Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-874/2023 21.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (Aəzrbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı «işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 27 ildir ki, dəniz qurğularında müxtəlif növ vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş. Təxminən 5 ildir Cavabdeh MMC-də “texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli işçilərin say ixtisarı ilə bağlı xəbərdarlıq ərizəsindən də göründüyü kimi cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının azaldılması) əsasən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Belə ki, 27 illik fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. Xüsusilə nəzərinizə çatdırmaq istəyir ki, iddia ərizəsinə əlavə edilmiş qiymətləndirmə cədvəlindən də göründüyü kimi 3 il ard-arda ilin ən yaxşı işçisi status qazanmışdır. Ali təhsili olmaqla yanaşı hər ingilis, həm də rus dilləri mükəmməl bilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci bəndinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Lakin cavabdeh tərəfindən AR ƏM-nin 78-ci maddəsinin İ bəndinin şərtləri nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yəni işçilərin sayı azaldılarkən onun peşəkarlıq şəviyəsi, 3 il ard-arda ilin ən yaxşı işçisi seçilməyi, bu günədək hər hansı intizam məsuliyyətinə cəlb edilməməyi nəzərə alınmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi cavabdeh tərəfindən əmək qanunvericiliyinin şərtləri nəzərə alınmamış, onun konstitusion hüquqlarım pozulmuşdur. Buna görə də, Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmasına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəklində ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlu iddia tələbini müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin b) və ə) bəndlərinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək və bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. Bu maddənin 2-ci hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Bununla yanaşı qeyd etməlidirlər ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olanan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Cavabdeh İddiaçı ilə münasibətdə yuxarıda qeyd edilən Əmək Məcəlləsinin müdəaları işəgötürən tərəfindən pozulmamışdır. Belə ki, Əmək Məcəlləsinə əsasən işçilərin sayı ixtisar edilərkən işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Cavabdeh MMC-də 10 müxtəlif layihədə mövcud olan “Texniki xidmət üzrə supervayzer” vəzifəsi 19 ştat vahidindən 18-ə azaldılmışdır. İddiaçı ilə münasibətdə işlədiyi dövrdə peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması halları olmamışdır. Əmək Məcəlləsində ştatların ixtisarı zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün işçilərin attestasiyadan keçirilməsi nəzərdə tutulmamışdır. Əgər nəzərdə tutulsaydı, bu halda attestasiya komissiyası işçiləri attestasiya edərək hansı işçinin ixtisar edirəcəyi barədə işəgötürənə öz təkliflərini verə bilərdi. Ona görə də, ştatların ixtisarı zamanı seçim edilərək məhz İddiaçı işəgötürən tərəfindən ixtisar edilməsi işəgötürənin müstəsna səlahiyyətinə aid olan məsələdir. İddiaçı Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində göstərilən işdə saxlanmasına üstünlük verən güzəştləri yoxdur. Onun iddia ərizəsində qeyd edilən hallar (ali təhsilli olması, ingilis və rus dillərini bilməs, 27 il əmək stajının olması və s.) Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmamışdır. Bu səbəbdən onun ixtisar edilməsi işəgötürən tərəfindən qanunvericiliyin pozulması halı kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində konkret olaraq “Texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışan hansı işçi ilə münasibətdə üstün olduğunu iddia etmir. Ümumiyyətlə qeyd etməliyik ki, bu vəzifələrdə çalışan hər bir işçi (hər layihədə 2 nəfər) əsasən bilavasitə həmin layihə ilə bağlı işləri daha yaxşı bilir ki, digər layihə ilə bağlı onların bilik və bacarıqlarının müqayisəsinin aparılması məntiqli deyildir. Ona görə də bu halda işəgötürən İddiaçı çalışdığı “Çıraq” layihəsində “Texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışan işçinin ixtisar edilməsi qənaətində olmuşdur ki, bu da yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin müddəalarına zidd deyildir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, iş materiallarını və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki,, iddia tələbləri aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, T14 nömrəli əmək müqaviləsi bağlanmışdır. Müqavilənin 9.1-ci bəndinə əsasən X4 Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli işçilərin sayının ixtisarı ilə bağlı xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən bu və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. Cavabdeh (bundan sonra - Cəmiyyət) tərəfindən yerinə yetirilən işlərlə bağlı dəyişən biznes tələblərindən asılı olaraq bu və ya digər işçi kateqoriyasına olan tələbat azala və ya çoxala bilir. Cəmiyyətinin idarə heyətinin müvafiq qərarına əsasən bu halda işci qüvvəsinə olan tələbatı tənzimləmək məqsədilə Əmək Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl edilməklə, eləcə də işçilərə müafiq təminatlar ödənilməklə işəgötürən tərəfindən işçilərin sayı ixtisar edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən tutduğunuz “Texniki xidmət üzrə supervayzer” vəzifəsi üzrə çalışan işçilərin sayının Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş qaydada ixtisar edilməsi nəzərdə tutulur. Cəmiyyətin işəgötürəni ilə bağlanmış əmək müqavilənizə uyğun olaraq Cəmiyyətdəki əmək stajınız on ildən çox olduğu üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1- ci hissəsinə əsasən bu xəbərdarlıq məktubunu aldığınız (tanış olduğunuz) vaxtdan etibarən doqquz təqvim həftəsi qabaqcadan çalışdığınız “Texniki xidmət üzrə supervayzer’’ vəzifəsi üzrə çalışan işçilərin sayının ixtisar ediləcəyi barədə rəsmi xəbərdar edilirsiniz. Əmək qanunvericiliyinə nisbətən daha geniş əmək şəraitini- bu halda xəbərdarlıq müddəti ərzində həftədə bir gün deyil, hər gün əmək haqqı *saxlanılmaqla iş axtarmağa imkan yaradılmasını təmin etmək məqsədilə əmək funksiyanızın icrasından azad edilirsiniz. Xəbarlıq müddəti bitdikdən sonra Sizinlə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70- ci maddəsinin b) bəndinə (işçilərin sayının azaldılması) əsasən xx.xx.2023-cü il tarixində xitam veriləcək və orta aylıq əməkhaqqının 2 misli miqdarında Sizə işdənçıxarma müavinəti ödəniləcəkdir. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən Sizin razılığınızla müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli ödənilməklə müvafiq əsasla əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilərsə, xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən peşə və vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır ki, bu halda işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Bu xəbərdarlıqla tanış olduğunuz tarixdən 3 iş günü ərzində əmək müqavilənizə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə bilməsi təklifinə rəsmi münasibət bildirmədiyiniz xahiş olunur. İş materiallarında olan 26 yanvar 2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrdən görünür ki, Cavabdeh MMC-də Texniki xidmət üzrə supervayzer vəzifəsində işləyən Qurban-zadə Rəcəb Ziyəddin oğlunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) ilə xitam verilmiş. Qurban-zadə Rəcəb Ziyəddin oğlunun müqaviləsinə xitam verildiyi gün (son iş günü) son haqq-hesabın (ödənilməli olan əmək haqqının və orta aylıq əmək haqqının 2 misli miqdarında işdən çıxma müavinətinin) ödənilməsi Maliyyə departamentinə həvalə edilmiş. Maliyyə departamentinə tapşırılmışdır ki, xx.xx.2022 - xx.xx.2023-cü iş ili bitənədək işdən çıxdığını nəzərə alaraq müvafiq iş ili üzrə artıq istifadə edilmiş 9 (doqquz) təqvim gününün məzuniyyət pulu İddiaçı son haqq hesabından tutulsun. İşçinin əmək müqaviləsinə xitam verilməsi əmri barədə məlumat elektron informasiya sisteminə daxil edilsin. Təqdim olunmuş sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 11-ci maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir ki, işəgötürən bu hüququndan istifadə edərək “Texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmış İddiaçı vəzifəsini müvafiq təminatlar ödənilməklə ixtisar edilmişdir. Məktubunuzda sorğu edilən ixtisar meyarları ilə əlaqədar bildiririk ki, Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsidi işəgötürən müəyyən edir, işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İşəgötürən “Texniki xidmət üzrə supervayzer” vəzifəsini ixtisar edərkən qanunvericilikdə müəyyən edilmiş yuxarıda göstərilən meyarlarla yanaşı, həm də müxtəlif layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsini nəzərə almışdır ki, bu da məntiqlidir. Yəni eyni və ya oxsar layihələrdə bu vəzifədə çalışan işçilərin peşəkarlıq səviyyəsi müqayisə edilərək ixtisar ediləcək işçini işəgötürən müəyyən etmiş və gələcəkdə zəruri halda ixtisar edilən işçinin işini görə bilən işçi müəyyən edilmişdir. Bildirir ki, qanunvericilikdə işçilərin ixtisar edilməsi və peşəkarlıq səviyyəsinin yüksəkliyinin müəyyən edilməsi ilə bağlı qaydaların və ya meyarların müəyyən edilməsi nəzərdə tutulmamışdır. Bu halda ixtisar zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi işəgötürənin müstəsna hüququdur ki, layihədə görülən işlərin xarakteri (yəni onun çalışdığı layihədə bu işlərin digər layihələrdə çalışan “Texniki xidmət üzrə supervayzer’lər tərəfindən yerinə yetirilməsi imkanları) nəzərə alınmaqla işəgötürən İddiaçı ixtisar edilməsi qənaətinə gəlmişdir. İşəgötürən gəldiyi qənaətin rəsmiləşdirilməsi məqsədilə Məcəllənin 77-ci maddəsinə uyğun olaraq İddiaçı rəsmi xəbərdarlıq etmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə ştatların ixtisarı ilə əlaqədar xitam vermişdir. Məhz qanunvericiliyə uyğun olaraq görülmüş tədbirlər nəticəsində hazırda İddiaçı məşğulluq orqanıda uçota alınaraq işsizlik müavinəti alır. Bununla bağlı müvafiq səhədlər məhkəmənin iş materiallarına əlavə edilmişdir.Sorğu edilən meyar və qaydalar ilə bağlı məlumat üçün analoji hal olaraq məhkəməyə bildiririk ki, məsələn, işçilərin attestasiyası zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi üçün xüsusi attestasiya komisissiyası yaradılır və bu halda suallar tərtib olunur. Bu kimi mexanizmlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" ilə tənzimlənir. Lakin ştatların ixtisarı zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı qanunvericilikdə xüsusi bir qaydalar müəyyən edilmir və qanunvericiliklə bu səlahiyyət birbaşa işəgötünə verilir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi, eləcə də ondan irəli gələrək 77-ci maddəsinin 1-ci hissəsi işçilərin sayının və ya ştatlarının ixtisar edilməsini nəzərdə tutduğu üçün işəgötürən qanunvericiliklə ona verilən səlahiyyətlərdən istifadə edərək öz mülahizəsi əsasında istər işçilərin sayını, istərsə də ştatların sayını ixtisar edə bilər. Çıraq platformasının Texniki xidmət üzrə supervayzeri İddiaçı ixtisar edilməsi ilə bağlı yaranmış vəziyyətlə bağlı sorğunuzla əlaqədar bildiririk ki, Çiraq platformasının Texniki xidmət üzrə supervayzeri İddiaçı xx.xx.2022-ci il tarixində ixtisar olunacağı barədə 9 həftə öncə xəbərdarlıq verilmiş, onun xəbərdarlıq müddətində 17.01.23 - xx.xx.2023-cü il dövrü üçün xəstəlik vərəqəsi əsasında işdə olmaması səbəbindən son iş günü xx.xx.2023-cü il tarixi müəyyən edilmişdir. Xəbərdarlıq müddəti ərzində İddiaçı, işəgötürənin iradəsindən asılı olmayan səbəbdən platformaya buraxılmaması səbəbindən, planlaşdırılmış işləri yekunlaşdırmaq məqsədi ilə Ehtiyyat Briqadasının işçiləri ardıcıl olaraq xx.xx.2022 - xx.xx.2022-cü il və xx.xx.2022 - xx.xx.2023-cü il tarixlərində “Çıraq” platformasına göndərilmişlər. Əvəz edilmə dövründə Cəmiyyətdə 18 “Texniki xidmət üzrə supervayzer” ştat vahidi mövcud idi. İddiaçı ixtisar edildikdən sonra həmin ştat vahidlərinin sayı 17 vahid (nəfər) olaraq qalmışdır. Bu müddət ərzində ümumi olaraq bir vəzəfə dəyişikliyi olmuşdur ki, Cəmiyyətin işlədiyi X5 buruğunda baş mexanik vəzifəsində işləyən Serqey Petrovun vəzifəsi artırılaraq Texniki xidmət üzrə supervayzer vəzifəsinə keçirilmişdir, hansı ki X5 buruğunda baş vermiş bu dəyişiklikliyin İddiaçı ixtisarı ilə heç bir əlaqəsi yoxdur.Belə ki, X5 təbii qaz qazma və emalı buruğudur və neft buruqlarından fərqli hasilatın pay bölgüsü haqqında sazişə dair protokollar (PSA) üzrə fəaliyyət göstərir. Ona görə də İddiaçı ştatının ixtisar edilməsi heç də o anlama gəlmir ki, guya onun ştat vahidini ixtisar etmədən onunla bağlanmış əmək müqaviləsinə ştat vahidinin ixtisarı əsası ilə yanlış və ya qərəzli olaraq xitam verilib. İş materiallarına əlavə olunmuş Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, T14 nömrəli əmək müqaviləsinin ayrılmaz hissəsi olan 2 №-li əlavədə qeyd edilmiş əmək funksiyasının icrasını öz öhdəsinə götürür. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı uzun illər ərzində dəniz qurğularında müxtəlif növ vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, son dövrlərdə isə Cavabdeh MMC-də “texniki xidmət üzrə supervayzer” vəzifəsində çalışmışdır. xx.xx.2022ci il tarixli işçilərin say ixtisarı ilə bağlı iddiaçıya da xəbərdarlıq edilmiş və cavabdehlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayının azaldılması) əsasən xitam veriləcəyi bildirilmişdir. xx.xx.2023-cü il tarixli, 0**-CH-***3 nömrəli əmrlə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə əmək şikəstliyi almış və ya peşə xəstəliyinə tutulmuşlara; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərin işdə saxlanmasına üstünlük verir. (ƏM-78.2) Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə iddiaçının “əmək müqaviləsinə işçilərin sayı və ştatın ixtisarı ilə əlaqədar olaraq xitam verilərkən işdə saxlanmaq üçün əsas meyarlar olan peşəkarlıq təcrübəsi və uzunmüddətli əmək stajına malik olma faktı nəzərə alınmaması” dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin qeyd edilən 78-ci maddəsinin birinci hissəsinin də məzmunundan görünür ki, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini isə işəgötürən müəyyən edir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsi ləğv edilmiş işçinin başqa işə keçirilməsi işçinin başqa işə keçirilməyə (yazılı formada) razılıq verməsi halında işəgötürənin vəzifəsidir. Bu halda işçinin tutduğu vəzifəyə uyğun vəzifəyə və ya başqa işə keçirilməsi dedikdə, işçiyə istər işdən çıxarılana qədər tutduğu vəzifəyə (işə) uyğun boş vəzifənin (işin), istərsə də onun təhsili, ixtisası, iş təcrübəsi və səhhəti nəzərə alınmaqla yerinə yetirə biləcəyi boş aşağı vəzifənin (daha aşağı maaşlı işin) təklif olunması başa düşülür. Məhkəmə qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq belə hesab edir ki, işçilərin sayı və ya ştatların ixtisarı zamanı işəgötürən müəssisənin mənafelərini əsas götürsə də, bu zaman işçilərin hüquq və qanuni mənafelərini poza bilməz. Ştat ixtisarı müəssisənin işinin yaxşılaşdırılması və onun daha ixtisaslı kadrlarla komplektləşdirilməsi üzrə tədbirlərdən biri olduğundan bu əsas üzrə daha aşağı ixtisaslı işçilərlə əmək müqaviləsi ləğv olunmalıdır. İxtisaslılıq işçinin müəyyən mürəkkəblik səviyyəsinə malik əmək funksiyasını yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsidir, yəni işçinin zəruri nəzəri biliklərə və praktik təcrübəyə malik olmasıdır. Məhkəmə, əmək qanunvericiliyində işçilərin sayının və ya ştatının ixtisarı zamanı işçinin razılığı ilə onun peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla müvafiq işə (vəzifəyə) keçirilməsi üçün işəgötürən tərəfindən tədbirlər görülməsinin, işçinin peşəkarlıq səviyyəsinin isə işəgötürən tərəfindən müəyyən edilməsinin nəzərdə tutulduğunu, həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməzdən əvvəl işlədiyi vəzifələri (peşə və ixtisasını) nəzərə alaraq, iş materiallarını və sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə əmək qanunvericiliyinin pozulması hallarına yol verilməmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə hüquqi qiymət verməkdə davam edərək hesab edir ki, onun izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə, Cavabdeh MMC-nin 0**-CH-***3 nömrəli, 26 yanvar 2023-cü il tarixli əmrinin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddiaçının iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsinə dair hissələrinə də hüquqi qiymət verilməsinə zərurət görmür və bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh MMC-yə qarşı «işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-874/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-874/2023
21.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver