Məhkəmə qərarları › İş №2(009)-88/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-88/2024

01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-88/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh nümayəndəsi və vəkilinin iştirakı ilə, İddiaçı – Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı – Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh göstərilən hüquqi xidmətin haqqı kimi ödəməli olduğu 169.853 manat məbləğin alınaraq mənə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: JAFARLİ AND CO MMC (VÖEN **********) onun tərəfindən yaradılmış və hal hazırda da fəaliyyətdədir. JAFARLİ AND CO MMC ilə Cavabdeh arasında 01 iyul 2021-ci il tarixdə Hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən onlara həvalə edilmiş tapşırığa əsasən hüquqi yardım göstərməli, müqavilənin digər tərəfi isə görülmüş işlərin müqabilində haqq ödəməli idi. Onlara həvalə edilən tapşırıq vərəsəlik işi ilə bağlı sənədlər toplamaq, araşdırmaq, sorğuların müvafiq idarələrə, dövlət qurumlarına, xarici dövlətlərin müvafiq qurumlarına və Azərbaycan Respublikasındakı səfirlik və digər diplomatik nümayəndəliklərinə göndərilməsi, vərəsəyə çatacaq əmlakların tapılması və sənədləşdirilməsindən ibarət olmuşdur. Müqaviləyə əsasən hüquqi yardıma görə haqq vərəsəlik işi həm qismən, həm də tam həll edildikdən sonra Cavabdeh tərəfindən ona çatacaq payın 10% -i məbləğində mükafat (qonarar) onlara ödənilməli idi. Onlar üzərlərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirsələr də, Cavabdeh öz öhdəliyini yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir və qonarar ödəməkdən qəti şəkildə imtina etmişdir. Belə ki, göstərimiş hüquqi xidmət nəticəsində Cavabdeh Rafıqovnanm mərhum əri Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanın tərəfindən "xxxx" MMC-dən alınmış Bakı şəhəri Xəzər rayonıı, Ramiz Quliyev küçəsi 23-saylı evin, ümumi sahəsi 147 kv metr 55 saylı mənzili, həmin mənzilə görə 132.300 AZN pulun ödənildiyi Bakı şəhəri Xətai rayonu Neapol küçəsi 7A saylı evin, Ümumi sahəsi 200 kv metr olan 8 saylı mənzili həmin məzilə görə 180.000 AZN pulun ödənildiyi məlum olmuşdur. Onlar tərəfindən “Ocaq Construktion MMC-dən alınmış maliyyə arayışlarına uyğun olaraq qeyd olunan mənzillərin ümumi dəyərinin 444.600 AZN olması və həmin mənzillərin, habelə onların ümumi dəyərinin 7/8 hissədə payın Cavabdeh Rafıqovnaya məxsus olması nəzərə alınaraq cavabdehdən göstərilmiş hüquqi xidmətə görə ona məxsus payın dəyəri olan 389.000 manatın 10% məbləğində yəni 38900 manat məbləğində xidmət haqqı ödənilməli idi. Bununla yanaşı göstərdikləri hüquqi xidmətlər nəticəsində Cavabdeh Rafıqovnanın həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanin Azərbaycan Respublikasında açılmış müxtəlif Bank hesablarında müxtəlif valyutalar növündə pul vəsaitləri aşkar edilərək həmin məbləğlərin Azərbaycan manatına ekvivalenti şəklində (hazırki dəyər) 40858 manat müəyyən edilmiş, habelə həmin məbləğin 10% miqdarında yəni 4085 manat cavabdehdən xidmət haqqı tələb edilmiş, lakin o, həmin haqqı ödəməkdən də imtina etmişdir. Eyni zamanda göstərdikləri hüquqi xidmətlər nəticəsində Cavabdeh Rafıqovnanın həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinan tərəfindən nikahdan əvvəl alınmış ünvan 1 ünvanda yerləşən mənzilin ¾ hissəsinin dəyəri olaraq 120.000 manat pulun 10% məbləğində Cavabdeh Rafıqovnadarı xidmət haqqı tələb edilmiş lakin, onun tərəfindən müəyyən bəhanələr gətirilərək ödəmə həyata keçirilməmişdir. Həmçinin Cavabdeh Rafıqovnanın mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinanin tərəfindən Türkiyə Respublikası İstanbul əyaləti Bakirköy şəhəri Zeytinlik məhəlləsi, 564-cü ada, 50 saylı evin ümumi sahəsi 119.27 kv.metr olan 181 saylı mənzilinin alındığı və mənzilin tikinti müqaviləsinə əsasən 826.000 ABŞ dolları məbləğində oldugu müəyyən edilmişdir. Cavabdeh Rafıqovnanın mərhum həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Liu Xinan tərəfindən Yunanstan Respublikasında alınmış iki mənzilin və Çin Xalq Respublikasında yerləşən qeyri-yaşayış sahəsinin yerinin və dəyərinin öyrənilməsi istiqamətində işlər aparılmışdır. Hazıradək 8000 AZN məbləğində hüquqi xidmətlərə görə ödəniş həyata keçirilmişdir. Hesab edir ki, Cavabdeh Rafıqovna göstərilmiş hüquqi xidmət nəticəsində 778.533 manat dəyəridə əmlaka vərəsəlik qaydasında sahib olmuşdur. Buna görə də Cavabdeh göstərilmiş hüquqi xidmətə görə 169.853 AZN dəyərində məbləği onlara ödəməlidir. Qeyd olunan bütün bu işlər onun tərəfindən həyata keçirilmişdir. X2 işlərin görülməsində ona kömək göstərmişdir. Cavabdeh bütün bu əmlaklardan və onların harada yerləşməsindən xəbəri olmamış, həmin əmlaklar onun tərəfindən aşkar edilərək vərəsəlik işlərinin həyata keçirilməsi üçün sənədlər toplanılaraq notariat ofisinə təqdim edilmişdir. Bütün bu işlərin həyata keçirilməsinə aylarla vaxt sərf etmişdir. Göstərdiyi bu xidmətlərə görə cavabdeh haqq ödəməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi o, öhdəliyi yerinə yetirsə də cavabdeh öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Etirazın dəlilləri: Onunla İddiaçı arasında hüquqi yardıma görə müqavilə bağlanmamış, onunla "xxxx" MMC (VÖEN **********) arasında 01 iyul 2021-ci il tarixli ‘Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış, həmin müqavilə üzrə aralarında yaranmış mübahisələrə görə məhkəmədə işlərə baxılmış, yekunlaşmış və icraya yönəlmişdir. Yəni onunla müqavilə hüquqi şəxs arasında bağlandığı üçün, fiziki şəxs olan İddiaçı həmin müqavilənin tərəfi olmamışdır. Buna əsasən də İddiaçı həmin müqavilə üzrə iddiaçı kimi çıxış etməyə subyektiv hüququ yoxdur. Həmçinin məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əvvəllər Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış e-2(009)-650/2022 saylı iş üzrə "xxxx" MMC 28 mart 2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia ərizəsinin əsası kimi sübutlardan biri olaraq 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləni təqdim etmişdir. Elektron məhkəmə sisteminə əlavə edilmiş 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin bütün səhifələri möhürlənmiş, sadəcə sonuncu səhifələr imzalanmış və tikilmişdir. Halbuki, "xxxx" MMC tərəfindən 03 fevral 2022-ci il tarixdə Cavabdeh göndərilmiş “Xəbərdarlıq” məktubuna əlavə edilmiş 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin sadəcə sonuncu səhifəsi imzalanıb möhürlənmiş və tikilməmişdir. Ziddiyətlə əlaqədar olaraq e-2(009)-650/2022 saylı iş üzrə keçirilən 30 mart 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında "xxxx" MMC-nin nümayəndəsi və vəkilinə tərəfindən sual verilmiş, cavab olaraq bildirilmişdir ki, müqavilələr arasında olan ziddiyyət “texniki səhvdir”. Eyni məzmunlu suallar 20 aprel 2022-ci il tarixli məhkəmənin hazırlıq iclasında cavabdeh İlham Cəfərova verilmiş, lakin cavab verə bilməmiş, müqavilənin əslini məhkəməyə təqdim etməmişdir. 01 iyul 2021-ci il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin 1 surətinin Cavabdeh təqdim olunmaması, 28 mart 2022-ci il tarixdə “elektron məhkəmə sisteminə” əlavə olunan müqavilə ilə Azerpoçt vasitəsi ilə 03 fevral 2022-ci il tarixdə “Xəbərdalıq” məktubu ilə birgə göndərilən müqavilələr arasında möhürlərin sayında və tikilməsində ziddiyyətlər olması onlarda şübhələr yaratmışdır. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, ümumiyyətlə 01 iyul 2021-ci il tarixldə Cavabdeh Azərbaycan Respublikası ərazisində olmamışdır. Cavabdeh uşaqları Liu Leyli və Aylin Liu ilə birlikdə 30 iyun 2021-ci il tarixdə Türkiyənin Ankara şəhərinə bacısıgilə getmiş, daha sonra oradanda İstanbul şəhərinə getmiş və 11 iyul 2021-ci il tarixdə Azərbaycana qayıtmışdır. Necə ola bilər ki, Cavabdeh 1 iyul 2021-ci il tarixdə Bakı şəhərində olmadığı halda müqavilə imzalayır? Hesab edir ki, bütün səhifələri Cavabdeh tərəfindən imzalanmış müqavilənin 1-ci və 2-ci səhifələri şirkət tərəfindən maraqları çərçivəsində dəyişdirilmişdir. (Cavabdeh məxsus pasportun 31,32-cu səhifələri, Liu Aylinə məxsus pasportun 48-ci, Liu Leyliyə məxsus pasportun 9-cu səhifəsi) Cavabdeh sadəcə Çin Respublikasında olan əmlaklardan onun miras payı müəyyən edilib yekunlaşdıqdan sonra ona çatmış payın %10-i verməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia tələbi aşağıdaki hissələrdən ibarətdir; 1. Miras qoyan X6 Constraction MMC-dən alınmış 3 mənzili addan-ada keçirtmək yolu ilə Cavabdeh adına rəsmiləşdirilməsi və bunun qarşılığında hüquqi yardımın dəyəri olaraq 38900 manat tələb edilməsi. 2. Miras qoyan Liu Xinanın bank hesablarında olan 40858 manatı aşkar edilməsi və bunun qarşılığında hüquqi yardımın dəyəri olaraq 4085 manat tələb edilməsi. 3. Miras qoyan Liu Xinanın Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 22, mənzil 34-də Cavabdeh payının müəyyən edilməsi və bunun qarşılığında hüquqi yardımın dəyəri olaraq 12000 manat tələb edilməsi 4. Miras qoyan X3 Respublikası İstanbul şəhərində yerləşən mənzilində miras payın müəyyən edilməsi və bunun qarşılığında hüquqi yardımın dəyəri olaraq 72000 ABŞ dolları tələb edilməsi 5. Vəkil Mehdi Hüseynzadə tərəfindən Cavabdeh hüquqi yardım göstərilməsi. Ocag Constraction MMC-dən müqavilə ilə alınmış mənzillərin Cavabdeh adına rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bildirir ki, şirkət Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq çatacaq miras əmlaklarda payının müəyyən edilməsində hüquqi köməklik göstərməli idi. Lakin iddiaçının X2 həmin mənzillərdə bütün payı addan ada keçirmək yolu ilə Cavabdeh adına rəsmiləşdirməyə cəhd etmişdir. Cavabdeh etibarnamə əsasında nümayəndəsi olan İlham Cəfərov tərəfindən həyata keçirilən bu hərəkət Cavabdeh həqiqi niyyətini əks etdirmədiyi üçün o mənzillərin müqavilələrinə imza etməmiş, bu barədə iradını bildirmişdir. Çünki həmin mənzillərdə qanunvericiliyin tələblərinə əsasən Cavabdeh qaynanasının və uşaqların miras payı olmuşdur. Liu Xinanın bank hesablarında olan pullarla və Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 22, mənzil 34 ilə əlaqədar bildirir ki, Liu Xinanın öldükdən sonra qanunla müəyyən edilmiş müddətdə vərəsə Cavabdeh vərəsəlik işi açılması üçün Bakı şəhəri 46 saylı notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında 9 aprel 2021 tarixdə 38\2021 nömrəli vərəsəlik işi açılmışdır. Notariat orqanına Bakı şəhəri Səbail rayonu, Zərifə Əliyeva küçəsi ev 22, mənzil 34-ün çıxarışı təqdim edilmiş, bank hesabları üzrə isə notariat orqanı tərəfindən banklara sorğular verilmiş və sorğuların nəticəsində banklardan notariat orqanına cavablar göndərilmişdir. "xxxx" MMC-nin, İddiaçı və İlham Cəfərovun sorğular nəticəsində bank hesabları barədə məlumat əldə etməsi qanunən qeyri-mümkündür. Bakı şəhəri 46 saylı notariat ofisinin 29 mart 2022-ci il tarixli, X\362 nömrəli məktubundan görünür ki, notariat ofisinə "xxxx" MMC”, İlham Cəfərovun və vəkil Mehdi Hüseynzadə tərəfindən sorğular daxil olmamış, 38\2021 nömrəli vərəsəlik işi üzrə Cavabdeh şəxsən özü iştirak etmişdir. X5 Respublikası İstanbul şəhərində yerləşən mənzilin çıxarışı olmadığı üçün 11 dekabr 2019-cu il tarixli türk və ingilis dillərində tərtib edilmiş payçı müqaviləsi əsasında almış, satış müqaviləsinin və ilkin məlumatdırma formasının bir nüxsəsi 12 dekabr 2019-cu il tarixli “Sənədin təhvil-təslim aktı” əsasında Liu Xinana təhvil verilmiş və o, 16 dekabr 2019-cu il tarixdə Azərbaycana qayıtmışdır (Liu Xinana məxsus pasportun 43-cü səhifəsi). 13 gün sonra Liu Xinan aldığı evi ailə üzvlərinə göstərmək üçü , həmçinin Yeni il bayramı keçirtmək üçün ailəsi birlikdə Gürcüstan Respublikasına, daha sonra İstanbul şəhərinə getmişlər. (Liu Xinana məxsus pasportun 21-ci, 41-ci səhifələri, Cavabdeh məxsus pasportun 8-ci və 30-cu səhifələri, Liu Aylinə məxsus pasportun 3-cü, 6-cı səhifələri, Liu Leyliyə məxsus pasportun 3-cü, 4-cü səhifələri) Liu Xinan rəhmətə getdikdən sonra da Türkiyə Respublikası İstanbul şəhərində yerləşən mənzilin sənədləri, həmin evin ödənişinə dair bank sənədləri və digər sənədlər Liu ailəsinin Bakı şəhərində yaşadığı mənzildə olmuşdur. Mənzilin sənədlərinin əldə olunmasında "xxxx" MMC” hər hansı bir hüquqi xidmət göstərməmiş, mənzilin sənədləri Cavabdeh tərəfindən İlham Cəfərova və vəkil kimi təqdim etdiyi şəxsə təqdim edilmişdir. "xxxx" MMC” tərəfindən Türkiyə Respublikası İstanbul şəhərində yerləşən mənzilin sənədləri, həmin evin ödənişinə dair Azərbaycan və Türkiyə bank sənədləri əsillərinin əldə olunması qeyrimümkündür. Belə ki, Cavabdeh uşaqları Liu Leyli və Aylin Liu ilə birlikdə 30 iyun 2021-ci il tarixdə Türkiyənin Ankara şəhərinə bacısıgilə getmiş, daha sonra oradan da İstanbul şəhərinə getmişdir. Cavabdeh İstanbul şəhərində olarkən və ümumiyyətlə 2022-ci ilin yanvar ayının sonunadək "xxxx" MMC” tərəfindən İstanbul şəhərində yerləşən mənzillə əlaqədar olaraq hər hansı bir hüquqi yardım göstərilməmiş, Cavabdeh Türkiyə Respublikası ərazisində Liu Xinanın vərəsəsi olması barədə məhkəməyə müraciət olunmamış, bu istiqamətdə hər hansı bir hərəkətlər edilməmiş, buna görə də 13 fevral 2022-ci il tarixdə Cavabdeh onunla birlikdə İstanbul şəhərinə gedərək onun təklifi əsasında Türkiyə Respublikasında vəkillik fəaliyyəti ilə məşğul olan Gülşen Velizadəyə etibarnamə verilmiş və həmin vəkil tərəfindən məhkəməyə müraciət olunmuşdur. (biletlər və etibarnamə əlavə olunur) Vəkil Mehdi Hüseynzadə tərəfindən Cavabdeh hüquqi yardım göstərilməsi əlaqədar "xxxx" MMC” e-2(009)-650/2022 saylı iş üzrə məhkəməyə order və vəkil sorğuları təqdim edərək bildirmişlər ki, Cavabdeh hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Mehdi Hüseynzadə ilə müqavilə bağlanmışdır. 29 mart 2022-ci il tarixədək vəkil Mehdi Hüseynzadə ilə Cavabdeh adından müqavilə bağlandığına dair Cavabdeh məlumatı olmamış, müqavilənin surəti ona təqdim edilməmiş, Cavabdeh tərəfindən vəkilə etibarnamə verilməmiş, vəkillə Cavabdeh görüşü təşkil edilməmiş, vəkil tərəfindən Cavabdeh hüquqi yardım göstərilməmişdir. Məhkəmədən sonra Cavabdeh 30 mart 2022-ci il tarixdə 20 saylı vəkil bürosuna ərizə ilə müraciət etmiş, 20 saylı vəkil bürosunundan təqdim olunmuş 11 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Cavabdeh adından "xxxx" MMC” yox, etibarnamə əsasında İlham Cəfərov vəkil Mehdi Hüseynzadə ilə 20 manat dəyərində 5 5 formal müqavilə bağlanmışdır. Halbuki, məhkəməyə təqdim olunmuş olunmuş “whatsapp” proqramı vasitəsi ilə aparılmış mesajlaşmadan görünür ki, İlham Cəfərov yalandan bildirmişdir ki, vəkillə müqavilə bağlanması üçün 2000 manat pul ödənmişdir. Lakin araşdırmalar nəticəsində məlum olmuşdur ki, vəkillə bağlanmış müqavilənin dəyəri 20 manat təşkil edir. Araşdırmalar zamanı Cavabdeh məlum olmuşdur ki, "xxxx" MMC” tərəfindən ona təyin olunan nümayəndə həmin şirkətinin direktoru olan İddiaçı atası, hüquqşunas olmayan, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 320.1 və 320-ci maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2013 tarixli hökmü ilə 11 il müddətinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.1 maddələri ilə təqsirli bilinərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay müddətinə məhkum olunmuş İlham Cəfərovdur. İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş iddia ərizəsi rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin iddiaçı tərəfin hər dəfə əsassız iddialarla onlara qarşı məhkəməyə müraciət etməklə onların iş fəaliyyətinə mane olduğunu bildirmiş və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "Jafarli and Co” MMC-yə və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə "xxxx" MMC Cavabdeh qarşı hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169.853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e- 2(009)-650/2022 saylı qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmişdir. - Həmin qətnamədən görünür ki, Cavabdeh ilə "Jafarli and Co” MMC arasında bağlanmış 01 iyul 2021-ci il tarixli "Hüquqi yardımın göstərilməsi haqqında” müqavilənin surətindən görünür ki, bu müqavilə əsasında MMC ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. - Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4950/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsi qarşılıqlıə iddiaya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)- 6457/2022 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 4950/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qətnaməsi mabahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 01 iyul 2021-ci il tarixdə Hüquqi yardım göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh hüquqi xidmət göstərilmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılmış iddiaçı Cavabdeh - cavabdehlər "Jafarli and Co” MMC- yə və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbi barədə e-2(009)-650/2022 saylı iş üzrə "xxxx" MMC 28 mart 2022-ci il tarixdə Cavabdeh qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, qarşılıqlı iddia rədd edilmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi hallan istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının öz iddia ərizəsində də göstərdiyi kimi hüquqi yardım göstərilməsi haqqında müqavilə hüquqi şəxs "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmışdır. Hüquqi şəxslə Cavabdeh arasında daha əvvəl məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e-2(009)-650/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər "Jafarli and Co” MMC-yə və X1 qarşı “əqdin etibarsız hesab edilməsi və pul” tələbinə dair mülki iş üzrə "xxxx" MMC Cavabdeh qarşı hüquqi xidmətin dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş hüquqi xidmətin dəyəri olaraq 169.853 manat pulun və 460 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli e- 2(009)-650/2022 saylı qətnaməsi ilə qarşılıqlı iddia rədd edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı 01 iyul 2021-ci il tarixdə Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Belə ki, müqavilə hüquqi şəxlə bağlanmış və hüquqi şəxsin qeyd edilən məbləğin cavabdehdən tutulması barədə iddiası rədd edilmişdir. İddiaçının ərizədə göstərdiyi kimi hüquqi şəxsin onun tərəfindən yaradılması onun subyektiv hüququnun olması anlamına gəlmir, çünki müqavilənin tərəfi məhz hüquqi şəxs olmuşdur. Bundan başqa, iddiaçı hər hansı bir başqa əsasla da (zərər vurulması və s. nəticəsində) cavabdehdən hazırki iddia ilə pul vəsaitini tələb edə bilməsinə əsas ola biləcək halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, hazırki iddia təmin edilə bilməz. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar və faktlar əsasında hüquqi qiymət verməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyrenin İrlandiyaya qarşı iş üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasına araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı – Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, iddia təmin edilmədiyindən iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsum iddiaçıya aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar