Məhkəmə qərarları › İş №2(009)-862/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-862/2025

19.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-862/2025 19.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqı, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə qarşı “əmək haqqı, dəymiş zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: o, 2018-ci ildən Mirzağa Əliyev adına Mədəniyyət evində əmək qanunvericiliyinin tələblərinə uyğun əmək fəaliyyətinə başlamışdır. 2022-ci ildə onu qanunsuz olaraq işdən çıxarmışlar, həmin tarixdə Bakı şəhər əmək müfəttişliyinə müraciət etmişdir. Onun qanunsuz işdən çıxarılmağını təsdiq etmişdir. Bununla bağlı dəfələrlə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsi baxılmamış və ona bildirilmişdir ki, o, Bakı İnzibati Məhkəməsinə şikayət etməlidir. Məhkəməyə iddia ərizəsiylə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli, iş № 2-1(112)-10 022/2024-li qərarla onun iddia tələbinə baxmamış və bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinə müraciət etməlidir. Ədliyyə Nazirliyinin məhkəmə hüquq şurasına ərizə ilə müraciət etmiş, ona rəsmi qaydada bildirmişlər ki, aidiyyatı üzrə yəni Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, buraxılmış müddət üçün əmək haqqının və dəymiş 1473 manat ziyanın ödənilməsi və əmək kitabçasına qeyd edilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsini tətbiq edərək işi mahiyyəti üzrə həll edən qətnamə əsasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, o, dəfələrlə işdən çıxarma əmrini məhkəmə qaydasında mübahisələndirmiş, lakin məhkəmələr onun ərizəsinə baxmamışlar. X4 müraciət etmiş, onların məktubunda onun işə bərpa edilməli olması göstərilmişdir, lakin o, işə 2 ildən sonra Hesablama Palatasının göstərişi ilə bərpa edilmişdir, hazırda ki idarə onun işinə görə cərimələnmişdir. Hesablama Palatasının göstərişi ilə işə bərpa edilmişdir. İşə bərpa olduqdan sonra ona ərizəni imza etdirmişlər. Əmək Müfəttişliyinə saxta sənəd tərtib edib təqdim etmişlər. O, iddia müddətini ötürməmişdir. Həmçinin bildirmişdir ki, bu müddət ərzində 1473 manat hüquqi yardımla bağlı xərc çəkmişdir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edir. Hesablama Palatası ilə bağlı bildirilən məlumat əsassızdır. İddiaçı işə bərpa edilməmiş, işə götürülmüşdür. Əmrdə səhvlik olmuş, Əmək Müfəttişliyi tərəfindən cərimə edilmiş işəgötürən, cərimələr ödənilmişdir. Öz ərizəsi ilə iddiaçı başqa vəzifəyə keçmək istəmişdir. İddia əsassızdır. İddiaçı əlavə olaraq müəyyən xərclərin ödənilməsini xahiş etmiş, lakin ödənişlərlə bağlı sübutları təqdim etməmişdir. İddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - M.A.Əliyev adına Mədəniyyət Evinin xx.xx.2021-ci il tarixli 04-ka saylı əmrindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq M.A.Əliyev adına Mədəniyyət Evinin təsərrüfat işləri üzrə müdiri İddiaçı ilə bağlanmış 01 mart 2018-ci il tarixli əmək müqaviləsinə 15 mart 2021-ci il tarixindən xitam verilmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o, X6 mədəni-kütləvi təşkilatçı peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq İddiaçı ilə bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə 01 mart 2022-ci il tarixindən xitam verilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 iyun 2022-ci il tarixli məktubdan görünür ki, sizin Bakı Şəhər Mədəniyyət Baş İdarəsində əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığınız müraciətinizə Xidmətin Bakı şəhər idarəsində baxılmışdır. Araşdırma zamanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən X7 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim olunmuş sənədlərdən Sizinlə M.A.Əliyev adına mədəniyyət evi arasında xx.xx.2018-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci hissəsinin tələbləri pozularaq xəbərdarlıq müddəti bitmədən həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (tərəflərdən birinin təşəbbüsü) ilə xitam verildiyi lakin son haqq-hesabınızın düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar M.A.Əliyev adına mədəniyyət evinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən tərəfimizdən İnzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, 04-k nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifənizə qaytarılmanız və son haqq-hesabınızın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun hesablanaraq ödənilməsinə dair tərəfimizdən M.A.Əliyev adına mədəniyyət evinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Eyni zamanda təqdim olunmuş sənədlərdən Sizinlə Gürgən mədəniyyət evi arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində qanunvericiliyin tələbləri pozularaq işdən azad olunma ilə bağlı ərizəniz olmadan Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə xitam verildiyi lakin son haqq-hesabınızın düzgün hesablanıb ödənilmədiyi məlum olmuşdur. Əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar Gürgən mədəniyyət evinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrinə əsasən tərəfimizdən İnzibati xəta haqqında protokol tərtib edilərək, həmin Məcəllənin 192.6-cı maddəsinin tələbinə uyğun olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Bildiririk ki, Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 01-k nömrəli əmrin ləğv edilərək əvvəlki vəzifənizə qaytarılmanız və son haqq-hesabınızın Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun hesablanaraq ödənilməsinə dair tərəfimizdən Gürgən mədəniyyət evinin vəzifəli şəxsinə məktub ünvanlanmışdır. Razılaşmadığınız təqdirdə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır. - İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdən X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri peşəsinə qəbul edilmiş, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 01 mart 2018-ci il tarixli əmək müqaviləsinə M.A.Əliyev adına Mədəniyyət Evinin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə qəbul edilmiş, 15 mart 2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə əsasən X6 mədəni-kütləvi təşkilatçı peşəsinə qəbul edilmiş, 01 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin tələblərinə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri peşəsinə qəbul edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı əmək haqqı, dəymiş zərərin ödənilməsi və s. tələb edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaçının işə bərpa edilməməsi, başqa vəzifəyə işə götürülməsi, eləcə də verilmiş iddia üzrə 1 illik iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin nümayəndəsinin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə, iddianın məcburi işburaxmaya görə əmək haqqı ödənilməli olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı ilə bağlanmış 01 aprel 2021-ci il tarixli əmək müqaviləsinə 01 mart 2022-ci il tarixindən xitam verildikdən sonra o, yenidən həmin vəzifəsinə, yəni X6 mədəni-kütləvi təşkilatçı vəzifəsinə bərpa edilməmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə xx.xx.2024-cü il tarixdən X2 təsərrüfat müdiri vəzifəsinə qəbul edilməsini xahiş etmiş, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən o, Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində təsərrüfat müdiri vəzifəsinə qəbul edilmişdir və hazırda həmin vəzifədə çalışır. Göründüyü kimi iddiaçı işdən azad edildikdən sonra əvvəlki vəzifəsinə deyil, öz ərizəsinə əsasən başqa vəzifəyə qəbul edilmişdir. Bu səbəbdən məhkəmə iddiaçının bununla bağlı dəlillərini əsaslı hesab etmir. Odur ki, iddiaçının dəlilləri öz təsdiqini tapmadığından, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə, hüquqi yardımla bağlı dəymiş 1473 manat zərərin ödənilməsinə aid hissədə qeyd edir ki, iddiaçı dəymiş ziyan ilə bağlı məhkəməyə sübut təqdim etmədiyindən həmin hissədə də tələb təmin edilə bilməz. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafıəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir». Məhkəmə, iddianın əsassız olması nəticəsinə gəldiyindən, cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsinə dair ərizəsinə qiymət verilməsinə lüzum görmür. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbləri əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar