Məhkəmə qərarları › İş №2(009)-866/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-866/2022

04.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-866/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və pul tələbinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona məxsus evdən çıxarılması, ödənilməmiş 1800 manat kirayə haqqının və 100 manat dövlət rüsumunun, ümumilikdə 1900 manat pulun cavabdeh tərəfindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini 3 (üç) ailəyə kirayəyə vermişdir. Kirayəçilərdən Cavabdeh aylıq 250 manat kirayə haqqı ödəmək şərtilə 2021-ci ilin iyun ayından indiyədək evdə kirayəçi kimi yaşayır. Cavabdeh ilk 3 (üç) ay ərzində kirayə haqqını tam olmayan məbləğdə ödəmişdir (700 manat). Cavabdeh 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayınadək ona heç bir kirayə haqqı ödəməmişdir. O dəfələrlə cavabdehə kirayə haqqını ödəməsi üçün xəbərdarlıq etsə də, kirayəsi hələ də kirayə haqqını ödəməmişdir. O daha sonra cavabdehdən evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmayacağını bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi, eyni zamanda cavabdehdən 1750 manat məbləğində tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izah etdi ki, o həqiqətən də 25 may 2021-ci ildən iddiaçıya məxsus Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 117 ünvanında yerləşən fərdi yaşayış evində kirayədə qalır və kirayə haqqı 250 manatdır. O, ilk 4 ayın pulunu, yəni 25 sentyabr 2021-ci il tarixədək iddiaçıya tamamilə ödəmişdir, lakin hal-hazırda da həmin evdə yaşamaqda davam etsə də, qalan ayların kirayə haqqını imkansızlıq ucbatından ödəyə bilməmişdir. Onun iddiaçıya 2022-ci ilin mart ayı da daxil olmaqla borcu qalmışdır. O, borcunu ödəməkdən imtina etmir, lakin borcunu birdəfəlik ödəmək imkanında deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət Reyestrindən 02.11.2019-cu il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, ev 93 yeni qaydalarla:Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsi, 117 saylı ev xüsusi mülkiyyət hüququ əsasındaİddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 685.2-ci maddəsinə əsasən kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 685.2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 685.2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdehlər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh 25 may 2021-ci ildən aylıq 250 manat olmaqla kirayə vermişdir. Cavabdeh 25 sentyabr 2021-ci il tarixədək iddiaçıya kirayə haqqını ödəmiş, lakin hal-hazırda da həmin evdə yaşamaqda davam etsə də, qalan ayların kirayə haqqını imkansızlıq ucbatından ödəyə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh borc öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı tələbi əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddiaçıya borcundan imtina etmədiyini nəzərə alaraq, sadalanan mülki qanunvericilik normalarının tələbləri və işin araşdırılmış halları əsasında bu nəticəyə gəlir ki, cavabdeh tərəf iddiaçı qarşısında şifahi müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün kirayə haqqı olan 1750 manat məbləğində pula münasibətdə mülki məsuliyyət daşıyıcısıdır və bu məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanından çıxarılmalı, Cavabdeh 1750 manat kirayə haqqı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanından çıxarılsın. Cavabdeh 1750 (bir min yeddi yüz əlli) manat kirayə haqqı və ödənilmiş 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar