Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-85/2022 06.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Asimovnanın, cavabdeh Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki işə bərpa olunması və məhkəmə qəran qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 05 mart 2012-ci il tarixdə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə ("Şirkət") əmək müqaviləsi bağlayaraq, kran-operator (maşinist-mexanik) vəzifəsinə işə qəbul olunmuşdur. Onun əsas iş yeri dənizdə yerləşən Mərkəzi Azəri platformasıdır. Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, ona Prime Hospitalda 08.06.2020-ci il tarixdə tibbi müayinə təyin edilmişdir. Təyin edilmiş tibbi müayinənin 08.06.2020-ci il tarixli rəyinə əsasən səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. 16.06.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti onu müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəldmişdir. Sığortanın göndərişi ilə o, bütün müayinələrdən keçmişdir. Müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş və adına xəstəlik vərəqəsi açılmışdır. Beləliklə, ilkin olaraq adına 17.06.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında 22.06.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında 15.07.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. Xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: 16.07.2020-08.08.2020, 09.08.2020-07.09.2020, 08.09.2020-07.10.2020, 08.10.2020- 06.11.2020, 07.11.2020-09.12.2020, 10.12.2020-08.01.2021, 09.01.2021-07.02.2021, 08.02.2021-09.03.2021, 10.03.2021-21.03.2021. 17.03.2021-ci il tarixdə tərtib edilmiş Akademik C.Abdullayev adına X1 rəyinə əsasən ona aşağıdakı diaqnoz qoyulmuşdur: Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə. Lakin 003660 №-li əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən 21.03.2021-ci il tarixdə adına açılmış xəstəlik vərəqəsi bağlanmış və işə başlama tarixi kimi 22.03.2021-ci il qeyd edilmişdir. O bu barədə işəgötürənə xəbər verərək xəstəlik vərəqəsinin əslini cavabdehə göndərmişdir. Lakin işəgötürən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı heç bir rəsmi əsas olmadan (əmr, qərar və s.) onu 22.03.2021-ci il tarixdən işdən kənarlaşdıraraq, ona ödənilməli olan əmək haqqını və digər ödənişlərini həyata keçirtməmişdir. Həmin fakt Səbail rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsində də öz təsdiqini tapmışdır. Həmin qətnaməyə əsasən, məhkəmə hesab edmişdir ki, işçinin müvəqqəti kənarlaşdırılmasına dair hər hansı əmr olmadığı üçün bu kənarlaşdırılma qanuni hesab edilə bilməz və cavabdehdən 21.03.2021-ci ildən 16.06.2021-ci il (yekun məhkəmə aktı çıxarılanadək) tarixədək olan dövr üçün dəymiş ziyan ödənilməlidir. Səbail rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya = 5772 manat) dəymiş maddi ziyanın tutulması qət edilmişdir. Lakin bütün göstərilənlərə baxamayaraq, cavabdeh 01.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 75.2b maddəsinə əsasən (səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə) onunla olan əmək müqaviləsinə xitam vermişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, onunla olan 05.03.2012-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi tam olaraq əsassızdır və qanuna ziddir. Beləliklə qeyd etdiyi kimi, adına olmuş xəstəlik vərəqəsi 21.03.2021-ci il tarixdə bağlanmış və o bu barədə işəgötürənə məlumat vermişdir. Lakin işəgötürən əsassız olaraq onu işə cəlb etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin b bəndinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti müvafiq prosedura riayət etməklə tibb müəssisəsinin rəyinin olmasıdır. O isə, 21 mart 2021-ci il tarixdən bu günki günə kimi cavabdehin təşəbüssu ilə təşkil edilmiş hər hansı bir müayinədən keçməmişdir. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən, səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Həmin Məcəllənin 232.1-ci maddəsinə görə, işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75.2b bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "B" bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Lakin onun cavabdehlə arasında 05.03.2012-ci ildə bağlanmış əmək müqaviləsinin 7.d) bəndinə əsasən, işçinin iş qabiliyyətini itirilməsi ilə əlaqədar öz vəzifələrinin yerinə yetirə bilməməsi (AR Əmək Məcəlləsi maddə 75) halı nəzərdə tutulmuşdur. Göründüyü kimi, işəgötürən onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75.2b maddəsində göstərilmiş əsasla xitam versə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Bundan əlavə, onun əmək qabiliyyətinin itirilməsi tam deyil və müvəqqəti xarakter daşıyır. Adına tərtib edilmiş sosial arayışdan görünür ki, 30.12.2020-ci il tarixdə 25№-li TSEK tərəfindən ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. Həmin arayış cavabdehə təqdim edilmişdir. Cavabdehin 01 iyul 2021-ci il tarixdən əmək müqaviləsinə xitam verməsinə baxmayaraq, bu günki günə kimi onun əmək kitabçası, son haqq-hesabı, işə çıxma əmri ona verilməmişdir. Bundan əlavə, qeyd etmək istəyir ki, səhhətində olan ciddi problemlər məhz işlədiyi işlə əlaqədardır. 12.04.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyinə əsasən “İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə, aparılmış funksional diaqnostik müayinələrə əsasən, onda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü birüzə vermişdir. İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır". Halhazırda ona tələb olunan əməliyyat təcili və ağır xarakter daşıyır. Lakin həmin əməliyyatı öz hesabına ödəmək onun imkanlarının xaricindədir. O, işəgötürənə dəfələrlə müraciət edərək, müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Lakin cavabdeh nəinki ona kömək göstərməyib, həmçinin elə həmin probleminə görə onu qanunsuz olaraq işdən çıxartmışdır. Cavabdehin bu cür qanunsuz hərəkətləri gündən-günə vəziyyətini ağırlaşdıraraq, sarsıntı içində yaşamağına məcbur edir. Hər dəfə cavabdehin növbəti qanunsuz və ədalətsiz hərəkətindən sonra o, stress keçirdir, onsuzda ağır olan halı kəskin pisləşir və bütün bunlar təcili yardımın çağırılması ilə nəticələnir. Göstərilənlərə əsasən əvvəlki işə bərpa olunması və məhkəmə qərarının qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000,00 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, 01.07.2021-ci il tarixli N-KS/029/21 saylı əmrin ləğv edilməsi, əvvəlki işə bərpa olunması və məhkəmə qərarı qüvvəyə mindiyi günədək məcburi iş buraxdığı müddət üçün əmək haqqının hesablanaraq tam həcmdə ona ödənilməsi öhdəliyinin ENERMECH LİMİTED" Şirkətinin Azərbaycan Respublikasındakı filialının üzərinə qoyulması və cavabdehdən 150000,00 manat məbləğində mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dəqiqləşdirmə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Asimovna iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmiş və nümayəndəsi və vəkili Vəkil1 Asimovnanın izahatı ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı 05 mart 2012-ci il tarixdə müvafiq əmək müqaviləsi bağlamaqla "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına 1-ci dərəcəli "kran operatoru" vəzifəsinə işə qəbul edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında qəbul edilmiş qaydalara və qanunvericiliyə uyğun olaraq, işə buraxılmadan öncə İddiaçı 08 iyun 2020-ci il tarixdə "Prime Hospital"da müayinə olunmuş və "Prime Hospital" tərəfindən verilən tibbi rəyə əsasən R. Manquşevə təcili ürək əməliyyatı tövsiyə edilmişdir. İddiaçı əmələ gəlmiş xəstəliyin məhz uzun illər ərzində dənizdə işləməsi ilə və "xxxx" tərəfindən öz işçilərinə vaxtıvaxtında tələb olunan keyfiyyətli müayinə və müalicə təşkil etməməsi ilə bağlı olduğunu iddia etmiş və bununla bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Həmin qətnamədə birinci instansiya məhkəməsi iddiaçının 2021-ci ilin mart ayından iyun ayına qədər işə çıxmamasını işəgötürən tərəfindən işçinin kənarlaşdırılması kimi qiymətləndirmiş və bu səbəbdən həmin dövr üçün (mart, aprel və may ayları üçün) iddiaçıya orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul etmişdir. Daha sonra cavabdeh iddiaçının əmək müqaviləsinə 01 iyul 2021-ci il tarixdən Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin "b" yarımbəndinə əsasən xitam vermişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti vermiş və nəticədə Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə 06 oktyabr 2021-ci il tarixdə qətnamə qəbul etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh təşkilatda qəbul edilmiş qaydalara əsasən işçinin işə başlamadan öncə tibbi müayinədən keçməsi tələb edilir. Bu məqsədlə 08 iyun 2020-ci il tarixdə iddiaçı işə buraxılmadan öncə tibbi müayinədən keçərkən məlum olmuşdur ki, iddiaçıda ürəyinin "sol kamerasının dilitasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP- mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, kooptasiya pozulması), ciddi (İİİ) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir". Daha sonra işçiyə müvafiq olaraq xəstəlik vərəqəsi açılmışdır. Xəstəlik vərəqələri 21 mart 2021-ci il tarixə qədər uzadılmışdır. 17 mart 2021-ci il tarixdə akademik C.Abdullayev adına X1 rəyinə əsasən iddiaçıya aşağıdakı diaqnoz qoyulmuşdur: "Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə". İddiaçı aşağıdakı arqumentlərə əsasən əmək müqaviləsinə xitam verilməsini qanunsuz hesab etmişdir: 1. Xəstəlik vərəqəsi 21 mart 2021-ci il tarixdə bağlansa da iddiaçı işə buraxılmamışdır; 2. Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən Əmək müqaviləsinə, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı hallarda xitam verilə bilər:... "b) səhhəti ilə əlaqədar işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə". İddiaçı cavabdeh tərəfindən təşkil edilmiş hər hansı tibbi müayinədən keçməmişdir; 3. Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2b bəndinə əsasən xitam verilə bilər; 4. İddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi halı nəzərdə tutulmamışdır; 5. İddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır; 6. Cavabdeh iddiaçının səhhətində olan problemləri həll etmədiyi və onu işdən çıxardığı üçün iddiaçı sarsıntı içində yaşayır və bu səbəbdən mənəvi ziyanın ödənilməsini tələb edir. İddiaçı iddia ərizəsində qondarma əsaslara istinadlar etmişdir. Qeyd edilən arqumentlərin heç birinin nə faktiki, nə də hüquqi əsası olmadığı üçün iddia təmin edilə bilməz. Cavabdeh iddiaçının iddia ərizəsində qeyd edilən bütün arqumentlərinə qarşı aşağıdakı əks arqumentləri qeyd edir. İddiaçının “Xəstəlik vərəqəsi 21 mart 2021-ci il tarixdə bağlansa da iddiaçı işə buraxılmamışdır” - arqumenti ilə bağlı bildirir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Sosial sığorta - haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat"ın 6-cı bəndinə əsasən "Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir". İddiaçının qeyd etdiyi kimi xəstəlik vərəqəsinin 21 mart 2021-ci il tarixdə bağlanması onun sağalması anlamına gəlmir. Sadəcə, 6 aydan sonra tibb müəssisəsi tərəfindən xəstəlik vərəqəsi verilmir. Bu səbəbdən xəstəlik vərəqəsi 6 aydan sonra bağlanmışdır. Əksinə iddiaçı iddia ərizəsində Akademik C.Abdullayev adına X1 rəyinə və məhkəmə tibb ekspertizasının 12.04.2021-ci il tarixli, 363/KEŞ nömrəli ekspertiza rəyinə istinad edərək "Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatışmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” xəstəliklərinin olduğunu qəbul edir. İddiaçının işə buraxılması üçün xəstəlik vərəqəsinin bağlanması deyil, işə çıxmadan öncə tibbi müayinədən keçərək işə yararlı olması barədə həkim rəyinin təqdim edilməsi tələb edilir. 16 aprel 2021-ci il, saat 13:43-də cavabdeh təşkilatda İnsan Resursları üzrə məsləhətçi vəzifəsində çalışan Adilə Şəfiyeva tərəfindən İddiaçı elektron poçt vasitəsi ilə məktub yazılaraq "həftənin 2-ci günü, 20 aprel 2021-ci il tarixdə tibbi müayinədən keçmək üçün "Medi Club" tibb mərkəzinə getməsi" tələb edilmişdir. Həmin elektron məktuba cavab olaraq iddiaçı tibbi müayinədən keçməkdən imtina etmiş və bildirmişdir ki, "vəziyyətim ağır olduğundan hər hansı müayinədən keçmək mənim üçün çox çətindir. Bildiyiniz kimi, Hipertoniya xəstəliyi işə cəlb etməyə əks göstərişdir və ciddi müalicəni tələb edir". Beləliklə sübut olunur ki, cavabdeh iddiaçını işə buraxmaq üçün şərait yaratmış, yəni ona tibbi müayinədən keçməsi üçün şərait yaratmış, lakin iddiaçı tibbi müayinədən keçərək işə çıxmaqdan imtina etmişdir. “İddiaçı cavabdeh tərəfindən təşkil edilmiş hər hansı tibbi müayinədən keçməmişdir” - arqumenti ilə bağlı bildirir ki, Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin tələblərinə əsasən əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər:.. b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə". İddiaçının əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin qeyd edilən maddəsi və qeyd edilən bəndi əsasında xitam verilmişdir. Əmək Məcəlləsinin qeyd edilən maddəsində işçinin səhhətinin onun müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olmasını sübut etmək üçün mütləq işə götürənin işçini tibbi müayinədən keçirməsi tələb edilmir. İddiaçının səhhətində olan problemlər işəgötürən tərəfindən 08 iyun 2020-ci il tarixdə təşkil edilmiş tibb müayinəsi zamanı aşkar edilmişdir. İşçinin təqdim etdiyi Akademik C. Abdullayev adına X1 rəyində ilkin müayinə zamanı aşkar edilmiş xəstəliklərin sağalmaması açıq şəkildə qeyd edilmişdir. Həmin xəstəliklərlə iddiaçının çalışdığı kran operatoru vəzifəsində işləməyin qeyrimümkün olması barədə rəyin olduğunu nəzərə alaraq, iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə sübut olunur ki, iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur. İddiaçının “Əmək Məcəlləsinin 231-ci maddəsinin tələblərinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2b bəndinə əsasən xitam verilə bilər” - arqumenti ilə bağlı bildirir ki, iddiaçının istinad etdiyi Əmək Məcəlləsinin 231-ci maddəsi hazırki iş üzrə iddiaçı barəsində tətbiq edilə bilməz. Belə ki, qeyd edilən maddənin mətnindən göründüyü kimi işçinin daha yüngül işə keçirilməsinə ehtiyac olub-olmaması tibbi rəy əsasında müəyyən edilir. Başqa sözlərlə işçinin daha yüngül işə keçirilməklə yanaşı, məhz hansı peşədə işləməsinin işçinin səhhəti üçün təhlükəli olmaması həmin tibbi rəydə qeyd edilməlidir. İddiaçı tərəfindən yüngül işə keçirilməsinin zəruriliyi və məhz hansı işə keçirilməsinin tövsiyə edilməsi barədə həkim rəyi cavabdehə təqdim edilməmişdir. Beləliklə, cavabdehin iddiaçını yüngül işə keçirmək öhdəliyi olmamışdır. Qeyd edilən arqumentin ikinci hissəsi, yəni "Əgər işçi təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanı olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2-ci maddəsinin b bəndinə əsasən xitam verilə bilər" hissəsi qanunvericilikdə əksini tapmamışdır. Əmək Məcəlləsinin nə 75-ci maddəsində, nə də 231-ci maddəsində "səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu halda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin işçiyə yüngül iş təklif etməsi və işçinin həmin təklifə müsbət və ya mənfi cavab verməsi halından asılı deyil. Beləliklə iddiaçının bu tələbinin də hüquqi əsası yoxdur. “İddiaçının əmək müqaviləsində Əmək Məcəlləsinin 75-ci maddəsi ilə əmək müqaviləsinə xitam verilməsi halı nəzərdə tutulmamışdır” - arqumenti ilə bağlı bildirir ki, iddiaçı və cavabdeh arasında bağlanmış 05 mart 2012-ci il tarixli əmək müqaviləsinin "Əmək müqaviləsinə xitam verilməsi" adlanan 7-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin əsasları sadalanır. Həmin maddənin "d" bəndində əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi Əmək Məcəlləsinin 75-ci maddəsinə istinad aşağıdakı kimi qeyd edilmişdir: “işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifəsini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinin maddə 75)". Göründüyü kimi iddiaçının bu iddiasının da heç bir faktiki əsası yoxdur. Əmək müqaviləsində işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 75-ci maddəsi ilə xitam verilməsinin əsası nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin 75-ci maddəsinin 3-cü bəndində qeyd edilmişdir: "Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər". Göründüyü kimi 75-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndi əmək müqaviləsində nəzərdə tutulmuşdur. Bu səbəbdən əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. “İddiaçının əmək qabiliyyətinin itirilməsi tam deyil, müvəqqəti xarakter daşıyır” - arqumenti ilə bağlı bildirir ki, iddiaçının səhhətində olan problemlər 08 iyun 2020-ci il tarixdə müəyyən edilmişdir. Həmin tarixdən 21 mart 2021ci il tarixədək iddiaçı xəstəlik vərəqəsi əsasında işə çıxmamışdır. 6 aydan sonra xəstəlik vərəqəsi bağlandıqdan sonra cavabdeh tərəfindən iddiaçının işə çıxması üçün şərait yaradılmış, lakin iddiaçı səhhətində olan problemlərlə bağlı işə çıxmaqdan imtina etmiş (işə çıxmaq imkanı olmamışdır). İddiaçının işə çıxmamasına baxmayaraq və işə çıxmamasını əsaslandıran heç bir hüquqi sənəd təqdim etməməsinə baxmayaraq, cavabdeh 01 iyul 2021-ci il tarixədək iddiaçının əmək müqaviləsinə də xitam verməmişdir. Lakin iddiaçı 08 iyun 2020-ci il tarixindən 01 iyul 2021-ci il tarixədək keçən bir il ərzində səhhətində olan problemini həll etməkdənsə, cavabdehə qarşı maddi və mənəvi ziyan tələbi ilə iddialar qaldıraraq cavabdehin hesabına əsassız varlanmaq istəmişdir. İddiaçının xəstəlik vərəqəsinin bağlandığı tarixdən 3 aydan artıq müddətin keçməsinə baxmayaraq, iddiaçı işə çıxmamış və işə çıxacağı tarixi də cavabdehə bildirməmişdir. Belə bir qeyri-müəyyənlik şəraitində iddiaçının səhhətinin nə zaman bərpa olunacağı cavabdehə məlum olmamışdır. İşçinin səhhəti ilə bağlı vəziyyət cavabdehə məlum olduğu üçün onu Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, üzrsüz səbəbdən işə gəlməməsi əsası ilə deyil, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən və Əmək Müqaviləsinin 7-ci maddəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçının bu arqumentinin də hüquqi əsası yoxdur. “Cavabdehin iddiaçının səhhətində olan problemləri həll etmədiyi və onu işdən çıxardığı üçün iddiaçı sarsıntı içində yaşayır və bu səbəbdən mənəvi ziyanın ödənilməsini tələb edir” - arqumenti ilə bağlı bildirir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə istinad etdiyi Mülki Məcəllənin 21 və 23-cü maddələrinin tətbiq edilməsi üçün, ilk növbədə iddiaçıya mənəvi zərərin vurulub-vurulmaması müəyyən edilməli və əgər iddiaçıya həqiqətən belə zərər vurulmuşdursa, cavabdehin belə zərərin vurulmasında təqsirinin dərəcəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2008-ci il 03 noyabr tarixli "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi tərcübəsi haqqında" qərarının 1ci bəndində göstərilir ki, “mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyası, İnsan Hüquqlarının və X5 haqqında Konvensiya, bu Konvensiyaya dair Protokollar, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri rəhbər tutulmalıdır. İnsan Hüquqlarının və X5 haqqında Konvensiyanın 41-d maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir". Bu izahdan əlavə, Mülki Məcəllənin 21, 23-cü maddələrinin şərhinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 2002-ci il 31 may tarixli qərarının 2-ci bəndində "mənəvi zərər"ə anlayış verilir: "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşlarm hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir." Göründüyü kimi qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşmış mövqeyinə əsasən zərər, eləcə də mənəvi zərər üçün kompensasiyanın tələb edilməsinin əsasında təqsirli şəxsin, yəni cavabdehin təqsiri müəyyən edilməlidir. Hazırki işdə iddiaçının səhhətində yaranan problemlərdə cavabdehin təqsiri müəyyən edilməmişdir. İddiaçının səhhətində yaranan problemlərin aradan qaldırılması üçün qanunvericiliyə əsasən hüquqi öhdəlik daşımamasına baxmayaraq, cavabdeh "Könüllü tibbi sığorta" çərçivəsində iddiaçının müalicə olunması üçün mümkün səylər göstərmişdir. Laki iddiaçının səhhətindəki problemlərin (kardioloji xəstəliklər) müalicə olunması "Könüllü tibbi sığorta" müqaviləsində istisnalara aid olduğu üçün iddiaçını "Könüllü tibbi sığorta" müqaviləsi çərçivəsində müalicə etdirmək mümkün olmamışdır. Nəhayət, iddiaçının əmək müqaviləsinə xitam verilməsi işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə deyil, tərəflərin əmək müqaviləsi bağlayarkən qarşılıqlı şəkildə razılaşdırdıqları, Əmək Məcəlləsinin 75-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə sübut olunur ki, iddiaçının səhhətində yaranan problemlərin səbəbkarı cavabdeh deyildir, həmin nasazlıqların müalicə olunması üçün cavabdeh öhdəlik daşımır və əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. Nəhayət məhkəmə qətnamə qəbul edərkən bir mühüm halı nəzərə almalıdır. Əgər iddia təmin edilmiş olarsa, kardioloji xəstə Xəzər dənizindəki platformada kran operator vəzifəsinə işə bərpa edilməlidir. Bu halda iddiaçının səhhəti nəzərə alınmaqla həyatı üçün təhlükəli olan işlə məşğul olması qanuni hesab edilmiş olar. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Belə bir qərarın qəbul edilməsi, Konstitusiyanın qeyd edilən maddəsinin də pozulmasına səbəb ola bilər. Hazırki işdə iddiaçının iddiasının əsası olaraq istinad etdiyi heç bir hal sübuta yetirilməmişdir. Qeyd olunanaları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqələrindən görünür ki, İddiaçı 17.06.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında 22.06.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında 15.07.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçı xəstəliyi davam etdiyi üçün xəstəlik vərəqəsi aşağıdakı müddətlərə uzadılmışdır: 16.07.2020-08.08.2020 ,09.08.2020-07.09.2020, 08.09.2020-07.10.2020, 08.10.2020-06.11.2020, 07.11.2020-09.12.2020, 10.12.2020-08.01.2021, 09.01.2021- 07.02.2021, 08.02.2021-09.03.2021, 10.03.2021-21.03.2021. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 1-ci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 01.07.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ilə bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 75.2 maddəsinin b-bəndinə əsasən yəni, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin müvafiq rəyinə görə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsin “canlı şəxsin məhkəmə-tibbi ekspertizası” ilə bağlı 12.04.2021-ci il tarixli 363/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, həmçinin aparılmış funksional diaqnostik müayinələrin cavablarına əsasən, onda halhazırda “Revmatizm (qeyri-fəal gedişli); Mitral qabağın prolapsı, İİ dərəcə; Mitral çatmamazlıq İİİ dərəcə; hipertoniya İİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Qeyd olunan xəstəliklər uzun sürən xroniki gedişli xəstəliklərə aiddir və "Revmatizm" xəstəliyi birləşdirici toxumalarının iltihabına səbəb olur və xüsusən ürək qüsurlarına gətirib çıxardan bir patologiyadır. İddiaçı qeyd olunan ürək qüsuru qazanılmış mənşəli olub, əlverişsiz (hipotoniya, rütubət, atmosfer təzyiq dəyişilməsi) şəraitlə bağlı streptokok mənşəli infeksiyasından törənmiş xəstəliklərdən (farengit, tonzilit, angina, pnevmoniya və s.) sonra tədricən inkişaf etmiş və ürək qüsurunun sonuncu mərhələsində özünü birüzə vermişdir. İddiaçı aşkar edilmiş revmatizm xəstəliyi fonundan qazanılmış ürək qüsurlarının inkişafına, yəni ürək qapaq aparatının birləşdirici toxumalarının iltihabına gətirib çıxartmışdır. Ədəbiyyat mənbələrinə istinadən, qazanılmış ürək qüsusrları 80 % revamtik zədələnmələri ilə əlaqədardır. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası ilə əlaqədar ona müalicəyə və ixtisaslaşdırılmış tibb müəssisəsində cərrahiyyə əməliyyatının aparılması (mitral qapaq plastikası və ya protezləşdirilməsi) ehtiyacı vardır. Onda qazanılmış ürək patalogiyası kliniki olaraq tənəgənəfəslik, ürək döyünmə, halsızlıq, tez yorulma və ürək çatışmamazlığı əlamətləri ilə özünü biruzə vermişdir. İddiaçı aşkar edilən qazanılmış ürək patalogiyası birbaşa onun səhətinə mənfi təsiri vardır. Aparılcacaq açıq ürək cərrahiyyə əməliyyatından sonra xəstənin sağlamlıq durumu onun reabilitasiya müddətindən asılıdır. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya = 5772 manat) dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 200 manatı tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan X6 sonra prosesin davam etdirilə bilinməməsi barədə 16.08.2021-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İş materiallarında olan 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 30.12.2020-ci il tarixli Sosial arayışından görünür ki, İddiaçı əlillik qrupunun verilməsindən imtina edilmişdir. İş materiallarında olan Akademik C.Abdullayev adına X2 Konsultativ-poliklinika şöbəsinin 17.03.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılma haqqında 04.10.2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı filialının direktoru X9 barəsində Xidmətin Bakı şəhər idarəsinin 10.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair verilmiş şikayət təmin edilmiş, inzibati tənbeh vermə haqqında 10.09.2021-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8010/2021 saylı, 06.10.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-274/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən – Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından 21.03.2021-ci ildən 16.06.2021-ci ilədək işdən kənarlaşdırıldığı üçün (1924.50 manat aylıq əmək haqqı x 3 aya =5772 manat) dəymiş maddi ziyan və vəkillə bağladığı müqaviləyə görə ödədiyi pulun 200 manatı tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, İddiaçı Neftçilərin Hüquqlarını Müdafiə X7 müstəqli tələb irəli sürməyən üçüncü şəxs kimi qeyd edilməklə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı “maddi ziyanın tutulması” hissəsində tam rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01.07.2021-ci il tarixli KS/029/21 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı 01 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci bəndinin “b” yarımbəndinə əsasən, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamığı üçün təhlükəli olması səbəbi ilə, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında tutduğu “kran operatoru” vəzifəsindən azad edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Yuxarıda göstərildiyi kimi, İddiaçı ilə Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 1-ci dərəcəli kran operatoru vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin əsası kimi Akademik C.Abdullayev adına X2 17.03.2021-ci il tarixli arayışı göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəfləri əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə. Qanunun qeyd olunan normasının tələbindən göründüyü kimi, əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinin əsas şərti səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin rəyinin olmasıdır. İşçi icbari tibb müayinədən keçərkən tibb müəssisəsi işçinin həmin vəzifədə çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə rəy verərsə, işəgötürən həmin işçinin öz razılığı ilə yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirilməsi üçün tədbirlər görməlidir. Əgər işçi işəgötürən tərəfindən təklif olunan işə keçməkdən imtina edərsə və ya işəgötürənin belə imkanları olmadıqda, həmin işçi ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilə bilər. Bir şərtlə ki, əmək müqaviləsi bağlanarkən tərəflər AR Əmək Məcəlləsinin 75-ci maddəsinin ikinci hissəsinin "b" bəndində nəzərdə tutulmuş əsası əmək müqaviləsinə daxil etmiş olsunlar. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Şirkətdə qəbul edilmiş qaydalara əsasən işçinin dənizdə işləməsi üçün sağlamlıq göstəricilərinin yoxlanılması məqsədilə, iddiaçıya Prime Hospitalda 08.06.2020-ci il tarixdə tibbi müayinə təyin edilmiş, tibbi müayinənin 08.06.2020-ci il tarixli rəyinə əsasən iddiaçının səhhətində sol kameraların dilatasiyası, sol mədəciyin konsentrik hipertrofiyası, MVP mitral qapağın arxa tayının prolapsı, mitral qapağın arxa tayının xorda rupturu (PML, prolapsı, koaptasiya pozulması), ciddi (İİİ0) mitral çatışmamazlığı aşkar edilmiş və təcili olaraq ürək əməliyyatı tövsiyə edilmişdir. 16.06.2020-ci il tarixdə könüllü tibb sığortası müqaviləsi üzrə Sığorta Şirkəti iddiaçını müayinədən keçmək üçün Respublika Diaqnostika Mərkəzinə yönəltmiş, keçirilmiş müayinələrin nəticəsində onda mitral çatışmazlıq (+4) aşkar edilərək, təcili əməliyyat təyin edilmiş, 17.06.2020-ci il tarixdə Respublika Diaqnostika Mərkəzində onun adına xəstəlik vərəqəsi açılmış, sonra isə həmin xəstəlik vərəqəsi əsasında 22.06.2020-ci il tarixdə Səbail Rayonu 34 saylı Şəhər Poliklinikasında 15.07.2020-ci il tarixədək xəstəlik vərəqəsi tərtib edilmişdir. İddiaçının xəstəliyi davam etdiyi üçün adına açılmış xəstəlik vərəqəsi 22.03.2021-ci il tarixədək uzadılmışdır. Akademik C.Abdullayev adına X1 17.03.2021-ci il tarixli arayışına əsasən ona “Revmatizm, mitral qapağın prolapsı İİ dərəcə, mitral çatmamazlıq İİİ dərəcə, Hipertoniya xəstəliyi İİ dərəcə” diaqnozu qoyulmuşdur. Məhkəmə iclasında eləcə də müəyyən edildi ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsas kimi göstərilmiş Akademik C.Abdullayev adına X1 17.03.2021-ci il tarixli arayışında səhhəti ilə əlaqədar olaraq iddiaçının müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə hər hansı bir rəy bildirilməmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, tərəflər arasında bağlanmış 05.03.2012-ci il tarixli əmək müqaviləsinin 7-ci maddəsinin “d” bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi işçinin iş qabiliyyətini itirməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirə bilməməsi (Azərbaycan Respublikası Əmək Məcəlləsi maddə 75) göstərilmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması əsası ilə xitam verilsə də, tərəflər arasında bağlanmış əmək müqaviləsinə bu cür şərt daxil edilməmişdir. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş 25 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 30.12.2020-ci il tarixli Sosial arayışından görünür ki, İddiaçı əlillik qrupunun verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək qabiliyyətinin itirilməsi ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfındən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələbləri pozularaq, səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olması barədə səhiyyə müəssisəsinin müvafiq rəyinin olmamasına baxmayaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01.07.2021-ci il tarixdən xitam verilməsi açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilə bilməz, belə ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı ona mənəvi ziyan dəyməsinə dair sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunauyğun surətdə xitam verilməmiş, cavabdeh tərəf isə iddiaya olan etirazın əsası kimi istinad etdiyi halları məhkəmə baxışı zamanı sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi 01.07.2021-ci il tarixli KS/029/21 saylı əmr ləğv edilməklə, o əvvəlki iş yerinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialının 01 iyul 2021-ci il tarixli, KS/029/21 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialında «kran operatoru» vəzifəsinə bərpa olunsun və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı Filialından ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-85/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-85/2022
06.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver