Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-869/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Məmmədova Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi R.H.Kərimovun iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, uzun illər xx.xx.2012-ci il tarixdən Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsində çalışmışdır. Çalışdığı müddətdə işini layiqli olaraq yerinə yetirmişdir və çalışdığı müddətdə işə götürən tərəfindən heç bir intizam tənbehə məruz qalmamışdır, demək olar ki, nümunəvi işçi olaraq tutduğu vəzifədə çalışmışdır. 2020-ci ilin axırlarında işlədiyi idarədə müəyyən dəyişikliklər baş verməyə başlamış və həmin dəyişikliklər əsasında müəyyən anlaşılmamazlıqlar ortaya çıxmışdır. Bir müddət yeni gələn işçilər arasında baş verən problemlərə o, dözürdü, lakin 2020-ci ilin sonunda artıq demək olar ki, onu o vəziyyətə çatdırmışlar ki, məcbur qalaraq xx.xx.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı ərizə yaşmışdır. Həmin ərizədə xx.xx.2020-ci il tarixdə işdən azad olunması ilə bağlı əmrin verilməsini qeyd etmişdir. Ərizəni işəgötürənə təqdim edəndən bir neçə gün sonra cavabdeh tərəfindən onunla əlaqə saxlanılmış və bildirilmişdir ki, işlədiyi vəzifədə işin həcmi çox olduğuna görə qeyd etdiyi xx.xx.2020-ci il tarixdə əmri verilməsi mümkün deyil və ondan işdən azad olunana qədər işə çıxmasını və vəzifələrini icra etməsini xahiş olunmuşdur. O, etiraz etməmiş və işə çıxmağa davam etmişdir. Tutduğu vəzifə üzrə öz vəzifə öhdəliklərini yerinə yetirməyə davam etmiş və xx.xx.2021-ci il tarixdə rəhbərliyə baş direktora X2 müraciət edərək işi ilə bağlı əvvəl yaranmış problemi izah etmiş və sonra işdən azad olunması ilə bağlı ərizəni geri götürməsini bildirmişdir. X2 e-mail ünvanına həmin ərizəni yazmaqdan öncə Elnarə xanıma ərizəni geri götürülməsi ilə bağlı müraciət etmiş, lakin Elnarə xanım bildirmişdir ki, artıq onun yerinə başqa işçi götürüblər, amma bu mümkün deyildi ki, çünki onun müqaviləsinə xitam verilməmişdir. Qeyd etdiyi faktları bir daha rəhbərliyin rəsmi e-mail ünvanına müraciət edərək qeyd etmişdir. Yuxarıda qeyd olunanlara baxmayaraq cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq əmək müqaviləsinə xitam verilməsi barədə İR-19/21 saylı əmr verilmişdir və həmin əmrdə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilməsi qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə işdən azad olunması ilə bağlı ərizə geri götürməsi ilə bağlı rəsmi müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən qəbul edilən əmr qanunsuz və əsassızdır, çünki onun işdən çıxmaq tələbində qeyd edilən tarixdən sonra artıq 16 gün onu işdə saxlamışdır və onda iş üzrə vəzifələrini icra etdirməklə davam etdirmiş və ərizəni geri götürülməsi barədə ərizədə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, İR-19/21 saylı əmri ləğv edərək Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsinə işə bərpa edilməsini və cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqını ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili izahatında həmçinin göstərmişdir ki, cavabdehin nümayəndəsinin həm yazılı etirazda göstərdiyi hallar, həm də hazırki nümayəndənin məhkəmə iclasında verdiyi izahatda göstərdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin nümayəndəsinin rəsmi qaydada təqdim etmə adı ilə məhkəməyə veridyi sənəd, yəni iddiaçının yerinə başqa şəxsin götürülməsi barədə məlumat və xəbardarlıqla tanış olmaqdan imtina haqqında akt bildirişin iddiaçıya rəsmi verilməsini təsdiq edən hal kimi qəbul edilə bilməz. işəgötürən yalnız 21 yanvar tarixindən sonra işçini işdən azad etməkdə haqlı olardı. Lakin iddiaçı iş yerində 15 yanvar 2021-ci il tarixədək işləmiş, 14 yanvarda ona şifahi yerinə digər işçi götürülməsi bildirilmiş, iddiaçı 15 yanvar tarixində ərizəsinin geri götürülməsi barədə məlumatı işəgötürənin elektron ünvanına 17 yanvar tarixində göndərmiş, bununla da iddiaçı işdən azad olmamasını ifadə etmişdir. Lakin işəgötürən əsassız olaraq onu işdən azad etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh MMC-nin nümayəndəsi Kərimov rizvan Həsənəli oğlu iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, həqiqətən iddiaçı işdən çıxma barədə xx.xx.2020-ci il tarixdə ərizə vermiş və ərizədə işdən çıxma tarixini xx.xx.2020-ci il göstərmişdir. əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən öz hüququndan istifadə edərək iş yükünün həcmi ilə bağlı iddiaçını xx.xx.2021-ci il tarixədək işə çıxartmışdır. xx.xx.2021-ci il tarixdə iddiaçıya məlumat verilmişdir ki, onun yerinə işçi tapılmış, işlə bağlı həmin şəxsə təklif edilmiş və o, təklifi qəbul etmişdir. Həmin məlumat yazılı tərtib edilmiş, məlumatda iddiaçının ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə müraciət hüququnun olmaması da qeyd edilmişdir. İşçi işdə olduğuna görə həmin bildirişi rəsmi imza etməklə qəbul edilməsi təklif edilmiş, lakin iddiaçı həmin bildirişi almaqdan imtina etmişdir. Bu səbəbdən həmin tarixdə şirkətin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmişdir. İddiaçının yerinə yeni götürülən işçinin işə götürmə əmri xx.xx.2021-ci il tarixdən oan görə verilmişdir ki ,həmin şəxs digər yerdə işləmiş, əmək münasibətində olmuş və onun işdən azad olunub bu işə qəbul olunması üçün qanunla müəyyən edilmiş müddət lazım olmuşdur. Yəni iddiaçı onun yerinə digər şəxsin götürülməsi barədə rəsmi məlumatlandırılmasına baxmayaraq xx.xx.2021-ci il tarixdə elektron poçt vasitəsi ilə ərizəsinin geri götürülməsi barədə məlumat vermiş, hansıki həmin tarix qeyri-iş günü olan bazar günü olmuşdur. Hesab edir ki, iddiaçının işdən azad olunması qanuni olmuşdur və bu səbəbdən məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş üzrə Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, İR-19/21 saylı əmrin surətindən görünür ki,Cavabdeh MMC-də İnsan kapitalı biznes tərəfdaşı vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” (işçinin təşəbbüsü) bəndinə əsasən xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Əsas: işçinin ərizəsi. İş üzrə xxxxxxx0002X0 saylı, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş xx.xx.2021-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı əmək müqaviləsi xx.xx.2017-ci il tarixdə bağlanılmışdır. İş üzrə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və V.V.Vəliyevaya ünvanlanmış yazılı məlumatdan belə məlum olur ki, onun tutduğu vəzifəyə təyin edilmək məqsədilə digər fiziki şəxsə iş təklif edilmiş, o təkliflə razılaşmışdır. İddiaçı məlumat verilmişdir ki, onun artıq ərizəni geri götürmək barədə müraciət hüququ yoxdur. İş üzrə xx.xx.2021-ci il tarixdə “xxxx” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan belə məlum olur ki, İddiaçı onun yerinə yeni işçinin götürülməsi və işdən çıxma haqqında ərizənin geri götürülməsi hüququnun itirdiyi barədə yazılı xəbərdarlıqla tanış olmaqdan imtina etmişdir. İş üzrə xx.xx.2021-ci il tarixdə işəgötürənin eletkron poçtuna daxil olmuş məlumatın mətnindən görünür ki, İddiaçı işdən çıxma barədə ərizəsini geri götürülməsi barədə məlumat vermişdir. İş üzrə əmək müqaviləsi bildirişindən belə məlum olur ki, X1 xx.xx.2021-ci il tarixdə “xxxx” MMC-yə “insan kapitalı biznes tərəfdaşlığı” şöbəsinə mütəxəssis vəzfəsinə işə götürülmüşdür. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakılar qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2012-ci il tarixdən Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsində işləmişdir və o, xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə işəgötürənə ərizə vermişdir. Həmin ərizəni təqdim etdikdən sonra işəgötürən iddiaçı ilə əlaqə saxlamış və işlədiyi vəzifədə iş həcminin çox olmasını nəzərə alaraq xx.xx.2020-ci il tarixdə əmrin verilməsinin mümkün olmamasını bildirmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəyə yeni işçinin götürülməsi barədə yazılı qaydada rəsmi xəbərdarlıq verilsə də, iddiaçı həmin bildirişi alınmasından imtina etmiş və bu barədə müvafiq akt tərtib edilmişdir, xx.xx.2021-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə əmr qəbul etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, xx.xx.2020-ci il tarixdə işəgötürənə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən xitam verilməsi barədə ərizə ünvanlamışdır. Bir neçə gündən sonra işəgötürən onunla əlaqə saxlayaraq iş həcminin çox olması ilə bağlı xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsinin qeyri-mümkün olmasını bildirmiş və iddiaçıya işini davam etdirməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçı işəgötürənə rəsmi qaydada müraciət edərək verdiyi işdən çıxma barədə ərizəsinin geri götürülməsini və tutduğu vəzifədə qalmağını bildirmişdir. Lakin işəgötürən onun bu ərizəsini nəzərə almamış və xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsi barədə əmr qəbul etmişdir. İddiaçı hesab edir ki, onun tərəfindən işdən çıxma barədə ərizə bir aylıq xəbərdarlıq müddəti bitməmiş geri götürüldüyündən, işəgötürən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verə bilməzdir. Bu səbəbdən iddiaçı xx.xx.2021-ci il tarixli əmrin qanunsuz hesab edilərək ləğv edilməsini və onun əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, işəgötürənin əmri tam qanuni olmuşdur və iddiaçının bu əmrin ləğvi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Belə ki, AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, işçi işəgötürənə işdən çıxma barədə ərizədə əmək müqaviləsinə xitam verilməsi gününü göstəribsə, işəgötürənin bir aylıq xəbərdarlıq müddəti ərzində işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ var. Qanunda göstərilən bir aylıq xəbərdarlıq müddəti işəgötürənə işdən çıxan işçinin yerinə yeni işçi tapmaq imkanı verir. Lakin əgər həmin müddət (bir aylıq xəbərdarlıq müddəti) ərzində işəgötürən işçi tapmazsa, yaxud işdən çıxmaq istəyən şəxs öz ərizəsini geri götürməzsə bu halda işəgötürən əmək müqaviləsinə xitam verməyə borcludur. Qanunvericiliyin tələblərindən həmçinin görünür ki, işçi işdən çıxma barədə ərizəni verdikdən sonra işəgötürən onunla bağlanmış əmək müqaviləsinə ərizədə göstərilən tarixdə xitam verməzsə, bu halda işçi bir ay ərzində işə çıxmalı və öz əmək funksiyaları və vəzifələri yerinə yetirməlidir. Əgər işçi həmin bir ay müddətində, yəni işə çıxdığı vaxt ərzində işdən çıxmaq fikrindən daşınarsa, bu halda o, işdən çıxma barədə ərizəsini geri götürə və ya etibarsız hesab edə bilər. Bu halda işəgötürən əmək müqaviləsinə xitam verə bilməz. Lakin əgər işəgötürən xəbərdarlıq müddəti ərzində işçiyə yeni işçinin götürülməsi barədə rəsmi qaydada yazılı xəbərdarlıq verərsə bu halda həmin xəbərdarlıqdan sonra işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xəbərdarlıq müddəti başa çatmamış xitam verə bilər. İşəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq verdikdən sonra işçi öz ərizəsini götürsə belə, işəgötürənin əmək müqaviləsinə xitam vermək hüququ var. Yəni, yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq verildikdən sonra işçinin işdən çıxma barədə verdiyi ərizənin geri götürülməsi və ya onun etibarsız hesab edilməsi barədə ərizəsi işəgötürən üçün hər hansı hüquqi qüvvəsi yoxdur. Həmin ərizə yalnız işəgötürənin mülahizəsinə görə nəzərə alına bilər. Beləliklə qanunun yuxarıda göstərilən tələblərini əsas tutaraq məhkəmə qeyd edir ki, iddiaçı işdən çıxmaya dair verdiyi ərizənin geri götürülməsi barədə işəgötürənə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ərizəni xx.xx.2021-ci il tarixdə rəsmi işəgötürənin elektron ünvanına göndərsə də, onun bu ərizəsinin işəgötürən üçün hər hansı məcburi hüquqi qüvvəsi olmamışdır. Çünki xx.xx.2021-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya onun yerinə artıq yeni işçinin götürülməsi barədə rəsmi xəbərdarlıq verilmiş, iddiaçının bu barədə məlumatı olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bu məlumatın xx.xx.2021-ci il tarixdə iddiaçıya şifahi qaydada verilməsi bildirilmişdir. Yəni işəgötürənin yeni işçi tapdıqdan sonra və bu barədə iddiaçıya rəsmi məlumat verdikdən sonra bir aylıq xəbərdarlıq müddəti başa çatmamış iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermək hüququ olmuşdur. İddiaçının işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizəsinin hüquqi qüvvəsi o vaxt olardı ki, iddiaçı işdən çıxma barədə ərizəsində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi tarixini göstərməmiş olsun. Lakin iddiaçı işdən çıxma barədə ərizəsində əmək müqaviləsinə xitam verilməsi tarixini göstərdiyi üçün və işəgötürən yeni işçinin tapılması barədə iddiaçıya məlumat verdikdən sonra qanunla nəzərdə tutulmuş qaydada iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verdiyi üçün, iddiaçının əmrin ləğv edilməsi ilə bağlı irəli sürdüyü tələbi əsassızdır və təmin edilə bilməz Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının işə bərpa tələbi əsassız hesab edildiyi üçün, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələbi də əsassız hesab edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli, İR-19/21 saylı əmri ləğv edərək Cavabdeh MMC-də “insan kapitalı biznes tərəfdaşı” vəzifəsinə işə bərpa edilməsi və cavabdeh tərəfindən məcburi işburaxma dövrü üzrə əmək haqqını ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev