Məhkəmə qərarları › İş №2(009)-824/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-824/2025

07.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-824/2025 07.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla X1 arasında 19 oktyabr 1975-ci il tarixində Səadət Sarayında (Bakı nikah evi) bağlanmış nikah haqqında qeydlər faktının təsdiq edilməsi, Goradil bağ massivində yerləşən 0,12 ha ölçüsü olan 218a saylı bağ sahəsinin mənim mülkiyyətinə verilməsinə dair JN – 21987H nömrəli, KOD 00100003 olan 17 oktyabr 1996-cı il tarixli Şəhadətnamədə göstərilən şəxs "Ərizəçi Qılınc qızı" ilə onun şəxsiyyət vəsiqəsində Ərizəçi ilə eyni şəxsin olması faktının təsdiq edilməsi və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş MH seriyalı, 063817 nömrəli, 17 oktyabr 1996-cı il tarixli Qeydiyyat Vəsiqəsində "X2" ilə onun şəxsiyyət vəsiqəsində Ərizəçi eyni şəxsin olması faktının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, ərizəçi mərhum X1 ilə xx.xx.1975-ci il tarixdə Bakı Nikah Evində (Səadət Sarayı) bağlanılmış nikah haqqında qeydlər faktının təsdiq edilməsini xahiş edir. Ərizəçi onun tərəfindən nikah şəhadətnaməsinin itirildiyini, Yasamal Qeydiyyat şöbəsi tərəfindən isə onun Ş.Cahangirov ilə xx.xx.1975-ci il tarixdə nikaha daxil olması barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasi sistemində hər hansı bir məlumatın aşkar edilməməsini qeyd edilmişdir. Hakim qeyd edir ki, tərəflər arasında nikah Bakı Nikah Evi – hazırki Səadət Sarayında bağlanıldığından ərizəçi ilkin növbədə həmin qeydiyyat orqanına müraciət etməli, tərəflər arasında nikahın bağlanması haqqında akt qeydinin mövcud olub-olmaması barədə məlumat əldə etməli idi. Məlumatın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud olmaması nikahın bağlanması haqqında akt qeydinin icra edilməməsi anlamına gələ bilməz. Ona görə də ərizəçi ilkin olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının nikahın bağlanması haqqında akt qeydinin mövcud və bərpasının mümkün olmaması barədə sənəd əldə etməli idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ərarvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Hakim digər tərəfdən qeyd edir ki, ərizəçi Goradil bağ massivində yerləşən 0,12 ha ölçülü 218 a saylı bağ sahəsinin onun mülkiyyətinə verilməsinə dair şəhadətnamədə və qeydiyyat vəsiqəsində mülkiyyətçinin adı və soyadı qrafasında ata adı səhv qeyd edilmişdir. Bu səbəbdən həmin sənədlərdə göstərilən şəxsin onunla eyni şəxs olması faktının müəyyən edilməsini məhləmədən xahiş edir. Hakim qeyd edir ki, qanunvericilikdə bir şəxsin başqa şəxslə eyni adam olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Belə ki, AR MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (AR-nın Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 3№-li qərarının 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedci sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilən şəxsin həmin şəxs olmasını məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. X5 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici yalnız hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktını müəyyən edilməsini nəzərdə tutur. Hakim yuxarıda göstərilənləri nəzərə alaraq izah edir ki, ərizəçi şəxsin sənəddəki ata adı ilə hüquqmüəyyənedici sənəddə göstərilən ata adının uyğun gəlmədiyi halda həmin sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsini tələb edə bilər. Hakim digər tətəfdən qeyd edir ki, ərizəçi hüquqi faktların müəyyən edilməsini xahiş etsə də, həmin faktların müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olması açıqlanmamışdır. AR MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hakim eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Beləliklə hakim hesab edir ki, ərizə bu Məcəllənin tələblərinə uyğun olamdığından geri qaytarılmalıdır. AR MPM-nin 151.1-cı maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən geri qaytarılsın. Ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar