmi 3050 (üç min əlli) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar