Məhkəmə qərarları › İş №2(009)-780/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-780/2021

06.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-780/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi A.M.Kərimovun, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi E.E.Həşimovanın, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs1 tələbəsidir, orada ödənişli əsaslarla təhsil alır. Atası Maraqlı şəxs2 və X4 2003-cü ildə onun 2 yaşı olarkən boşanıblar. Bunu 200545 saylı “Nikahın pozulması haqqında şəhadətnamə“ sübut edir. Şəhadətnaməyə əsasən nikahın pozulması 15.07.2003-cü il tarixdə 106 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. Həmin vaxtdan atasına onun yetkinlik yaşına çatancan saxlanmadığı üçün aliment müəyyən edilmişdir. Lakin o, atasını heç vaxt görməmişdir, bu günə qədər də aliment ödəməyib. Faktiki olaraq onu atıb gedib, heç vaxt onun maddi-mənəvi qayğına qalmayıb. Anası isə 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Hazırda o, nənəsinin himayəsində qalır. O, tələbəsidir, oxuyur. Lakin hazırda universitetin təhsil haqqını ödəyə bilmirlər. nənəsi yaşlıdır, pensiyası yemək-içməyə gücclə çatır. Özü isə oxuduğu üçün işləyə bilmir. Dəfələrlə universitetdə məsul şəxslərdən təhsil haqqından azad olunması üçün müraciət etmişdir. Sonuncu dəfə onlara bildiriblər ki, ancaq ata və ana himayəsindən kənar yaşamağı məhkəmə qaydasında təsdiq edildikdən sonra təhsil ödənişindən azad oluna bilər. Anası vəfat edib, atası isə ondan imtina etmişdir. İllərdir onlar onu axtarıb tapa bilmirlər, hazırda da harada olduğu barədə məlumatları yoxdur. Bu səbəbdən də məhkəməyə hər iki valideynlərinin himayəsindən məhrum olduğu və nənəsinin öhdəsində yaşamağı faktının müəyyən edilməsi üçün müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi onun hər iki valideynin himayəsindən məhrum olması, atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Ərizəçi ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi həmçinin göstərmişdir ki, o, atasını heç vaxt görməmişdir, onu tanımır. Atası bu günədək ona hər hansı bir köməklik etməmişdir ,yardım göstərəmmişdir. Məhkəmə iclasında verdiyi izahatı həqiqətə uyğun deyil. Məhkəmə iclasında izahatı alınmış Maraqlı şəxs1 nümayəndəsi X8 öz izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. Murad onların tələbəsidir. Bu kimi uşaqların təhsil haqları dövlət tərəfindən təmin olunur, onlara güzəşt olunur. Lakin belə uşaqlar 3 kateqoriyaya aiddirlər - valideyni itirmiş, valideyn himayəsindən məhrum olmuş və valideyn imtina etmiş uşaqlardır. Lakin Murad bunların heç birinə aid deyil. Muradın atası sağdır, məhkəmə iclasında da ondan imtina etmədiyini bildirmişdir. Onlar Murada kömək etmək istəyirlər. Buna görə Təhsil Nazirliyinə müraciət etmişlər, lakin onların müraciətinə müsbət cavab verməmişlər və onlara imtina etmişlər ki, uşağın atası sağdır. Göstərilənləri nəzərə alaraq maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X6 ərizəyə etiraz edərək göstərmişdir ki, şəxsin hər iki valideyn himayəsindən məhrum olunmuş hesab edilməsi “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların social müdafiəsi haqqında” AR Qanununa əsasən müəyyən edilir. Həmin qanunun 1-ci maddəsinin 5-ci bəndində əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilə bilər ki, onların hər iki valideyni uşaqların tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etsinlər. bir valideyni vəfat etmiş və o biri valideyni İ və İİ qrup əlilliyi olan şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. Digər tərəfdən ərizəçi on səkkiz yaşına çatmışdır və tam həcmdə mülki hüquq qabiliyyəti əldə etmişdir. AR MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. AR Ali MƏhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli ,03 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmə hansı hallarda hüquqi əhəmiyyətli faktlal barədə işlərə baxıb həmin faktları müəyyən edə bilər. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Hazırki işin hallarından görünür ki, ərizəçi yetkinlik yaşına çatdığından və hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün qanunvericiliyin tələbləri ödənilmədiyindən iddia tələbinin təmin edilməsinin hüquqi əsası yoxdur. Göstərilənləri nəzərə alaraq maraqlı şəxsin nümayəndəsi ərizəçinin hər iki valideynin himayəsindən məhrum olmuş uşaq hesab edilməsi tələbinə dair ərizəsi ilə bağlı mülki işin icraatına xitam veriləsi, işə mahiyyəti üzrə baxılmağa davam edildiyi halda ərizənin təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2 öz izahatında göstərmişdir ki, o Muradın atasıdır. Ondan heç vaxt imtina etməmişdir, Muradın nənəsi ailənin dağılmasına səbəbkar olmuş, onu uzun müddət şərləyərək həbsə göndərmişlər. 3 il yarım Murada görə aliment vermis, sonra uşağı ilə görüşmək istəyərkən ona mane olmuşlar. Özləri alimentdən imtina etmişlər, o bu gün də oğlunun təhsil haqqını ödəməyə yardımçı ola bilər, hətta xaricdə təhsil almasına da kömək edə bilər, bir şərtlə ki, Murad onun yanına gəlsin. Uzun müddət Muradı görməmişdir, uşağa köməklik etməməyinin səbəbi anası tərəfindən qohumlarının ona qarşı mənfi münasibəti olmuş və bu gün də onlar Muradı ona qarşı qərəzli mövqedə olmasına səbəb olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş məhkəmə tərəfindən maraqlı şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və maraqlı şəxslərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin nənəsidir. Muradın atası eşitdiyinə görə Şamaxı rayonu, Məzərə kəndində yaşayır. Maraqlı şəxs2 onun qızı ilə 2000-ci ildə evlənib, 2001-ci ildə uşaq olub və Murad 11 aylıq olanda qızı ilə ayrılmışdır. Onun qızı alimentə görə ərizə vermiş, 50 manat aliment kəsilmiş, lakin heç onu da ödəmədi. Bir dəfə 10 manat pul vermiş, onu da qızı geri qaytarımışdır. Murad heç atasını görmədi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, ərizəçinin dayısıdır. Təsdiq edir ki, uşaq 11 aylıq olandan bu günə qədər ona nənəsi baxıb. Atası heç onu görməyib, anası da rəhmətə gedib, atası ona heç vaxt aliment ödəməyib. İş üzrə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş kserosurətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Maraqlı şəxs2, ana qrafasında X2 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 21.09.2002-ci il tarixdə 74 No ilə qeyd edilmişdir. İş üzrə Səbail rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.02.2015-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Maraqlı şəxs2 ilə X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15.07.2003-cü il tarixdə 106 No ilə qeyd edilmişdir. İş üzrə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 27.07.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X3 16.04.2018ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.06.2018-ci il tarixdə 1033 No ilə qeyd edilmişdir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə ilk növbədə müəyyən olunması xahiş olunan faktların hüquqi əhəmiyyət daşıyıbdaşımaması, həmin faktların hüquqi nəticə doğurub-doğulmamasına qiymət verilməsini zəruri hesab edir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Ərizəçi tərəfindən verilmiş ərizədən görünür ki, o, məhkəmədən hər iki valideynin himayəsindən məhrum olması və atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Həmin faktların müəyyən edilməsi ərizəçiyə əyani şəkildə ödənişli əsaslarla təhsil aldığı ali təhsil müəssisəsində təhsil haqqı ödəməkdən azad edilməsi üçün lazımdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə ərizəçinin hər iki valideynin himayəsindən məhrum olması faktının müəyyən edilməsi hissəsində ərizəsi üzrə işin icraatına həmin tələbə məhkəmə qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Məhkəmə ərizəçinin digər tələbinə, yəni atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsi barədə tələbi üzrə qeyd edir ki, həmin hissədə ərizəyə məhkəmə qaydasında baxılmasına yol verilir. “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Göstərilən Qanunun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də bu hüququ saxlayırlar. Göründüyü kimi qanunun yuxarıda göstərilən tələbinə əsasən 23 yaşınadək olan və ali təhsil müəssisələrində təhsil alan şəxslər də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasına aiddir və həmin şəxslərin Qanunun yuxarıda göstərilən tələbinə əsasən dövlət hesabına təhsil almaq hüquqları var. Məhkəmənin 06.05.2021-ci il tarixli qərardadında məhkəmə qeyd etmişdir ki, ərizəçinin hər iki valideynin himayəsindən məhrum olan şəxs statusuna sahib olması yuxarıda göstərilən qanunun müddəaları ilə tənzimlənir və bu səbəbdən qanunla tənzimlənən məsələnin hüquqi fakt kimi müəyyən edilməsinin yolverilməzdir.. Lakin digər fakt – şəxsin atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi ərizəçiyə sonradan hər iki valideynin himayəsindən məhrum olan şəxs hesab edilməsi müəyyən edilərkən lazım olduğundan, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilir. Məhkəmə qeyd edir ki, həmin faktın başqa yolla əldə edilməsi və ya müəyyən edilməsi mümkün olmadığından, ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Təqdim edilmiş sənədlərdən və ərizədə göstərilənlərdən görünür ki, ərizəçinin valideynləri arasında olan nikah 15.07.2003-cü il tarixdə pozulmuş, boşanmadan sonra ərizəçi anasının yanında saxlanılmış və uşağın saxlanılması üçün aliment tutulmuşdur. Ərizəçinin anası X3 16.04.2018-ci il tarixdə, yəni ərizəçi 17 yaşında olarkən vəfat etmişdir. Həmin vaxtdan sonra ərizəçi nənəsinin yanında yaşamışdır. Ərizədən həmçinin göstəirlmişdir ki, atası ilə anası boşandıqdan sonra atası onları atıb getmiş, məhkəmə qətnaməsi ilə tutulan alimenti ödəməmiş və bir valideyn kimi onu atıb getmiş və qayğıısna qalmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin valideynləri boşandıqdan sonra onun anası hər hansı aliment almaqdan imtina etmiş və atasına uşaqla görüşməsinə icazə və imkan verməmişdir. Ərizəçinin atası ona qayğı göstərməkdən və bir valideyn kimi tərbiyəsində iştirak etməkdən imtina etməmiş, əksinə həmin məsələlərdə iştirak etməyə çalışmışdır. Ərizəçinin atası hazırda da ona bir valideyn kimi qayğı göstərməkdən imtina etmir. Məhkəmə hesab edir ki, ərizəçinin valideynləri boşandıqdan sonra ərizəçi 2018-ci il tarixədək anasının və nənəsinin, 2018-ci ildən sonra isə nənəsinin himayəsində yaşasa da, o, atası tərəfindən atılmamış və imtina olunmamışdır. Ərizəçinin atası onun tərbiyəsində iştirak etmək istəsə də, ərizəçinin anası və nənəsi buna şərait yaratmamışdır. Hazırda da ərizəçinin atası bir valideyn kimi vəzifələrini həyata keçirmək arzusunda olduğu üçün, ərizəçinin atası tərəfindən imtina edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı hesab edilə bilməz. Ərizəçi o halda atası tərəfindən imtina olunmuş uşaq olardı ki, bu hallar mötəbər sübutlarla təsdiq olunsun. Lakin belə sübutlar məhkəməyə təqdim olunmadığından, eyni zamanda ərizəçinin atası hazırda da bir valideyn kimi ərizəçinin tərbiyə edilməsində, onun hüquq və mənafeylərinin müdafiəsində iştirak etmək və valideyn kimi öz vəzifələrini yerinə yetirmək arzusunda olduğu üçün, həmin hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında təsdiq edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin atası tərəfindən imtina edilmiş şəxs hesab edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün əsaslar olmadığı üçün həmin hissədə ərizə əsassız hesab edilməli və təmin edilməməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizəçi atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev İş № 2(009)-780/2021 MƏHKƏMƏ İCLASİNİN QƏRARDADİ Səbail rayon Məhkəməsi 06 may 2021-cu il tarixdə Bakı şəhərində Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə Ərizəçi, Maraqlı şəxs1 nümayəndəsi A.M.Kərimovun, Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi E.E.Həşimovanın, Maraqlı şəxs2 iştirakları ilə Ərizəçi hər ki valideynin himayəsindən məhrum olunmuş şəxs hesab edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs1 tələbəsidir, orada ödənişli əsaslarla təhsil alır. Atası Maraqlı şəxs2 və X4 2003-cü ildə onun 2 yaşı olarkən boşanıblar. Bunu 200545 saylı “Nikahın pozulması haqqında şəhadətnamə“ sübut edir. Şəhadətnaməyə əsasən nikahın pozulması 15.07.2003-cü il tarixdə 106 nömrə ilə akt qeydləri kitabında qeydə alınmışdır. Həmin vaxtdan atasına onun yetkinlik yaşına çatancan saxlanmadığı üçün aliment müəyyən edilmişdir. Lakin o, atasını heç vaxt görməmişdir, bu günə qədər də aliment ödəməyib. Faktiki olaraq onu atıb gedib, heç vaxt onun maddi-mənəvi qayğına qalmayıb. Anası isə 2018-ci ildə ağır xəstəlikdən vəfat edib. Hazırda o, nənəsinin himayəsində qalır. O, tələbəsidir, oxuyur. Lakin hazırda universitetin təhsil haqqını ödəyə bilmirlər. nənəsi yaşlıdır, pensiyası yemək-içməyə gücclə çatır. Özü isə oxuduğu üçün işləyə bilmir. Dəfələrlə universitetdə məsul şəxslərdən təhsil haqqından azad olunması üçün müraciət etmişdir. Sonuncu dəfə onlara bildiriblər ki, ancaq ata və ana himayəsindən kənar yaşamağı məhkəmə qaydasında təsdiq edildikdən sonra təhsil ödənişindən azad oluna bilər. Anası vəfat edib, atası isə ondan imtina etmişdir. İllərdir onlar onu axtarıb tapa bilmirlər, hazırda da harada olduğu barədə məlumatları yoxdur. Bu səbəbdən də məhkəməyə hər iki valideynlərinin himayəsindən məhrum olduğu və nənəsinin öhdəsində yaşamağı faktının müəyyən edilməsi üçün müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi onun hər iki valideynin himayəsindən məhrum olması və atası tərəfindən imtina edilməsi (uşağın tərbiyə edilməsindən və ya onun hüquq və mənafelərinin müdafiəsindən imtina) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə Ərizəçi atası tərəfindən imtina edilməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi əsassız olduğu üçün təmin edilməmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin hər iki valideynin himayəsindən məhrum olması hissədə tələbi məhkəmədə baxılmalı olmadığından həmin hissədə işin icraatına xitam verilməlidir. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı qərarının 1.6-cı bəndində qeyd olunur ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Qərarın 1.7-ci bəndinə əsasən hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Qərarın 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Həmin Qanunun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Qanunun yuxarıda göstərilən tələblərindən göründüyü kimi şəxsin valideyn himayəsindən məhrum olmuş hesab edilməsi “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanunu ilə tənzimlənir və bu status yalnız həmin qanunun tələbləri baxımından əldə edilir. Mməhkəmə qeyd edir ki, qanunla müəyyən olunması nəzərdə tutulan hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Belə ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, həmin faktın başqa yolla müəyyən edilməsi mümkün olmasın, yaxud həmin faktı təsdiq etmək üçün lazım olan sənədlərin əldə edilməsi mümkün olmasın. Lakin ərizəçinin müəyyən olunmasını xahiş etdiyi hüquqi fakt “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununa əsasən müəyyən olunduğu üçün, həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi mümkün deyil. Bu səbəbdən ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından onun icraatına xitam verilməlidir. AR MPM-nin 261.0.1-ci maddəsiən əsasən iş məhkəmədə baxılmalı deyildirmə, hakim iş üzrə icraata xitam verir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4№-li qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə izah edir ki, ərizəçi “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununa əsasən onun hər iki valideyn himayəsindən məhrum edilmiş şəxs kimi hesab edilməsindən imtina edən orqanın hərəkətlərini mübahisələndirə bilər. Əgər həmin imtinanı verən şəxs - inzibati orqandırsa və yaxud publik hüquqi şəxsdirsə, bu halda ərizəçi həmin orqanın hərəkətlərini inzibati məhkəmədə mübahisələndirə bilər. Əgər həmin imtinanı verən orqan inzibati orqan hesab edilmirsə, bu halda ərizəçi həmin orqanın hərəkətlərini ümumi məhkəməyə ərizə verməklə mübahisələndirə bilər. Beləliklə məhkəmə hesab edir ki, ərizəçinin hər iki valideyn himayəsindən məhrum olunmuş şəxs olması barədə hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsinə yol verilmədiyindən, həmin hissədə işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: Ərizəçi hər ki valideynin himayəsindən məhrum olunmuş şəxs hesab edilməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması hissəsində işin icraatına, həmin tələbə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə izah edilsin ki, o “Valideynləri itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” AR Qanununa əsasən hər iki valideyn himayəsindən məhrum edilmiş şəxs kimi hesab edilməsindən imtina edən orqanın hərəkətlərini məhkəmə qaydasında mübahisələndirə bilər. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar