Məhkəmə qərarları › İş №2(009)-888/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-888/2020

09.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-888/2020 09.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əliyeva Aygün Həsən qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı1 Cavabdeh qarşı «yaşayış sahşəsinə istifadə hüququnun olmaması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzili İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətində olmaqla, onların xüsusi mülkiyyətindədir. Bu barədə, AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1933 nömrəli reyestr kitabının 178335 nömrəli vərəqində qeydiyyat aparılmış (daşınmaz əmlakın dövlət reyestrindən bağışlama əsasında hüquq qeydiyyata alınmışdır) və eləcə də RX seriyalı ******* nömrəli çıxarışla İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzilinə paylı mülkiyyət hüquqları təsdiq edilmişdir. AR DİN MAPS şöbəsinin xx.xx.2019-cu il tarixli arayışına əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzilində qeydiyyatdadır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq uzun müddətdir ki, orada yaşamır. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən 22 saylı evin 105 saylı mənzilində faktiki yaşamamaqla yanaşı, bu günə qədər həmin mənzilə olan pasport qeydiyyatı da formal qalmaqdadır. Hazırda onun harada yaşaması barədə məlumat yoxdur. İddiaçı mülkiyyətində olan mənzilə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Cavabdehin qeydiyyata düşmək üçün başqa yerinin olmaması mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. xx xxxxxxxx 2020-ci il tarixdə İddiaçı1 nümayəndəsi və vəkili məhkəməyə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizə təqdim edərək ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzili İddiaçı2 və İddiaçı1 paylı mülkiyyətində olmaqla, onların xüsusi mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamamışdır. Məhkəməyə təqdim olunan vərəsəlik şəhadətnaməsindən göründüyü kimi, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzili iddiaçıya və onun qardaşına miras əmlak olaraq qalmışdır. Cavabdeh həmin mənzildə faktiki olaraq yaşamamaqla yanaşı, bu günə qədər həmin mənzildə olan pasport qeydiyyatı da formal olaraq qalmaqdadır. Hazırda onun harada yaşaması barədə məlumat yoxdur. İddiaçı mülkiyyətində olan mənzilə dair hüquqlarını maneəsiz şəkildə həyata keçirə bilmir. Ona görə də, Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilinə istifadə hüququnun olmamasının müəyyən edilməsi və çıxarılacaq qətnamənin onun yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 4/12 hissə, İddiaçı2 8/12 hissə ilə adlarına qeydiyyata alınmışdır. İş materiallarında olan AZE 16877674 nömrəli, xx.xx.2017-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 mənzil 105 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 82№0371938 nömrəli X4 İcazə vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək Rusiya Federasiyasında yaşamağa icazə verilmişdir. İş materiallarında olan 30/7648 saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzili 1/4 payla X1, 1/4 payla X2, 1/4 payla İddiaçı2, 1/4 payla X5 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5 vərəsələri olan X3, X2, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında miras qoyana məxsus 1/4 hissəsindən bərabər hissələrdə irs almalıdırlar. İş materiallarında olan Bakı şəhəri 41 saylı notariat kontorunda təsdiq edilmiş xx xxxx 2013-cü il tarixli bağışlama müqaviləsindən görünür ki, X3 Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilin paylı mülkiyyət hüququ əsasında ona məxsus 1/4 hissəsini oğlu İddiaçı2 bağılamışdır. İş materiallarında olan AZ-İ 228669 saylı, xx.xx.2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx xxxx 2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İ 908689 saylı, xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx xxxxx 2018-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İİ-DN 546767 saylı, xx.xx.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı1 arasındakı nikah xx xxxxxx 2019-cu il tarixdə pozulmuşdur. Nikaha RF, Stavropol vilayəti, Pyatiqorsk şəhərinin 2 nömrəli məhkəmə sahəsi hakiminin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafıəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafıə olunur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı" işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5-ci maddələrinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. 2009-cu ilin oktyabr ayının 1-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci və 30.2ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən, 22 nömrəli evin 105 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışa əsasən X2 4/12 hissə, İddiaçı2 8/12 hissə ilə xüsusi mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 nömrəli evin 105 saylı mənzilində xx.xx.2017-ci il tarixdən qeydiyyatda olsa da, faktiki olaraq orada yaşamamışdır, həmin mənzildə cavabdehə məxsus heç bir əmlak yoxdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 82№0371938 nömrəli X4 İcazə vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2023-cü il tarixədək Rusiya Federasiyasında yaşamağa icazə verilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus mənzildə istifadə hüququ əldə etməmişdir. Məhkəmə eləcə də, hesab edir ki, cavabdehin mübahisəli yaşayış yeri üzrə qeydiyyatda olması faktı hazırkı mübahisəyə təsir etmir, belə ki, qeydiyyat əmlak hüquqlarını yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, hazırkı qətnamə Cavabdehn Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilinə istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 22 saylı evin 105 saylı mənzilin qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar